Azərbaycanda restoranda baş verən soyğunçuluqla bağlı sosial şəbəkələrdə kifayət qədər məlumat var.
“Milli turizm inciləri... Nabranda yerləşən “Maralgöl”ə ayağınızı basmayın. Biabırçılıq, yiyəsizlik, özbaşınalıq və rəzillik... Müştəriyə davranış mədəniyyəti sıfır, xidmət sıfırın altında. Yemək yemirsənsə, çay içmək qadağandır. Təkid edirsənsə, 20 manat dəyəri olmayan dəstgahı 50 manatdan aşağı olmamaqla götürməyə məcbursan. Hünərin var etiraz elə. Rəhbərlik nazla, istəmədən yaxınlaşır və izahı “mövsümdür, qazanmalıyıq”.
Deyəndə ki, müştərilərinin hesabına guya ad çıxarmısan, bu nə münasibətdir. Söyləyir ki, indi yemək yemək istəyən olsa, deyim ki, çay içən var? Bax, beləcə bu vəziyyətdədir sözügedən obyekt. Çoxları da eyni gündədir. Özünə hörmət edən belə rəzil məkana ayaq basmaz. Sizin hesabınıza ciblərini doldurub, sizi bəyənməyən bu kimi məkanları boykot etmək zamanı çoxdan yetişib” - İTV-nin aparıcısı Saleh Bağırovun sosial şəbəkələrdə yayılan fikirləridir.
Müraciət edən vətəndaş isə deyir ki, istirahət günü yolları Nardaran qəsəbəsinə düşüb.
Orada “İskele” adlı restorana gediblər və peşman olublar. Restoranın müştərisi olan vətəndaşın sözlərinə görə, 3 nəfər olublar. Onlara qarpız, pendir, şor və çörək verilməsini sifariş ediblər.
“Süfrəyə gətirilən qarpızın çəkisi uzağı 1 kilo olardı. Çörəyin çəkisi yarım kiloqram, 200 qrama yaxın şor, 1 kilosu 5 manata olan pendirdən 200 qram, 300 qram Bakı dondurması və 3 manatlıq qazlı su gətirdilər. Təxminən saat yarım orada olduq. Sözün düzü, dəniz sahilinə getmək istəyirdik, lakin hava küləkli idi deyə qarşımıza çıxan ilk restorana “İskele”yə girdik və hələ də peşmanıq ki, yolumuzu oradan saldıq.
Təsəvvür edin ki, süfrədə qeyd olunanlardan başqa heç nə olmayıb, heç bir şey də əlavə sifariş etməmişik. Ofisiant hesabı gətirəndə əvvəlcə gözlərimizə inanmadıq, baxdıq ki, 1 kilo qarpızı bizə 93 manat 50 qəpiyə veriblər. Burada bir səhv olduğunu düşündük. Restoranın başbilənini çağırdıq. Aldığımız cavab “bizdə belədir” oldu. Etirazımıza “kimə istəyirsiz, gedin şikayət edin” formasında reaksiya verildi. Əlbəttə ki, burada hər hansı bir halallıqan söhbətin yersiz olduğunu görüb Vergilər Nazirliyinə şikayət yazdıq. Redaksiyanıza da müraciət etməklə məsələnin ictimailəşməsini, bizim kimi digər vətəndaşların da səhvən “İskele”yə yollarını salmamalarını istədik.
Üstəlik, kassa çekində özlərinin verdikləri daxili çekdə göstərdikləri qarpız-pendir-çörəyin adını da yazmayıblar. Bunun özü də qanunsuzdur”.
Vətəndaşın redaksiyamıza təqdim etdiyi qəbzdən belə aydın olur ki, maksimum 7-8 manat maya dəyəri olan təamlara görə ondan 93 manat 50 qəpik pul alınıb! Bu, fantastika deyil, Azərbaycan restoranlarında hər gün yaşanan soyğunçuluğun qəbzidir.
Gundemxeber.az bildirir ki, musavat.com-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Vergilər Xidməti belə halların qarşısını almalıdır:
“Restoranlarda, xidmət sahələrində, ərzaq dükanlarında, klinikalarda istehlakçıların külli miqdarda soyulması davam edir. Vətəndaşlardan hər gün belə şikayətlər alırıq. Soyğunçuluq baş alıb gedir”.
AİB sədri bildirib ki, restoranlarda baş alıb gedən soyğunçuluğa dövlət qurumlarının adekvat reaksiyası yoxdur.
“Belə aydın olur ki, restoranda müştərilərə əvvəlcədən menyu təqdim olunmayıb. Əlbəttə ki, müştəriyə əvvəldən menyunu təqdim etsəydilər, müştəri görsəydi ki, 1 kilo qarpızı ona bu cür fantastik qiymətə satacaqlar, orada qarpız yeyib-yeməməklə bağlı qərar verərdi. Əminəm ki, müştərinin redaksiyanıza şikayəti də təsdiq edir ki, heç bir müştəri o qiymətə qarpız yeməz. Bu günlərdə 1 kiloqram qarpızın qiyməti 19-20 qəpiyədir. O hesaba görə, alınan pulla 492 kiloqram qarpız almaq mümkündür. Belə bir qiymət necə formalaşıb? Niyə müştərilərə qarşı bu cür qiymət oxumaq var? Niyə müştəriyə əvvəlcədən menyu təqdim edilmir?”
Eyyub Hüseynovun sözlərinə görə, 27 ildir ki, beynəlxalq istehlakçı hüquqları təşkilatları ilə əməkdaşlıq edir:
“Bundan sonra hesabatları geniş şəkildə yazacaq, AİB-ə daxil olan, həmçinin “İskele” restoranından şikayəti də əlavə etməklə detallara varacağam”.
Həmsöhbətimiz olan mütəxəssislər bildiriblər ki, “İskele” restoranının müştəriyə təqdim etdiyi 2 çekdən biri qeyri-rəsmi, daxili çekdir. Üzərində VÖEN yoxdur.