Divin, Təpəgözün, İkibaşlı əjdahanın olduğu nağıllarla böyüdük.
DogruXeber.az: - Nənə-babalarımız bizi bu nağıllara elə inandırdılar ki, sadalanan nağıl personajlarının hər an qarşımıza çıxa biləcəyi qorxusu ilə bir uşaqlıq yaşadıq. Və illər keçdi, biz böyüdük. Böyüdükcə də özümüzü inandırdıq ki, div də, əjdaha da, onu məhv edən Məlikməmməd də sadəcə nağıl qəhrəmanları idi, nağılda da qaldı.
Amma yox... Sən demə elə Nənə-babalarımız doğru deyibmişlər, biz özümüz özümüzü onların yoxluğunan inandırmaqla aldatmışıq. Onlar indi də var, amma sadəcə olaraq, rəhmətliklərin dedikləri qədər qorxunc görünmürlər.
Nə yazıq ki, özümüzdən biri kimi görünüb, insanlara, insanlığa qənim kəsilən belə şəxslərin böyük əksəriyyətinin "əzəməti" də onların əyləşdikləri "taxt-tacda" - yəni, vəzifə kürsüsündədir.
Təsəvvür edirsiniz? Qaradağ Rayon Müşfiqabad qəsəbəsinin - xüsusilə də Qaçqın şəhərciyinin sakinləri dünya yeni-yeni qarşıda yer üzünü gözləyən su qıtlığından narahatlığını bəyan edəndə biliblər ki, sən demə buvaxta qədər su bol imiş. "Həftə səkkiz, mən doqquz" suları kəsilən bu binəva camaat üçün illərdir ki, nə əvvəl mövcud olan ("fəaliyyət göstərən" desək sözügedən ərazi sakinlərini cırnatmış olarıq) "Azərsu" ASC, nə də hazırkı qurum Su Ehtiyatları Agentliyi heç bir ehtiyat tədbirləri də görməyiblər. Artıq, iki gündür susuz qalan şəhərcik sakinləri deyir, "Elə hey su kəsilir, hər dəfə də hansısa borunun təmir olunduğunu deyib, uşaq kimi başımızı aldadırlar".
Bəli, yuxarıda da qeyd etdiyimiz kimi bu hal Qaçqın şəhərciyində ilk dəfə deyil, amma Zaur Mikayılov fəaliyyətinin sürətlə topladığı narazı vətəndaş auditoriyası bunu deməyə əsas verir ki, bu heç son da deyil.
Buna görə də sözügedən ərazinin sakinləri redaksiyamıza, ən qısa zamanda kütləvi halda etiraza qalxmaq məcburiyyətində olduqlarını deyiblər. Yay boyunca da tez-tez susuz qaldıqlarını və evlərinin içində səhra həyatı yaşadıqlarını deyən bu insanlar "Qorxmaz Hüseynovun da heç nümunəvi fəaliyyəti yox idi, amma Zaur Mikayılov gələndən bəri bizə, "Qorxmazlı günlərə şükür" oxutdurur. Deyəsən bizim də ölkə başçısına müraciət etməkdən başqa çarəmiz qalmır" deyə, "DogruXeber.az" informasiya agentliyinin rəhbərinə gileyləniblər.
Ümid edirik ki, ən qısa zamanda mövcud problem aidiyyatı qurum tərəfindən aradan qaldırılar və bu insanlar da belə kiçik məsələlər üçün ölkə başçısına müraciət etmək məcburiyyətində qalmazlar.
Özümüz yazdığımıza baxmayın, doğrusu mövcud vəziyyət bizi də çox məyus etdi. Təqribən 4 il əvvəl elə bu camaat Qorxmaz Hüseynovu "əsrin əjdahası" adlandıraraq, "suyun boğazına yatdığını" deyib, dərdlərini də məhz "DogruXeber.az"a danışmışdılar, bu gün də təkrar etdilər. Görünür, bu 4 ildə fəaliyyətdə heç nə dəyişməyib.
Bu gedişlə deyəsən," Mirzə dayıya hələ çox gözaydınlığı verəcəyik". İndi heç "xaricdə belə olmayan əjdahalar" bizdə var.