Ardını oxu...
Cənubi Qafqaz: Qlobal fırtınalar və ortaq gələcək ümidi arasında
“Xəyali icma”nın gerçək təsviri

Qədim mədəniyyətlərin qovuşduğu Cənubi Qafqaz bu gün geosiyasi fırtınanın mərkəzində qalan gəmiyə bənzəyir. Bir çox cəhətdən bir-birindən fərqli üç ölkə – Ermənistan, Azərbaycan və Gürcüstan – köhnə qaydaların sürətlə öz qüvvəsini itirdiyi, yenilərinin isə hələ formalaşmaqda olduğu bir dünyada öz yolunu tapmağa çalışır.

2023-cü ilin sentyabr ayından sonra Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə yaranan "yumşalma" ehtiyatlı nikbinliyə əsas verir. Bəs region keçmişin incikliklərindən və qarşılıqlı etimadsızlıqdan qurtula biləcəkmi? Qarşısına çıxan fürsətlərdən yararlanacaq, yoxsa yenidən münaqişələrə və durğunluğa sürüklənəcək?

Üç tarix, üç tale: ortaq “başlanğıc nöqtə” axtarışında

Azərbaycan, Ermənistan və Gürcüstanın hər birinin özünəməxsus tarixi, öz ağrıları və öz xəyalları var.

Azərbaycan - qədim Qafqaz tayfalarının irsini, Zərdüşt məbədlərinin əzəmətini, İslamın incə mədəniyyətini, hərbi-siyasi elitanın və dövlətçilik ənənələrinin formalaşmasında əsas rol oynayan türk xalqlarının dərin təsirini özündə birləşdirən bir məkandır. Bu tarixi köklər təbəqələrdən ibarət milli kimliyin əsasını təşkil edərək, müasir siyasətə və ictimai şüura təsir göstərməyə davam edir.

XIX-XX əsrlərin sonunda Azərbaycan neft yataqlarının kəşfi ilə yanaşı müasirləşməyə can atması sayəsində iqtisadi və mədəni yüksəliş yaşadı. Bakı təkcə sənaye mərkəzinə deyil, həm də maarifləndirmə və müstəqillik ideyalarını fəal şəkildə təbliğ edən milli ziyalıların formalaşması üçün bir platformaya çevrildi. Məhz bu dövrdə 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə nəticələnən güclü milli hərəkat yarandı.

Sovet dövrü Azərbaycan üçün ziddiyyətlər dövrü oldu. Bir tərəfdən, sənayeləşmə və sosial infrastrukturun inkişafı iqtisadi artıma və mədəni çiçəklənməyə kömək etdi. Digər tərəfdən, repressiyalar, milli özünüdərk hissinin boğulması və siyasi mərkəzləşdirmə ağrılı miras qoydu. Buna baxmayaraq, sovet dövrü də Azərbaycan milli kimliyinin möhkəmlənməsində rol oynadı.

Bu gün Azərbaycan gələcəyə baxan bir ölkədir. Qarabağda qələbə təkcə ərazi bütövlüyünün bərpasını təmin etmədi, həm də milli özünüdərk hissinin yeni səviyyədə formalaşmasında mühüm mərhələ oldu. Ölkə regionda və beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək üçün nəqliyyat və enerji dəhlizlərini fəal şəkildə inkişaf etdirir. Təbii sərvətləri, strateji mövqeyi və həyata keçirdiyi çoxvektorlu siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunmasında əsas rol oynayır.

Ermənistan - tarixi əsrlərin dərinliyinə gedən, özünəməxsus dilin və əlifbanın vətəni olan, mədəni irsin milli kimliklə sıx şəkildə bir-birinə qarışdığı ölkədir. Erməni Apostol Kilsəsi əsrlər boyu xalqı birləşdirən və hətta xarici təhdidlər dövründə mədəni irsi qoruyan mənəvi dayaq rolunu oynayıb.

1915-ci ildə Osmanlı İmperiyasında baş verən faciəli hadisələr erməni xalqının kollektiv yaddaşında dərin iz buraxıb, onun dünyagörüşünü formalaşdırıb və ölkənin daxili və xarici siyasətinə təsir göstərib. 1918-ci ildə Ermənistanın Birinci Respublikasının yaradılması milli quruculuq tarixində mühüm mərhələ oldu. Amma sonrakı sınaqlar onun süqutuna və Sovet İttifaqının tərkibinə daxil olmasına gətirib çıxardı. Sovet dövrü bölgəyə sənayeləşmə ilə yanaşı, siyasi azadlıqların məhdudlaşdırılması və mərkəzləşdirilmiş idarəetmə də gətirdi ki, bu da müstəqil siyasi kimliyin inkişafını çətinləşdirdi.

Ölkənin həyatında mühüm rol oynayan erməni diasporu iqtisadiyyata, siyasətə və mədəni inkişafa əhəmiyyətli dərəcədə təsir göstərir. Beynəlxalq aləmdəki fəallığı sayəsində diaspor Ermənistanın qlobal siyasətin gündəmində qalmasına kömək edir, eyni zamanda gözləntilər üçün yüksək bir standart müəyyən edir ki, bu da bəzən Ermənistanın özündə və onun hüdudlarından kənarda gələcəyin qavranılması arasında uçuruma səbəb olur.

