Ardını oxu...
Təl-Əviv Universitetinin tədqiqatçıları güman edir ki, çoxdan empirik yolla “hiss edilən” faktın izahını tapıblar.
Bu fakt müntəzəm olaraq bədən tərbiyəsi ilə məşğul olmaqla xərçəng şişlərinin yaranma risklərinin azalması arasında əlaqənin olmasıdır.
Bu barədə “9-cu kanal” nəşri yazıb.
Fəal həyat tərzi keçirən insanların xərçənglə az xəstələnməsi barədə çoxdan bəllidir. Lakin alimlər indiyədək burada səbəb-nəticənin xarakterini izah etməkdə çətinlik çəkib.
İsrail tədqiqatçıları müəyyən edib ki, fiziki fəallıq “metabolizmi elə yenidən qurur ki”, beləliklə müxtəlif orqanlar xərçəng şişlərinin də qidalandığı daha çox maddələri udur.
Bu, həm xərçəngin yaranmasının qarşısını alır, həm də daha çox xərçəng baş verdikdə metastazların meydana çıxmasına maneçiçlik törədir.
Alimlərin qeyd etdiyi kimi, fiziki məşğələlər zamanı orqanizmin hüceyrələri güclü surətdə karbohidratları parçalamağa başlayır və onlardan alınan qlükozanı udur. Bu, bir növ “metabolik qalxan” yaradaraq, xərçəng hüceyrələrini onlara lazım olan qida maddəsinin artımından məhrum edir.
Çoxlu sayda əvvəllər xərçənglə xəstələnməyən insanların məlumatlarını öyrənərkən, müəyyən edilib ki, 20 il ərzində müntəzəm olaraq bədən tərbiyəsi ilə məşğul olanlarda xərçəngə tutulmaq ehtimalı “mülayim aşağı” olub.
Lakin bu zaman xərçəng xəstəliyi baş verən zaman belə adamlarda “yüksək metastatik xərçəng ehtimalının xeyli dərəcədə- “qeyri-idman” qrupuna nisbətən 73 faiz aşağı düşməsi müşahidə edilib.
Başqa sözlə desək, hətta xəstəlik baş veribsə belə, o, orqanizmdə yayılmayıb, çünki şişin “yeməyə heç nəyi olmayıb”.
Bu tədqiqat 25-64 yaş arasında olan 2734 israillini əhatə edib. Onlardan son 20 ildə 243 nəfəri xərçəng xəstəlinə düçar olub. Təcrübədən keçənlərdən həm yüksək, həm də mülayim fiziki fəallıq barədə soruşulub.
Bu statistikanın elmi əsaslandırılması üçün alimlər siçovullar üzərində təcrübə aparıb. Onları güclü hərəkət etməyə vadar edib, sonra xərçəng törədiblər, bu zaman nadir hallarda metastatik formaya keçib.
Tədqiqatlar göstərib ki, bu, məhz ona görə baş verib ki, şiş orqanizmin digər hüceyrələrinin udduğu qlükozadan məhrum olub.
İnsanlar üzərində də təcrübə aparılıb. Alimlər “zahirən sağlam”, 25-45 yaş arası qaçışla məşğul olan, siqaret çəkməyən, dərman qəbul etməyən, xroniki xəstəlikləri olmayan 14 nəfəri seçib. Onlara laborator sınaqdan öncə 12 saat ərzində qəhvədən istifadə etməmək, həmçinin üç saat ərzində yemək yeməmək və təcrübədən öncəki günlərdə fiziki fəallıqdan yan keçmək tapşırılıb.
Təcrübənin gedişində 14 iştirakçı yarım saat ərzində fərdi protokol üzrə motorlaşdırılmış ayaqaltıda maksimal sürətlə qaçış icra edib.
Bu müddət ərzində alimlər onların nəfəs aldığı havanı təhlil edib, ürək döyüntülərini ölçüb , sonra qan plazmasının analizini edib təcrübədən öncə götürülən plazma ilə müqayisə edib.
Analiz göstərib ki, intensiv məşqdən sonra qlükozanın orqanizm tərəfindən güclü mənimsənilməsini göstərən siqnal yolları aktivləşır, qlükozanın bədən hüceyrələri tərəfindən intensiv mənimsənilməsini göstərən digər əlamətlər də müşahidə edilib. O cümlədən karbohidratların parçalanmasının yüksək səviyyəsi müşahidə edilib.
Üstəlik, alimlər müəyyən edib ki, qadınlarda müntəzəm fiziki yüklər zamanı metabolik proses karbohidratların güclü mənimsənilməsi istiqamətində dəyişib.
Bu da alimləri belə bir hipotezə yönəldib ki, fiziki məşğələlər, sadəcə, birdəfəlik effekt göstərmir, həm də orqanizmin yenidən qurulması və şişlərin qarşısını alan müəyyən “mertabolik qalxan”ın meydana çıxmasına gətirib çıxarır.
moderator.az
 
Ardını oxu...
Ölkədə dərman preparatları ilə təminatda böyük problem yaşanır. Vətəndaşlar bir çox dərmanları apteklərdə tapa bilmirlər. Çox hallarda isə reseptdəki dərmanları almaq üçün aptek-aptek gəzməli olurlar. Bəs səbəb və çıxış yolu nədir?

TEREF.AZ yazır ki, mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik.

