Yasamalda magistral su kəmərində baş verən qəza Nizami rayonunda da təkrarlana bilər. Yasamalda Əsəd Əhmədov küçəsində “+ 52 Alatava” və “+ 82 Qərb” mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində qəza ətrafda yaşayan insanların həyatına real təhlükə yaratdı, daşınmaz əmlak mülkiyyətçilərinə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə on minlərlə manat ziyan dəydi.
Nizami rayonu, Çobanzadə küçəsi 45 saylı binanın sakinləri və ətrafda yaşayan digər vətəndaşlar, həmçinin həmin küçədə obyekt sahibləri, sahibkarlar illərdir Yasamalda baş vermiş qəza ilə üzləşə bilərlər. Belə ki, 45 saylı binanın qarşısında yerləşən və “Azərsu” ASC-nin balansında olan, Bakı şəhərinin şərq hissəsini içməli su ilə təchiz edən diametri 1200-1400 mm olan 2 yüksək təzyiqli magistral su kəmərinin sanitar-mühafizə zolağı yerləşir.
Sakinlər deyir ki, mühafizə zolağını boş torpaq sahəsi kimi I qrup əlil, ruhi xəstə Cəlal Əli oğlu Həmidov və onun bacısı-qəyyumu Tamara Həmidova zəbt ediblər. Üstəlik, sabiq Bakı meri Hacıbala Abutalıbov 2 yüksək təzyiqli magistral su kəmərinin üzərində və sanitar-mühafizə zonasında yerləşən torpaq sahəsinin fərdi yaşayış evinin inşa edilməsi məqsədilə ərazinin qanunsuz olaraq Cəlal Həmidovun icarəsinə verilməsinə dair Tamara Həmidova ilə 0912 saylı, 20 aprel 2010-cu il tarixli icarə müqaviləsi bağlayıb. İcarə müqaviləsi bağlanandan sonra Tamara Həmidova həmin torpaq sahəsində 2 fərdi yaşayış evinin tikintisini Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıb. Layihəyə əsasən, yüksək təzyiqli magistral su kəmərlərinin üzərində 2 mərtəbəli yaşayış binası tikilib. Məlumat “Azərsu” ASC-yə çatandan sonra tikinti işləri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən dayandırılıb, eyni zamanda “Azərsu” ASC tərəfindən yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında inşa edilən tikililərin sökülməsinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edilib. Məhkəmə qərarı əsasında təyin olunan ekspertiza Tamara Həmidovanın zəbt etdiyi ərazidən 1200-1400 mm-lik yüksək təzyiqli magistral su kəmərlərinin keçməsini və tikililərin həmin yüksək təzyiqli magistral su kəmərlərinin sanitar-mühafizə zonasında inşa edilməsini müəyyən edib. Nizami Rayon Məhkəməsi 17 yanvar 2013-cü ildə “Azərsu” ASC-nin iddiası təmin edilib və tikililərin Cəlal Həmidovun və Tamara Həmidovanın hesabına sökülməsi qət olunub. 2015-ci ilin yanvarında qətnamə icra edilib və yüksək təzyiqli magistral su kəmərlərinin sanitar-mühafizə zonasında inşa edilmiş tikililər sökülüb.
Eyni zamanda yüksək təzyiqli magistral su kəmərlərinin üzərində fərdi yaşayış evlərinin tikintisi faktı üzrə Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən 14 avqust 2014-cü ildə Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə 140080036 saylı cinayət işi başlanıb. Sonradan cinayət işi 222-2.1-ci maddəyə tövsif olunub.
İstintaq zamanı zəbt olunmuş ərazidən keçən 1200-1400 mm-lik yüksək təzyiqli magistral su kəmərlərində hər hansı qəzanın baş verməsi nəticəsində ətrafda yaşayan şəxslərə ciddi ziyan dəyməsi ehtimalı təsdiqlənib. Məsələnin ciddiliyi nəzərə alınaraq sonrakı araşdırmaların aparılması Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinə həvalə olunub.
Ərazidə yaşayan sakinlər deyir ki, nəhayət ki, yüksək təzyiqli magistral su kəmərlərində qəza ehtimalının qarşısının qətiyyətli şəkildə və birdəfəlik alınacağına ümidləri yaranıb. Bu zaman xəbər çıxıb ki, həmin vaxt baş prokurorun 1-ci müavini olan Rüstəm Usubov cinayət işinin materiallarını FHN-dən geri alıb və yenidən Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinə qaytarıb. Sakinlər deyir ki, nəticədə cinayət işi bu günə qədər açıq saxlanılır.