Bu gün Ermənistan mühüm transformasiya ərəfəsindədir. Tarixən ölkənin kimliyi mərkəzində dilin, dinin və mədəni irsin dayandığı ənənələrə, bunlara söykənən özünüdərkə əsaslanıb. Lakin qlobal iqtisadiyyata inteqrasiya, demokratik institutların inkişafı və milli təhlükəsizliyin gücləndirilməsi kimi müasir çağırışlar ölkəni həmin modeli yenidən nəzərdən keçirməyə sövq edir. Tədricən əsasında bərabərlik, siyasi həyatda iştirak və tarixi küskünlüklərə deyil, gələcəyə yönəlmə kimi ümumi prinsiplərin dayandığı yeni vətəndaş kimliyi formalaşır. Bu, mədəni irsin qorunması ilə yeni reallıqlara uyğunlaşma arasında tarazlıq tələb edən çətin bir prosesdir. Lakin məhz bu transformasiya Ermənistana dünyadakı yerini yenidən düşünmək və davamlı bir cəmiyyət qurmaq şansı verir.

Gürcüstan - Kolxida və İberiya kimi qədim krallıqların varisi olan özünəməxsus tarixə malik ölkədir. Onun mədəniyyəti, unikal dili və pravoslavlığın dərin ənənələri milli kimliyin əsasını təşkil edir. Qədim dövrlərdən bu günə qədər müstəqillik uğrunda mübarizə tarixi Gürcüstanın ictimai şüuruna və siyasi mədəniyyətinə təsir göstərib.

1917-ci il inqilabından sonra müstəqillik dövrü, qısa olmasına baxmayaraq, ölkə həyatında mühüm mərhələ oldu. Sovet dövrü ölkəyə müasirləşmə və iqtisadi inkişaf gətirdi, eyni zamanda repressiyalar və milli istəklərin boğulması ilə müşayiət olundu. SSRİ-nin dağılmasından sonra Gürcüstan daxili münaqişələr, iqtisadi böhranlar və sürətlə dəyişən dünyada öz yerini tapmaq cəhdləri ilə müşayiət olunan çətin dövlət quruculuğu mərhələsinə qədəm qoydu.

Bugünkü Gürcüstan müasir dünyanın çağırışlarına uyğunlaşmaqla yanaşı, özünəməxsusluğunu qorumağa çalışır. Ölkə nəqliyyat və enerji axınları üçün tranzit qovşağı olaraq qalır, bu isə onu Orta Dəhliz kimi regional təşəbbüslərin mühüm iştirakçısına çevirir. Eyni zamanda, Gürcüstan xarici siyasət strategiyasını yenidən nəzərdən keçirmək əlamətləri nümayiş etdirir. Əgər əvvəllər Avropaya inteqrasiya əsas istiqamət idisə, bu gün ölkə getdikcə daha artıq çoxvektorlu siyasətə can atır. Belə bir “yenidənbaxış” qismən Avropa İttifaqı və NATO-ya üzvlüyün nə zaman baş tuta biləcəyi məsələsindəki qeyri-müəyyənliklə, qismən də qonşu ölkələrlə münasibətlər qurmaq zərurəti ilə bağlıdır.

Yeni istiqamətlər axtarışı Gürcüstanın müxtəlif təsir mərkəzləri arasında tarazlığı qorumaq, həmçinin müstəqilliyini və dayanıqlığını gücləndirmək istəyini əks etdirir. Ölkə öz yolunu yenidən düşünmək prosesindədir ki, bu da həm inkişaf üçün imkanlar, həm də daxili və xarici çağırışlarla bağlı risklər yaradır. Onun dəyişən dünyaya uyğunlaşma qabiliyyəti təkcə öz gələcəyini deyil, həm də regiondakı güc balansını müəyyən edəcəkdir.

Dəyişən dünya: tektonik dəyişikliklər və onların nəticələri

Dünya tektonik dəyişikliklər dövrünü yaşayır. SSRİ-nin dağılmasından sonra formalaşan təkqütblü model keçmişə çevrilir. Onun yerinə daha çox regional güclərin və idealogiyadan da artıq praqmatik maraqların birləşdirdiyi bloklarının rol oynadığı çoxqütblülük gəlir.

Bu yaxınlarda sarsılmaz görünən liberal-demokratik dəyərlər ciddi sınaqlara məruz qalır. Proteksionizm, millətçilik və bəzi ölkələrdə açıq populizm normaya çevrilir.

Bu qlobal proseslər Cənubi Qafqaza təsirsiz ötüşə bilməz. Regional oyunçuların təsiri artır. Başı öz problemlərinə qarışmış ABŞ və Avropa İttifaqı artıq regiondakı vəziyyətə əvvəlki kimi fəal təsir göstərə bilmir. EUROPEAN Bankın sabiq direktoru, İtaliyanın baş naziri olmuş, hazırda isə Avropa Komissiyası prezidentinin xüsusi müşaviri Mario Draqinin Aİ-nin rəqabət qabiliyyəti ilə bağlı yayımladığı hesabat buna sübutdur. Orada Avropanın öz mövqelərini itirdiyi, tarixin kandarında qalmamaq üçün təcili dəyişməli olduğu birbaşa bildirilir. Hesabat Avropaya həsr olunsa da, onun bir çox nəticələri Cənubi Qafqaz üçün də aktualdır. Region, Avropa kimi, yeni dayaq nöqtələri axtarmalı, iqtisadiyyatı şaxələndirməli, xarici oyunçulardan asılılığı azaltmalıdır.

Məsələn, ABŞ və Çin, eləcə də ABŞ və Avropa arasında artan ticarət ziddiyyətləri sonuncuları alternativ ticarət yolları və tərəfdaşları axtarmağa məcbur edir. Bu şəraitdə Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə vasitəsi ilə Çinlə Avropanı birləşdirən Orta Dəhlizin əhəmiyyəti artır. Bu marşrut getdikcə daha cəlbedici olur, çünki həm Rusiyadan, həm də Yaxın Şərqin qeyri-sabit bölgələrindən yan keçməyə imkan verir.

