Ardını oxu...
Bu il qızılın unsiyasının qiyməti 2 500 dollara çatacağı gözlənilib.
Bu barədə Amerikanın qlobal maliyyə institutu “JP Morgan” məlumat yayıb.
"JPMorgan Chase & Co."-nun Qlobal Əmtəə Tədqiqatının rəhbəri Nataşa Kanevanın sözlərinə görə, qızılın qiyməti bu il bir unsiya üçün 2 500 dollara çatmaq potensialına malikdir:
"Biz gözləyirik ki, qızılın qiyməti 2 500 dollara çata bilər. Çünki bazar həddən artıq həyəcanlanmağa meyillidir".
Xatırladaq ki, qızılın qiyməti ötən həftə 2 203 dollara olmaqla tarixdə ən yüksək səviyyəsini görüb. Bakı vaxtı ilə saat 09:25-də qızılın unsiyası 2 170 dollardan ticarət olunub.
"Cebhe.info"-nun məlumatına görə, artıq Azərbaycanda da qızıl satışı ilə məşğul olan mağazalarda qiymətlərdə artım müşahidə olunur. Demək olar ki, hər həftə 1 (583 əyar), 1.50 (750 əyar), 2 (900 əyar) manat civarında artım görülür.
Məlumata görə, mayda qızılın qiymətdə 40 faiz artımın olacağı bildirilir. Artıq satıcıların bir çoxu köhnə qiymətə aldıqları qızılı vitrindən yığışdırıb. Köhnə qiymətlərlə alınan qızılın satışı nadir qızıl satışı ilə məşğul olan mağazalarda görülür. Səbəb isə may ayındakı 40 faizlik artım zamanı satış etmək istəmələridir.
Əslində Amerikanın qlobal maliyyə institutu “JP Morgan”ın verdiyi proqnoz özünü doğruldur. Bu proqnoz dünyada qızılın qiymətinin artmasına hesablanıb.
 

Ardını oxu...
Bu ilin əvvəlindən dünyada ərzaq qiymətlərində ucuzlaşma prosesi sürətlənib. İnflyasiyanın azaldığı demək olar ki, bütün ölkələrdə ərzaq qiymətləri prosesdə aparıcı rol oynayır. 2021-2022-ci illərin kəskin bahalaşmasından sonra əgər 2023-cü ildə inflyasiyanın azalmasında enerjidaşıyıcılarının qiyməti əsas paya malik idisə, bu ildən onu ərzaq məhsulları əvəz edib.

BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının məlumatına əsasən, 2024-cü ilin fevral ayında qlobal ərzaq qiymətləri indeksi 117,3 bənd təşkil edib ki, bu da yanvar göstəricisindən 0,9 bənd (0,7 faiz) aşağıdır. Ay ərzində şəkər, ət və süd məhsullarının qiymət indekslərindəki artım taxıl və bitki yağlarının qiymətlərindəki azalma ilə kompensasiya edilib. Nəticədə indeksin dəyəri ötən ilin müvafiq göstəricisindən 13,8 bənd (10,5 faiz) aşağı olub.

FAO Taxıl Qiymətləri İndeksi fevral ayında orta hesabla 113,8 bənd təşkil edib ki, bu da yanvardan 6,1 bənd (5,0 faiz) və 2023-cü ilin fevralından tam 32,9 bənd (22,4 faiz) aşağıdır. Ötən ayla müqayisədə bütün əsas taxıl bitkilərinin dünya qiymətlərində ucuzlaşma qeydə alınıb. Argentina və Braziliyada bol məhsul gözləntiləri, Qara dənizdə yükdaşımaları təmin edən Ukraynadan ixracın kəskin artımı qarğıdalının ən çox ucuzlaşmasına səbəb olub. Buğda qiymətləri isə Rusiyadan ixracın artması fonunda Avropa İttifaqı ölkələrində ucuzlaşma ilə bağlı ucuzlaşıb. Buğda və qarğıdalı qiymətləri kimi, arpa və sorqodun dünya qiymətləri də bir qədər ucuzlaşıb. Fevral ayında qlobal düyü qiymətləri 1,6 faiz azalıb. Bunun səbəbi bir sıra ölkələrdə yeni məhsulun bazara çıxması fonunda alıcı tələbinin artmamasıdır.

