Ağsu rayonu, Pirhəsənli kənd sakini, 62 yaşlı Xasayev Samir Alxan oğlu 10 ildən çoxdur ağır şəkər, yüksək – hiper qan təzyiqi xəstəliyindən yatağa düşüb. Son illərdə xəstəliyini “Parkinson”, astma, görmə, nitq qabiliyyətinin itirilməsi daha da gücləndirib. Bir aydır xəstənin şəkəri 600-ə, qan təzyiqi 300-ə qalxdığından daim nəzarətində olduğu Ağsu Mərkəzi Xəstəxanası Bakını məsləhət bilir, amma yola çıxmağın riskini boynuna götürmür.
Bəs Şamaxı HMK- Həkim Məsləhət Komissiyası Nazirlər Kabinetinin qərarı ilə üzərinə qoyulan görəvi necə yerinə yetirir? Tam məsuliyyətilə demək olar ki, HMK görəvini qərəzlə, həkim adını və andını pozmaqla icra etmir, ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yataqda ölümlə çarpışan xəstənin əlilliyinin müəyyən olunmasına forma-88 arayışı verməkdən imtina edir.
Xəstənin oğlu Sahil Xasayev gənc yaşında böyük ailəsinin problemi ilə təkbaşına qalıb. Bilmir körpə balalarını necə saxlasın, xəstə atasının ağırlığını çiynində necə daşısın? Son 2 ildə Sahil Samir oğlunun atasına əlillik dərəcəsi verilməsinə yardımçı olmaq amacı ilə üz tutmadığı ünvan qalmayıb. Di gəl, Şamaxı HMK 2 il qabaq qan təzyiqi 180-200, şəkəri 600-ə qalxan, nitqi, gözləri, ayaqları tutulan, əlləri əsən yataq xəstəsinə arayış verməkdən imtina edib ki, əlillik əlamətləri yoxdur. İndi isə xəstənin oğlu HMK üzvlərini heç atasının yatağı yanına gətizdirə də bilmir ki, yerində yoxlayıb TSEK-ə arayış göndərsinlər. O ki qaldı Şamaxı HMK-nın əlillik əlamətlərini görməməsinə, bu əlamətləri – ağır şəkərdən hər iki ayağında anginopatiya, retinopatiya, nevropatiya olduğunu akademik Topçubaşov adına xəstəxana müəyyən edib . Özü də iki il qabaqdan . İndi isə şəkərdən gözləri də görmür. Xəstənin şəkərdən gözlərinin görməməsini həkim komissiyası necə görməyə bilər? Bəyəm HMK-nın NK-nın “ Əlillik meyarları haqqında Əsasnaməsi”ndən xəbəri yoxdur? Şəkər bir yana, nitqin, ayaqların, gözün tutulması o biri yana, təkcə qan təzyiqindən xəstə orqanizmin funksiyasının 80 faizindən çoxunu itirib. Bu isə , NK meyarlarına görə, şəxsə 1-ci dərəcəli əlillik təyin edilməsinə əsas verir. Şamaxı HMK inadından, yəni qanunsuz haqqından əl çəkib, ƏƏSMN-ə- TSEK-ə 88 saylı arayış göndərsə, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bununla bağlı əlillik təyinatı aparmaqda çətinlik çəkməz.
Qalır Şamaxı HMK-nı görəvinin icrasına məcbur etmək. Bu məcburiyyət görəvini isə NK-nın özü icra edər. Heç bir həkim komissiyası özbaşına deyil. Özbaşınalıq xəstələri reabilitasiyadan, sağlamlıqdan, həyatdan məhrum edir. Bunun bədəli isə ağırdır. Dəmir barmaqlıqlardan baxmağa nədən olur.
Məğrur Bədəlsoy