Hələ 2014-cü ildə Donbasda separatizm hərəkatı yeni başlayandan bəri Donetsk vilayətinin cəmi 30 minə yaxın əhalisi və 29 kvadrat kilometr ərazisi olan Avdeyevka yaşayış məntəqəsi Rusiya ordusunun boğazında kal armuda dönüb. Ukraynanın buradakı müdafiə xətti artıq 10 ilə yaxındır ki, separatçıların və onları himayə edən Rusiyanın zərbələri altında davam gətirir. 2022-ci ilin fevralında başlayan işğalçılıq müharibəsində də ilk hədəflərdən biri məhz Avdeyevka olub.
Son üç həftədə isə bu yaşayış məntəqəsinə hücumlar öz miqyasına görə misli görünməmiş həddə çatıb. Hətta Avdeyevka uğrunda davam edən döyüşlər Baxmut və Uqledar uğrunda yaşanmış döyüşlərdən də daha intensiv və amansız hesab olunur.
Öncə onu qeyd edək ki, Avdeyevka sözügedən bölgə üçün kifayət qədər strateji əhəmiyyət daşıyan məntəqədir. Belə ki, o, Donetsk vilayətinin mərkəzi və ən böyük şəhəri olan Donetsk şəhərindən cəmi 15 kilometr məsafədə yerləşir. Buradan adi artilleriya mərmiləri ilə Donetsk şəhərinin istənilən nöqtəsini vurmaq mümkündür. Buna baxmayaraq, Ukrayna ordusu bütün bu imkanlara rəğmən heç də Rusiya Baxmutu, Mariupolu və digər şəhərləri yerlə bir etdiyi kimi, Donetski və dinc əhalini hədəf almayıb.
Şəhərə müəyyən zərbələr endirilsə də, bunlar əsasən hərbi hədəflər və işğalçı administrasiyanın binaları olub. Lakin Avdeyevkadakı Ukrayna qüvvələri ətrafdakı strateji dəmiryol və avtomobil nəqliyyatı xətlərini tam atəş nəzarətində saxlaya bilir. Ona görə də Rusiya tərəfi bu yollardan özünün silah-sursat, yanacaq və s. təminatı üçün istifadə edə bilmir.
Bütün bunlar nəzərə alındıqda, bu yaşayış məntəqəsi, məsələn, rus ordusunun on minlərlə itki verdiyi Baxmutdan qat-qat daha böyük strateji əhəmiyyətə malikdir. Bu baxımdan Rusiya ordusunun Avdeyevka uğrunda döyüşlərə indiyə qədər misli görünməmiş miqdarda canlı qüvvə və hərbi texnika atması hardasa başa düşüləndir.
Artıq bu istiqamətə Rusiyanın 3 (!) ümumqoşun ordu hissələri cəlb olunub. Hazırda cəmi 20 kilometrlik cəbhə xəttinə Rusiya tərəfindən 40 mindən artıq canlı qüvvə yığılıb. Bu, hər kilometrə iki min nəfər deməkdir. Belə sıxlıq vaxtilə Yevgeni Priqojinin “ət maşını”na çevirdiyi Baxmut döyüşlərində də müşahidə olunmayıb. Orada 50 kilometrlik cəbhədə gedən döyüşlərə zaman-zaman 20-50 min civarında şəxsi heyət cəlb olunub. Bu da o deməkdir ki, Baxmutda hər kilometrə ən intensiv döyüşlər vaxtında belə min nəfərdən artıq canlı qüvvə düşmürdü.
Eyni zamanda, Baxmut uğrunda aylarla davam edən döyüşlərə cəmi 300 ədəd hərbi texnika cəlb edildiyi halda, Avdeyevkada son 3 həftə ərzində başlanan şiddətli döyüşlər zamanı Rusiya tərəfi artıq 100-dən çox hərbi texnika, tank, BMP və s. itirib. Bu itkilər general Rüstəm Muradovun Uqledara uğursuz hücumu zamanı itirdiyi texnikanın da sayını üstələyir.
Ümumiyyətlə, əksər mütəxəssislər, hətta Rusiyanın “hərbi bloqerləri” də etiraf edirlər ki, Avdeyevka uğrunda döyüşlər bu müharibədə indiyə qədər Rusiya ordusunun qısa vaxt ərzində ən böyük itkilər verdiyi döyüşlərdir. ABŞ-nin “New York Times” nəşri bunu “Rusiya üçün ən bahalı döyüşlər” adlandırıb.
Qeyd olunur ki, əgər Baxmut çökəkdə idisə, Avdeyevka nisbətən hündürdədir. Ona görə də Rusiya piyada qüvvələri və hərbi texnikası hələ şəhərin həndəvərinə çatmamış artilleriya vasitəsilə məhv edilir. Doğrudur, Rusiya Avdeyevkanı cinahlardan irəliləyərək mühasirəyə almağa, şəhəri Ukrayna arxa cəbhəsilə birləşdirən yeganə magistral xətti atəş nəzarətinə almağa çalışır. Bu istiqamətdə müəyyən irəliləyişlər də var, lakin bu irəliləyişlər olduqca böyük canlı qüvvə və texnika itkisi hesabına başa gəlir. Oktyabrın 10-da başlanan hücum əməliyyatının artıq oktyabrın 28-nə olan nəticələrinə görə, Rusiya ordusu Avdeyevka ətrafında 4 mindən artıq canlı qüvvə itirib. Son 3 gündə isə bu itkilər daha da intensiv şəkildə artmaqdadır.
Avdeyevka da Mariupol və Baxmut kimi demək olar, yer üzündən silinmək üzrədir. Ancaq nə qədər acınacaqlı olsa da, dağıdılmış şəhər müdafiə olunan tərəfin imkanlarını daha da artırır.
Ukraynalı tanınmış hərbi ekspert Roman Svitan deyib ki, dağıdılmış və əhalisi köçmüş şəhər daha əlverişli və davamlı müdafiə xətti qurmağa imkan verir. Binaların zirzəmiləri və dağıntıları “təbii müdafiə istehkamlarına” çevrilir və müdafiə olunan tərəf üçün bir çox üstünlüklər qazandırır.
Ukrayna hərbi rəhbərliyi Rusiyadan fərqli olaraq, bu yaşayış məntəqəsi uğrunda döyüşlərə daha adekvat yanaşır. Ona görə də hansısa məqamda mühasirəyə düşməmək və böyük itkilər verməmək üçün Avdeyevkanın təslim edilməsi istisna olunmur. Lakin həmin vaxta qədər Rusiyanın burada özünün nə qədər canlı qüvvəsini və texnikasını ”yandıracağı” bəlli deyil.
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun mütəxəssisləri kütləvi itkilər qarşılığında Rusiya ordusunun Avdeyevkadakı cüzi irəliləyişlərini “Rusiya ordusunun növbəti biabırçılığı” adlandırırlar. Ancaq o da məlumdur ki, Rusiya üçün belə biabırçılıqlar, itkilər, xüsusilə də canlı qüvvə itkisi demək olar, heç bir əhəmiyyət daşımır və əsas məsələ Kremlin qoyduğu siyasi tapşırığı nə yolla olursa-olsun yerinə yetirməkdir. Siyasi tapşırıq isə ona xidmət edir ki, qış və hava şəraiti ilə bağlı mümkün nisbi fasilə öncəsi Vladimir Putinə Avdeyevka səviyyəsində də olsa, “qələbə” lazımdır...
Cəlal Məmmədov
“AzPolitika.info”