Qlobal ərzaq qiymətləri ucuzlaşır, amma Azərbaycanda...
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) iyul ayı üzrə Qlobal Ərzaq Qiymətləri İndeksini açıqlayıb.

FAO-nun Ərzaq Qiymətləri İndeksi iyul ayında aylıq müqayisədə 8,6 azalıb, illik müqayisədə isə 13,1 faiz artıb.

Ardıcıl dörd aydır eniş trendində olan indeks, 2008-ci ilin oktyabr ayından bu yana dəyərində ən kəskin aylıq azalma baş verib. İyulda azalmaya bitki yağı və taxıl indekslərinin əhəmiyyətli dərəcədə azalması səbəb olub.

FAO-nun Taxıl Qiymətləri İndeksi aylıq müqayisədə 11,5 faiz azalaraq iyul ayında orta hesabla 147,3 bənd təşkil edib. İllik müqayisədə16,6% artım var.

Qarğıdalı yığımının keçən ilki tempdən yüksək olduğu Argentina və Braziliyada əlverişli mövsümi tendensiya da qiymətlərə olan təzyiqi azaltmağa kömək edib. Buğda və qarğıdalı bazarlarında zəiflik səbəbindən qiymətlərin ucuzlaşması sorqo və arpa qiymətlərini müvafiq olaraq 12,8 faiz və 12,6 faiz azaldıb.

İyul ayında beynəlxalq düyü qiymətləri ilin əvvəlindən bəri ilk dəfə olaraq tələbin qeyri-müəyyənliyi və valyuta məzənnələrilə əlaqədar olaraq ucuzlaşıb.

FAO Bitki Yağı Qiymətləri İndeksi iyul ayında iyun ayına nisbətən 19,2 faiz azalaraq 10 ayın ən aşağı səviyyəsini qeyd edib. Kəskin azalmaya palma, soya, kolza və günəbaxan yağlarının dünya qiymətlərinin aşağı düşməsi səbəb olub. Beynəlxalq palma yağının qiymətləri iyul ayında ardıcıl dördüncü aydır ucuzlaşıb. FAO Süd Qiyməti İndeksi iyul ayındaaylıq 2,5 azalıb və Ət Qiyməti İndeksi iyul ayında orta hesabla 124,0 punkt təşkil edərək, aylıq 0,5 faiz azalıb. FAO Şəkər Qiymət İndeksi iyul ayında orta hesabla 112,8 bənd olmaqla, aylıq 3,8 faiz azalıb.

Beləliklə, İndeks ardıcıl üçüncü aylıq enişi qeyd edərək, beş aylıq minimuma çatıb. Göründüyü kimi hazırda qlobal ərzaq qiymətləri enməkdə davam edir.

Qeyd edək ki, Azərbaycanda son dövrlər baş verən bahalaşmanı dünya bazar qiymətlərinin artması ilə əlaqələndirirdilər. Hazırda dünya bazar qiymətləri ucuzlaşdığı təqdirdə niyə Azərbaycanda ərzaq qiymətləri ucuzlaşmır? Dia.az xəbər verir ki, iqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya bildirdi ki, bütün dünya bazrında baş verən tendensiyalar Azərbaycan kimi qeyri-leqal iqtisadiyyatı olan ölkələrin bazarında özünü ifadə etmir:

"Biz müşahidə edirik ki, dünya bazarında neftin qiyməti aşağı düşdükdə adətən Avropa, digər azad, rəqabətqabiliyyətli iqtisadiyyatı olan ölkələrdə daxili bazarda benzinin və neft məhsullarının qiyməti aşağı düşür.

Məsələn, biz bu gün dünya birjasında neftin qiymətində 3,7 faizlik aşağı enmə tendensiyasını müşahidə edirdik. Avropa ölkələrində pərakəndə satılan benzinin qiymətləri nisbətən aşağı düşmüşdü. Təxminən 4-5 faizə yaxın pərakəndə benzin, neft məhsullarının satışında ucuzlaşma müşahidə olunurdu. Ancaq Azərbaycanda fərqli şəkildə özünü ifadə edir.

Dünya bazarında qiymətlər ucuzlaşanda Azərbaycanın daxili bazarında neft məhsullarının, benzinin və dizelin qiymətləri yüksəlir. Bu baxımdan dünya bazarında ərzaq məhsullarının ucuzlaşması Azərbaycanın daxili bazarında ucuzlaşma kimi özünü ifadə etmir. Çünki ölkə iqtisadiyyatı monopoliya altındadır. Kiçik bir çevrə var.

Həmin çevrənin vasitəsilə ölkəyə idxal edilən ərzaq məhsulları və digər məhsullar demək olar ki, kiçik bir qrupun əlindədir. Qrup, qiymətləri özləri müəyyən edir. Dünya bazarındakı ucuzlaşma Azərbaycan bazarında rəqabətqabiliyyəti olmadığına görə müşahidə edilmir. Hesab etmirəm ki, Azərbaycanın daxili bazarında ərzaq məhsullarının qiymətləri ucuzlaşacaq".

Ekspert deyir ki, dünyanın bir sıra ölkələrində ərzaq məhsullarının ucuzlaşması tendensiyası son günlər Türkiyə vasitəsilə Ukrayna ərzaq buğdası və digər dənli bitkilərin Qara dəniz terminalları ilə Liviya Tripoli limanlarına qədər daşınmasına gətirib çıxarıb:

"Bu da nəticə etibarilə dünya bazarında ərzaq məhsullarının qiymətinin aşağı enməsinə səbəb olub. Bir daha qeyd edim ki, normal rəqabətqabiliyyətli və liberal iqtisadiyyatlar üçün bu xarakterik olan haldır. Dünya bazarında qiymətlər aşağı düşürsə, ucuzlaşırsa bu dərhal daxili bazarda özünü göstərir.

Azərbaycanın daxili bazarında hər hansı rəqabət yoxdur. İdxalatı da gömrükdən tutmuş ən kiçik pərakəndə satış nöqtəsinə qədər konkret inhisarçıların əlində olduğuna görə də dünyada baş verən verən proseslərin Azərbaycan kimi ölkələrə hər hansı təsiri olmayacaq".

Dünyapress TV

Xəbər lenti