Ardını oxu...
Fevral ayının 24-də Rusiyanın Ukraynaya təcavüzünün bir ili tamam olacaq. Rusiya hücuma başlamazdan öncə əksər ekspertlər hesab edirdilər ki, bu müharibə uzun sürməyəcək və Moskva qısa müddətdə istədiyinə nail olacaq. Kreml analitikləri isə müharibənin ən uzağı bir həftə çəkəcəyini söyləyirdilər. Elə Vladimir Putinin özü də bu fikirdə idi. Ukraynanın Rusiya qarşısında uzun müddət duruş gətirməsinin əsas səbəbi əhalinin müqavimət əzmi və ordunun döyüş qabiliyyəti ilə yanaşı, Qərbin Ukraynaya verdiyi silahlarla bağlıdır.

Amma müharibənin gedişi göstərir ki, Qərb Ukraynanın tez və qəti qələbəsi üçün kifayət sayda silah yollamır və bu istiqamətdə çox ləng hərəkət edir. Rusiya isə yaranmış vəziyyətdən istifadə edib Ukraynanı taqətdən salmağa çalışır.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Censor.net” internet portalı “Ukraynaya ilk növbədə silah lazımdır! Başqa məsələlər sonra həll olunar” başlıqlı məqaləsində sözügedən mövzuya toxunub.

Həmin məqalənin tərcüməsini təqdim edirik: “Totalitar Rusiya rejiminə Qərbin (ABŞ, AB, G7) ən populyar təsir vasitəsi sanksiyalardır. Əgər qrafiklərə, hesabatlara baxsaq, deyəsən, mümkün olan hər şeyin artıqlamasıyla edilməsi görünəcək. Maliyyə, ticarət, texnologiya, ödəmə sferalarından tutmuş fərdlərə qədər, çeşidli sanksiyalar tətbiq olunub.

Siyasətçilər öz diqqətlərini, enerjilərini və resurslarını əsas etibarilə sanksiyalara yönəldirlər və belə hesab olunur ki, məhz bu tədbirlər təcavüzkara böyük ziyan vuracaq. Hipoteza sadədir: nə qədər müxtəlif sanksiyalar olarsa, Rusiyanın məğlubiyyəti və Şər imperyasının dağılması ehtimalı yüksək olar və bu, Ukraynanın qələbəsini yaxınlaşdırar. Gəlin, bu hipotezanı statistika və faktlardan istifadə etməklə gözdən keçirək.


Şübhəsiz ki, sanksiyalar Rusiya iqtisadiyyatına ciddi zərbə vurur. Rusiyaya qarşı sanksiyalar 2014-cü ildən başlayıb. Amma səkkiz il ərzində Qərb tərəfindən Rusiyanın sanksiyalarla cəzalandırılması nəinki Kremli öz əməlindən geri çəkilməyə məcbur etdi, əksinə, Kreml Ukraynanın məhv edilməsini qəti şəkildə qarşısına məqsəd qoydu.

2022-ci ilin 24 fevral tarixindən Rusiya Ukraynanın bir dövlət kimi ortadan götürülməsinə çalışır. Cavabında Qərbin sayəsində Rusiyanın enerji məhsulları, pulu, resurs sektorları və şəxsi maliyyə hesabları qadağa və məhdudiyyətlər altındadır. Yüzlərlə şirkət Rusiyadan çıxdığını bəyan edir və sair. Hər tərəfdən etiraf edilir ki, Rusiya terrorizmin sponsorudur. Putin və onun ətrafındakılara qarşı beynəlxalq tribunalda hazırlıq işi gedir. Bəs, sonra?

Bütün bu baş verənlərin fonunda ABŞ-ın nüfuzlu “Rand Corporation” analitik şirkəti Ukrayna üçün Koreya ssenarisindən, döyüşlərin dayandırılmasından, Putinin simasının qorunmasından və danışıqlar barədə müzakirələrdən danışır.

Bütün bunlar “yaşıl planet” fanatlarının tutduqları kursa uyğunlaşdırılır. Qlobal problemlərlə mübarizəyə adət etmiş intellektual iradəsizlər öz oyunlarını oynamaqla Rusiyanın təhlükəliliyini və təcavüzkar xarakterini azaldırlar.