Orta Dəhliz: adi yoldan da dəyərli

Faktiki, yeni İpək Yolu olan Orta Dəhliz, Cənubi Qafqaz üçün fırtınalı dənizdə xilasedici halqa rolu oynaya bilər. O, regiona təkcə tranzitdən qazanc əldə etmək üçün deyil, həm də iqtisadiyyatı modernləşdirmək, investisiyalar cəlb etmək və yeni iş yerləri yaratmaq üçün imkanlar açır. Artıq bu istiqamətdə atılan konkret addımlar gözə görünür.

Ancaq Orta Dəhlizin potensialının tam şəkildə reallaşması üçün təkcə milyardlarla dollarlıq investisiyalar deyil, həm də siyasi iradə tələb olunur.

Və burada əsas suala gəlirik: Ermənistan, Azərbaycan və Gürcüstan, nəhayət, iqtisadi inteqrasiya ilə bağlı ciddi danışıqlara başlamağa hazırdırlarmı? Axı bu olmadan Orta Dəhlizi tam şəkildə işə salmaq mümkün deyil. Hazırda region ölkələri arasında iqtisadi əlaqələr olduqca zəifdir. Dünya Bankının məlumatına görə, ölkələrimiz arasında qarşılıqlı ticarətin payı xarici ticarətin ümumi həcminin 10%-dən azdır. Vahid iqtisadi məkan, ümumi gömrük tarifi isə hər üç ölkənin inkişafına güclü təkan verə bilər.

Cənubi Qafqazın "xəyali icması": mif, yoxsa reallıq?

Bəzi ekspertlərin tez-tez sitat gətirdikləri Benedikt Anderson özünün məşhur kitabında "xəyali icmalar" haqqında - bir-birini heç vaxt görməyən insanların bir millətin parçası olduqlarını necə hiss etməyə başladıqları barədə yazırdı.

Bütün Cənubi Qafqaz miqyasında belə bir "xəyali icma"nın yaranması mümkündürmü? Çətin sualdır. Burada çoxlu tarixi incikliklər, sağalması çətin olan yaralar, həll olunmamış münaqişələr var. Lakin gələcəyə dair ortaq bir baxış yaranmadan, əməkdaşlığın düşmənçilikdən daha sərfəli olduğu dərk edilmədən region bölünmüş və zəif olaraq qalacaq.

Bəs bu "ortaq narrativin" əsasını hansı elementlər təşkil edə bilər?

İlk növbədə, şübhəsiz ki, məqalənin əvvəlində qısa təsviri verilən regionun zəngin tarixi və mədəniyyəti! Onlarda xalqların taleyi bir-birinə qovuşur. Lakin bu, həm də nəqliyyat infrastrukturunun, kommunikasiyaların, turizmin, kənd təsərrüfatının və s. inkişafı ilə bağlı ümumi iqtisadi maraqlardır. Region ölkələrinin yalnız birgə öhdəsindən gələ biləcəkləri çağırışlardır - iqlim dəyişikliyi, su ehtiyatlarının çatışmazlığı, transmilli cinayətkarlıq təhlükəsidir. Dünyanın digər bölgələrinin təcrübəsi göstərir ki, regional inteqrasiya tarixi fikir ayrılıqlarının aradan qaldırılması və daha sabit və firavan gələcək qurulması üçün effektiv vasitə ola bilər. İkinci Dünya Müharibəsindən sonra formalaşan Benilüks iqtisadi əməkdaşlığın barışığa və sabitliyə necə kömək edə biləcəyinə nümunə oldu. Polşa, Çexiya, Slovakiya və Macarıstanı birləşdirən Vişeqrad Qrupu ortaq maraqları olan ölkələrin beynəlxalq aləmdə öz hərəkətlərini necə effektiv şəkildə əlaqələndirə və ya ən azı birlikdə müzakirə edə biləcəyini nümayiş etdirir.

Region ölkələri keçmişin ətalətini dəf edə, qarşılıqlı iddiaları bir kənara qoya və ortaq bir gələcək qurmağa başlaya biləcəklərmi? Bu sualın cavabından Ermənistanın, Azərbaycanın və Gürcüstanın gələcəyi çox asılıdır.

Bu gün Cənubi Qafqazın daimi münaqişələr zonasından sabitlik və firavanlıq regionuna çevrilmək üçün unikal şansı var: Şərq və Qərb arasında sadəcə bir tranzit dəhlizi deyil, dünya arenasında nüfuzlu bir oyunçu olmaq şansı.

Bunun üçün hər şeydən əvvəl danışıqlar masası arxasında oturaraq, yığılıb qalmış problemləri həll etməyə başlamaq istiqamətində siyasi iradə lazımdır. Düşmənçilikdən, nifrət dilindən imtina edib dialoq dilinə keçmək üçün cəsarət lazımdır. Nəhayət, belə olduqda region ölkələrinin ayrı-ayrılıqda olduğundan daha artığına nail ola biləcəklərini dərk etmək lazımdır.

Sonda bir əlavə: Cənubi Qafqaz ölkələrinin liderlərinin və xalqlarının hansı seçimi edəcəyindən təkcə bölgənin gələcəyi deyil, həm də bütün Avrasiya məkanında təhlükəsizlik arxitekturası asılıdır.

Bu, sülh, əməkdaşlıq və ortaq gələcək lehinə bir seçim olacaqmı?
Ardını oxu...
ABŞ hökuməti Venesuela prezidenti Nikolas Maduronun andiçmə mərasimini tanımayıb və onun həbsinə dəlillər verilməsi üçün təyin edilən mükafatı 25 milyon dollara çatdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat yayıb.

