Ardını oxu...
Yanvarın 14-də Ermənistan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalandı. ABŞ-la imzalanan strateji tərəfdaşlıq xartiyası Ermənistan-Rusiya münasibətlərinə, eyni zamanda, rəsmi Kremlin rəhbərlik etdiyi təşkilatlardakı İrəvanın mövqeyinə ciddi təsir göstərəcək. ABŞ Dövlət katibi Antoni Blinken bu sənədlə bağlı danışarkən vurğulayıb ki, onlar Ermənistanla onun suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün səyləri gücləndirmək üzərində işləyirlər. O, strateji tərəfdaşlıq haqqında sənədin “daha dayanıqlı, dinc, təhlükəsiz və müstəqil” Cənubi Qafqazın yaradılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin deputatı Mehriban Vəliyeva “Sherg.az”a bildirib ki, ABŞ-nin paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Dövlət katibi Entoni Blinken arasında strateji tərəfdaşlıq haqqında imzalanan xartiya hələlik kağız parçasından başqa bir şey deyil:

“Xartiya yanvarın 14-də- Bayden administrasiyasının hakimiyyətdən getməsindən 6 gün öncə imzalandı. 6 gün ərzində sazişin müddəlarını icra etmək praktiki cəhətdən mümkün deyil. Ötən gün hakimiyyətə gələn Donald Tramp administrasiyasının isə bu sənədə necə yanaşacağını indidən söyləmək çətindir. Bunu zaman göstərəcək. Amma müşahidələr göstərir ki, Donald Tramp sələfinin imzaladığı bəzi qərarları ləğv edir və onları səhv adlandırır. Ümid edək ki, Tramp eyni münasibəti ABŞ ilə Ermənistan arasından imzalanmış strateji tərəfdaşlıq haqqında xartiyaya da göstərəcək”.

Deputatın sözlərinə görə, bütün hallarda Azərbaycan bu sazişi İrəvanın regionda sülh və sabitliyə xidmət etməyən son dərəcə riskli addımı kimi qiymətləndirir:
“Ermənistanın hansı ölkə ilə hansı formada əməkdaşlıq etməsi onun suveren hüququdur. Amma biz görürük ki, İrəvan bu hüquqdan sui-istifadə edir, revanşizmə meyllənir, gərginliyi artırır. Mətbuatda yayılan son məlumatlara görə, Ermənistan ordusu Zəngəzurda yeni hərbi hissə tikir. Bildirilib ki, yeni hərbi hissə şərti sərhədin bir neçə kilometrliyində yerləşir. Bu faktla ABŞ ilə imzalanmış strateji tərəfdaşlıq haqqında xartiya arasında hansısa əlaqələrin olması barədə qəti fikir səsləndirmək çətindir. Lakin görünən odur ki, məlum sazişdən sonra ermənilərdə ruh yüksəkliyi, fəallıq yaranıb. Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin gücləndiyi bir vaxtda özünü vasitəçi hesab edən bir ölkənin birtərəfli qaydada İrəvana bu cür dəstək verməsi heç cür anlaşılan deyil. 44 günlük Vətən müharibəsindən dərhal sonra ABŞ konqresi "Azadlığa dəstək aktı"na 907-ci düzəlişin qüvvəsinin dayandırılmasına dair heç bir addım atmamaqla ölkəmizə sanksiya tətbiq etdilər. Ermənistana gələndə isə biz bunun əksini görürük. ABŞ məhv olmaq təhlükəsi ilə üzləşən, qlobal layihələrdən çıxdaş edilən, qonşuları tərəfindən etibarsız ölkə imici qazanan, nüfuzu ciddi şəkildə zədələnən Ermənistanı ayaqda saxlamaq üçün bu cür addımlar atır. Ermənistanın qlobal qarşıdurmaların poliqonuna çevrilməsi Cənubi Qafqaza müsbət heç nə vəd etmir. Rusiya, İran, Avropa və ABŞ-nin qarşıdurma mərkəzinə çevrilməkdə olan Ermənistan regionda həssas olan gərginliyi bir qədər də artıracaq. İrəvan ABŞ ilə belə bir saziş imzalamaqla üzvü olduğu KTMT, Avrasiya İttifaqı və digər birliklərin maraqlarını tapdaladı. Bu isə Ermənistan xalqı üçün böyük risklər yaradır. İqtisadiyyatı əsasən Rusiyadan asılı olan, İranı özünə dost-qardaş hesab edən bir dövlətin ABŞ hərbi missiyasını ölkəyə dəvət etməsi və sərhədlərini onlara həvalə etməsi heç bir siyasi etikaya, məntiqə sığmır”.