Belə ki, 7 fevral 2023-cü il tarixində “Peterson Beynəlxalq İqtisadiyyat İnstitutu”(Peterson Institute for International Economics) öz saytında “İndi Avropanın enerji problemi Rusiya yox, iqlim dəyişikliyidir” başlıqlı məqalə dərc edib. Bundan başqa, ”Beynəlxalq Atom Enerjisi Təşkilatı”nın nümayəndəsinin nüvə təhlükəsi xəbərdarlığına baxmayaraq, Rusiyaya dialoq təklif olunur. Avropaya və dünyaya birbaşa təhlükə olmasına baxmayaraq, “Ümumdünya İqtisadi Forumu”nun elitası Ukraynadakı real hadisələrdən daha çox qlobal problemlərə və virtual layihələrə diqqət ayırır.

Bu arda isə ukraynalı generalların, hərbçilərin və hakimiyyətin ayrı-ayrı nümayəndələrinin “Tanklar verin! Hava Hücumundan Müdafiə sistemləri verin! Təyyarə verin! Rusiyanın Ukraynadan qovulması üçün silah verin!” çağırışları bitmək bilmir. Prezident Zelenski ABŞ, Britaniya və Fransada olanda və eləcə də digər toplantılarda yorulmadan deyir: ”Xahiş edirik, silah verin! Silah çatışmır. Yalın əllə Rusiyaya qalib gəlmək olmaz”.
Ətraflı

Tezliklə yeni sanksiyalar raundu başlayacaq. Artıq “Ramştayn konfransı”nın toplantı sayı da durmadan artır. Hər gün biz tankların, raketlərin və ya mərmilərin verilməsi vədinə sevinirik. Cüzi də olsa, damcı-damcı nəsə verirlər. Belə bir yanaşmanın tərəfdarları deyirlər: ”Bizim edə biləcəyimiz bu qədərdir, silah yoxdur, yenisini istehsal etmək lazımdır. Ukraynalı əsgərlərə təlim keçmək lazımdır və bu, aylar, illər çəkə bilər”.

Ancaq məsələ ondadır ki, hər gün cəbhəyə silah lazımdır, silahsızlıq ukraynalı qəhrəmanların faciəsidir. Düzdür, pul və resurslarla yardım edilir və buna görə hamıya təşəkkür olunmalıdır. Lakin bu cür müharibə rejimi birbaşa taqətdən salınmağa və Ukrayna əhalisinin depopulyasiyaya uğramasına aparan yoldur.

Putin və onun nasist imperiyası insanlara material kimi baxır. Onlar üçün Ümumi Daxil Məhsula görə adam başına düşən gəlirin necə olması hanısısa əhəmiyyət kəsb edirmi? Əhalisindən iki yüz min və ya iki milyon adamın ölməsini gizlətməyin onlar üçün fərqi varmı?

Beyni doldurulmuşlar Putini yaxşı Prezident, Rusiyanın tutduğu kursu isə düzgün hesab edirlər. Rusiyalıların düşüncəsinə görə, insan dövlətin qulluğunda durmalıdır, onun əsgəri və nökəri olmalıdır. Onlar özlərini xoşbəxt saya bilərlər, çünki yaxşı ki, Kolımaya, türməyə göndərilməyiblər, heç olmazsa masalarının üstündə bir tikə çörəkləri var.

Gəlin, 2022-ci ildəki sanksiyaların nəticələri ilə tanış olaq. Belə düşünülürdü ki, bu sanksiyalar Rusiya iqtisadiyyatını dağıtmalı, Putin rejimini divara dirəməliydi. 2022-ci ilin payızındakı proqnozlara görə, (BVF) Rusiyanın ÜDM-i 2,13 trilyon dollar təşkil edir. Hələ məlumatlar tam təsdiq edilməyib. Rusiya ÜDM-i 2021-ci ildə 1,78 trilyon dollar idi. ÜDM-ə görə adam başına düşən gəlir 2021-ci ildə 12,2 min dollar idisə, 2022-ci ildə bu rəqəmin 14,67 min dollar olacağı gözlənilir. 2022-ci ildə sənaye istehsalı 0,6 faiz aşağı düşüb. Lakin neft istehsalı 2,1 faiz çoxalıb. 2022-ci ilin sonunda neftin, kömürün hasilatı, metal məmulatların və qida məhsullarının istehsal həcmi artıb.