“Biz Nikolas Maduro və Daxili İşlər, Ədliyyə və Sülh Naziri Diosdado Kabello üçün mükafatı 25 milyon dollara qədər artırırıq.

Bundan əlavə, müdafiə naziri Vladimir Padrino Lopezin tutulmasına və mühakimə olunmasına səbəb olan məlumat üçün yeni 15 milyon dollar mükafat əlavə edirik”, - məlumatda qeyd edilib.
 
Ardını oxu...
Qrenlandiya aysberqin yalnız görünən hissəsidir.

APA xəbər verir ki bu barədə “Politico” məlumat yayıb.

Trampın baş köməkçisi Qrenlandiya qumarının daha geniş geosiyasi dinamika ilə bağlı olduğunu, ABŞ-nin getdikcə döyüşən Rusiyanı Arktika hegemonluğu üçün rəqib kimi gördüyünü təsdiqləyib.

"Bu təkcə Qrenlandiya ilə bağlı deyil. Bu, Arktika ilə bağlıdır. Sizin kral olmağa çalışan Rusiyanız var... Burada söhbət neft və qazdan gedir. Bu, bizim milli təhlükəsizliyimizdir. Bu, kritik minerallardır", - təhlükəsizlik müşaviri Mayk Vals bildirib.

Digər Arktika ölkələri Norveçin Svalbard adalarının Rusiya prezidenti Vladimir Putinin imperialist nəzərini cəlb edə biləcəyini ehtiyatla izləyirlər.

Norveçin Baş naziri Jonas Gahr Store arxipelaqın potensial zəifliyi ilə bağlı hər hansı narahatlığı rədd edib: "Svalbard Norveçdir və təhlükəsizdir".

Svalbard Rusiyanın Şimal Donanmasının Atlantik Okeanına çatmaq üçün keçməli olduğu dəniz marşrutu boyunca yerləşir. Bu Moskva üçün strateji əhəmiyyət kəsb edir. Təxminən 2500 nəfərin yaşadığı Svalbard adasının bir neçə yaşayış məntəqəsində sovet dövründən qalma ruslar yaşayır. Onlar əsasən ikinci ən böyük şəhər olan Barentsburqda yaşayır.

1920-ci ildə imzalanmış Svalbard müqaviləsi Norveçə arxipelaq üzərində suverenlik verir, lakin bütün digər imzalayanlara onun təbii sərvətlərindən istifadə etməyə icazə verir və hazırda bu müqaviləyə ABŞ, Rusiya və Yaponiya da daxil olmaqla 48 tərəf daxildir. Ancaq bu gün bu hüquqdan yalnız Rusiya və Norveç istifadə edir. Svalbard həm də müqavilə sayəsində silahsızlaşdırılmış və vizasız zona olmaqla yanaşı, əsasən tədqiqatçıları və turistləri cəlb edir. Əhalinin əksəriyyəti mədən sənayesində çalışır.

Kremlin sözçüsü Dmitri Peskov cümə axşamı bildirib ki, Moskva Qrenlandiyada baş verənləri maraqla izləyir: "Arktika bizim milli maraqlarımızın, strateji maraqlarımızın zonasıdır. Biz Arktika zonasında sülh və sabitlik mühitinin qorunmasında maraqlıyıq".

Arktika müşahidəçiləri xəbərdarlıq ediblər ki, Trampın Qrenlandiyanı ələ keçirmək fikrində olması ilə bağlı ən böyük təhlükə onun rəqib güclərə eyni imperialist damarda hərəkət etməyə başlaması üçün verə biləcəyi potensial ilhamdır.

Norveçin Oslodakı “Fridtjof Nansen” İnstitutunun tədqiqatçısı Andreas Osthagen “Politico"ya bildirib ki, Trampın bəyanatları digər aktyorları, xüsusən də Rusiya və ya Çini milli maraqlarını təmin etmək üçün başqa ölkəyə qarşı hərbi gücdən istifadəni qanuni vasitə kimi görməyə təhrik edə bilər.
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

"DogruXeber.az" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Qeyd edək ki, Paşinyan bu gün həmçinin İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə də görüşüb.

Onu da deyək ki, Azərbaycan lideri İlham Əliyev həm Avropa İttifaqının xüsusi nümayəndəsini, həm də İranın Ali Dini Liderinin nümayəndəsini dünən Bakıda qəbul etmişdi.
Ardını oxu...
Yeni seçilmiş Prezident Donald Tramp Qrelandiya və Panama kanalının hərbi güc tətbiqi vasitəsilə ABŞ-a qatılmasını istisna etmədiyini bildirib. Onun açıqlaması beynəlxalq aləmdə müzakirələrə səbəb olub və bir çox suallar doğurub. Tramp eyni zamanda Kanada dövlətinin də ABŞ-a birləşdirmək niyyətində olduğunu deyib.

Bəzi ekspertlərin fikrincə, yeni prezidentin bu tip açıqlamaları əslində dünyada xaos yaradır. Həmçinin onun açıqlamaları NATO-nun dağılma prosesini başlada bilər.

Trampın açıqlamaları nəyə hesablanıb? Qeyd olunan planlar həyata keçirilərsə, bu, beynəlxalq siyasətdə hansı nəticələr doğuracaq?

Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, dövlətlərarası münasibətlər beynəlxalq hüquqla tənzimlənməlidir:

“Beynəlxalq hüququn 11 prinsipi var. Bunlar 1975-ci il Helsinki anlaşması ilə əldə edilib. Əvvəl 8 prinsip idi, lakin daha sonra 3 prinsip də qəbul olundu. Bunlardan ən əsasları “Sərhədlərin toxunulmazlığı“ və “Dövlətlərin daxili işinə müdaxilə edilməmə” prinsipləridir.