Ötən ay Bitki Yağı Qiymət İndeksinin orta dəyəri 120,9 bənd təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1,6 bənd (1,3 faiz), ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 15,0 bənd (11,0 faiz) azdır. Bu azalma əsasən soya, günəbaxan və kolza yağlarının dünya qiymətlərinin azalması ilə izah olunur ki, bu da palma yağının qiymətinin cüzi artımını marja ilə kompensasiya edib. Qlobal soya yağının qiymətləri fevral ayında əhəmiyyətli dərəcədə azalıb, bu, ilk növbədə Cənubi Amerikada ümumi əlverişli hava şəraiti fonunda soya istehsalının ciddi artımla proqnozlaşdırılması ilə əlaqədardır. Əhəmiyyətli ixrac təklifinin davam etməsi nəticəsində günəbaxan və kolza yağlarının dünya qiymətləri də aşağı düşüb. Palma yağının dünya qiymətləri, əksinə, Cənub-Şərqi Asiyanın əsas istehsalçı ölkələrində hasilatın mövsümi azalmasının təsiri altında fevral ayında bir qədər artıb.

Süd Məhsullarının Qiymətləri İndeksinin fevral ayında orta dəyəri 120,0 bənd təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1,3 bənd (1,1 faiz) yüksək, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 18,6 bənd (13,4 faiz) azdır. Fevral ayında kərə yağının dünya qiymətləri daha çox artıb ki, bu da Asiya ölkələrindən yüksək idxal tələbi və Okeaniyada süd istehsalının mövsümi azalması ilə əlaqədar olub. Eyni zamanda qurudulmuş südün qiymətləri, əsasən, Avropa İttifaqında qiymətlərin düşməsi ilə qismən kompensasiya edilib. Dünya pendir qiymətləri də Avropa İttifaqında ehtiyatların aşağı düşməsi fonunda Asiya ölkələrindən gələn güclü tələbin təsiri altında bir qədər artıb.

Yeddi aylıq davamlı enişdən sonra FAO-nun Ət Qiyməti İndeksi fevral ayında orta hesabla 112,4 bənd təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 2,0 bənd (1,8 faiz) artım, əvvəlki ilin müvafiq göstəricisindən 0,9 bənd (0,8 faiz) azalma deməkdir. Quş əti və mal əti üzrə qlobal kotirovkalar ən əhəmiyyətli dərəcədə artıb ki, bu da əsasən aparıcı idxalçı ölkələrin tələbinin artması ilə izah olunur. Mal ətinin qiymətinin artması, güclü yağışların əsas istehsal bölgələrində heyvandarlıq tədarük zəncirini pozduğu Avstraliyadan gözləniləndən aşağı tədarüklə bağlı olub. Eyni zamanda donuz əti qiymətləri də Çindən tələbin artması və aşağı təklifin davam etməsi fonunda Qərbi Avropada daxili tələbatın artması səbəbindən bir qədər bahalaşıb. Əksinə, qlobal quzu əti qiymətləri Çindən idxal tələbinin zəifləməsi və Avstraliyada sürülərin bərpası nəticəsində əldə edilən rekord istehsal səviyyəsi səbəbindən aşağı düşüb.

Fevralda FAO-nun orta şəkər qiymət indeksi 140,8 bənd təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 4,4 bənd (3,2 faiz) çoxdur. Beləliklə, bu indeksin artımı ardıcıl ikinci ay davam edir. Onun dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,6 bənd (12,5 faiz) yüksək olub.

