İlk növbədə onu qeyd etmək lazmdır ki, riskli görünən bu dəyişikliyin rəvan və qarşılıqlı anlaşma şəraitində gerçəkləşməsi general Valeri Zalujnının vətənsevər dövlət adamı olması sayəsindədir. O, qərara müqavimət göstərmək, xalqı da, ordunu da Zelenskinin əleyhinə qaldırmaq imkanında idi, bunu etmədi. Ondan gözlənilən də bu idi.
Qərarın səbəbləri haqqında bir çox məqamı qeyd etmək və müxtəlif ehtimallar irəli sürmək mümkündür, amma qısa və ən ümumiləşdirilmiş şəkildə belə ifadə etmək olar ki, Zelenski ordunun baş komandanı vəzifəsində onunla tam uyum içərisində çalışacaq birini, yəni öz adamını görmək istəyirdi. Zalujnı isə müstəqil fiqur idi, hər kəsə eyni məsafədə dayanırdı, hətta müxalifətçi generalı (Poroşenkonun partiyasından olan Desant Qoşunlarının sabiq komandanı Zabrodski) öz komandasına cəlb etmişdi.
Müharibə zamanı prezident-ali baş komandanla ordu komandanının eyni dildə danışması, aralarında anlaşılmazlığın olmaması şübhəsiz ki, çox vacib amildir. Lakin siyasi rəhbərliyin hərbi komandanlığın işinə davamlı müdaxiləsi, peşəkar səviyyədə (peşəkar əsaslarla) verilməli olan qərarları hərb işində diletant olan siyasətçilərin verməsi arzuolunmaz nəticələrə də gətirib çıxara bilər. Bu baxımdan yeni baş komandan Aleksandr Sırskinin bu həssas balansı necə təmin edəcəyi və işinə qarışanlara yox deməyi bacarıb-bacarmayacağı önəmli olacaq. O, sadəcə üzüyola bir dövlət məmuru və hər cür siyasi qərarın tərəddüdsüz icraçısı kimi fəaliyyət göstərəcəksə, Ukrayna üçün əlavə problemlər yaranacaq. Yox, lazımi məqamlarda öz iradəsini ortaya qoyub, bunu siyasi rəhbərliyə də qəbul etdirərək mürəkkəb vəziyyətdən qeyri-standart çıxış yolları tapacaqsa, onda müsbət dəyişikliklər mümkündür.
General Zalujnı Ukraynada əfsanələşsə də, aydındır ki, əvəzolunmaz kadr deyil. Hətta bir çox mübahisəli qərarları da olub. (Məsələn, ötənilki hücum əməliyyatına hazırlıq mərhələsi və əməliyyat planları ilə bağlı çoxlu suallar var.) Ukrayna ordusunda xeyli istedadlı komandir var və bunlar kabinetlərdə deyil, müharibənin odu-alovu içində yetişiblər. General Sırski Kiyevin müdafiəsinə rəhbərlik edib, Xarkov əməliyyatının planlaşdırıcısı və bilavasitə icraçısı olub. (Eyni zamanda, Baxmutun uğursuz müdafiəsinə də cavabdeh olub.) Zelenskinin dünən adlarını çəkdiyi, ordu rəhbərliyinə gətiriləcək briqada generalları (Qnatov, Drapatıy) Xerson əməliyyatını uğurla icra etmiş gənc zabitlərdir. Yəni sırf hərbi rəhbərliyin dəyişməsi səbəbi ilə ciddi problemlərin ortaya çıxacağını söyləmək, məncə, doğru olmaz.
Ukraynanın hazırda iki təməl problemi var:
- ABŞ yardımlarının dayanması və bunun nəticəsində cəbhədə silah-sursat çatışmazlığının yaranması;
- Səfərbərliyin gecikməsi və bunun nəticəsində cəbhədə şəxsi heyət çatışmazlığının yaranması.
Bunların hər ikisi hərbi yox, siyasi rəhbərliyin məsuliyyət sahəsidir. Xarici yardımları da, səfərbərliyi də prezident və hökumət təmin etməlidir. Silah-sursat və yetərli sayda əsgər olmadıqdan sonra ordu komandanlığında kimlərin yer alması həlledici əhəmiyyət daşımır.
Zelenski öz reytinqini düşünərək qeyri-populyar tədbir olan səfərbərliyi (bu barədə qanunu) aylarla gecikdirdi. Qanun hələ yenicə ilk oxunuşdan keçib. Reytinq demişkən, müharibədən sonra Valeri Zalujnı siyasətə qoşulmaq qərarı verərsə, prezidentlik şansı var.
Şahin Cəfərli
TEREF