Mövcud situasiyanı nəzərə aldıqda qəribə mənzərə ortaya çıxır. ABŞ özü bu anlaşmaların təşəbbüskarıdır. İndi isə həmin beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaq istəyir”.

Politoloqun sözlərinə görə, Vaşinqton bu prinsipləri qəbul etdiyi üçün Trampın çağırışları əsassızdır:

“ATƏT məhz Helsinki anlaşması nəticəsində yaranıb. Avropa təşkilatı olmasına baxmayaraq, ABŞ və Kanada da bu birliyin üzvüdür. Yəni onlar da təşkilatın prinsiplərini qəbul edib.

ABŞ-ın bugünkü çağırışları – Kanada, Panama və Qrelandiya ilə bağlı deyilənlər populist çıxışdan başqa bir şey deyil. Görünür, Tramp gündəmi yayındırmağa çalışır. Onun bu cür qeyri-standart addımları, hərəkətləri fərqli gündəm yaratmağa hesablanıb. Avropa və Qərb hələ 4 il bu kimi açıqlamalarla məşğul olacaq”.
 

 

Ardını oxu...
Gürcüstanda prezidentlik müddəti başa çatdıqdan sonra Salome Zurabişvili Arizona Dövlət Universitetinin Makkeyn İnstitutunda "Henri Kissincer 2025" tədqiqat proqramının iştirakçısı olub.

TASS xəbər verir ki, o öz işinə görə təqaüd alacaq.

"Mən Kissincer Təqaüdünü almaqdan qürur duyuram ki, avtokratiyalar və demokratiyalar arasında mübarizə zamanı bizim Gürcüstanın bu mübarizəni təcəssüm etdirməsi çox vacibdir", - deyə Zurabişvili bildirib.

Xatırladaq ki, dekabrın 29-da Gürcüstan parlamentində altıncı Prezident Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçirilib. O, dekabrın 14-də Seçicilər Kollegiyası tərəfindən beşillik müddətə seçilib. Zurabişvili parlamenti qeyri-qanuni hesab etdiyi üçün istefa verməyəcəyini bildirib. Kavelaşvilinin inauqurasiyasından sonra o, prezident sarayını tərk edib, lakin özünü Gürcüstan prezidenti hesab etməkdə davam edir.
 
Ardını oxu...
Prezident İlham Əliyevdən İranla bağlı sərt mesajlar
Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkənin aparıcı televiziya kanallarına verdiyi müsahibədə İranı sərt tənqid edib.

Prezidentin diqqət çəkdiyi məqamlardan biri İranın Ərdəbil üzrə imam-cüməsi Ayətullah Həsən Amilinin canlı yayımda Azərbaycan və Türkiyə prezidentlərini, eləcə də bu iki qardaş xalqı nalayiq ifadələrlə təhqir etməsi olub.

Prezident İlham Əliyev bu mövzuya toxunaraq bildirib ki, bu cür təhqiramiz və təxribat xarakterli hərəkətlərə göz yummaq olmaz:
“O mollanı Ərdəbilə təyin edən adam bu hadisəyə, bu tərbiyəsizliyə necə münasibət bəsləyir? Onun fikri nədir? Azərbaycan xalqından üzr istənməlidir. Ən azından o molla işdən qovulmalıdır və Azərbaycan xalqından üzr istənməlidir.”

Prezidentin mesajı Ayətullah Xameneiyə ünvanlanıb

Məlum olduğu kimi, Ərdəbilin imam-cüməsi Ayətullah Xameneinin birbaşa əmri ilə təyin olunur və ona tabe olaraq fəaliyyət göstərir. Prezident İlham Əliyevin bu açıqlamaları birbaşa Ayətullah Xameneiyə ünvanlanmış mesaj kimi dəyərləndirilir. Prezidentin çıxışı, eyni zamanda, Azərbaycanın İrana qarşı prinsipial və qəti mövqeyini bir daha nümayiş etdirir.
 
Ardını oxu...
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla bağlı tezliklə İran nümayəndə heyəti Türkiyəyə səfər edəcəkdi. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi dünənki mətbuat konfransında bildirmişdi. Diplomat bildirmişdi ki, Zəngəzur dəhlizi heç də siyasi məsələ deyil, bu, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir. Həmçinin vurğulamışdı ki, İranın mövqeyi sabitdir. Biz nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışlamaqla yanaşı, ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq. Bəqayi əlavə etmişdi ki, Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla bağlı İran nümayəndə heyəti tezliklə Türkiyəyə səfər edəcək. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq deyə Bəqayi söyləmişdi. Daha sonra İsmayıl Bəqai təkzib yaydı və ümumiyyətlə Zəngəzur barədə danışmadığını bildirdi. Bəqainin eyni sözləri iki fərqli informasiya kimi yayıldı: birində yalnız Türkiyə-İran sərhədindən danışılır, digərində isə “sərhəd” ifadəsi “Zəngəzur dəhlizi” sözləri ilə əvəz edilir. İlk baxışdaca ziddiyyət göz qabağındaydı: Bəqai Zəngəzur dəhlizi haqda “siyasi deyil, texniki məsələdir” sözlərini işlədə bilməzdi. Zəngəzurla bağlı “texniki məsələni” həll etmək üçün İran nümayəndə heyəti niyə müzakirə üçün Türkiyəyə getməlidir? Hətta bu məsələdə Türkiyə israrlı olsa belə, bu niyə “nəqliyyatçıların həll edəcəyi məsələ” (Bəqainin sözləridir) kimi təqdim edilir Bəqai ayrı-ayrı mövzular haqda necə tam eyni sözlərlə - yalnız “sərhəd” sözünün yerinə “Zəngəzur dəhlizi”ni işlətməklə - danışa bilər? Bunlar təsdiqləyirdi ki, Bəqai Türkiyə-İran sərhədindən danışır, Zəngəzur dəhlizindən deyil. Eyni zamanda, İranın əsas xəbər agentlikləri də, Türkiyə mediası da Bəqainin sərhəd açıqlamasını yaymışdı, Zəngəzuru deyil. Bütün deyilənlərə baxmayraq, informasiya manipulyasiyasını Azərbaycan mediası deyil, İran mediası edib. Bəqainin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasını yayan “Etimad”dır. “Etimad” İranın rəsmi qəzeti və ya xəbər agentliyi olmasa da, kifayət qədər geniş tiraja malik, oxunan saytıdır. Azərbaycanın bəzi xəbər agentlikləri də informasiyanın mənbəyi kimi “Etimad” və “Xəbəronlayn”dan istifadə edib.