Qlobal bazardakı proses ayrı-ayrı ölkələrdə əksini tapmaqdadır. Fevral ayı üzrə inflyasiya göstəricilərini açıqlayan əksər ölkələrdə ərzaq məhsullarının ciddi ucuzlaşması diqqəti cəlb edir. Məsələn, Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, fevralda istehlak qiymətləri 2023-cü ilin eyni ayına nəzərən 0,3 artıb. Mehmanxana və ictimai iaşə xidmətlərində qiymət yüksəlişi 6,7 faiz, spirtli içkilər və tütün məmulatlarında 5,5 faiz, nəqliyyat xidmətlərində 4,8 faiz olub. Amma spirtsiz içkilər və ərzaq 3,5 faiz, mebel və məişət əşyaları 3,3 faiz, geyim və ayaqqabılar 3 faiz ucuzlaşıb.

Azərbaycanda da ilin əvvəlindən rəsmi statistika inflyasiyanın 1 faizdən aşağı olduğunu elan edir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ay istehlak qiymətləri indeksi 2023-cü ilin fevral ayına nisbətən 0,8 faiz artıb. Bu qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlərdə 0,3 faiz azalıb, qeyri-qida məhsullarında 1,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdə isə 2,3 faiz artıb. Fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz təşkil yüksəlib. Bu zaman qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2 faiz artıb. Fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma düyünün, qoyun ətinin, təzə balığın, kəsmiyin, kərə və zeytun yağının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kələmin, xiyarın, pomidorun, balqabağın, çuğundurun, sarımsağın, soğanın, şəkərin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, yerkökünün qiymətlərində müşahidə olunub.

2024-cü ilin fevral ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,6 faiz artıb. Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,0 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz yüksək olub.

Beləliklə, aydın olur ki, dünyada 3-4 faizlə ucuzlaşan ərzaq qiymətləri Azərbaycanda 0,3 faizlə ucuzlaşır. Halbuki 2021-2022-ci illərdə dünyada ərzaq qiymətləri 4-5 faiz artdığı halda, Azərbaycanda 15 faizlə artırdı. Azərbaycan hökuməti iki il boyu ölkədəki ifrat bahalaşmada ərzaq məhsullarının payının həlledici olduğunu, onların bahalaşmasında isə idxalın əsas yer tutduğunu ictimaiyyətə qaçılmaz proses kimi təqdim etdi. Açıqlanan məlumatlarda ərzaq qiymətlərinin bahalaşmasının sırf dünya bazar qiymətlərindən irəli gəldiyi dəfələrlə vurğulandı. Amma bir izahat verən olmadı ki, qlobal bazarda 5 faiz bahalaşan məhsul Azərbaycanda niyə 15 faiz bahalaşır?

2022-ci ilin ikinci yarısından qlobal bazarlardan ərzaq qiymətlərinin ucuzlaşması başlayıb və hələ də davam edir. Azərbaycan bazarına bu prosesin təsiri 2023-cü ilin son iki ayında gəlib çıxdı, çox cüzi səviyyədə və rəsmi statistikada. İndi də istehlakçılar xaricdən idxal olunan maye yağlar istisna olmaqla, əsas ərzaq məhsullarının qiymətində hər hansı ucuzlaşma qeydə almasalar da, rəsmi statistika bu prosesin olduğunu deyir. Lakin bu dəfə proses dünyadakından başqa formada fərqlənir: əksər ölkələrdə 3-5 faizlə gedən ucuzlaşma bizdə 1 faizdən aşağı həddə qeydə alınır.

