Məktəblərdə "şagird üsyanı", rüşvət ittihamları -
Ekspert: “Təhsil müəssisələrində nəzarət, idarəetmə, təhlükəsiz təhsil mühitinin yaradılması istiqamətində ciddi problemlər var”
Tədris ili 3 həftədir başlayıb, orta məktəblərdə baş verən neqativ halların ardı kəsilmir. Dərslərə start verilən kimi bir neçə məktəbdə rüşvət yığımına dair faktlar, səs yazıları üzə çıxdı. Bakının 45 saylı, Sumqayıtın 32 saylı məktəbində bu faktlar təsbit olundu və direktorlar cəzalandırıldı.

Ardınca digər məktəblərdə dərs bölgüsü ilə bağlı narazılıqlar haqda çoxsaylı məlumatlara rast gəlindi.

Nəhayət, oktyabrın 4-də sosial şəbəkələrdə insanları sarsıdan bir video yayıldı: Bakının 112 saylı məktəbində şagirdin sinif yoldaşını vəhşicəsinə döyməsi insanları hiddətləndirdi.

Elə həmin gün digər bir neçə neqativ hadisə haqda da məlumatlar gəldi:

- İsmayıllıda şagird şagirdi bıçaqlayıb;

- Naxçıvanda bir şagird sinif otağında intihar edib;

- Şəkidə müəllimlər direktoru boykot edib, dərslərə girməyiblər...

Xətai rayonu, 48 nömrəli tam orta ümumtəhsil məktəbində 10-cu sinif şagirdləri müəllim dərsə gəlmədiyi üçün vaxtdan “səmərəli” istifadə ediblər. Onlar sinif otağına elektrik plitəsi gətirib və pomidor-yumurta bişiriblər. Sonra da, bu əyləncəli dəqiqələrin videosunu çəkərək paylaşıblar.

Məktəblərdə tədrisin səviyyəsi ilə yanaşı, tərbiyəvi mühitlə bağlı ciddi problemlər hər kəsi narahat edir. Bəs burada suçlu kimdir? Valideyn, məktəb, müəllim, direktor, şagirdlər, yoxsa nazirlik?

Bir qisim ekspertlər hesab edir ki, müəllimləri elə aciz duruma salıblar ki, onlar normal fəaliyyət göstərə bilmir. Bəziləri direktorların yerində olmadığını bildirir. Bir çox ekspertlər isə deyir ki, maaş azlığı üzündən orta məktəblərdə kişi müəllimlərin azlığı tərbiyəvi mühitin formalaşmasına mənfi təsir edir.

Belə təkliflər də var ki, orta məktəblərdə çətin tərbiyə olunan, aqressiv uşaqları ümumtəhsil müəssisələrindən uzaqlaşdırıb, xüsusi rejimli, çətin tərbiyə olunan uşaqlar üçün müəssisələrə yerləşdirmək lazımdır.

Ekspertlər məktəbləri sağlamlaşdırmaq, tədris və təlimin keyfiyyətinin yüksəldilməsi üçün hansı təcili tədbirlər görülməsini vacib bilir?

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Hazırda ölkənin 4432 ümumtəhsil məktəbində 1.6 milyon şagirdin təlim-tərbiyəsi ilə 150 minə yaxın müəllim çalışır. Etiraf edək ki, son illər biz təhsil prosesində uğurları görməsək də, son iki il ərzində neqativlərin həcmi, ağırlıq səviyyəsi ciddi şəkildə artıb. Təkcə 2022-ci ilin yanvar ayından sentyabrın 30-na qədər olan müddətə baxanda ən çox 9 ay ərzində intiharlar, şagirdlərin birinin digərinə qarşı fiziki zorakılığı, müəllimlərin arasında münasibətlər, direktorların tədris prosesini düzgün təşkil etməməsi, şagirdlərdən əsassız olaraq pul yığılması kimi hallar heç bir vaxt builki qədər olmamışdı. Bu onu göstərir ki, Elm və Təhsil Nazirliyinin tədris prosesinə nəzarəti həyata keçirməkdə ciddi problemləri var. Biz heç vaxt görməmişik ki, şagirdlər arasında münasibətlər bu qədər gərgin olsun. Təkcə geridə qoyduğumuz 9 ay ərzində, yeni tədris ilinin başladığı iki ay ərzində şagirdlərin birinin digərinə kəsici, deşici alətlərdən istifadə edərək xəsarət yetirməsi, eyni zamanda fiziki zorakılıqla müşahidə edilən bu hallar çox ciddi şəkildə artıb. Maraqlı olan odur ki, Elm və Təhsil Nazirliyi məhz bu problemlərin aradan qaldırılması üçün bir sıra QHT-lərə böyük məbləğdə qrant layihələri verib. Təsəvvür edin, bu qrant layihələri ona görə verilib ki, tədris prosesinin keyfiyyəti artırılsın, şagirdlər arasında münasibətlər, eyni zamanda məktəb-müəllim münasibətləri tənzimlənsin. Amma biz görürük ki, bu qədər qrant layihələri almalarına, bu qədər tədbirlər keçirilməsinə baxmayaraq neqativ halların sayı azalmaq əvəzinə ciddi şəkildə artıb. Baxırıq ki, Elm və Təhsil Nazirliyinin istər fərdi qaydada, istərsə də innovativ qrant layihələri çərçivəsində vəsaiti ən çox bullinqə aid olan layihələrə ayrılıb. Ən çox da bullinq halları son 9 ayda artıb. Yeni tədris ili başlayandan sonra biz bunu müşahidə edirik. Bakı məktəblərində vəziyyət stabil deyil. Məktəblərə nəzarət, idarə edilməsi, təhlükəsiz təhsil mühitinin yaradılması istiqamətində ciddi problemlər var. Eyni zamanda artıq oktyabrın 5-i keçib və bizim 1.6 milyon şagirdimizə nazirlik dərslikləri hələ də verməyib. Bu, onu göstərir ki, onlar fəaliyyətlərini düzgün qurmurlar. Yeni tədris ilinin başladığı iki həftəni təhlil etsək, ürəkaçan heç bir mənzərə yoxdur. Biz monitorinq aparanda görürük ki, şagirdlərin məktəbdə davamiyyəti, müəllim şagird münasibətləri, məktəb valideyn münasibətləri bütün istiqamətdə qurulmayıb. Bunun mənfi nəticələrini biz tədrisin gedişində də görə bilirik. Misal üçün, bu il 2-ci və 3-cü ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri çox aşağı düşdü. Kifayət qədər boş plan yeri qaldı. Hələ indiyə qədər məktəblərə kitabların verilməməsi, bir çox məktəblərdə müəllim vakant yerlərinin olmaması, şagirdlərin normal təhsili üçün müəllimlərin vakant yerlərə göndərilməməsi kimi ciddi problemləri biz yaşayırıq. Eyni zamanda əlamətdar günlə bağlı "Əməkdar müəllim" adı verilən şəxslər görürük ki, elə də böyük uğurlara sahib olmayan insanlardırlar. Elə savadlı müəllimlər var ki, onlara hər hansı ad verilməyib. Bu kiminsə standart yanaşmasıdır. Ümumilikdə hazırda tədrisin təşkili ilə bağlı ciddi problemlər var. Şagirdlər arasında xoşagəlməz halların günü-gündən artdığını müşahidə edirik. Məktəblərdə davamiyyətin düzəldilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsinə ciddi nəzarət olunmalıdır. Bu istiqamətdə işlər görülməli, tədrisin idarə olunmasına peşəkarlar, mütəxəssislər cəlb olunmalıdır".