Millət vəkili onu da qeyd etdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tramp hakimiyyətindən müsbət gözləntiləri Vaşinqtonun Bakıya qarşı ədalətsiz siyasətinə son qoyacağına ümidlərimizi artırır:
“Cənab Prezident Davosda CGTN (China Global Television Network) telekanalına müsahibəsində Bakının qarşıdakı dövrdə nəqliyyat xətlərinə xüsusi önəm verəcəyini bildirdi. Zəngəzur dəhlizinin açılması da bura daxildir. Azərbaycan Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat tranzit qovşağına çevrilməkdədir. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Dünyanın aparıcı ölkələri, o cümlədən Tramp administrasiyası bu bu nəqliyyat qovşaqlarını dəstəkləyir. Ötən gün andiçmə mərasimi olan Donald Tramp əsas proqramlarını açıqladı. Bunlar daha çox ABŞ-nin daxili məsələləri ilə bağlı idi; miqrasiya, Qrenlandiya adası, Meksika körfəzi və Panama kanalına sahiblik məsələləri, Marsa bayraq sancmaq və s. bu kimi istiqamətlər Tramp administrasiyasi üçün daha prioritetdir. O, hətta çıxışında Ukrayna-Rusiya münaqişəsinin də adını konkret olaraq çəkmədi. Ümumi olaraq qeyd etdi ki, ölkəsi münaqişələrə son qoymaq üçün imkanlara sahibdir. Bu mənada düşünmürəm ki, Tramp Ermənistanı birtərəfli qaydada gücləndirməklə regionda hərbi gərginlik yaratmaq istəyində olsun”.
 
Ardını oxu...
Ötən il noyabrın 5-6-da ABŞ-də keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp ikinci dəfə Ağ Evə qayıtmaq hüququ qazandı. Artıq ötən gün and içməklə ABŞ-nin rəsmən 47-ci prezidenti oldu. Qeyri-ənənəvi üslubu və iddialı açıqlamaları ilə diqqət çəkən Tramp təkcə siyasətdə yox, media dünyasına da geniş təsir bağışlayıb. Onun daşınmaz əmlak dünyasından televiziya ekranlarına qədər uzanan cəsarətli karyerası ikinci dəfə prezident kreslosunda yeni səhifə açır – həm ABŞ, həm də dünya üçün.

Teleqraf.com ABŞ-nin yeni seçilmiş prezidenti ilə bağlı məlumatları təqdim edir.

Tam adı: Donald Con Tramp.

Birləşmiş Ştatların yeni liderinin 79 yaşı var. O, 1946-cı il iyunun 14-də Nyu-Yorkda doğulub. Alman və şotland əsillidir.

İndiyədək Trampın üç siyasi mənsubiyyəti olub: 1987-2009-cu illərdə demokrat, 2011-2012-ci illərdə müstəqil, hazırda isə respublikaçı.

Üç dəfə evlənib. İlk dəfə 1977-1991-ci illərdə İvana Zelniçkova, 1993-1999-cu illərdə Marla Maplsla evli olub, 2005-ci ildə isə Melaniya Knausla nikaha girib.

Dörd bacı-qardaşı var.

Tramp siqaret çəkmir, içki içmir. Donald bu qərara qardaşı Redin ölümündən sonra gəlib.

Əmisi Con Q.Tramp Massaçusets Texnologiya İnstitutunun professoru idi. Con 1943-cü ildə məşhur ixtiraçı Nikola Teslanın ölümündən sonra Federal Təhqiqatlar Bürosunun (FTB) icazəsi ilə Teslanın sənədləri və avadanlıqlarını yoxlayan nadir şəxslərdən biri olub.

Ailəsinin sahibi olduğu sərvət Donaldın babası Frederik Trampdan gəlir, o, restoran və pansionatlar işlətməklə var-dövlət qazanıb.

Ailəsinin soyadı əvvəlcə Drampf və ya Drampft olub, amma 1600-cü illərdə Otuz İllik Müharibə başlayanda Tramp olaraq dəyişib.