Azərbaycanda yaranmış bu vəziyyət xüsusilə ərzaq bazarında proseslərin sağlam bazar prinsipləri əsasında getməməsinin nəticəsidir. Hər idxal, həm də satış bazarında inhisarçılığın yüksək səviyyədə inkişafı, sağlam rəqabət mühitinin olmaması qiymət formalaşmasında da rəqabətin olmamasına səbəb olur. Faktiki olaraq bu gün Azərbaycan bazarında qiymətləri monopolist şirkətlər təyin edir. Məhz belə monopolist şirkətlərin maraqları üzündən ölkə bazarında bahalaşan məhsulların qiymətində ucuzlaşma faktlarına çox nadir hallarda rast gəlmək mümkündür. Rəqabət Məcəlləsinin qəbulu bu sahədə problemlərin aradan qalxmasına müəyyən ümidlər yaradıb. Bu ümidlərin özünü doğruldub-doğrultmayacağı məcəllənin tətbiqindən asılı olacaq...

Dünya SAKİT,
“Yeni Müsavat”
Ardını oxu...
Hökumət hər şeyi, absurda, bir növ “sürrealizmə” çevirir – indi də qərar veriblər ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti orqanlarının vəzifəli şəxslərinin mükafatlandırılması məqsədi ilə aylıq vəzifə maaşlarının 3 misli qədər əlavə vəsait ödəniləcək.
Yəni, hər dəfə maaşdan əlavə 3 maaş mükafat ödəmək istəyirlər. Dövlət Vergi Xidmətində 2,7 mindən çox vəzifəli şəxs fəaliyyət göstərir, bu yeni qərarla, əvvəllər verilən “paketi”, “konverti” rəsmiləşdirmək istəyirlər.
Mən məmurlara yüksək maaş verilməsinin əlehinə deyilən, amma hər dəfə mükafat yazmaqdansa, birdəfəlik maaşlarını artırın - olsun-bitsin. Amma etmirlər, edə bilmirlər, o zaman sual yaranacaq ki, digər Xidmətlərdə çalışanların maaşı nədən azdır, kimsə (biri elə mən) çıxıb deyəcək ki, necə ola bilər müəllimin maaşı ilə Vergi məmurunun maaşı arasında 8-9 dəfə fərq var?!
Belə “sürreal” qərarla həm rəsmi olaraq maaşları artırmırlar, həm də “konverti” rəsmi olaraq mükafat adı ilə verirlər. Düşünürlər ki, belə olanda nə şiş yanacaq, nə kabab – amma anlamırlar ki, manqal yanır e, manqal...
Natig Jafarli
TEREF
 
Ardını oxu...
“Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb. Bu ilin ilk 2 ayı, xüsusən də fevral ilə müqayisədə mart ayında dollar tələbinin stabilləşməsi müşahidə olunur”.

AzFakt.com xəbər verir ki, bunu iqtisadçı, deputat Vüqar Bayramov bildirib. İqtisadçı hesab edir ki, bu, Mərkəzi Banka valyuta bazarına intervensiya və növbəti mərhələdə sterilizasiya üçün yeni imkanlar yaradır.

Onun sözlərinə görə, bununla yanaşı, mart ayında qeyri-iş günlərininvə eləcə də xarici səfərlərin sayının çoxluğunu nəzərə alsaq, Mərkəzi Bankın kommunikasiya alətindən mütəmadi istifadə etməsi vacibdir.

Növbəti aylarda manatın məzənnəsinə gəldikdə V.Bayramov deyir ki, Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında qeyd olunduğu kimi, bu, tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq.

“Bir daha qeyd etmək lazımdır ki, fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq”, - o əlavə edib.

Deputat vurğulayıb ki, bu ildə də neft gəlirlərimiz və daha dəqiqi enerji bazarlarındakı tarazlıq manatın məzənnəsinə təsir edən əsas faktor olacaq: “Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarından istifadə edilə bilər. Deməli, 2024-cü ildə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.
 
Ardını oxu...
“Fındığın, qozun, yağın qiyməti artdığı üçün Novruz şirniyyatlarının da qiymətində dəyişiklik hiss olunur”.

Bu sözləri “Xəzər TV”yə açıqlaması zamanı sahibkarlardan biri deyib.

