Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində baş verən qalmaqal bitmək bilmir. Valideyn Elşən Abdulovun ibtidai sinif müəllimi Xatirə Əhmədovaya illərdir yaratdığı problem, təzyiq və təhdidlərin ardınca əlbir olduğu Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, icra hakimiyyətinin nümayəndələri və özünü “jurnalist”kimi qələmə verən Etibar Bəşirovla məktəbə basqını məsələsinə iki aydır aidiyyəti qurumlar tərəfindən laqeydlik hökm sürür.
Nə Elm və Təhsil Nazirliyi, nə Mərkəzi Aran Regional Təhsil İdarəsi məsələnin həlli yollarına çözüm tapıb, nə də baş verən biabırçı olaya səbəbkar olan E..Zülfüqarov adına Şilyan kənd orta məkəbinin direktoru vəzifəsini icra edən Ülkər Quliyevaya rəsmi qaydada xəbərdarlıq olunub.
Məsələ ictimailəşəndən və prokuroluğa qədər gedib çıxandan sonra isə məktəbdə durum daha kritik hal alıb.
Xatirə Əhmədovanın iddiasına görə hələ də məktəbin direktor əvəzi Ülkər Quliyeva və həyat yoldaşı, eks direktor Anar Quiyevin basqılarına məruz qalır. Ülkər Quliyeva məsələni media müstəvisinə çıxardıqları üçün Xatirə Əhmədovanı və digər müəllim yoldaşı Səkinə Hüseynovanı sözün əsl mənasında “gözüm çıxdıya”salıb.
Bütün bunlar azmış kimi Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimov da hər iki müəllimi qəbuluna çağıraraq, məsələni çözmək əvəzinə onları işdən çıxarmaqla hədələyib.
Bu barədə açıqlamanı Bizim.Media-ya Xatirə Əhmədova və Səkinə Hüseynova verib.
Dediklərinə görə Elçin Kərimov onların şikayət və tələblərini dinləməyib, əksinə işdən çxarılacaqları ilə qorxudub:
“Bilirsiz ki, sözügedən olayla bağlı oktyabrın 22-də Elm və Təhsil Nazirliyinə müraciət etmişdik. Yəqin həmin müraciətlə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimov bizi qəbula çağırmışdı. Ilk sözü belə oldu ki, istənilən məktəbin direktorunu və müəllimini işdən atmaq səlahiyyəti var. Çox əsəbi və qərəzli şəkildə danışdı. Ümumiyyətlə bizi dinləmədi. Halbuki ora sevinə-sevinə getmişdik ki, nəhayət məsələmizə baxılacaq. Hər şeyi bir kənara qoyub, məsələni mediada niyə ictimailəşdirmişik deyə sorğuya çəkdi. Açıq təhdid etdi ki, media mənə heç nə edə bilməz və istənilən vaxt bizi işdən ata bilər.
Yanındakı Emil adlı şəxs isə qərəzli şəkildə mediaya çıxmağın cinayət işi olduğunu bildiridi. Bizə olan bu münasibətdən hiss etdik ki, Elçin Kərimov elə qarşı tərəfi müdafiə edir. Çünki bizdən əvvəl Ülkər Quliyeva və həyat yoldaşını qəbul etmişdi. “Gedin, direktorla barışın, başınızı aşağı salın və işinizi görün” deyə bildirdi. Heç nə deyə bilmədik. Sadəcə çıxanda onu dedim ki, “o zaman Ülkər Quliyeva və həyat yoldaşı Anar Quliyevə deyin, məndən əl çəksinlər. Söz atmasınlar və təxribat yaratmasınlar. Yəni Ülkər Quliyeva işləyə bilirsə işləsin, yoxsa həyat yoldaşı orada bizə idarəçilik etməsin”.
Xatirə Əhmədovanın sözlərinə görə Elçin Kərimovun davranışından belə çıxıb ki, guya biz qərəzliyik və direktoru eqomuz götürmür:
“Halbuki həmin məktəbin 16 ilik müəllimiyəm. Üçüncü direktordur ki, dəyişib. Niyə mənim başqa direktorlarla problemim olmayıb? Demək ki, bu adam idarə edə bilmir və valideyni üstümüzə hucuma göndərən də odur. Bir qızım və oğlum var. Qızımı Elşən Abdulovun qorxusundan Bakıya oxumağa göndərmişəm. O, məni qızımla hədələyirdi. Ona görə uzaqlaşdırdım ki, nə olursa, özümə olsun. Deyirlər ki, barış. Qolumdan tutub katibənin otağına sürüyən Göyçay sakinini, başıma bu işləri gətirən direktoru, həyatımı zindana çevirən Elşən Abdulovu necə bağışlayım? Bəs uşaqlarımın gözü qarşısında alçalmağım? Mənə dəyən maddi və mənəvi ziyan, itirdiyim sağlamlığım?”
Xatirə Əhmədovanın iddiası ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə əlaqə yarada bilmədik.
Qeyd edək ki, məktəbə basqında Xatirə Əhmədovanın sinifdən çıxarılmasından sonra müəllim yoldaşı Səkinə Hüseynova qorxub ağlayan ibtidailərin görüntülərini çəkdiyinə görə məktəbin direktor əvəzi Ülkər Quliyeva tərəfindən töhmət alıb. Səkinə Hüseynova isə töhmətin saxta imzalardan ibarət olduğunu iddia edir.
Elçin Kərimov sadəcə müəllimlərə həmin töhmət məsələsinin araşdırılacağını bildirib. Xatirə Əhmədova onu da əlavə edib ki, məsələ ilə bağlı oktyabrın 18-də Kürdəmir Rayon prokurorluğuna müraciət edib. Rayon prokurorluğundan şikayətnin müraciətinə hər hansı cavab gəlməyib.
Bildirilib ki, iş Kürdəmir Rayon Polis İdarəsinə göndərilib.
Xatırladaq ki, oktyabrın 14-də Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində ibtidai siniflərdən birində qorxulu anların yaşandığını və həmin məqamı əks etdirən videogörüntüləri ictimailəşdirmişdik. Yazıda adı keçən qurum və rəsmilərin mövqeyini dərc etməyə hazırıq. Bizim.Media