Donald Nyu-York Hərbi Akademiyasında oxuyub.

1968-ci ildə Pensilvaniya Universitetinin Uorton məktəbini iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə bitirib.

Onun ilk daşınmaz əmlak müəssisəsi 1971-ci ildə adını dəyişdirərək “The Trump Organization” olan “Elizabeth Trump & Son” olub.

Donald Tramp Manhettendə ilk böyük daşınmaz əmlak müqaviləsini 1978-ci ildə “Grand Hyatt” otelinin təmiri üçün bağlayıb. Donaldın biznes dünyasında imzası kimi tanınan “Trump Tower”in tikintisi 1983-cü ildə tamamlanıb. O, heç vaxt iflasla bağlı müraciət etməyib.

D.Tramp dünya üzrə 18-ə yaxın qolf meydançasına sahibdir.

1996-2015-ci illərdə “Miss Universe”, “Miss USA” və “Miss Teen USA” müsabiqələrinin ortaqlarından biri olub.

2005-2010-cu illərdə “Trump University MMC”-nin sahibi olub. Burada keçdiyi kurslar arasında daşınmaz əmlak təhsili də var.

1988-ci ildə yaradılan, amma çoxsaylı qanun pozuntularına görə 2013-cü ildə Nyu-York Ştat Prokurorluğu tərəfindən bağlanan “Donald J. Tramp” Fonduna rəhbərlik edib.

Tramp 2003-2015-ci illərdə məşhur “The Apprentice” realiti-şousunun icraçı prodüseri olub.

ABŞ-nin yeni prezidentinin 5 övladı var. Don, Erik və İvanka İvana ilə ilk evliliyindən, Tiffani Marla ilə ikinci evliliyindən, Barron isə Melaniya ilə hazırkı evliliyindən dünyaya gəlib. Həmçinin 10 nəvəsi var.

Tramp Presviterian inancına mənsubdur.

O, ABŞ-də cinayət törətməkdə təqsirli bilinən ilk prezidentdir.

D.Tramp ilk prezidentlik müddəti başa çatandan sonra seçkilərdə məğlub olan və növbəti dönəm fasiləsindən sonra Ağ Evə geri dönməyi bacaran ikinci Birləşmiş Ştatlar prezidentidir. Ondan əvvəl bu işi ABŞ-nin 22 və 24-cü prezidenti sayılan Qrover Klivlend reallaşdırıb. O, 1885-1889-cu illər arasında dövlət başçısı olub, növbəti seçkidə isə məğlubiyyətə uğrayıb. Q.Klivlend 1892-ci ilin seçki kampaniyasının sonunda Respublikaçılar Partiyasının namizədi Benjamin Harrisona qalib gələrək dörd ildən sonra yenidın Ağ Evə dönüb.

2016-cı ildə ilk dəfə prezident seçilən Tramp isə 2020-ci ildə Demokratlar Partiyasının namizədi Co Baydenə uduzub və Ağ Evi tərk edib. İndi isə dörd illik fasilədən sonra daha iddialı formada Birləşmiş Ştatların birinci şəxsi kreslosuna əyləşib.

ABŞ-nin yeni prezidentinin dünya siyasətinin necə olacağı da müzakirə edilir. Onun qərarlarının Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracağını iddia edənlər olsa da, özü bunun qarşısını alacağını söyləyib. Amma Kanadanı “Amerikanın 51-ci ştatı” adlandıran və ABŞ-dən də böyük əraziyə malik bu qonşu ölkəni ilhaqla hədələyən Ağ Evin yeni sahibi bu kimi iddiaları vəziyyətin heç də yaxşı olmayacağı ehtimalını gücləndirir. D.Tramp təkcə Kanada yox, Danimarkaya məxsus Qrenlandiya adası və Panama kanalını da Amerikanın tərkibində görmək istəyir. Əvvəlcə zarafat kimi qəbul edilən bu mövzulara dövlət başçısının son açıqlamaları ilə ciddiyyət donu geyindirməyi bacarıb. Başqa sözlə, Birləşmiş Ştatlar prezidentinin qarşıdakı dörd ilində iqtisadi maraqlarla yanaşı, ABŞ-nin coğrafi olaraq genişlənməsi də hədəflər sırasındadır. Bu məqsədlərinə çatmaq üçün o, hərbi variantları da istisna eləmir.