Sahibkarlar ötən illərə nisbətdə bu il qiymətlərinin artmasının səbəbindən danışıb.
“Milli paxlavanın bəzi mağazalarda kiloqramı 30 manata qədər artır, şəkərburalar 1,30 manatdan başlayır”, - deyə sahibkar bildirib.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
“Azərbaycanda fındığın ixrac dəyəri tez-tez dəyişir. Bu dəyişmələr fermerlərin ziyanındadır”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov belə deyir. O bildirir ki, ötən il 2022-ci ilə baxanda fındıq ixracı həm fiziki çəkidə, həm də dəyər ifadəsində artıb. Lakin 2019-cu illə müqayisə onu göstərir ki, fındıq ixracatçılarının gəliri 2 dəfəyədək azalıb.

Son illər Azərbaycanda fındığın əkin sahəsi xeyli genişləndirilib. 2015-ci ildə 32,7 min hektarda fındıq bağı salınmışdısa, 2022-ci ildə bu rəqəm 81,4 min hektaradək artıb. Bu o deməkdir ki, son 7 ildə fındığın əkin sahəsi 2,5 dəfə böyüyüb.

2017-ci ildə Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edən ölkə başçısı İlham Əliyev də baramaçılıqdan və tütünçülükdən fərqli olaraq fındıqçılığın daha çox inkişaf etdiyindən danışmışdı.

Demişdi ki, 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar olub, bu rəqəm 2013-cü ildə 30 min hektara, 2015-ci ildə 32 min 700 hektara çatıb.

“Hazırda 55 min hektarda fındıq bağları salınıb. Əlbəttə, bu, son hədəf deyil. Qarşıya məqsəd qoyulub ki, biz fındıq bağlarının sahəsini 80 min hektara çatdıraq”.

Həmçinin Prezident deyib ki, fındığın ixracı ilə bağlı gələcəkdə heç bir problem olmayacaq.

Vahid Məhərrəmov isə deyir ki, son illər fındığın ixracında xeyli problemlər yaranıb. Onun sözlərinə görə, son 5 ildə fındıq ixracının dinamikası tez -tez dəyişir, gah artır, gah azalır:

“2019-cu ildə ixrac edilən fındığın miqdarı 22 639 ton, dəyəri isə 125 621 min dollar olub. Bu göstərici 2018-ci ilə nisbətən fiziki çəkidə 24 faiz, dəyər ifadəsində 30 faiz çox olsa da, növbəti 2020-ci ildə fındıq ixracı 2019-cu ilə nisbətən fiziki çəkidə 16,5 faiz, dəyər ifadəsində isə 7,3 faiz azalıb. Növbəti iki ildə də fındıq ixracının həcmi 2019-cu il səviyyəsinə qalxmayıb. 2023-cü ildə fındıq ixracı fiziki çəkidə 2019-cu ilə nisbətən artsa da, dəyər ifadəsində 2 faizədək azalıb. 2023-cü ildə 2019-cu ilə nisbətən fındıq ixracatçılarının gəlirləri 2 milyon 486 min dollar azalıb”.

2023-cü ildə Azərbaycandan 44,6 milyon avro dəyərində Avropa İttifaqı ölkələrinə fındıq ixrac edilib. Bu, əvvəlki ilə nisbətən 23,2 faiz azdır.

Azərbaycandan Almaniyaya 23,4 milyon avro dəyərində 4,2 min ton meşə fındığı idxal edilib. Bu da əvvəlki ilə nisbətən dəyər ifadəsində 64,1 faiz, fiziki çəkidə isə 71,4 faiz çoxdur.

Vahid Məhərrəmov deyir ki, dünyada fındıq istehsalı ilə cəmi 30 ölkə məşğul olsa da, fındıq bazarında cox ciddi rəqabət var.

