Tibbi xidmət göstərilməsindən imtina edən TƏBİB müraciətlərə də baxmır
Sağlamlığın qorunması hüququ Konstitusiyanın 41-ci maddəsi ilə təminat verilən əsas insan və vətəndaş hüquq və azadlıqlarındandır . Ana Qanun hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququnu ; dövlətin müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görməsini , sanitar – epidemioloji sağlamlığa təminat verməsini, TİBBİ SIĞORTANIN müxtəlif növləri üçün imkanlar yaratmasını doğrulayır -təsbit edir. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslərin qanun əsasında məsuliyyətə cəlb edilməsi də Konstitusiyanın tələbidir. Bəs insanların sağlamlığının qorunmasına cavabdeh olan Səhiyyə Nazirliyi , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, tabeliyindəki TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) dövlətin Ana Qanununun tələbinə necə əməl edir?
Tam əminliklə demək olar ki, ölkədə insan sağlamlığının qorunması alver – bazar predmetinə çevrilib, Səhiyyə Nazirliyi səlahiyyətsiz durumdadır , 15.02.2016 -cı ildə Nazirlər Kabineti yanında fəaliyyətə başlayan, Prezidentin 24.11.2016 tarixli 1125 saylı Fərmanı ilə publik hüquqi şəxsə çevrilən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi , tabeliyindəki TƏBİB isə tibbi xidmətə bürokratik əngəllər törətməklə faktiki olaraq vətəndaşların konstitusion müalicə hüququna qadağa qoymaqla məşğuldurlar. Təsəvvür edin, dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan bütün dövlət tibb müəssisələri -Respublika Diaqnostika Mərkəzindən tutmuş Mərkəzi Klinik Xəstəxanaya, Mərkəzi Gömrük, DTX, DİN hospitallarına kimi hamısı özbaşına özəl tibb müəssisələri siyahısına salınıb və yalnız özəl imtiyaz yiyələrinə icbari sığorta hesabına , digərlərinə pullu xidmət göstərirlər . Axı dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan tibb müəssisələri necə özəl sayıla bilər? Bu tibb ocaqları həm də pullu xidmət göstərirsə, özəl sayılır? Aydındır ki, bu “özəllik” tibbi xidmətdən imtina amacı ilə edilir. Hətta uzun illərdir hərbi tibb müəssisələrinin uçotunda olan və “Hərbi qulluqçuların statusu haqqında” qanunun 13.6 maddəsinə əsasən tibbi təminat hüququ saxlanılan hərbi pensiyaçılar, qazilər, şəhid ailələri də hərbi hospitallarda müayinə və müalicə olunmaq hüquqlarından məhrum ediliblər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Qarabağ qazilərinə, şəhid ailələrinə hərbi tibb müəssisələrinə göndəriş verməkdən imtina edir! (?) Nə Prezident Administrasiyası, nə Heydər Əliyev Fondu, nə Ombudsman sözügedən agentliyi görəvini, missiyasının icrasına məcbur edə bilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin missiyası isə özünün saytında açıqlanıb : “ ZAMANINDAN VƏ MƏKANINDAN ASILI OLMAYARAQ SIĞORTA OLUNANLARIN KEYFİYYƏTLİ TİBBİ XİDMƏTƏ ƏLÇATANLIĞINI TƏMİN ETMƏK”! Bəs niyə Agentliyi missiyasını yerinə yetirmir, görəv borcuna, TƏBİB -HƏKİM andına və adına xilaf çıxır? Bir göndəriş nədir ki, bir aydır 1-ci dərəcəli Qarabağ qazisi 30 ildir tibbi uçotunda olduğu DİN hospitalına ala bilmir? Belə çıxır , göndəriş də pullu xidmətlər zərfinə daxil edilib.(?) Hələ də Ombudsman Aparatının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədr müavini Nigar Bayramovaya müraciətinə cavab verilmir, belə insan hüquqları qorunar?
Adını çəkmək istəmədiyimiz Agentlik əməkdaşı öncə problemi çözəcəyini desə də, sonradan Qarabağ qazilərinə birbaşa hərbi tibb müəssisələrinə göndəriş verilməsinin qaydalara (?) zidd olduğunu, öncə ikinci – üçüncü səviyyəli (?) tibb müəssisələrindən keçməyin gərəkliyini vurğuladı. Açıq şəkildə qazilərə keyfiyyətli tibbi xidmət göstərilməsindən imtina edilir! (?) Belə ikinci – üçüncü səviyyəli xidmətlə isə nə sağlamlıq qorunar, nə də hüquq. Qorunan yalnız dövlət tibb müəssisələrini pulsuz “özəlləşdirib”, pullu xidmətlər hesabına pullarla dolan məmur cibləridir.
Məğrur Bədəlsoy