“Öncə Amerika” şüarı ilə Ağ Evə dönən siyasətçi bu mesajı isə ABŞ-nin milli maraqlarının müdafiəsindən çox “yeni millətçilik dalğasının başlaması” kimi şərh edilir. Təsadüfi deyil ki, qarşıdakı iqtidarı illərində onun 11 milyon miqrantı Amerikadan qovacağı proqnozlaşdırılır.

ABŞ prezidenti təkcə miqrantlara yox, bəzi dövlətlərə qarşı da sərtdir. Məsələn, Çin. Əvvəlki hakimiyyəti dövründə Çinə qarşı sərt qərarı ilə seçilən Tramp ABŞ ilə Asiya nəhəngi arasında ticarət müharibəsinin başlamasına səbəb olmuşdu. Xələfi Co Bayden gərginliyi bir qədər səngitsə də, yeni liderin Çinə yönəlik mesajı yenə də sərtdir. Çin mallarına yüksək vergi və gömrük rüsumu tətbiq edəcəyini bəyan edən Birləşmiş Ştatlar lideri ticarət savaşını davam etdirəcəyi ehtimalını artırıb. Amma ayrı-ayrı ölkələrə ABŞ-nin hərbi-maddi yardımı baxımından kifayət qədər xəsis olan Trampın Tayvan məsələsinə soyuq yanaşması bu adanı ilhaq etmək istəyən Çinin işinə yaraya bilər.

Paralel olaraq, həm Avropa, həm də Yaxın Şərqdə iki böyük böhran davam edir. Rusiya-Ukrayna müharibəsi ilə bağlı D.Tramp iddia edib ki, prezidentliyə başlayan kimi tərəfləri atəşkəs masasına oturdacaq və böhrana tez son qoyacaq. Ukraynaya bundan sonra hərbi-maddi yardım etməyəcəyini də tez-tez təkrarlayıb. Qarşıdakı dövrdə Amerikanın NATO-dakı rolunu nəzərdən keçirəcəyi və Avropa ölkələrinin hərbi müdafiə xərclərinə öz büdcələrindən pay ayırmalı olduqlarını deyib. Buna əsaslanaraq güman etmək olar ki, ABŞ prezidenti Çin və Rusiya arasında son yaxınlaşmanı uzunmüddətli perspektivdə Vaşinqtonun maraqları üçün təhlükəli hesab edir və Rusiya ilə gərginliyi azaltmağa çalışacaq.

Ukrayna məsələsinin həlli və uzunmüddətli perspektivdə Rusiya ilə Qərb arasında mümkün yumşalma Moskvanın Pekinlə yaxınlaşmasına mane ola bilər. Bu yeni nizamda Trampın Amerikanın Avropadakı müttəfiqlərinə biçəcəyi rol istəsələr də, istəməsələr də Vaşinqtonun yolu ilə getməkdir. Amma Rusiya ilə həmsərhəd olan NATO üzvləri üçün təhlükəsizlik zəmanəti olmadan yola necə davam ediləcəyini söyləmək çətindir. Üstəgəl, Ağ evin yeni sahibi Çin kimi Avropa İttifaqı dövlətlərini də ticarətdə sərt qərarların tətbiqi ilə hədələməsi fonunda…

Bütün Yaxın Şərqi bürümüş böhran və münaqişə dalğasının necə həll ediləcəyi də başqa bir qeyri-müəyyənlik məsələsidir. Tramp regionda hərtərəfli sülhün bərqərar olmasına çalışacağını qeyd edib. Amma indiki mərhələdə konkret planlardan hələlik danışmaq mümkün deyil. Əksinə, Tramp seçkiqabağı kampaniyası zamanı bir neçə dəfə bir-birinə zidd bəyanatlar verib.

Trampın Yaxın Şərq böhranı kontekstində İrana qarşı mövqeyi sərtdir. İranla bağlı məsələlərdə birmənalı şəkildə Tehranın qarşısında dayanan Trampın gecikmədən bu yöndə addımlar atacağı gözlənilir. Yeni prezidentin administrasiyası hesab edir ki, fevrala qədər İranla bağlı qərarlar qəbul etmək lazımdır.