Onun sözlərinə görə, fındıq məhsulunun rəqabətqabiliyyətli olması üçün keyfiyyət səviyyəsinin yüksək, maya dəyərinin isə ucuz olması şərtdir. Məhsulun maya dəyərinin aşağı olması üçün məhsuldarlıq yüksək olmalıdır:

“Türkiyə və bəzi ölkələr istisna olmaqla əsas fındıq istehsal edən ölkələrdə məhsuldarlıq yüksəkdir. Məsələn, hər hektardan İtaliyada 16 sentner, Polşada 15, Çində 20, Fransada 19, Gürcüstanda 17, ABŞ-da isə 23 sentner məhsul əldə olunur. Azərbaycanda isə fındığın ən yüksək məhsuldarlığı 2005-ci ildə 15 sentner olub. 2022-ci ildə ölkə üzrə orta məhsuldarlıq 13,9 sentnerədək düşüb”.

Ekspert deyir ki, ölkə üzrə fınıdığın hər hektar üçün ortalama məhsuldarlığı 800-900 kiloqramdır və bu, çox azdır:

“Beləliklə, fındıqçılıqda əkin sahələri genişlənir, məhsul istehsalı artır və hektardan məhsuldarlıq isə lazımı səviyyəyə qalxmır. Bunun da səbəbi sahədə mövcud olan problemlərin uzun müddət həll edilməməsi ilə bağlıdır. Fındıqçılıqla məşğul olan əksər fermerlər fasiləsiz suvarma suyu ilə təmin olunmur. Həmçinin keyfiyyətli gübrə, pestisid çatışmazlığı səbəbindən rəqabətqabiliyyətli, yüksək keyfiyyətli məhsul istehsal edə bilmirlər. Emal müəssisələri məmurlara yaxın olan adamların əlindədir, qiyməti onlar diktə edir. Ən ciddi problemlərdən biri də ölkədə peşəkar kadr çatışmazlığıdır”.

Vahid Məhərrəmov düşünür ki, sahənin inkişaf etdirilməsi üçün fermer, kəndli təsərrüfatlarının fasiləsiz suvarma suyu ilə təmin edilməsi, aqrar sahə üzrə yüksək səviyyəli peşəkar kadrların hazırlanması, emal sahəsində, bazarda inhisarçılığın aradan qaldırılması kimi məsələlər həll edilməlidir.

dia-az.info
Ardını oxu...
Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti "Madina Group MM” MMC (VÖEN – 1502073491) ilə satınalma müaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, müqavilə bir mənbədən satınalma metodu əsasında bağlanıb.

Tender müsabiqəsinin şərtlərinə görə, "Madina Group MM” MMC Bərpa,Tikinti və İdarəetmə Xidmətinin sifarişi əsasında 500 ədəd xüsusi hədiyyəlik taxta qutular hazırlayacaq və qarşılığında 32 min 450 manat alacaq. Bir ədəd hədiyyəlik taxta qutunun hazırlanmasına 64 manat 90 qəpik ayrılacaq.

Məlumat üçün bildirəik ki, tenderin qalibi olan "Madina Group MM” MMC 25 may 2012-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 min 10 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Biləcəri Şossesi, ev 8D-də yerləşir. Şirkətin qanuni təmsilçisi Mürşüdov Asəf Rüstəm oğludur.

Qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. "Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir. Qanunun tələblərindən də göründüyü kimi hədiyyəlik taxta qutular məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidmətinin tender müsabiqəsini bu şəkildə keçirməsi başa düşülən deyil.

Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil. Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
– Satınalma predmetinə təcili tələbat yarandıqda;
– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
 
Ardını oxu...
Ramazan ayında iftarını evdə açanlarla yanaşı dostları, yaxınları ilə bərabər yemək üçün restoran və kafelərə üz tutanlar da var.

“ATV Xəbər” paytaxt restoranlarının müştərilərə təklif etdikləri imsak və iftar menyuları ilə bağlı süjet hazırlayıb.

Bildirilib ki, müştərilər üçün təklif edilən iftar menyularının qiyməti 20 manatla - 120 manat arasında dəyişir.

