“Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurmalar nəticəsində Tacikistanın 200-dən çox hərbçisi həlak olub, 400-ə yaxını isə yaralanıb”. Bu barədə Qırğızıstan Respublikası Təhlükəsizlik Şurasının katibi Marat İmankulov mətbuat konfransında deyib. Son məlumatlara əsasən, iki ölkə arasında toqquşmalar nəticəsində 59 qırğızıstanlı ölüb, 163 nəfər isə yaralanıb. Onların neçəsinin hərbçi və mülki vətəndaş olduğu barədə rəsmi məlumat yoxdur. Tacikistan rəsmiləri isə 35 nəfərin öldüyünü və 30-a yaxın yaralının olduğunu bildirib.