Quba rayon məhkəməsində hansı qanunlara söykənib qərar çıxarırlar... - NARAZILIQ VAR DogruXeber.az: - Məhkəmə hakimi ədalətli olmalı, icraatında olan işə baxarkən tərəflərdən birinin fəhlə, digərinin isə məmur, vəzifə sahibi olmasına önəm verməməlidir. Yəni hakim adını daşıyan şəxs nə cavabdehin, nə iddiaçı tərəfin vəkili rolunda çıxış etməməlidir. Hakimin gözündə hər kəs eyni statusa sahib olmalıdır. Əgər bu baş verməzsə, o zaman ədalət bərqərar olmaz, femidanın tərəzisi əyilər, sonda isə haqlı haqsız, haqsız isə haqlı çıxa bilər.
Odur ki, hər bir hakim, məhkəmə sədri hər şeydən öncə Azərbaycan Respublikasının adından qərar çıxardığının fərqinə varıb haqqı nahaqqa qurban verməməlidir. Əfsus, bu gün bu cür hakimlərin sayı barmaqla sayılacaq qədərdir. Çünki hakimlərin bir çoxu müəyyən maraqların təmin olunması və ya verilən sifarişi "layiqincə" icra etmək naminə ədalətsiz qərar çıxarırlar. Misal kimi, Füzuli Novruzəli oğlu Pənahovun sədri olduğu Quba Rayon Məhkəməsini göstərmək olar. Belə ki, adıçəkilən məhkəmədə bu cür halların mütəmadi baş verdiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, Quba sakinləri Füzuli Pənahovun və məhkəmənin digər hakimlərinin əməlindən təngə gəliblər: "İlk öncə onu nəzərinizə çatdırım ki, 1959-cu il təvəllüdlü Füzuli Pənahov 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti-red.) hüquq fakültəsini bitirib. O, 1985-1990-cı illərdə Saatlı rayonu "Ulduz" kolxozunda hüquq məsləhətçisi vəzifəsində çalışıb. 1990-2000-ci illərdə Zəngilan Rayon Məhkəməsinin hakimi, 2000-2007-ci illərdə isə Astara Rayon Məhkəməsinin sədri vəzifəsində işləyib. Füzuli Pənahov 2007-ci ildən bu günədək Quba Rayon Məhkəməsinin sədri postunda təmsil olunur. Deyilənlərə görə, Füzuli Pənahov Zəngilan Rayon Məhkəməsini hakimi vəzifəsində çalışdığı dönəmlərdə şəxsi maraqlarının təmin olunması üçün bir sıra əməllərə qol qoyub. Belə ki, Zəngilan Rayon Məhkəməsindəki 10 illik fəaliyyəti ərzində demək olar ki, heç bir ədalətli qərar çıxarmayan Füzuli Pənahov özünə qarşı antipatiya qazanıb. Deyilənlərə görə, o, Zəngilanda 7 nəfərin hər birindən 65 min dollar "şirinlik" alıb. İmişlidə polis rəisi işləyən Məcnun müəllimin işçisi olan İlham adında şəxs cinayətdə təqsirləndirilənlərin hər birindən 10 min dollar alaraq 88.1 maddəsini 83.3-ə dəyişib. Həmin vaxt Zəngilan Rayon Məhkəməsinin hakimi olan Füzuli Pənahov isə öz növbəsində günahsız yerə həbs edilən şəxslərdən 65 min alaraq onların cəzasını yüngülləşdirib".
Füzuli Pənahovun Zəngilan və Astara rayonlarında çalışdığı dönəmlərdə femidanın tərəzisini əməlli-başlı əydiyini vurğulayan məlumatlı şəxs bildirir ki, məhkəmə sədri bu gün Quba rayonunda da eyni əməlləri təkrarlamaqdadır: "Yəni o, Quba Rayon Məhkəməsinin sədri kimi məhkəməyə daxil olan işlərin ədalətli şəkildə araşdırılmasını təmin etməkdə maraqlı görünmür. Bu səbəbdən də Füzuli Pənahovun vətəndaşlara onların hüquqlarını izah etmədən, inzibati icraat qaydalarına zidd olaraq, inzibati işlərə baxarkən onları vəkillə təmin etməməsindən, haqqını tələb edən vətəndaşlara, ondan şikayət edən insanlara istədiyi vaxt bir bəhanə ilə inzibati qaydada protokol tərtib etdirərək barəsində digər tədbir seçməsindən və s. şikayətlər diqqəti cəlb edir. Deyilənlərə görə, Quba Rayon Məhkəməsinin sədri "Məhkəmələr və hakimlər haqqında" Qanunun tələblərini pozaraq icraatında olan mülki, eləcə də cinayət işləri ilə əlaqədar proses iştirakçılarını və ya onların qohumlarını öz iş otağında qəbul edir və bu "görüş"ün nəticəsindən asılı olaraq bəzi işlərə darhal baxıb həll edir, digərləri isə əsassız yerə yubadılır. Bir sözlə, hazırda Quba Rayon Məhkəməsi elə bir vəziyyətdədir ki, az qala hakimləri bir günün içində yol verdikləri qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edib, fəaliyyətlərinə xitam vermək olar. Çünki Füzuli Pənahov başda olmaqla, Quba Rayon Məhkəməsinin hakimləri onlara verilən sifariş əsasında, yaxud da digər səbəblərdən ədalətsiz qərarlar qəbul edirlər. Əgər Məhkəmə-Hüquq Şurası Füzuli Pənahovun sədri olduğu məhkəmənin fəaliyyətini obyektiv şəkildə araşdırsa, o zaman bəzi mətləblərə aydınlıq gətirilə bilər…" \\ "Gündəlik Bakı" \\