Elm və Təhsil nazirliyinin əməkdaşları öz övladlarının o vəziyyətdə məktəbdə təhsil almasına razı olar?
Məlum olduğu kimi, sosial şəbəkədə İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllimin təhsil ocağında ayaqyolu olmamasına görə etirazını əks etdirən görüntülər yayılıb. Müəllimin bu addımından sonra töhmət aldığı yazılır.
İndi qanunvericilik aktlarına baxaq, görək müəllim etiraz edə və buna görə töhmət ala bilərmi.
Bəli, müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
Məhz buna görə də, ibtidai sinifdə dərs deyən müəllimin şagirdlərin yaş həddi və fiziki ehtiyacını nəzərə alaraq şagirdlərə ayaqyolu tikilməsini tələb etməsi anlaşılandır.
Amma Təhsil haqqında qanuna və Müəllimlərin Etik Davranış qaydalarına görə, müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.
Məhz bu hala yol verməsi onun inzibati tənbeh tədbirlərinə cəlb etməyə əsas verir.
Lakin, həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq hər bir şagirdin hüququdur. Dövlət şagirdlərin sağlam, rahat təhsil mühitini qurmağa borcludur, bu öhdəliyi müvafiq qurum yerinə yetirməyib.
Öncə məhz normal təhsil mühitini qura bilməyən təhsil idarəetmə orqanlarının rəhbərləri və əməkdaşlarını inzibati tənbehə cəlb etmək, ondan sonra özü üçün yox, xalqın övladı üçün etiraz edən müəllim barədə düşünmək olar.
Mənə maraqlıdır, Elm və Təhsil nazirliyinin əməkdaşları öz övladlarının o vəziyyətdə məktəbdə təhsil almasına razı olar?
Kamran Əsədov
Teref.az
 

Dünyapress TV

Xəbər lenti