Siyasi şərhçi Tural İrfan “Sherg.az”a söyləyib ki, İran Zəngəzur məsələsinin əleyhinədir və buna hər vəchlə maneə yaradır:

“Həmçinin bu da məlumdur ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, digər maraqlı dövlətlər üçün də əhəmiyyət kəsb edir. Ona görə İrana Türkiyənin təzyiqi təbiidir. İran, Türkiyə və Azərbaycana qarşı mümkün qədər maneələr yaratmağa çalışır. Eyni zamanda hər iki dövlətin Zəngəzur dəhlizi məsələsinin həllindən sonra iqtisadi, hərbi və başqa sahələrdə daha da sıx, siyasi, hərbi, coğrafi əlaqələrindən narahatdır. Bu baxımdan Türkiyənin də müxtəlif yollarla İrana təsir göstərməsi normaldır və bu barədə danışıqların, hətta görüşlərin olması da mümkündür. Ancaq yanıldıcı informasiya manipulyasiyası mütəmadi olaraq İran mediası tərəfindən tirajlanır. Çünki İranda hakimiyyət bir nöqtədən idarə olunmur. Ali dini liderə, Prezidentə, Sepah kimi qurumlara bağlı medialar var ki, çox zaman bunların yaydığı xəbərlər həqiqəti əks etdirmir. Yaxud birini təkzib edən məmulatlar olur. Bu, onların hakim dairələri arasındakı münaqişəli durumdan xəbər verir. Eyni zamanda mühafizəkar qrupla, islahatçı qrupun arasındakı dərin fərqdən qaynaqlanır. Riyakar siyasət yürüdən, çox zaman siyasi diplomatik ənənələrdən çox orta əsr adətləri ilə çıxış edən İran rəsmiləri region dövlətlərini nəzərə almadan siyasət aparması doğru hesab edir ki, bu zaman da maraqlar toqquşur. Bunu da İran zorla, təhdid və terror dili ilə həll etmək istəyir. Çox zaman ikili, ziddiyətli bəyanatlar verirlər. Hesab edirəm ki, İran xarici işlər nazirinin ziddiyət dolu açıqlamaları və fars mediasının təxribatçı açıqlamaları İran siyasətində və dövlət idarəçiliyindəki təlatümləri, çaşqınlığı, ziddiyəti göstərir.
Zəngəzur məsələsi isə mütləq həllini tapacaq. İran istəsə də istəməsə də bu məsələnin gec-tez həll olunması Türkiyənin sayəsində mümkün olacaq”.
 

Ardını oxu...


Paşinyan hakimiyyəti Ermənistanı gözləyən real təhlükənin əhatə dairəsini artıq daha yaxşı təsəvvür edir və ABŞ və Qərbin uydurma “erməni dövləti”ni xilas edə bilməyəcəyinin fərqindədir... Ona görə də, hazırda siyasi manipulyasiyalar edərək, zaman qazanmağa cəhd göstərən rəsmi İrəvanın Azərbaycanla yekun sülh sazişini imzalamaq üçün yalvarmaq məcburiyyətində qala biləcəyi də qətiyyən istisna deyil...

"Yeni Müsavat xəbər verir ki, Cənubi Qafqazda sülh prosesinin dalana dirənməsində əsasən iki səbəb daha ön planda yer alır. Belə ki, rəsmi İrəvan bir tərəfdən, Ermənistan cəmiyyətinin sərt reaksiyasından çəkinir. Ona görə də, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması istiqamətində praktiki addımlar atmağa cəsarət göstərmir. Xüsusilə də, Paşinyan hakimiyyətinin bundan sonrakı siyasi mərhələdə Ermənistanda 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərinin təsiri altında olacağı da qətiyyən şübhə doğurmur. Və bu baxımdan, rəsmi İrəvan üçün situasiyanın nə qədər qəliz olduğunu təxmin etmək o qədər də çətin deyil.

Digər tərəfdən, rəsmi İrəvan Ermənistanın beynəlxalq himayədarlarından da tamamilə asılı vəziyyətə düşüb. Belə asılılıq isə Paşinyan hakimiyyətini regional sülh prosesində müstəqil siyasi iradə nümayiş etdirmək şansından məhrum buraxır. Çünki Ermənistanın beynəlxalq himayədarlarının – ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqazda geopolitik prioritetləri hələlik regional sülh prosesi ilə kəskin ziddiyyət təşkil edir. Və bu səbəbdən də Cənubi Qafqazda daha çox silahlı toqquşmalarda maraqlı olan Ermənistanın beynəlxalq himayədarları sülh prosesinin uğur qazanmasına əngəl törətməyə cəhd göstərirlər.

