Haqqında bəhs edəcəyimiz Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov haqqında qısa məlumat verək. Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olmuşdur. 1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi lisey bitirib. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986–1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib. 1980–1985-ci illərdə Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət etmişdir. 1985–1993-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışmışdır. 1993–2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət etmiş, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. 2003–2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini — Daxili Qoşunların Komandanı vəzifəsində çalışmışdır. 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilib. Bu qısa məlumatdan sonra qeyd edək ki, Zakir Həsənov kənarda deyil, məhz Azərbaycanda yetişmiş generaldır, yəni ilk hərbi təhsilini, sonra ali hərbi təhsilini Azərbaycanda, Bakıda alıb. Bu çox önəmli məsələdir. Onu da xüsusi olaraq qeyd edək ki, Zakir Həsənov Müdafiə Naziri təyin olunanadək orduda xeyli çatışmazlıqlar, neqativ hallar var idi və ən əsası açıq deyək ki, orduda döyüş əhval-ruhiyyəsi yox idi. Məhz cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız Zakir Həsənovu Müdafiə Naziri təyin edəndən sonra, ilk dəfə 2016-cı ilin aprel ayında, 4 günlük Aprel savaşından sonra Ordumuz ermənilərin müqavimətini qırıb strateji yüksəkliklərimizi düşməndən azad etdi. Bax, bu Qarabağ savaşında İLK UĞURLU DÖNÜŞ idi. Aprel savaşı göstərdi ki, artıq ordumuz 90-cı illərin, hətta 2000-ci illərin ordusu deyil. Və bütün dünya şahid oldu ki, Azərbaycan ordusu müasir müharibə apara bilir. Yəni Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev Zakir Həsənovu nazir təyin etdikdən sonra Azərbaycan ordusunun uğurları başladı. Elə həmin dövrdən də Azərbaycan xalqı öz dövlətinə, öz ordusuna, öz Prezidentinə inanaraq onun ətrafında sıx birləşdi. Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan ordusu müasir silahlardan məharətlə istifadə etməyi öyrənmişdi. Bəli, 4 günlük Aprel savaşı 44 günlük müharibə üçün bir təcrübə oldu. Və nəticəsi də bütün dünyaya bəllidir. Onu da qeyd edək ki, müdafiə nazirlərimizin çoxu kabinet generalları olublar. Onlardan fərqli olaraq cənab Zakir Həsənov kabinet generalı deyil, əsl döyüş generalıdır. Fikir vermisinizsə, Zakir Həsənov sanki bir yerdə dayanmır, yaralı əsgərlərə hospitalda baş çəkir, bir də görürük əsgərlərlə birgə yeməkxanada əsgər yeməyi yeyir, sonra hansısa dövlətə səfər edib onların müasir hərbi sənaye kompleksi ilə tanış olur, hansısa ölkənin səfirini qəbul edir… Onu da bildirək ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin təyin etdiyi Müdafiə Nazirindən ancaq və ancaq belə hərəkətləri gözləmək olardı. Sözün qısası, cənab nazir həmişə hərəkətdə, fəaliyyətdədir. Sonda onu da qeyd edək ki, dünyanın nüfuzlu təşkilatları öz sorğularında Azərbaycan ordusunun reytinqini ön sıralarda qeyd edəndə bizim özümüzün inanmağımız gəlmirdi. Ancaq 44 günlük Qarabağ müharibəsi Ordumuzun reytinqini birdən birə ön sıralara çəkdi. Ümid edirik ki, bundan sonra da ordumuz öz reytinqinə görə, dünya orduları cərgəsində əvvəlkilərdən də ön sıralarda olacaq. Və obyektivlik naminə qeyd edək ki, bu məsələdə Zakir Həsənovun xidməti danılmazdır, çünki Zakir Həsənov Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərir. "Yeni Əkinçi" qəzetinin baş redaktoru Habil Vəliyev