“Dünən Sabunçudakı bütün apteklərə baxmışam. Uşaq üçün bir dənə də sirop yoxdur. Əvvəl “Nurofen” istəyəndə 5-6 cür əvəzedici təklif edirdilər. İndi heç biri yoxdur. Qızdırma üçün şamlar da yoxa çıxıb”.

Son vaxtlar bu tipli statusları sosial şəbəkələrdə çox görürük. Çünki “Aspirin kardio”, “Nurofen”, “Tetrasiklin”, “Valerian”, öskürək əleyhinə siroplar və s. kimi hər zaman əlçatan olan dərmanları apteklərdə tapmaq olmur. Ancaq tək bu tipli deyil, ümumilikdə, bir çox dərman vasitələrini tapmaqla bağlı insanlar problem yaşayır.

Məsələn: “Epilepsiya xəstələri üçün nəzərdə tutulan “Karbamazepin” dərmanı yoxa çıxdı. Bir müddətdən sonra əvəzləyicisi olan “Finlepsin” yoxa çıxdı. Bircə ümid qalmışdı “Finlipsal”a, o da artıq tapılmır”.



“Ürək əməliyyatı keçirən insanlara həkimlər ömürlük “Varfarin” dərmanı yazır. Bu dərman neçə aydır yoxa çıxıb. Ya da varsa, 4 manatlıq dərmanı əl altdan 30-40 manata ala bilərsən”.

Həkimlərin də problemlə bağlı paylaşımları çoxalıb: “Kardiologiyada aspirin nə deməkdirsə, psixiatriyada da “Haloperidol” dərmanı odur. İllərdir bir çox şizofreniya xəstəsinin təməl ehtiyaclarından olan bu dərman son vaxtlar tapılmır”.

“Xroniki xəstələrin illərlə qəbul etdiyi preparatlar ya tapılmır, ya da baha qiymətə tapılır”.

8 ay keçib, həll tapılmadı?

Yəni bəzi dərmanları tapa bilmirik. Bəzilərini isə tapmaq heç də asan deyil. Belə ki, əvvəllər həkim resept yazırdı, çox zaman bir aptekdən alırdın. İndi bir resept üçün aptek-aptek gəzməli olursan. Pandemiyanın çox aktiv dövründə başadüşülən idi, ancaq hazırda bu problem getdikcə dərinləşir. Dərman təhlükəsizliyi ilə bağlı artıq ciddi problem var. Məsələ gündəmə gələndən isə Səhiyyə Nazirliyi bildirir ki, apteklərin dərman vasitələri ilə təminatı səlahiyyətləri daxilində deyil. Nazirliyin Analitik Ekspertiza Mərkəzi isə yalnız dərman preparatlarının dövlət qeydiyyatına alınması və keyfiyyətə nəzarəti həyata keçirir.

Ümumiyyətlə isə, dərman çatışmazlığına səbəb olaraq Rusiya-Ukrayna münaqişəsi göstərilir. Çünki Azərbaycana dərman vasitələri, əsasən, Türkiyə, Rusiya, Ukrayna, Hindistan və digər Avropa ölkələrindən idxal olunur. Burada Rusiya və Ukraynanın payı çox böyükdür. Ancaq münaqişənin başladığı 8 aydan çoxdur və nə vaxt da bitəcəyi məlum deyil. Uzun zamandır ki, dərman problemi yaşanır. Bu müddətdə niyə alternativ həll yolu tapılmayıb? Ümumiyyətlə, dərmanla təminatımız niyə bu səviyyəyə düşüb? Çıxış yolu nələrdir?

Rusiya və Ukraynanın əvəz edilməmə səbəbi

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyir ki, Azərbaycan dərmanla təminat məsələsində 99 faiz idxaldan asılı olduğu üçün bu cür problemin bir gün yaşanacağı gözlənilən idi: “Azərbaycan çox vacib, ən sadə və həyati əhəmiyyət daşıyan dərman preparatlarının belə istehsalını qura bilməyib. Hər dəfə müsahibələrimizdə deyirdik ki, günün birində Azərbaycanın dərman təchizatında problem yaşana bilər. Bunun olmaması üçün yeni əczaçılıq zavodlarının inşa olunmasını, bu sahəyə investisiya qoyulmasının vacibliyini qeyd edirdik. Dövlətin birbaşa investisiyası olmalıdır. Zamanla dünyada baş verən qlobal tendensiyalar Azərbaycanda bu problemin dərinləşməsinə gətirib çıxardı. Rusiya-Ukrayna münaqişəsinin böyük təsiri oldu”.

Azərbaycan dünyanın bir çox ölkəsindən dərman idxal edir. İ.Hüseynli Rusiya, Ukrayna, Belorusdan olan idxalı tam əvəzləyə bilməməyimizin iki səbəbi olduğunu dedi: “Birincisi, Azərbaycana 5 500-dən çox dərman idxal olunur. Onun Rusiya, Ukrayna və Belorusun payına düşən hissəsi böyükdür. Onların hamısının əvəzlənməsi bir az çətindir. Rusiya bazarında istehsal oluna dərman çeşidləri Türkiyə ilə eyni deyil. Məsələn, ola bilsin ki “Vitamin C” amplua şəklində yalnız Ukrayna və Rusiyada istehsal olunur, Türkiyə və İtaliyada yox. Dünyanın bütün zavodları hər şeyi istehsal etmir. Analoqları olanları gətirirlər.