Rusiyaya tətbiq edilən sanksiyalarda çoxlu sayda boşluqlar var. Çin, Hindistan və Türkiyə aktiv şəkildə Rusiya biznesinə kömək edir. Maliyyə kanalları da işləyir. Mal və maliyyə embarqosunda çoxsaylı boşluqlar var. ABŞ və Avropa Birliyi digər ölkələri ikili və yeni sanksiyalarla hədələyirlər. Amma bütün bunların heç biri Putinin təcavüzünü dayandırmır.

Ukraynanın silahlandırılması isə tamamilə başqa bir şeydir. 2021-ci ildə ABŞ hərbi büdcəsi 801 milyard dollar, Britaniyanınkı 72,7 milyard dollar, Almaniyanınkı 64,8 milyard dollar, Fransanınkı 58,73 milyard dollar, Kanadanınkı 26,5 milyard dollar, İtaliyanınkı 29,76 milyard dollar, İspaniyanınkı 14,4 milyard dollar, Niderlandınkı 14,4 milyard dollar, Polşanınkı isə 13,4 milyard dollar təşkil edib.

Hazırda ABŞ-da 6600 tank, Türkiyədə 3 mindən artıq, Yunanıstanda 1,2 mindən artıq, Polşada min, Almaniyada 270, Fransada 400 tank var. NATO ölkələrinin döyüş cərgəsində 7 min “Bredli” piyadaların döyüş maşını var ki, bunlar da Ukrayna ordusunun döyüş imkanlarını kəskin şəkildə yüksəldə bilər. Bu silahlar Şər imperiyası üzərində sürətli qələbə qazanmaq, daimi təhlükə ocağını məhv etmək üçün vacib vasitələrdir. Axı, bu silahlar bu gün Ukraynaya lazım olduğu bir vaxtda, onların anbarlarda saxlanmasının nə mənası var?

Əgər NATO ölkələri 2023-cü ildəki hərbi büdcələrinin yalnız 10 faizini Ukraynanın silah təchizatına yönəltsələr, bu, 100 milyard dollardan artıq məbləğ edər. Hərbi büdcə çərçivəsində Ukraynaya çəkilən xərc Avropanın və dünyanın təhlükəsizliyinə birbaşa sərmayə yatırılmasıdır. Sanksiyalar isə öz yerində. Sanksiylar uzunmüddətli perspektiv üçün keçərli ola bilər, amma hazırda Ukrayna Silahlı Qüvvələrinə lazım olan silahlar hələ ki, yoxdur. Dünyada Ukraynanı dəstəkləyən istənilən konfrans və beynəlxalq təşkilatlar hər şeyi bir kriteriyaya görə dəyərləndirməlidilər - Ukraynanın qələbəsi üçün lazımi miqdarda silah və material resurs təmin olunmalıdır.

Bioloji diversifikasiya, qlobal istiləşmə, gender balansı və qlobal layihələr düşmən məhv ediləndən, onun təzminat ödəyəcəyi öhdəlik də daxil olmaqla müvafiq sənədlərə imza atmasından sonraya saxlanmalıdır.”
 
Ardını oxu...
Rusiya Ukrayna savaşında özü üçün əlverişli variantlar hazırlayır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov danışıb.

Onun sözlərinə görə, ruslar bütün Ukraynanı ələ keçirə bilmədiyi üçün “B” planına əl atıb.

Bu məqsədlə Ukrayna mənşəli rusiyayönlü siyasətçi və Putinin yaxın dostu Viktor Medvedçuk tərəfindən xüsusi plan hazırlanacaq.

"Rusiyanın qarşısında indi Koreya variantı deyilən bir layihəni yeritmək vəzifəsi dayanıb. Kremldə başa düşüblər ki, ölkəmizi tam ələ keçirə bilməzlər və buna görə də işğal olunan vilaəyətlərdə qondarma "ikinci Ukrayna" quracaqlar", - deyə o bildirib.

Danilovun bildirdiyinə əsasən, "Bu sərsəm planı Kremlə elə Medvedçuk təklif edib. Medvedçuk özünü peşəkar sayır, lakin o, sadəcə vətən xainidir".