Əslində, regional sülh prosesinə qarşı əsas təhlükə də məhz Cənubi Qafqaza aidiyyatı olmayan Qərb siyasi dairələrinin kobud kənar müdaxiləsindən qaynaqlanır. Belə ki, Ermənistanı "geopolitik müstəmləkə"yə çevirməyə nail olmuş ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqazda yalnız pozuculuq fəaliyyəti ilə bu regionda öz hədəflərini reallaşdırmağa can atırlar. Bu baxımdan, rəsmi İrəvanın ABŞ və Qərbin birbaşa icazəsi olmadan Azərbaycanla yekun sülh sazişinin imzalamağa cəsarət edəcəyi qətiyyən inandırıcı görünmür. Və bu baxımdan, Ermənistanın Azərbaycanla yekun sülh sazişini imzalamağa nə vaxt hazır ola biləcəyi müəmmalı olaraq, qalmaqdadır.

Ancaq rəsmi İrəvan nə qədər sülh prosesini manipulyasiya etməyə çalışsa da, əslində, hazırda zaman Ermənistanın əleyhinə işləyir. Düzdür, Paşinyan hakimiyyəti ABŞ və Qərbin Ermənistana verdiyi dəstəyə ümidlərini hələlik qorumaqda davam edir. Bununla belə, rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişini imzalayaraq, Ermənistanın inkişaf perspektivlərinin önünü açmaq imkanlarının böyük ölçüdə itirilə biləcəyini də artıq anlamağa başlayıb. Və bu baxımdan, Ermənistanın hakim siyasi dairələrində müəyyən təlaşın olması əslində, o qədər də təəccüblü deyil.

Məsələ ondadır ki, Suriya böhranının nizamlanması ilə bağlı prosesin indiki nəticələri Ermənistan cəmiyyətində və siyasi dairələrində ciddi narahatlıq doğurub. Belə ki, rəsmi İrəvan İranın Ermənistana davamlı dəstəyinə böyük ümidlər bəsləyirdi. Eyni zamanda, Qərbə inteqrasiya siyasəti yürüdən rəsmi İrəvanın Kremllə ciddi ziddiyyətləri olsa da, Rusiyanın Türkiyənin Cənubi Qafqazda tam yerləşməsi qarşısında əsas bloklayıcı geopolitik faktor kimi qəbul edirdi. Və bu baxımdan, rəsmi İrəvan üçün həm Rusiyanın, həm də İranın Cənubi Qafqaza təsir gücünün qorunub, saxlanması böyük əhəmiyyət daşıyır.

Ancaq Suriyada Rusiya və İranın məğlub olaraq, geri çəkilmək məcburiyyətində qalması indi rəsmi İrəvanı ciddi şəkildə narahat etməyə başlayıb. Çünki Suriyada “proksi qüvvələri” sıradan çıxarılaraq, zəiflədilmiş İranın Cənubi Qafqaza təsir imkanları da ciddi şəkildə məhdudlaşıb. Buna paralel olaraq, hən Suriyada məğlub olan, həm də Ukrayna “savaş bataqlığı”nda hərbi-siyasi potensialının tükətmək üzrə olan Rusiyanın da Cənubi Qafqazda çevik manevr imkanları artıq şübhə doğurmaqdadır. Və bu, o deməkdir ki, Ermənistan üçün böyük önəm daşıyan Rusiya-İran cütlüyü hazırda Cənubi Qafqazda cərəyan edən proseslərə təsir mexanizmlərindən uzaq qalmağa başlayıb.

Bütün bunlar Ermənistan cəmiyyətində Türk İttifaqı ilə bağlı dərin xof yaradıb. Belə ki, indi erməni siyasi dairələri Türkiyənin Suriyadan sonra Cənubi Qafqaza da yerləşməyə çalışa biləcəyindən narahardırlar. Əsas iddilarsa ondan ibarətdir ki, Rusiya və İranın Cənubi Qafqazda təsir mexanizmlərinin sıradan çıxmaqda olduğu bir şəraitdə Türkiyənin bu regiona yolu tamamilə açılıb. Ona görə də, Türkiyə Azərbaycanla ortaq şəkildə Cənubi Qafqazı tamamilə nəzarət altına almaq imkanlarını artırıb. Və bu, ilk növbədə Ermənistanın gələcək taleyini ciddi təhlükə altına sala biləcək faktor hesab olunur.

Belə anlaşılır ki, erməni siyasi dairələri Türkiyə və Azərbaycanın ortaq geopolitik addımları qarşısında ABŞ və Qərbin Ermənistana dəstəyinin yetərli olmayacağı qənaətinə gəlməyə başlayıblar. Yəni, hesab olunur ki, Türk İttifaqı yaxın vaxtlarda Cənubi Qafqazda həlledici səviyyədə hərəkətə keçərsə, ABŞ, Avropa Birliyi və Fransa Ermənistanı xilas etməkdə gücsüz qala bilər. Əslində, erməni siyasi dairələrinin bu qənaəti həqiqətdən o qədər də uzaq deyil. Və Paşinyan hakimiyyətinin Qərbə güvənərək, sülh prosesini manipulyasiya etməsi, indi Ermənistanı çıxılmaz vəziyyətə salmaq üzrədir.

Maraqlıdır ki, son vaxtlar Ermənistanın hərbi-siyasi dairələri iki paralel iqtiqamətlər üzrə addımlar atmaqla, diqqəti çəkirlər. Belə ki, Ermənistan ordusu Azərbaycanla sərhəd bölgəsində atəşkəsi yenidən pozmağa başlayıb. Bəzi ehtimallara görə, bu, Paşinyan hakimiyyətini Azərbaycanla yekun sülh sazişini imzalamaq şansından məhrum buraxmaq məqsədilə edilir. Digər tərəfdənsə, baş nazir Nikol Paşinyan Ermənistan cəmiyyətinə növbəti dəfə yekun sülh sazişinin imzalanmasının qaçılmazlığı barədə mesajlar verməyə başlayıb. Və bu baxımdan, Ermənistan cəmiyyətində sülh tərəfdarları ilə savaşa üstünlük verənlər arasında kəskin qarşıdurmanın olduğöunu da düşünmək olar.