Səhiyyə Nazirliyi bu problemdən yaxa qurtarmağa cəhd eləməsin. İdxalın əvəzlənməsində problem yaradan ikinci problem nazirliyə bağlıdır. Ölkədə dərman preparatlarının dövlət qeydiyyatına alınması işini nazirliyin nəzdindəki mərkəz həyata keçirir. Dərman preparatlarının idxalının həyata keçirilməsində süründürməçilik var. Qeydiyyat prosedurları sadələşdirilməlidir. Məsələn, ampisilin idxal ediləcək. Biri 0,5, biri də 1 qramlıqdır. Hər biri nazirlik tərəfindən ayrı-ayrılıqda qeydiyyatdan keçməlidir. Amma tərkibi eynidir, çəki fərqi var. Üstəlik, qeydiyyat üçün çox sayda sənəd tələb olunur. O sənəd çatmır, bunu gətir, onu gətir. Sonra növbə gözləyirsən ki, nə vaxt qeydiyyata alacaqlar. Bu proses 6-7 ay vaxt aparır. Qeydiyyatdan sonra bir preparatın idxalı üçün icazə müddəti 5 illikdir. 5 il idxal edirsən, sonra yenidən qeydiyyat proseduruna keçirsən. Zaman da sürətlidir. 10 dərmanın bu gün, 10-nun sabah 5 ili tamam olur. Beləliklə, 6-7 ay sənədləşmə getdiyi üçün həmin dərmanla bağlı problem yaranır. Çünki o dərmanı başqa şirkət gətirmir”.

“Dərman gətirmək şirkətlərə sərfəli deyil”

İ.Hüseynli problemin bir əsas səbəbinin də sahibkarların bioloji aktiv maddələr idxalına daha çox maraq göstərməsi olduğunu deyir: “Dərman vasitələrinin qiymətinin Tarif Şurası tərəfindən müəyyənləşməsi sahibkarları daha çox dərman preparatları deyil, bioloji aktiv əlavələri gətirməyə yönləndirdi. Çünki bioloji aktiv maddələrin Səhiyyə Nazirliyində qeydiyyatı tələb olunmur. Qida Təhlükəsizliyi Agentliyindən uyğunluq sertifikatını alıb istədikləri qiymətə sata bilirlər. Bioloji aktiv maddələrin satışından çox yaxşı gəlir əldə edirlər. Dərman vasitələri idxal etmək isə sərf etmir”.

Ekspert bildirdi ki, bəzi dərmanların satış, saxlanması ilə bağlı müəyyən tələblərin qoyulması da həmin dərmanların tapılmasında problem yaradan məsələ olub: “Narkotik tərkibli, yaxud psixotrop dərman vasitələrinin satışının uçot sistemi tətbiq olundu. O dərman preparatlarının satışını həyata keçirmək üçün apteklərə xüsusi göstərişlər tələb kimi qoyuldu. Ayrıca otaq şəklində saxlanması, Daxili İşlər Nazirliyindən xüsusi icazənin, qeydiyyatın alınması və s. məsələlər oldu. Bu prosedurlar artdıqca, həm də apteklərin çoxlarının həmin o standartlar çərçivəsində qurulması, obyekt içərisində onu yaratmaq xeyli çətin olduğuna, imkanlar məhdud olduğuna görə, xeyli aptek bundan imtina etdi. Həmin dərmanların satışını həyata keçirəcək apteklərin sayı 10-20 dəfə azaldı”.

3 həll yolu

Millət vəkili Müşfiq Məmmədli deyir ki, ölkənin dərmanla təminat məsələsində hazırda yaranan problemin həlli üçün 3 önəmli addım atılmalıdır: “Problemlə bağlı müzakirələrdə təkliflərimizi səsləndiririk. Bununla bağlı müxtəlif orqanlar qarşısında məsələ qaldırmışıq, təkliflərimizi vermişik. Problemin həlli üçün bir neçə istiqamətdə iş görülməlidir. 3 əsas nüans burda önəmlidir. Birincisi, daxili dərman preparatlarının istehsalının stimullaşdırılması üçün lazımi addımlar atılmalıdır. İkincisi, dərman preparatlarının qeydiyyat proseduru asanlaşdırılmalıdır. Təbii ki, insan sağlamlığından söhbət gedir, dərman qrupları fərqlidir, hər birinə yanaşma müxtəlif olmalıdır. Amma sadələşdirmə mümkün olan istiqamətdə buna gedilməlidir. Üçüncü məsələ isə, alternativ əlaqələrin qurulmasıdır. Bu istiqamətdə Səhiyyə Nazirliyi müəyyən işlərə başlayıb. Latın Amerikası ölkələri, Türkiyə və yaxın Avropa ölkələri ilə əməkdaşlıq üçün addımlar atılır”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deyib ki, Azərbaycan hökuməti dərman vasitələri ilə bağlı yeni proqram hazırlayır.
 
 
 
Ardını oxu...
Artıq neçənci elmi araşdırmadır ki, alimlər Qida əlavələri, dəbdə olan BAD-ların xərçəng riskini yüksəltdiyini sübut edir.

Hazırda apteklərdə çox satılan, həkimlərin hər reseptə əlavə etdiyi qida əlavələri insan rasionunu zənginləşdirmək və vitamin əskikliyini aradan qaldırmağa hesablanıb.

Elmi araşdırmalar göstərib ki, uzun müddət, çox və davamlı qida əlavələri qəbul edən insanlarda xərçəng daha çox aşkarlanır. Alimlər bunun mexanizmini aça bilməyib, amma ehtimal var ki, BAD-lar molekulyar səviyyədə dəyişiklik yaradır.