Cənubi Qafqaza gəlincə, Trampın Bayden dönəmində gərginləşən ABŞ-Gürcüstan münasibətlərini necə bərpa edəcəyi məlum deyil. Bu naməlumluq Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı da hökm sürür. Xüsusən də Bayden administrasiyasının Ermənistanla imzaladığı strateji tərəfdaşlıq haqqında sazişi davam etdirib-etdirməyəcəyi əsas müzakirə mövzularından biridir. Əlbəttə, ABŞ prezidenti sazişi ləğv etməyəcək, amma bunu nə qədər irəli aparıb-aparmayacağı məlum deyil. 44 günlük Ermənistan-Azərbaycan müharibəsində neytral qalan Tramp sələfi Bayden kimi balansı ermənilərin xeyrinə pozacaqmı, “Öncə Amerika” deyən yeni prezident üçün ABŞ-nin maraqları nəyi diktə edəcək? Az sonra biləcəyik.
 

Ardını oxu...
  Vaşinqtonda ABŞ-nin yeni prezidenti Donald Trampla eyni vaxtda and içib vəzifəsinin icrasına başlayan yeni vitse-prezident Ceyms Devid Vensin şəxsi həyatı ilə bağlı bir sıra məlumatlar məlum olub.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, Vensin 40 yaşı var. O, Ohayo ştatında anadan olub. Ceyms nənəsinin himayəsində böyüyüb.

Orta məktəbi bitirdikdən sonra Vens ABŞ-nin Dəniz Piyadaları Korpusunda xidmətə başlayıb və İraq müharibəsi zamanı burada hərbi müxbir kimi çalışıb. O, 6 ay İraqda qalsa da hərbi əməliyyatlarda iştirak etməyib.

Dəniz Piyadaları Korpusunda xidmətdən sonra Ohayo Dövlət Universitetində təhsil alıb, burada siyasi elmlər və fəlsəfə üzrə təhsil alıb və nüfuzlu Yelsk Universitetinin hüquq fakültəsinə daxil olub. Sonra iş adamı Peter Tillə şərikli işləməyə başlayıb, 2017-ci ildə öz firmasını yaradıb.

Ceyms bu illər ərzində Trampı tənqid edərək, onun siyasətinə “dözmədiyi”ni bildirib. Lakin sonradan siyasətçi haqqında fikirlərini dəyişərək, onun haqqında yanıldığına diqqət çəkib. Ceyms 2022-ci ildə Ohayonun senatoru olub.

Onun 3 övladı var. Ceyms xanımı Uşi və övladlarının müşayiəti ilə nənəsindən qalan İncillə and içib.

 
 
 
Ardını oxu...
Rusiya ABŞ-nin yeni administrasiyası ilə Ukrayna üzrə dialoqa hazırdır.

"İnterfaks" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Biz Ukrayna məsələsində ABŞ-nin yeni administrasiyası ilə dialoqa açığıq. Burada ən mühüm məsələ böhranın köklü səbəblərini aradan qaldırmaqdır", - o, yanvarın 20-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə deyib.

“Vəziyyətin həllinə gəlincə, bir daha vurğulamaq istərdim: onun məqsədi qısamüddətli atəşkəs olmamalı, qüvvələrin yenidən qruplaşması və yenidən silahlanması üçün bir növ möhlət yox, uzunmüddətli xarakter daşımalıdır", - Putin əlavə edib.
 
Ardını oxu...
  

Məncə, Cənubi Qafqaz Tramp administrasiyasının prioritetlər siyahısında ən aşağı yerlərə keçəcək, çox güman ki, diqqət ABŞ-Meksika sərhədi, Çin, Yaxın Şərqə yönələcək.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni mediasına geniş müsahibəsində diplomat, Rusiya-ABŞ prezidentlərinin ikitərəfli əməkdaşlığın inkişafı komissiyasında ABŞ tərəfindən təmsil olunan sabiq müşavir Ceyms Karden deyib.

“Tramp administrasiyası dövründə əsas prioritetlər enerji təhlükəsizliyi olacaq: neft və qaz! Bu o deməkdir ki, Azərbaycan diqqət mərkəzində olacaq, Deməli, sizin regionda bu iki məsələ, enerji təhlükəsizliyi və İsrail (İsrail isə Azərbaycanla müttəfiqdir) ABŞ-ın xarici siyasətinə hakim olacaq”, - o bildirib.

Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar faciəsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Qaynarinfo paylaşımı təqdim edir:
https://x.com/azpresident/status/1881024524189389215?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1881024524189389215%7Ctwgr%5E879854dbee7064e1a7300c350e70abec21c8da40%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fqaynarinfo.az%2Faz%2Fprezident-20-yanvar-faciesi-ile-bagli-paylasim-etdi-1
 
 
Ardını oxu...
ABŞ bütün dünya üzərində birqütblülük və nəzarətə can atır, Rusiya və İranı bu yanaşma qane etmir.

Bunu İran Prezidenti Məsud Pezeşkian rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində deyib.

“ABŞ birqütblü olmağa çalışır, onlar hesab edir ki, bütün dünya onların nəzarəti altında olmalı, məqsəd və istəklərinə uyğun hərəkət etməlidir. Təbii ki, bu yanaşma Rusiyanı qane etmir. Rusiya kimi bir ölkənin başqalarının onun üçün qərar qəbul etdiyi, ancaq onun üçün nəzərdə tutulmuş planları həyata keçirən belə bir çərçivəyə düşəcəyini təsəvvür etmək mümkün deyil”, - Pezeşkian bildirib.
 
Ardını oxu...
ABŞ senatoru Cim Riş deyib ki, Vaşinqton avropalı alyans müttəfiqlərini müdafiə xərclərini artırmağa çağırmağa davam edəcək.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Vaşinqton NATO-dan çıxmayacaq, əksinə, alyansı gücləndirəcək. Bunu Respublikaçılar Partiyasından olan ABŞ senatoru Cim Riş deyib.
"Düşünürəm ki, indi hamı başa düşür ki, Rusiyanın hərəkətləri sayəsində NATO-nun yaradıcıları bizim ayağa qalxıb birləşməli olduğumuz qənaətinə gəliblər", - senator bildirib.
Riş ABŞ-ın NATO-dan çıxması ehtimalını rədd edib. Eyni zamanda o vurğulayıb ki, Vaşinqton avropalı alyans müttəfiqlərini müdafiə xərclərini artırmağa çağırmağa davam edəcək. O qeyd edib ki, NATO üzvlərinin buna həqiqətən ehtiyacı var və daha çox iş görməli olacaqlar.
Bundan əvvəl ABŞ-ın hazırkı müdafiə naziri Lloyd Ostin ABŞ-ın yeni rəhbərliyini 2026-cı ildə müdafiə xərclərini artırmağa çağırmışdı.
 
Ardını oxu...
ABŞ-ın yeni seçilən Respublikaçı vitse-prezienti JD Vans təvazökar bir keçmişə sahibdir. O, Ohayo ştatında çətinlik çəkən sənaye şəhərciyində böyüyüb başa çatıb. O, daha sonra Yel universitetində oxuyub, indi isə Amerika tarixinin ən gənc vitse-prezidentlərindən biri olmağa hazırlaşır. Amerikanın Səsinin Vaşiqton üzrə baş müxbiri Karolin Presutti təqdim edir.

 
Ardını oxu...
Hindistan və Rusiya iki ölkə liderlərinin illik sammiti üçün Vladimir Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar.
Bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval brifinqdə deyib.
"Hər il praktikada olduğu kimi, bu il də biz Hindistanda illik sammit keçirməliyik. Bizim Rusiya ilə illik sammitimiz var, hansı ki, bir dəfə Moskvada və ya Rusiyanın hər hansı bir şəhərində, növbəti il isə Hindistanda keçirilir. Ona görə də bu il biz görüşü təşkil etməliyik. Sammitin tarixləri xüsusi kanallar vasitəsilə razılaşdırılacaq və bu tarix tam aydın olanda, biz sizə bu barədə məlumat verəcəyik", - Hindistan XİN-in sözçüsü bildirib.

Bu yaxınlarda Caysval xatırladıb ki, iki ölkə liderlərinin sonuncu illik sammiti Moskvada keçirilib. Sammit çərçivəsində Hindistanın Baş naziri Narendra Modi Moskvaya səfər edib. Bu ilin sammiti isə Yeni Dehlidə keçiriləcək.
Xatırladaq ki, Modinin Moskvaya səfəri 2024-cü ilin iyulunda baş tutub. Səfər çərçivəsində, xüsusən də XXII Rusiya-Hindistan illik sammiti keçirilib. Bundan sonra Modi Putini Hindistana dəvət edib.

Dünyapress TV

Xəbər lenti