Ukraynalı əsirləri o güllələtdirib -
Aprelin 7-də sosial şəbəkələrdə Rusiya hərbçilərinin əsir götürülmüş üç ukraynalı əsgəri güllələdiyini əks etdirən video yayılıb.

“AzPolitika” xəbər verir ki, həmin videoda Rusiya Silahlı Qüvvələrinin nümayəndələrinin silahsız, təslim olmuş ukraynalı hərbçilərə avtomatdan bir neçə dəfə atəş açması göstərilir.

Hadisə Xerson vilayətinin sol sahilindəki Krınki kəndi ərazisində baş verib. Ukrayna mətbuatı yazır ki, üç ukraynalı əsirinin vəhşicəsinə edam edilməsi əmrini Rusiya Silahlı Qüvvələrinin polkovniki Sergey İştuqanov verib. Bu barədə aprelin 7-də Evocation.info məlumat yayıb.

Nəşrin məlumatına görə, cinayət Ukrayna Silahlı Qüvvələrinin əsgərlərini qorxutmaq üçün İştuqanovun əmri ilə 104-cü diviziyanın 328-ci alayının hərbçiləri tərəfindən törədilib.

Jurnalistlər qeyd ediblər ki, 104-cü diviziyanın 328-ci alayı Krınki kəndi ərazisində Ukrayna Silahlı Qüvvələrinin platsdarmı uğrunda döyüşlərdə iştirak edir: “Rusiya Silahlı Qüvvələrinin bu kəndi demək olar ki, tamamilə yer üzündən silməsi faktından əlavə, onlar həm mülki əhaliyə, həm də Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə qarşı bir sıra hərbi cinayətlərdə iştirak ediblər”.
Ətraflı

Bildirilir ki, Sergey İştuqanov Mari El Respublikasında anadan olub, Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

O, Ulyanovsk şəhərində 31-ci hava hücumu briqadasının komandir müavini təyin edilib. Jurnalistlərin məlumatına görə, bu polkovnik hazırda Rusiya Hərbi Hava Qüvvələrinin 104-cü diviziyasının 328-ci alayına komandirlik edir. Bu bölmə noyabr ayından Xerson istiqamətindədir, onun məsuliyyət sahəsinə Dnepr çayının sol sahili daxildir.

Nəşrin məlumatına görə, Rusiya Ordusunun bu bölməsinin hərbçiləri dəfələrlə Xerson vilayətinin müvəqqəti işğal olunmuş hissəsində rüşvətxorluq, soyğunçuluq və dinc sakinləri qətlə yetirməkdə ittiham olunublar.

Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edərək Krınki kəndi yaxınlığında ukraynalı əsgərlərin qətlə yetirilməsinin araşdırılmasında kömək istəyib.

Dünyapress TV

Xəbər lenti