Tablet, toz, çay, suspenziya formasında olan qid əlavələri özündə mineral, vitamin və lazımlı maddələri cəmləşdirir.
Bir çox insanlar xərçəngdən qorunmaq üçün belə əlavələri ömür boyu qəbul edir. Amma sübut olunub ki, BAD-lar sağlamlıq üçün elə də faydalı deyil və insanı xərçəngdən qorumur.

Bu o demək deyil ki, insanlar daha vitamin qəbul etməsin. Əgər onları lazım olan dozada qəbul etsələr faydalı ola bilər.
Amma nəzərdə tutun ki, heç bir tablet, BAD təbii, faydalı, zəngin qidalanmanı əvəz etmir.

Bir neçə vitamin və mineralı özündə birləşdirən BAD-lar faydadan çox zərər verir. \\Medicina
 
Ardını oxu...
“Dərman vasitələri ilə bağlı ciddi proqram hazırlanır”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin noyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, dərman vasitələri ilə bağlı insanlar arasında xeyli narazılıq var:

“Hesab edirəm ki, dərman vasitələri ilə bağlı bu məsələlərin həllinə böyük ehtiyac var. Bizdə olan məlumata görə, dərman vasitələri haqqında hökumətdə ciddi proqram hazırlanır. Əminik ki, proqramın hazırlanıb həyata keçirilməsi bu sahədə olan problemləri həll edəcək. Hesab edirəm ki, belə sənədlərin hazırlanması zamanı parlamentdə olan mütəxəssis deputatları bu məsələyə cəlb etmək lazımdır. Çünki onların bu sahədə xeyli təcrübələri var”.

Maraqlıdır, dərmanlarla baglı proqrama dərmanların sığorta ilə satılması da daxil edilməlidir?

Qiymətlər günbəgün artır və insanlar icbari sığortada yazılan dərmanları ala bilmədiklərindən müalicələri çox zaman yarımçıq qalır. Əksər ölkələrdə dərmanlar da sığortaya daxildir.

Bu barədə tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov Cebhe.info-ya bildirib ki, ölkəmizdə bəzi dərmanların qiyməti çox baha olduğundan onların icbari tibbi sığorta zərfinə salınacağı gözlənilmir:

"Əslində proqram vasitəsilə bioaktiv əlavələrin ölkəyə daxil olmasının qarşısını almaq istəyirlər. Hesab edirlər ki, həkimlər xəstəyə dərman əvəzinə, bioaktiv əlavələr yazır, guya xəstələr buna görə ziyan çəkir və sağalmır. Amma həkim bioaktiv əlavəni sağlam şəxsə yazır ki, qarşıdan gələn xəstəliyin qarşısı alınsın. Amma dünya ölkələrində bioaktiv əlavələr satılır, bizdə isə vətəndaşlar sifarişlə gətizdirirlər. Niyə sifarişlə gəlməlidir? Azərbaycanın özündə də satılsın. Bütün dərman vasitələrinin sığortaya daxil edilməsi üçün isə gərək dövlət tərəfindən ona külli miqdarda vəsait ayrılsın. Yəqin ki, ucuz dərmanları sığorta ilə ödəmək istəyərlər, amma baha dərmanların sığortaya salınacağına inanmıram".
 
Ardını oxu...
Alimlər ölənə yaxın insan beynində nələrin baş verdiyini açıqlayıb.

Bəşəriyyətin varlığından bəri sirr olaraq qalan mövzulardan biri olan “ölüm anında baş verənlər” mövzusunda 25 illik araşdırmanın nəticələri açıqlanıb.

Nyu-Yorkda yerləşən NYU Langone Health tibb mərkəzindən Dr Sam Parnianın rəhbərlik etdiyi ABŞ və Britaniya mütəxəssisləri 25 il ərzində 567 kişi və qadın xəstəni müşahidə ediblər. Xəstələrin ölüm anında beş fərqli reaksiya və təcrübə keçirdikləri ortaya çıxıb. Tədqiqatda ürək xəstəlikləri səbəbiylə həyatını itirən 50-dən çox xəstənin dörd fərqli təcrübəsi daxil edilib.

Mütəxəssislərin fikrincə, həyat mübarizəsində olan insanlar başqaları ilə necə rəftar etdiklərindən tutmuş, ən çox dəyər verdikləri şeyə qədər bir çox xatirələri ağlına gətirə bilirlər. Ölümə yaxın olanların dörd təcrübəsi aşağıdakı kimi sıralanıb:

-Ona hansı müdaxilələrin edildiyini hiss etmək;

-Müalicə edən tibb işçilərinin səsini eşitmək;

-Reanimasiyada olduğunu fərq etmək;

-Həyatın bir film lenti kimi göz önündən keçməsi – bütün bunlar insanın ölənə yaxın beynində düşündükləridir.
 
Ardını oxu...
Politoloq: “Pandemiyadan siyasi maraqlar üçün istifadə gələcəkdə təhlükəli tendensiyalardan xəbər verir”

COVİD-19 virusunun süni şəkildə yaradıldığı və qəsdən yayıldığına dair qənaətlər qətiləşdikcə, pandemiyanın müddətinin də siyasi bir qərar kimi verildiyinə şübhə qalmır. Çünki bu məsələdə artıq sanki iki qütb yaranıb, biri pandemiyanı geridə qoymağı, digəri davam etdirməyi öz məqsədlərinə uyğun sayır.

