Oğuz sakini şəhid oğluna Milli Qəhrəman adının verilməsini istəyir
II Qarabağ müharibəsində şəhid olan gizir Beyrək Fezullayevin atası Seyfulla Fezullayev oğluna Milli Qəhrəman adının verilməsini istəyir.

O deyir ki, bununla bağlı dəfələrlə Müdafiə Nazirliyinə də müraciət edib, amma nəticə yoxdur.

Ata deyir ki, oğlunun müharibədəki döyüş yolu və qəhrəmanlıqları düzgün araşdırılsa, ona fəxri ad veriləcək.

O, ümid edir ki, bu məsələ Ali Baş Komandan İlham Əliyevə düzgün məruzə edilsə, mütləq həllini tapacaq.

Beyrək Fezullayev kimdir?

Beyrək Seyfulla oğlu Fezullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndi, Malıx yaşayış sahəsində anadan olub.

2003-cü ilə Malıx məktəbinə daxil olub. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. Daha sonra Ağdaş şəhərinin Abad kənd məktəbində 10-cu sinfə davam edib. 2014-cü ildə məzun olub.

Bioqrafiyasında yazılır ki, o, 2016-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikası HHM-in N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb.

2017-ci ilin oktyabr ayında xidmətini başa vurub. Daha sonra Mingəçevir şəhərində N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb.

2018-ci ildə SAT kurslarına daxil olub. 6 aylıq ağır kurslardan sonra kursu uğurla başa vurub sertifikat əldə edib.

2020-ci ildə sənədlərini toplayıb Xüsusi Təyinatlı Qüvvələrə təqdim edib. 6 aydan sonra buranı da müvəffəqiyyətlə bitirərək "qırmızı beret" sertifikatını qazanıb.

Beyrəyin döyüş yolu...

Beyrək Feyzullayev 2-ci Qarabağ müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə iştirak edib.

Onunla bağlı verilən məlumata görə, Beyrək adı kimi dastan yazıb: "Təkcə süngü-bıçaqla onlarla düşmənin canlı qüvvəsini sıradan çıxarıb. 2020-ci ilin oktyabr ayında Füzulinin kəndlərindən birində gecə saatlarınd düşmənlə təxminən 10 metr məsafədə üz-üzə döyüşüb. 22 XTQ döyüşçüsü, 49 əsgər məhv edib".

"Döyüşdən 2 şəhid, 5 yaralı olaraq ayrılıblar. O, 2 şəhiddən biri olan Beyrəyə 3 metr məsafədən 4-5 güllə dəyib. Ona atəş açan ermənini şəxsən özü öldürüb. Yaralı vəziyyətdə 1 saata yaxın döyüşməyə davam edib. Təəssüf ki, bədəni buna daha artıq tab gətirə bilməyib və Beyrək şəhidliyə ucalıb. 5 oktyabr 2020-ci ildə Oğuz rayonu Baş Daşağıl kənd qəbristanlığında dəfn edilib", - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, Beyrək şəhid olmamışdan 2 gün əvvəl təkbaşına NSV pulemyotu ilə düşmənin içində 3 nəfər şəxsi heyəti olan BMP texnikasını partladıb.

Atasının sözlərinə görə, döyüş yoldaşları deyir ki, Beyrək ümumilikdə 30-a yaxın işğalçını məhv edib. Bütün döyüşlərdə mərd və qorxubilməz olub.

Üç medalla təltif olunub...

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

O, eyni zamanda, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ailəsi deyir ki, bu qədər döyüş yolu keçən bir hərbçinin Milli Qəhrəman adı ilə təltif edilməsi onları ancaq sevindirə, yaralarına məlhəm ola bilər.

Günel İbrahim - arqument.az
 

Dünyapress TV

Xəbər lenti