Xəbər verildiyi kimi, 8 noyabr - Zəfər Günü ilə bağlı təntənəli tədbir bu dəfə Xankəndi şəhərində keçiriləcək.
Yerli mətbuatda gedən xəbərlərə əsasən, Xankəndi şəhərində Azərbaycan Silahlı Qüvvələrinin hərbi birliklərinin paradı keçiriləcək. Bildirilir ki, Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək paradda hərbi texnika deyil, Vətən müharibəsində iştirak etmiş nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə paylaşılan videolardan da aydın görünür ki, Xankəndidə baş tutacaq tədbirlə bağlı ciddi hazırlıq işləri gedir.
“AzPolitika.info” xəbər verir ki, Azərbaycanın belə bir təntənəli tədbirə hazırlaşdığı bir vaxtda sosial şəbəkələrdə, eləcə də yerli mətbuatda xoş qarşılanmayan qəribə bir xəbər yayılıb.
Xəbərə görə, rusiyalı siyasətçi, Yaxın Şərq üzrə ekspert Stanislav Tarasov erməni jurnalistin sualını cavablandırarkən deyib ki, Xankəndidə baş tutacaq paradda Rusiya sülhməramlıları da iştirak edəcək.
“Noyabrın 8-də qələbə paradında Rusiya sülhməramlıları da iştirak edəcək. Azərbaycan Rusiyanın sülhməramlı korpusunun yolunu təntənəli şəkildə açacaq, məmnuniyyətlə və medallarla. Bu normaldır”,-deyə Tarasov bildirib.
Ətraflı
Qeyd edək ki, bu xəbər sosial şəbəkələrin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb və böyük narazılığa səbəb olub.
Bu barədə politoloq Elxan Şahinoğlu “AzPolitika.info”ya şərhində bildirib ki, Xankəndidə keçiriləcək hərbi paradda yalnız Azərbaycan hərbçiləri iştirak edəcək: “Rus hərbi kontingentinin bu paradda iştirakı düzgün deyil. Onlar yalnız müşahidəçi qismində bu paradda iştirak edə, kənardan öz müşahidələrini apara bilərlər. Bu da normal bir şeydir. Çünki bütün dünyada hərb paradlara xarici ölkələrdən qonaqlar dəvət olunur. Biz tək Rusiyadan yox istənilən dövlətdən - qardaş ölkə Türkiyədən, Pakistandan, Avropa dövlətlərindən olan hərbçiləri dəvət edə bilərik”.
“Biz bu gün çalışırıq ki, rus hərbi kontingenti Qarabağdan çıxarılsın. Belə olan halda rus hərbçilərin Azərbaycan əsgərləri ilə birgə bu paradda iştirakı düzgün olmaz. Əgər belədirsə, onda Türkiyə kontingenti də bu paradda iştirak etməlidir. Düşünürəm ki, Rusiyanın bu paradda birbaşa iştirakı Azərbaycanın mili və təhlükəsizlik maraqlarına ziddir”- deyə politoloq qeyd edib.