Məsələn, iki ay öncə ÜST belə bir məlumat açıqlamışdı ki, COVİD-lə mübarizədə ən yaxşı nəticə əldə olunub və ilin sonunadək pandemiyanın bitirilməsi ilə bağlı qərar açıqlana bilər.

Cəmiyyətlə bu qərarı gözləməkdə ikən ÜST-in rəhbəri fərqli bir mövqe sərgiləyib. “COVİD-19 göstərdi ki, sağlamlıq risk altında olanda hər şey risk altına düşür” deyən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus G-20 liderlərinin zirvə toplantısında çıxışı zamanı söyləyib: “Əsrin ən ağır sağlamlıq böhranı 6 milyon insanın həyatına son qoyub və ticarət, turizm, biznes, təhsil, geosiyasət və s. sahələrə trilyonlarla dollar ziyan vurub. COVİD-19-a qarşı kollektiv mübarizəmizdə çox uzun bir yol qət etmişik, lakin pandemiya hələ arxada qalmayıb”.

Əvvəldən də deyildiyi kimi, COVİD-19 heç zaman yox olmayacaq, sadəcə, insanlar buna bir qrip virusu kimi öyrəşəcək və həyat belə də davam edəcək. Müşahidələr göstərir ki, insanlar kifayət qədər vaksinasiya olunublar, kollektiv immunitet də maksimum formalaşıb. Bəs belə bir durumda pandemiyanı niyə sonlandırmaq istəmirlər? Bunun arxasında hansı məqsədlər dayana bilər?

Bu arada ABŞ Prezidenti Co Bayden G-20 sammitində koronavirusa yoluxub. Xarici medianın yaydığı xəbərə görə, bu səbəbdən siyasətçinin G-20 sammitindəki bütün görüşləri ləğv edilib.

Mövzu ilə bağlı politoloq Tural İsmayılov “Yeni Müsavat”a dedi ki, hazırda pandemiyanın sonlandırılması ilə bağlı müzakirələr gedir: “Dünyanın ən önəmli tibb alimləri artıq koronavirusun adiləşdiyini, insanın bunu adi soyuqdəymə simptomları şəklində keçirdiyini vurğulayırlar. Buna baxmayaraq, pandemiya mövzusundan siyasi riçaq kimi istifadə edilmə elementlərinə geniş şəkildə rast gəlirik. Təəssüflər olsun ki, bu gün pandemiyadan özlərinin iqtisadi hegemonluğunu təsdiqləmək üçün istifadə edən imperialist dairələr mövcuddur. Hansı ki, koronavirusun ən şiddətli dövründə vaksin milliyyətçiliyi kimi qlobal ədalətsizliyə imza ataraq dünyanın kasıb və yoxsul bölgələrində peyvənd əldə edilmə qabiliyyətlərini xeyli aşağı salmışdılar. Hesab edirəm ki, Rusiya-Ukrayna savaşından sonra dünyanın iqtisadi xəritəsinin də yenidən formalaşdırılması prosesi baş verəcək və beynəlxalq beyin mərkəzləri bu prosesi istədikləri məcraya yönəltmək üçün koronavirus pandemiyasından bir siyasi riçaq kimi istifadə etməyə çalışacaqlar. Eyni zamanda pandemiyadan bəzi hegemon dövlətlər öz imperialist maraqlarını reallaşdırmaq üçün yararlanmağa çalışırlar. Daha əvvəlki dövrdə də biz gördük ki, pandemiya dövründə kasıb olan ölkələr daha da kasıblaşdı, dünya ehtiyatlarının böyük bir qismini əlində tutan siyasi qüvvələr isə həmin ehtiyatları daha da zənginləşdirmiş oldular. Amma istənilən halda yoluxmaların davam etdiyi də müşahidə edilir. Biz birmənalı şəkildə heç bir yoluxma olmadan pandemiya fonunun davam etdiyini söyləyə bilmərik. Amma dediyim kimi, yoluxmaların müqabilində pandemiyadan siyasi maraqlar üçün istifadə edildiyi görünür və bu da gələcək üçün çox təhlükəli tendensiyalardan xəbər verir”. Pandemiyanın niyə bitməməsi sualını ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) mütəxəssisləri də araşdırıb. CDC proqnozlarını nikbin adlandırmaq olmaz - ekspertlərin fikrincə, pandemiya ABŞ-da 2026-cı ildən tez bitməyəcək, bütün dünyada bu, daha iki il sonra baş verəcək.

Bir çox amerikalılar, xüsusən də ən azı iki dəfə peyvənd edilmiş və üç dəfə buster doza vaksin olunmuşlar COVİD-lə mübarizənin niyə bu qədər uzun sürdüyünü anlamırlar. Qeyd edilir ki, əslində koronavirusla bağlı mövcud vəziyyət praktiki olaraq 2021-ci ildən fərqlənmir, sadəcə olaraq, indi media COVİD-ə az diqqət yetirir. Və milyonlarla insan COVİD-19 -la bağlı xəbərlərə əhəmiyyət vermir. Belə ki, ötən həftə Oklahoma ştatında 4000 yeni koronavirusa yoluxma halı qeydə alınıb və gündə 12 ölüm halı qeydə alınıb. COVİD əsasən immun sistemi zəifləmiş və xroniki xəstəlikləri olan yaşlı insanlara təsir edir.