Sakinlər deyirlər ki, Tamara Həmidova zəbt olunan torpaq sahəsindən çıxmamaq üçün hər vasitəyə əl atır. Hacıbala Abutalıbov işdən çıxdığı gün Bakı Şəhər İcra Hakimiyyəti ilə onun arasında saxta, 1460 saylı, 20 aprel 2018-ci il tarixli yeni icarə müqaviləsi bağlanıb. Bu fakt aşkar edildikdən sonra həmin müqavilə də məhkəmə qaydasında mübahisələndirilib. Bununla bağlı Nizami Rayon Məhkəməsinin hakimi Həqiqət Əhmədovanın apardığı məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən Bakı Şəhər İcra Hakimiyyətindən icarəyə verilmiş torpaq sahəsinin planı və ölçüsünün təqdim edilməsi tələb edilsə də, məhkəmədə Bakı Şəhər İcra Hakimiyyətini təmsil edən nümayəndə Maşallah Əli oğlu Ələkbərov torpaq sahəsinin planı və ölçüsünü təqdim etməkdən boyun qaçırıb. Sakinlər hesab edirlər ki, bu fakt bir daha 1460 saylı, 20 aprel 2018-ci il tarixli yeni icarə müqaviləsinin saxta olmasını və Bakı Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin bu gün də Tamara Həmidovaya havadarlıq etməsini sübut edir.
Buna baxmayaraq, Nizami Rayon Məhkəməsi 27 may 2022-ci il 1460 saylı, 20 aprel 2018-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edib və Tamara Həmidovanın həmin torpaq sahəsindən çıxarılması qət olunub. Lakin zəbt etdiyi torpaq sahəsindən məhrum olması ilə barışmayan Tamara Həmidova havadarı Bakı Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsi ilə birlikdə Bakı şəhər Nizami Rayon Məhkəməsinin həmin qətnaməsindən apelyasiya şikayətləri verib. Eyni zamanda saxta icarə müqaviləsinə hüquqi əsas yaratmaq məqsədilə Tamara Həmidova daha bir saxtakarlığa əl ataraq 20 aprel 2018-ci ildə icarəyə verilən torpaq sahəsinə dair 2022-ci il tarixində “Kəngərli” MMC tərəfindən hazırlanmış torpaq sahəsinin saxta plan-sxemini Bakı Apelyasiya Məhkəməsinə təqdim edib. Halbuki “Kəngərli” MMC-nin tərtib etdiyi həmin plan-sxem yalnız Torpaq Məcəlləsinin 65-ci maddəsində göstərildiyi kimi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanmış və təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsü əsasında verilməli idi.
Apelyasiya şikayətlərinə baxan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vahid Sadıqovun sədrliyi ilə keçirilən ilk məhkəmə iclasında təqdim etdiyi saxta sənədlərlə məhkəmə tərkibini aldadan Tamara Həmidova sonda iş üzrə ekspertizanın təyin edilməsinə nail olub.
Göründüyü kimi, müxtəlif dövlət orqanlarının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadəsi və bəzi vətəndaşların cinayət əməlləri nəticəsində Nizami rayonu, Çobanzadə küçəsində Bakı şəhərinin şərq hissəsini içməli su ilə təchiz edən diametri 1200-1400 mm-lik yüksək təzyiqli magistral su kəmərlərinin mühafizə zolağında yerləşən strateji ərazi icarəyə verilməklə yüzlərlə vətəndaşın həyatı real təhlükə qarşısında qoyulub.
Sakinlər dövlət rəhbərliyinə, səlahiyyət sahiblərinə müraciət edərək təcili tədbir görülməsini istəyirlər. Deyirlər ki, Yasamal rayonunda diametri 1400 mm-lik yüksək təzyiqli magistral su kəmərində baş verən qəzada insan tələfatı qeydə alınmasa da, Çobanzadə küçəsindəki yüksək təzyiqli magistral su kəmərlərində qəza baş verdiyi halda insan tələfatı qaçılmaz olacaq. “Yeni Müsavat”