İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) bu dəfə Pakistanın ərazisinə raket zərbələri endirib.
Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, İran Pakistanın hava məkanın təhlükəli manevrlər edib.
Rəsmi İslamabad İranın Pakistan ərazisinə endirdiyi zərbələrin ölkənin hava məkanının kobub şəkildə pozulması kimi qələmə verib və bunun ciddi nəticələr doğuracağını bildirib.
Eyni zamanda rəsmi İslamabad Tehranı hərəkətlərinə diqqət etməyə çağırıb. Lakin İran tərəfi bəyan edib ki, Tehran hücumlar barədə əvvəlcədən Pakistan rəhbərliyini məlumatlandırıb.
Hətta Rusiyanın nüfuzlu KİV-ləri iddia edirlər ki, İran bir neçə gün öncə Pakistan rəhbərliyinə İslamabadın Bəluc probleminin İranın daxili işlərinə və sərhədlərinə qarışdırmağa davam edəcəyi təqdirdə İran tərəfi hərbi zərbələr endirməyə məcbur olacaq.
İran rəsmiləri raket zərbələrin əsasən Pakistanın cənub-şərq ərazilərində yerləşən “Ceyş əl-Ədl” qruplaşmasının mövqelərinə endirildiyini bildirib.
Xatırladaq ki, bundan bir gün əvvəl SEPAH İraq və Suriyanın şimal ərazilərində ABŞ hərbi bazalarına və hava limanlarına raket hücumları edib.
Bəzi ekspertlər hesab edirlər ki, SEPAH bu hərəkətləri ilə İran İslam Respublikasının həm Yaxın Şərqdə, həm də Asiyanın cənub-şərqində yeganə güc mərkəzi olduğunu göstərir. Onlar SEPAH-ın həm region ölkələri, həm də Qərb üçün ciddi təhlükə mənbəyi hesab edirlər.
Məsələ ilə bağlı Orta Doğu Araşdırmaları mərkəzinin sədri Sədrəddin Soltan “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, İran hakimiyyəti İraq və Pakistan ərazisinə raket zərbələri endirməklə özünü regionda aparıcı güc mərkəzi kimi göstərməyə çalışır:
“Tehran bu cür davranış nümayiş etdirməklə göstərmək istəyir ki, o, istənilən ölkənin ərazisinə təcavüz etməyə və onun suveren hüquqlarını pozmağa qadirdir. Başqa sözlə desək, İran hakimiyyəti özünü regionun aparıcı gücləri ilə eyni səviyyədə olduğunu mesajını verməyə çalışır.
Düzdür, dünyanın müəyyən güc mərkəzləri başqa ölkənin ərazisində hərbi əməliyyatlar keçirəndə beynəlxalq hüququn normalarına əməl edirlər. Bu barədə əvvəlcədən həmin ölkənin rəbərliyini məlumatlandırırlar. Lakin İran hakimiyyətinin davranışları beynəlxalq hüquqi cəhətdən əsassızdır.
Bununla belə, həm İraq, həm də Pakistan Qərbin tətəfdaşlarıdır. İran hakimiyyəti həmin ölkələrin ərazisinə raket zərbələri endirməklə həm də Qərbin regiondakı maraqlarına zərbə vurur. Tehran Yaxın Şərqdə özünü hegemon ölkə sayır”.
Politoloq SEPAH-ın bütöv bir regionda təhlükə mənbəyinə çevrildiyini istisna etməyib:
“İsrail ilə ABŞ SEPAH-ı terrorçu təşkilatlar siyahısına daxil edib. Bu yaxınlarda Böyük Britaniya hökumətinə SEPAH-ı terrorçu qruplaşma kimi tanımaq barədə mürüciət olunub. Həmçinin Avropa İttifaqının bir sıra ölkələrinin parlamentlərində SEPAH-ın terrorçu təşkilat kimi tanınması ilə bağlı qərarlar qəbul edilib.
Amma həmin ölkələrin rəhbərləri bu qərarı hələ icra etməyiblər. İraq və Pakistanın ərazisinə endirən raket zərbələrdən sonra SEPAH region ölkələri üçün təhlükə mənbəyinə çevrilməklə yanaşı terrorçu hərbi təşkilat kimi tanınması da gündəmə gələ bilər”.
Sədrəddin Soltan İranın ali rəhbəri Seyid Əli Xameneyinin SEPAH-ın regiondakı son addımlarında mühüm rolu olduğunu bildirib:
“İran İnqilab Keşikçiləri Qvardiyası Xameneyiə tabedir. Bildirim ki, SEPAH-ın İraq, Suriya və Pakistan ərazisinə raket zərbələri, husilərin Qırmızı dənizdə fəaliyyətini koordinasiya etməsi, o cümlədən “Hizbullah” və HƏMAS-a hərbi yardım göstərməsi ilə bağlı məsələlərdə Xameneyidən əmrlər alır”.