2020-ci ildə yalnız bir peyvənd alan və ya ümumiyyətlə, peyvənd olunmayan amerikalılar da risk altındadır. COVİD xəstələri sığortanın müalicəni əhatə etməməsindən şikayətlənirlər. Səhiyyə və İnsan Xidmətləri Departamenti (HHS) kəskin vəsait çatışmazlığı səbəbindən təminatı ləğv etmək məcburiyyətindədir. Bu həftə ekspertlər daha bir bədbin proqnoz veriblər - ABŞ-da “tripdemiya” gözlənilir. Yəni qrip və uşaqlar üçün son dərəcə təhlükəli olan üçüncü patogen COVİD-19-a əlavə olunacaq. Bu proqnozla əlaqədar olaraq, bütün böyüklərə və 5 yaşdan yuxarı uşaqlara gücləndirici peyvənd almaq tövsiyə olunur.

Bir müddət öncə isə Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan ölkələri koronavirusun yeni, daha təhlükəli ştamının yaranmasına hazırlaşmağa çağırıb. Bəyanat təşkilatın rəhbəri Tedros Adhanom Ghebreyesusun yaxın gələcəkdə pandemiyanın sona çatmasına icazə verdikdən dərhal sonra gəldi. Koronavirusla bağlı vəziyyətin sonda hansı istiqamətdə inkişaf edəcəyini anlayaq. ÜST-in fövqəladə hallar proqramının direktoru Maykl Rayan bildirib ki, bütün ölkələrin səhiyyə sistemləri yeni növ koronavirus infeksiyasının yaranmasına hazır olmalıdır. O, növbəti mutasiyanın əvvəlkilərdən daha təhlükəli ola biləcəyini istisna etməyib. Bununla belə, Rayan dünyada COVİD-19-la bağlı vəziyyətin yaxşılaşdığı ilə razılaşıb. Bununla belə, o əlavə edib ki, bir çox ölkələrdə səhiyyə sistemləri hələ də infeksiya ilə mübarizəyə zəif hazırdır. Bundan əlavə, dünya əhalisinin əhəmiyyətli bir hissəsi peyvənd şəklində ondan qorunma almayıb.

Rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov isə bildirib ki, pandemiyanın sonunu qarşıdan gələn payız-qış mövsümündə gözləməyə dəyməz. Bununla yanaşı, ekspert 2023-cü ildə vəziyyətin normallaşacağını etiraf edib. “Bu, ən təhlükəli, ən ciddi SARS olacaq. Bizdə "SARS Kralı" olsa da, əsrlər boyu ən təhlükəli SARS infeksiyası mövsümi qripdir. İndi çox güman ki, bu, transformasiya olunmuş yeni koronavirus infeksiyası olacaq".

Ekspert xatırladıb ki, bir dominant ştamdan digərinə keçərkən virusun yoluxuculuğu həmişə daha yüksək olur. Bununla belə, ekspert hesab edir ki, bu baxımdan koronavirus demək olar ki, tavana çatıb. Eyni zamanda virusun patogenliyi - onun orqanizmdə yoluxucu proses törətmək qabiliyyəti - təxminən indiki səviyyədə qalacaq.
 
 
 
Ardını oxu...
Damar içində qan pıtraqlaşması ciddi təhlükə yarada bilər.
Bunu bilib, vaxtında tədbirlər görmək lazımdır.

“Medicina” xəbər verir ki, həkim kardioloq Oleq Varfolomeyev bu qan pıxtalarının sonradan ölüm təhlükəsi saçan tromba çevrildiyini bildirib.

“Ayaqlarda dərin vena trombozunu müntəzəm yoxlatmaq lazımdır. Müəyyən amillər var ki, trombozu artırır. Artıq çəki, siqaret, qadınlarda hamiləlik əleyhinə dərmanlar, hamiləlik özü, 60 yaşdan yuxarı yaş, şəkər xəstəliyi, əməliyyatlar, hərəkətsiz qalmaq və s.

Bəs ayaqlarda tromb olduğunu necə bilmək olar: istənilən ağrı, ayağı bir hissəsində nəbzvari vurğu kimi hiss, bir ayağın şişkinliyi, qıcolmalar, dəridə ağarma, göyərmə, şişkinlik. Əgər bu əlamətlər varsa, dərin doppler olunmalıdır.

Bu əlamətlər başqa xəstəliklərdə də olur, amma həyati təhlükə trombda olur. Ona görə birinci o yoxlanmalıdır.
 
 
 
Ardını oxu...
Səhiyyə Nazirliyi “Qiymətləri Tarif Şurası müəyyən edir” deyir; iqtisadçı: “Tarif Şurasının gətirdiyi qaydalar nəinki qiymətlərin bahalaşmasına, hətta keyfiyyətin aşağı düşməsinə səbəb oldu”
Azərbaycanda son bir neçə ayda bir sıra dərmanlar 4-5 dəfə bahalaşıb. Kəskin qiymət artımı əsasən qiyməti Tarif Şurası tərəfindən tənzimlənməyən, o cümlədən Rusiya və Ukraynadan gətirilən dərmanlarda müşahidə olunur. Eyni zamanda nisbətən ucuz, lakin keyfiyyətli dərmanlar yoxa çıxıb, əvəzinə daha bahalı analoqları satılmağa başlayıb.