Təhsil eksperti Adil Vəliyev isə nazirliyin ünvanına səslənən tənqidlərə qarşı çıxıb: “Təhsil haqqında bir məlumat paylaşılır, araşdırılması və ya düzəlməsi üçün, o dəqiqə yazırlar ki, nazir istefa versin. Bu sözü yazanlar, indiyə kimi təhsil naziri olmuş neçə nəfərin, nazir olduğu vaxt etdiklərinin statistikalarını nəzərdən keçirmisiniz? Mən cavab verim, heç birinin. Bəzən məktəblər, müəllimlər, ümumiyyətlə, təhsil haqqında fikirlərimizi bildiririk, təkliflərimizi edirik. Bunu etməkdə məqsədimiz, var olan problemin aradan qaldırılmasıdır. Əvvəlki dövrlə indikini müqayisə etsək, çox şeyin müsbət mənada dəyişdiyini görərik. Nə tez yadımızdan çıxdı ki, illər əvvəl "xaricdə dövlət proqramı" ilə təhsil almaq istəyən üçün filan qədər pul verilməli və ya “yuxarıdan” tapşırıq gəlməli idi. İxtisas və ya universitet dəyişmək istəyən filan qədər pul verməli idi. Bütün problemlər həll edilməyib, amma həll olunan çox problemlər var. Bizim də məqsədimiz, övladlarımız üçün arzuladığımız təhsili görməkdir. Bunun üçün də birlik olmalı, dəstək olmalıyıq ki, neqativ hallar aradan qalxsın".'

Qeyd edək ki, ötən gün Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbdə şagirdin döyülməsi məsələsi ilə bağlı Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, həmçinin Daxili İşlər Nazirliyi araşdırmaların aparıldığı barədə məlumat yaydılar. Döyülən şagirdin atası Namiq Zeynalov mediaya açıqlamasında heç bir barışığın olmadığını deyərək hadisə barədə ciddi tədbirlərin görülməsini istədiyini deyib: “Məktəbin direktoru uşaqları çağırıb məcburi şəkildə guya barışdırıb. Hətta yoldaşım uşaqla bir yerdə prokurorluğa aparıldıqlarını dedi. Niyə uşağı məcburi məktəbdə saxlayıb daha sonra prokurorluğa aparırlar? Daha sonra zəng edib etirazımı bildirmişəm, bundan sonra yoldaşım uşağı avtomobildən düşürüb. Uşağa məcburi barışıq ərizəsi yazdırıblar, ya yox, dəqiq bilmirəm. Mən şikayətçiyəm”. Övladının səhhətində bir problemin olmadığını deyən ata zorakılıq göstərən şagirdin cəzalandırılmasını tələb edir: "İstəyirəm ki, həmin uşağa lazımi cəza verilsin. Məktəbdə daim özbaşınalıq edənlər və siqaret çəkənlər olur. Yeni direktor təyin olunduqdan sonra məktəbdəki problemlərin aradan qaldırılacağı deyilmişdi", - deyə o əlavə edib. Uşağın atası işin hazırda prokurorluqda olduğunu deyib. Eyni zamanda uşağa qarşı zorakılıq edən şagird də polis bölməsindədir. Qeyd edək ki, uşaqda hansısa ciddi zədə və ya səhhəti ilə bağlı problem yoxdur.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bölmənin digər xəbərləri

26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."

Dünyapress TV

Xəbər lenti