Polis rəisinin çağırışına getməyən iş adamı həbs edilib
Əlikram Ağayevin qanunsuz həbs edildiyi iddia olunur

Lerikdə fəaliyyət göstərən "Meşəbəyi” Sanator-Kurort və Turizm Mərkəzinin rəhbəri Əlikram Ağayevə 15 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

Bu barədə Meydan TV-yə Lerik rayonundan məlumat verilib.

Yaxınları da Əlikram Ağayevin həbs edildiyini təsdiqləyiblər.

Onların sözlərinə görə, mərkəz rəhbəri əsassız həbs edilib.

"Polis rəisi zəng edib ki, guya Əlikram Ağayevdən şikayət var. Onu idarəyə dəvət edib. O da deyib ki, rəsmi bildiriş göndərilsin, amma bildiriş göndərilməyib. Onun barəsində məcbiri gətirilmə qərarı verilib”, – deyə onlar qeyd ediblər.

Turizm mərkəzinin rəhbərinin polisin qanuni əmrinə tabe olmama ittihamı ilə həbs edildiyi bildirilir.

Daxili İşlər Nazirliyindən məsələni Meydan TV-yə şərh etmək istəməyiblər.

Lerik Rayon Polis İdarəsi də məsələyə münasibət bildirməyib.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov isə Əlikram Ağayevin həbsindən xəbərsiz olduğunu deyib.

Rayondan "Arqument.az"a verilən məlumata görə, Əlikram Ağayev Lerikin sayılan ağsaqqalarından biridir. Onun həbsinin rayonda birmənalı qarşılanmadığı da qeyd olunur.

Bildirilir ki, polis rəisi bununla da iş adamını hörmətdən salmaq istəyir.

İş adamı Lerikin icra başçısı Əkbər Abbasovla da yaxın dostu olduğu qeyd olunur, hətta başçının da bu həbsə mane ola bilmədiyi deyilir.
 

Dünyapress TV

Xəbər lenti