Ekspertlərə görə, Türkiyədən alınan dərmanlarla Azərbaycanda satılan eyni tərkibli dərmanlar arasında, Rusiyadan gətirilən dərmanlar arasında təxminən 8 dəfə qiymət fərqi var. Əvəzində daha bahalı əvəzedicilər təklif olunur ki, bu da əhali arasında narazılıq yaradır. Öskürək əleyhinə dərmanlar və antibiotiklər də azı 40-50 faiz bahalaşıb. Qlükoza və fizioloji məhlul Ukraynadan gətirildiyi üçün müəyyən çətinliklər yaranıb. Apteklərdə satıcılar depolarda yodun məhdud miqdarda verilməsindən şikayətlənirdilər, amma yodun qiyməti qalxan kimi qıtlıq dərhal aradan qalxdı.

“5-HOK” dərmanına tələbat yüksək olsa da, son aylar tədarük edilməyib. Bu dərmanın əvəzinə oxşar dərmanlar baha qiymətə gətirilir. Betoptik göz damcılarına da ciddi tələbat var, lakin hər aptekdə yoxdur. Elə dərmanlar var ki, 6-7 dəfə bahalaşıb. Nəqliyyat xərclərini və vergiləri nəzərə alsaq belə, qiymətlərin bu qədər kəskin artması yenə də ola bilməz. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycana 432 milyon 151,98 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz çoxdur.

Səhiyyə nazirinin müavini Rasim İsmayılov yerli mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda dərmanların qiymətini Tarif Şurası müəyyən edir. T. İsmayılov bildirib ki, yerli dərman preparatlarının istehsalı sahəsində də xeyli iş aparılır. İsmayılovun sözlərinə görə, “Diamed Co” və “R-Pharm” adlı iki şirkət artıq yerli istehsal qurub. Ələt Azad İqtisadi Zonasında İsrail şirkəti ilə birgə açılacaq yeni istehsal müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu istiqamətdə İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq güclənir. Yeni investorların cəlb edilməsi ilə dərman istehsalının artırılması və idxaldan asılılığın aradan qaldırılması nəzərdə tutulur. Bununla belə, Azərbaycanda dərman preparatlarının idxalını kimin monopoliyaya alması ilə bağlı sualın cavabı açıq qalır.

TEREF.AZ yazır ki, iqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, problemlərin olacağı əvvəldən proqnozlaşdırılırdı: “Əslində ilk gündən Tarif Şurasına bu səlahiyyətlər veriləndən qərarın əleyhinə çıxış edən, bununla bağlı mətbuatda çıxışlarında bunu vurğulayan mütəxəssislərdən biri də mən olmuşam. Çünki bu qərarın belə bir nəticələr doğuracağı öncədən məlum idi. Əgər Azərbaycan özünü bazar iqtisadiyyatı ilə fəaliyyət göstərən ölkə adlandırırsa, dərman preparatlarının qiymət tənzimlənməsinə, dövlət yox, bazar, yəni rəqabət cavab verməli idi. Rəqabətli mühitin yaradılmasına dövlət çalışmalı idi ki, bazarda 10-larla şirkət olsun. Rəqabətli mühit yaransın və qiymətləri bazar tənzimləsin. Tarif Şurasının gətirdiyi qaydalar nəinki qiymətlərin bahalaşmasına, hətta keyfiyyətin aşağı düşməsinə səbəb oldu. Çünki Tarif Şurasının qaydalarına görə dərman preparatlarının adları yox, molekulları və istehsal ölkələrinə görə qiymətləri müəyyənləşir. Nəticə etibarilə də Tarif Şurasının qiymət təyin etdiyi molekulun ən ucuzunu, ən keyfiyyətsizini xaricdən gətirib. Misal üçün, Hindistandan, Asiya ölkələrindən gətirib, daha baha qiymətə satmaq fürsəti yaranıb. Ona görə də bazardan keyfiyyətli, dünyaca tanınmış brendlərin istehsal etdiyi dərmanlar ya yoxa çıxır, ya da çox bahalaşır. Əksəriyyət xaricə gedən qohumundan xahiş edir ki, dərman alıb gətirsin. İstər Türkiyə, istərsə də Avropa ölkəsi olsun, dərmanların bizdən qat-qat ucuz qiymətə olduğunu görürük. Ona görə də Tarif Şurası bu işdən uzaqlaşdırılmalıdır. TŞ-nin tənzimləmə siyasəti ölkədə inhisarçılığı daha da artırdı. Ölkədə bir-iki şirkət var ki, bütün bazarın demək olar ki, 80-90 faizinə nəzarət edir. Bu da TŞ-nin gətirdiyi qaydalara görə inhisarçılığın artmasına səbəb oldu. Ona görə də Tarif Şurasından bu tənzimləmə tamamilə alınmalıdır. Dövlətin borcu tənzimləmədə dərmanların keyfiyyətinə nəzarət etmək, keyfiyyətsiz dərmanların bazarda olmasının qarşısını almaqdır. Yerdə qalan hər şeyi açıqlamaqla, bazarda rəqabəti gücləndirməklə, xarici şirkətlərin bazara daxil olmasına şərait yaratmaqla inhisarçıların deyil, xalqın, vətəndaşların maraqlarına cavab verən yanaşma ilə bu məsələ həllini tapmalıdır. İndiki yanaşma, sistem özünü doğrultmadı. Hər il də davam edir, amma hökumət tutduğu səhv yoldan dönmək istəmir”.

