![]() |
![]() ![]() ![]() |
|
Xəbər verdiyimiz kimi Azərbaycan əsilli İran rejissoru Cəfər Pənahi Kann Beynəlxalq Film Festivalının qalibi olub.
O, bu mükafatı "Bir sadə qəza" filminə görə qazanıb.
Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq Kann Beynəlxalq Film Festivalında iştirak edərək festivalın əsas mükafatı olan "Qızıl Palma budağı"na layiq görülüb.
Cəfər Pənahi: İran kinosunun üsyankar səsi
Cəfər Pənahi iyul 1960-cı ildə İranın Miyane şəhərində anadan olub və bu gün dünyanın ən məşhur, eyni zamanda ən çox senzura və qadağalarla üzləşən rejissorlarından biri kimi tanınır. O, İran Yeni Dalğa kino hərəkatının öncüllərindən sayılır və dövrünün ən cəsarətli sənətkarlarından biri kimi siyasi, ictimai və etik mövzularda açıq danışır.
O, gənc yaşlarından kino və sənətə maraq göstərib, lakin İran cəmiyyətinin konservativ və senzura ilə dolu mühiti onu daim sıxışdırıb. İlk vaxtlar Qızıl Aypara Cəmiyyətində işləyən Pənahi, burada qısametrajlı sənədli filmlər çəkərək təcrübə qazanıb. Daha sonra Tehran Kino və Televiziya Məktəbində təhsil alaraq professional rejissorluq sahəsində inkişaf edib.
İlk uğurlar və tanınma
Cəfər Pənahinin beynəlxalq arenada tanınması Abbas Kiarostami ilə əməkdaşlığından sonra baş verdi. Onun ilk bədii filmi “Ağ balon” (1995) Kann kinofestivalında Qızıl Kamera mükafatını qazandı. Film sadə bir süjet üzərində qurulmuşdu: kiçik bir qız Novruz bayramı üçün qızılbalıq almaq istəyir, lakin yolda müxtəlif maneələrlə qarşılaşır. Pənahi bu sadə hekayə ilə İran cəmiyyətindəki sosial maneələri, qadağaları və məhdudiyyətləri ustalıqla nümayiş etdirdi.
Pənahinin filmləri əsasən cəmiyyətin marginal təbəqələrini, qadınların və uşaqların problemlərini, senzuranın və sərt rejimin doğurduğu məhdudiyyətləri əks etdirir. Onun tanınmış filmlərindən bəziləri bunlardır:
“Güzgü” (1997) — Film realiti və sənət arasındakı sərhədi silir. Baş roldakı qız qəfildən çəkiliş meydançasından getmək istədiyini deyir və kamera sanki “filmin içindən çıxır”. Bu film Berlində Ən Yaxşı Rejissor mükafatı qazandı.
“Dairə” (2000) — Qadınların İranda yaşadığı məhdudiyyətləri göstərən, tənqidi və kəskin film. Venesiya Film Festivalında Qızıl Şir mükafatını qazandı.
“Offside” (2006) — İranlı qızların futbola olan marağını və onların stadionlara buraxılmamasını hekayə edən film. Berlində Gümüş Ayı mükafatı qazandı.
“Bu film deyil” (2011) — Ev dustaqlığında çəkilmiş bu əsər senzura və qadağaların sənətçini necə boğduğunu göstərir. Pənahi evində telefonla və əl kamerası ilə film çəkərək sanki “bu artıq film deyil” mesajını verir. Film Kannda nümayiş olundu və böyük rezonans doğurdu.
Senzura, həbs, qadağalar...
2009-cu ildə İran seçkilərindən sonra baş verən iğtişaşlar zamanı Pənahi açıq şəkildə hökuməti tənqid etdi. Nəticədə o, 2010-cu ildə həbs edildi, 6 il şərti həbs cəzası aldı və 20 il film çəkmək, ssenari yazmaq, ölkəni tərk etmək və müsahibə vermək qadağası ilə cəzalandırıldı. Lakin bu, Pənahini susdurmadı. O, qadağalara baxmayaraq yaradıcılığını davam etdirdi, gizli yollarla filmlərini çəkib xaricə göndərdi və beynəlxalq festivallarda böyük uğur qazandı, Amnesty International, Human Rights Watch kimi insan hüquqları təşkilatlarının mükafatlarına layiq görüldü. O, həm də Berlinale festivalının xüsusi simvolik figurlarından biridir; 2015-ci ildə Berlinale münsiflər heyətində formal olaraq iştirak edə bilməsə də, onun boş stulu festivalın ən simvolik görüntülərindən biri oldu.
Son illərdə Pənahi İran rejiminin artan təzyiqlərinə baxmayaraq yaradıcılığını davam etdirir. Onun filmləri əksər hallarda xaricdə nümayiş etdirilir, çünki ölkə daxilində rəsmi qadağalar hələ də qalır. 2022-ci ildə o, digər rejissorlar Mohammad Rasoulof və Mostafa Al-Ahmad ilə birlikdə yenidən həbs edildi, lakin beynəlxalq təzyiqlər nəticəsində azadlığa buraxıldı.
Xalidə Gəray
Musavat.com