Təbii ki, Paşinyan hakimiyyəti Ermənistanı gözləyən real təhlükənin əhatə dairəsini erməni radikal-revanist müxalif qüvvələrdən daha yaxşı anlayır. Hər halda, erməni radikal-revanşistlərin Azərbaycanla növbəti savaşa nail olacaqları təqdirdə, ABŞ və Qərbin Ermənistanı xilas edə bilməyəcəyinin fərqindədir. Və bu halda, Ermənistanın gələcək taleyinin ciddi suallar doğuracağını elə indidən də təxmin etmək olar.

Ona görə də, Türk İttifaqının tezliklə hərəkətə keçəcəyi barədə “yaxınlaşan fəlakət” mesajı verən Paşinyan hakimiyyəti indi əvvəlcə Azərbaycanla yekun sülh sazişinin imzalanması, ardıncasa Türkiyə ilə münasibətlərin normallaşdırılmasının yeganə çıxış yolu olduğunu təbliğ etməyə çalışır. Belə davam edərsə, son vaxtlara qədər siyasi manipulyasiyalar edərək, zaman qazanmağa cəhd göstərən rəsmi İrəvanın Azərbaycanla yekun sülh sazişini imzalamaq üçün yalvarmaq məcburiyyətində qala biləcəyi də qətiyyən istisna deyil.
Ardını oxu...
Ötən ilin dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə məqsədli “Pantsir S” raketi ilə vurulmasından sonra iki ölkə arasında münasibətlərin gərginləşdiyi müşahidə olunur.

Təyyarənin Qroznı səmasında hücuma məruz qalmasından sonra enişinə icazə verilməməsi, həmçinin Rusiyadan səsləndirilən bir-biri ilə tutarsız müxtəlif açıqlamalar Azərbaycanda birmənalı qarşılanmadı. Hadisənin əsas səbəbi ortaya çıxdıqdan sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib qəzanın bu ölkənin hava məkanında baş verməsinə görə üzr istəsə də, günahkarların cəzalandırılması ilə bağlı məsələ hələ də öz həllini tapmayıb.

Həmçinin Bakının Moskvaya qarşı irəli sürdüyü əsas şərtlərdən biri olan kompensasiyanın ödənilməsinə də Kremldən aydınlıq gətirilməyib.

Globalinfo.az-a danışan siyasi şərhçi Kamran Sultanlı deyib ki, Azərbaycan tərəfinin reaksiyası kifayət qədər praqmatik, haqlı və davamlıdır:

“Rusiya dövləti və başda Vladimir Putinin heç bir zaman üzr etdikləri səhvə görə istəməmələri hər kəsə məlumdur. Bu cür durumun onların siyasi simalarına və imiclərinə zərbə olduğunu hesab edirlər. Sonuncu dəfə Rusiya liderləri təyyarə qəzasına görə, 1990-cı ildə Sovet dövründə Koreya hava yollarına aid təyyarənin vurulması üçün üzr istəmişdi. Maraqlıdır ki, bu, qəzadan 9-10 il sonra baş verdi.

Prezident İlham Əliyevin ardıcıl mövqeyi Rusiyanı fakt qarşısında qoydu. Hər nə qədər Rusiya liderləri ictimai rəylə hesablaşmağı sevməsələr də, son illərdə baş verən qlobal dəyişikliklər fonunda Moskvanın post-sovet məkanına artan ehtiyacına görə Putin praqmatik davranmağa məcbur qaldı. Xüsusilə Ukraynanın Rusiya qazının tranzitinə qadağa qoymasından sonra Azərbaycan, Qazaxıstan və Türkiyənin burada rolu gücləndi. O baxımdan Rusiya hazırda 15 milyard kubmetrə yaxın qazı məhz Türk axını vasitəsilə ixrac edə bilər. Eyni zamanda Çinə ixracda Qazaxıstan önəmli rola malikdir. Bütün bunlar bizə onu deməyə əsas verir ki, Rusiya rəhbərliyinin ən azından üzrdən sonra müxtəlif kompensasiya tədbirlərini icra etməsi mümkündür”.

Ekspertin sözlərinə görə, 38 nəfərin ölümü ilə nəticələnən qəzaya görə Rusiyada kimlərinsə həbsi gözləniləndir:

“Əks halda bu, Azərbaycan və Rusiya münasibətlərində ciddi böhran yarada bilər. Buna baxmayaraq düşünürəm ki, Kreml rəhbərliyi Bakı ilə gərginliyin artmasına imkan verməyəcək. Ümumiyyətlə, münasibətlərdə enişli-yoxuşlu hallara baxmayaraq Rusiya və Azərbaycan dəyişən geosiyasi vəziyyətdə strateji xəttin pozulmamasına çalışır. Lakin bu o demək deyil ki, Bakı öz mövqeyini ifadə etməyəcək. Azərbaycan Rusiya ilə münasibətlərdə hər zaman dostyana davranıb və ondan da eyni münasibəti gözləmək haqqına sahibdir. Bu, həm də Azərbaycanın kifayət qədər müstəqil siyasət aparmasından qaynaqlanır və Moskva rəhbərliyi bu cür ölkələrə xüsusi əhəmiyyət verir”.
 

Dünyapress TV

Xəbər lenti