İqtisadçı “bir çox işbazlar ucuz başa gəlsin deyə, bəzi xarici ölkələrdəki istehsalçılarla anlaşmaya gedərək, dərmanın tərkibini bahalı edən maddələrin faizini azaltdırır, onu ikiqat ucuz alır və gətirib ikiqat baha satırlar” iddiasına belə cavab verib: “Səbəbi odur ki, dərmanların molekullarına qiymət qoyulur. Misal üçün, həmin dərman molekulu Fransa, İtaliya, Almaniya istehsalı olan dərmanlar keyfiyyətlidir və bahadır. Azərbaycana nisbətən orada ucuzdur. Azərbaycana gətirəndə daha baha başa gəlir. Amma Hindistan, Nepal, Şri-Lanka istehsalı olan həmin eyni molekul dərmanları daha ucuz olur, amma keyfiyyətsizdir. Bura gətiriləndə daha baha satılır, amma keyfiyyətsizdir. Vətəndaşlar da bundan ikiqat əziyyət çəkirlər”.

Farmakoloq, dosent, professor Aydın Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dərman istehsalı böyük sənayedir və bunun hazırlanmasında alimlər, bioloqlar, mühəndis, baytar, aqronom, kimyaçı-hər kəs iştirak edir: "Bu, yeni iş yerlərinin açılması deməkdir. Təbii ki, bu, dövlətin problemidir və həll olunmalıdır. Rəqabət sistemi qurulmalıdır. Rəqabət olmayanda ayrı-ayrı işbazlar istənilən sahəni ələ alırlar. Yoxsa bir, ya da beş nəfərdən asılı vəziyyətə düşürük. Dərmanın keyfiyyətsizi o deməkdir ki, o dərmanın vaxtı keçib, o dərmanın tərkibində olan ionlar, atomlar, ayrı-ayrı bioloji aktiv maddələr artıq insan bədənində enerjini dəyişdirə bilmir".

Qeyd edək ki, yaxın günlərdə Səhiyyə Nazirliyi ölkədə bir sıra dərmanların qıtlığının yaranması ilə bağlı məsələyə aydınlıq gətirib. Nazirliyin Analitik Ekspertiza Mərkəzindən mediaya bildirilib ki, “Adrenalin - Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb. Bildirilib ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər: “Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki qaldı "Niyə apteklərdə yoxdur və niyə gətirilmir" sualına, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid məsələ deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir".

Afaq MİRAYİQ,
 
Ardını oxu...
ABŞ prezidenti Co Bayden xəstələnib.

Məlumata görə, dövlət başçısı koronavirusa yoluxub.

Bildirilir ki, məhz bu səbəbdən siyasətçinin G20 sammitindəki bütün görüşləri ləğv edilib.

Qeyd edək ki, tədbir 15 və 16 noyabr tarixlərində İndoneziyada keçirilir.
Ardını oxu...
Ədviyyat bazarında bəzən xoşagəlməz hallar yaşanır. İşbazların tələsinə düşməmək üçün bəzi məqamlarda diqqətli olmaq lazımdır. İşbazlar sarıkökə un və illərlə satılmayan noxudu üyüdüb əlavə edirlər. Bunu bilmək üçün 1 stəkan ilıq suya 1 çay qaşığı sarıkök əlavə edirik. Əgər suyun üzərində ağ təbəqə əmələ gəldisə, deməli, sarıkökə un və ya üyüdülmüş noxud əlavə olunub. Ən yaxşı olan sarıkök rəngi xardal rəngində olandır.

Bu barədə qida məsələləri üzrə mütəxəssis Ağa Salamov danışıb. Mütəxəssis bildirib ki, işbazlar sumağa da rəng qatqıları və süpürgə toxumu əlavə edirlər:

“Sumağa toxunduğumuz zaman əlimizə qırmızı rəng çıxarsa və ya 1 stəkan ilıq suya 1 ç/q sumaq əlavə edərkən suyun rəngi qırmızı olarsa, demək ki, ona rəng qatılıb.

Zəfəran adı ilə bəzən bazarda Aspir bitkisi satılır. Zəfəran alarkən həm qiymətinə, həm də kök qisminə diqqət etmək lazımdır. Əsl zəfəran ucuz satılmır və kök qismi (ağ qismi) kəsilir. Onun kök qisminin ağ olduğuna görə rəngvermə xüsusiyyəti yoxdur. Bəzən işbazlar çəkiyə ağırlıq qatmaq üçün kök qismini kəsib atmır.

Duz qaya duzu, dəniz duzu və ya Naxçıvan duzu olsa, istehlak üçün daha faydalı olar. Nəinki tərkibində kimyəvi qatqılar olan süfrə duzu. Ən yaxşısı qaya duzunu əl dəyirmanı ilə üyüdüb xörəklərdə istifadə etməkdir. Qış aylarında gündəlik qida rasionuna 5 qr duz kifayət edir.Dən istiotdan əl dəyirmanı ilə istifadə etmək və ya dən istiotu ev şəraitində üyüdüb istifadə etmək daha məqsədəuyğundur. İşbazlar bəzən sarıkök kimi, istiotda da undan və ya üyüdülmüş noxuddan istifadə edirlər.

Pul bibərə də rəng qatılır, bunu bilmək üçün 1 fincan ilıq suya 1 ç/q pul bibəri asta-asta əlavə edirik. Əgər suya qırmızı rəng çıxdısa, demək ki, rəng qatılıb. Keyfiyyətli pul bibər fincanın dibinə çökməlidir”. \\Qidaelmi.az
 

Dünyapress TV

Xəbər lenti