Həmin süjeti təqdim edirik:

 
Ardını oxu...
Ukrayna hərbi dairələrinin iddiasına görə, bu günkü döyüşlərdə daha bir rus generalı öldürülüb.
Təsdiqini gözləyən məlumata əsasən öldürülən general Rusiyanın “Dnepr” qruplaşmasının komandiri, general-polkovnik Mixail Teplinskidir.
Bildirilir ki, Ukrayna hərbçiləri "düşmənin daha bir mühüm hədəfini – Rusiya Silahlı Qüvvələrinin motoatıcı briqadalarından birinin komanda məntəqəsini yerlə yeksan edib. Rus general-polkovnik Mixail Teplinskinin də atəş zamanı həmin komanda məntəqəsində bulunduğu güman olunur.
Heydər Oğuz
TEREF
 
Ardını oxu...
Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy şəhərində yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "İS.M.M." MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqvailəsinin maliyyə dəyəri 925 905,34 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "İS.M.M." MMC 2 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal Rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.

Şirkətin ilk qanuni təmsilçisi Xudiyeva Mürvəq Xıdır qızı olub. Onu Sadıqov Ceyhun İsmayıl oğlu əvəzləyib. Ceyhun Sadıqov 2023-cü ilə qədər "İS.M.M.” "MC-ni təmsil edib. Həmin ildən şirkətin qanuni təmsilçisi Nadir Xudiyevdir.

Açıq mənbələrdə bu şəxslərin heç bir haqqında hər hansı məlumata rast gəlinmir. "İS.M.M." MMC barəsində heç bir məlumat yoxdur.

Gədəbəy Rayon İcra Hakimiyyəti vaxtaşırı yolların təmiri və abadlıq işləri ilə bağlı tender keçirir. Ötən il 7 belə tender keçirilib. Bu tenderlərdə görüləcək işlər üçün təklif edilən qiymətlərin ümumi dəyəri 1 749 219,27 AZN-dir.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdur. O, 2022-ci ildən bu vəzifəni daşıyır.
 
Ardını oxu...
İş adamı İlkin Şabanov cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, İlkin Şabanova İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazılıb. Cərimə yazan qurum isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətidir.
İlkin Şabanov ittiham olunduğu maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. İlkin Şabanovun hansı məbləğdə cərimələnməsi barədə məlumat yoxdur.
Hər bir halda iş adamı dövlət xidmətinin qərarı ilə razılaşmayaraq məhkəməyə şirkayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Xətai Rayon Məhkəməsində baxılacaq. Sülhanə Hacıyeva iş üzrə hakim təyin edilib.
İlkin Şabanov FMCG (Fast moving consumer goods – Tez istehlak edilən gündəlik tələbat malları) sektorunda əhəmiyyətli paya sahib olan “Delta Qrup C.O” MMC-nin rəhbəri olub. Bu şirkət “Bismak” markası ilə şirniyyat və un məmulatları, “Çörəkçi” markası ilə isə çörəklər istehsal edirdi.
Ötən ilin fevralında şirkət “Mars Overseas Baku LTD” MMC-yə qoşulduğunu bəyan edib. “Mars Overseas Baku LTD” MMC-nin həmin vaxt yaydığı məlumatdan aydın olunur ki, “Delta Qrup C.O” MMC-nin ona qoşulması ilə şirkət yenidən təşkil edilir.
İlkin Şabanov 2021-ci ildə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UN Council for Public Awards” (UNCOPA) təşkilatının “Avropa Sənaye Lideri” fəxri adı layiq görülüb və “Gottfried Wilhelm Leibniz” medalı ilə təltif edib.
Bundan əvvəl isə iş adamı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mükafat komitəsi tərəfindən “Türk Dünyasında İlin İş adamı” fəxri adı verilməklə “Altın Yıldız” medalı ilə təltif olunub.
 

Dünyapress TV

Xəbər lenti