Onun sözlərinə görə, ölkədə fəaliyyəti qadağan olunmuş müxalifət partiyasının (Həyat Uğrunda Müxalifər Partiyası-red) rusiyapərəst “ekspertləri” ilə birlikdə Medvedçuk “iki ölkə yaratmaq təklifini” irəli sürəcək.

Danilovun fikrincə, Rusiyanın məqsədi yaxın gələcəkdə Krıma quru dəhlizi ilə birlikdə Donetsk və Luqansk vilayətlərini tamamilə işğal etmək, sonra isə Ukraynanı bölmək ideyasını həyata keçirməkdir.

Ukrayna rəsmisinin bildirdiyinə görə, 1994-cü il Budapeşt Memorandumunu (Ukraynanı nüvə silahından məhrum edən sənəd. Onun əvəzinə Rusiya Ukraynanın ərazi bütövlüyünü tanımış və hətta buna görə təminat vermişdi-red.) hazırlayan insanlar hazırda “iki ölkə” ideyasının gerçəkləşməsində iştirak edirlər”.

"Bu məsələ ilə də Yanukoviçin adamları məşğul olur. Pərdə arxasında duranlar, ipləri çəkənlər də onlardır", - deyə, Danilov vurğulayıb.
 
Ardını oxu...
ABŞ dövlət katibi Antoni Blinken fevralın 16-dan 22-dək Almaniya, Türkiyə və Yunanıstanda rəsmi səfərdə olacaq.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın çərşənbə günü yaydığı bəyanatda deyilir.

Məlumata görə, Blinken fevralın 16-da Münhen Təhlükəsizlik Konfransında iştirak etməyi planlaşdırır. Sonra fevralın 19-da dövlət katibi Türkiyədəki İncirlik aviabazasına baş çəkəcək, daha sonra Ankaraya yollanacaq.

Fevralın 21-də isə o, ABŞ-Yunanıstan Strateji Dialoqunun dördüncü raunduna başlamaq üçün Afinaya yola düşəcək.

Mənbə: TASS
 
Ardını oxu...
Ardını oxu...
Bu gün Ermənistan xarici işlər naziri ilə görüşən Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu qonşu ölkənin zəlzələyə görə yardım göndərməsini təqdir edib.

O, görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, “bu çətin günümüzdə Ermənistan insanımıza dostluq əlini uzatdı, həmrəylik və əməkdaşlıq nümayiş etdirdi “, - Anadolu agentliyi yazıb.

Ararat Mirzoyan isə deyib ki, "bu çətin anda Türkiyədə olaraq bir daha bölgədə sülh qurmaq məsələsində və Türkiyə ilə münasibətlərin tam normallaşması, diplomatik əlaqələrin qurulması və sərhədin tam açılması ilə bağlı Ermənistan Respublikasının hazır olduğunu və istəyini bir daha təsdiqləmək istəyirəm".

Mevlüt Çavuşoğlu erməni axtarış-xilasetmə dəstəsinin kiçik bir qızı və qadını xilas etdiyini qeyd edərək, onlara təşəkkür edib.

O deyib ki, həmkarı Ararat Mirzoyan yenə də yardım göndərəcəklərini söyləyib.
Türkiyədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra Ermənistan bölgəyə xilasedicilər və humanitar yardım göndərmişdi.

Humanitar yardımın quru yolla çatdırılması üçün 30 ildir bağlı olan Ermənistan-Türkiyə sərhədi açılıb.

Mevlüt Çavuşoğlu əlavə edib ki, Ermənistan tez-tez onlardan əlavə istəklərinin olub-olmadığını soruşub, Anadolu agentliyinin xəbərində vurğulanır.

Ermənistan xarici işlər naziri Mirzoyanın sözlərinə görə, “bu çətin anlarda” Türkiyəyə səfəri “sülhü bərqərar etməklə” bağlı istəklərini bir daha göstərməkdir, xəbərdə deyilir.

Ermənistan nümayəndə heyəti Adıyaman şəhərində zəlzələdən sonra axtarış-xilasetmə işlərində iştirak edən Ermənistan xilasediciləri ilə görüşəcək, Ermənistan XİN bildirib.

Türkiyə xarici işlər naziri Melüt Çavuşoğlunun sözlərinə görə, çərşənbə günü ermənistanlı həmkarı Ararat Mirzoyanla iki ölkə arasında yerüstü əlaqələr üçün infrastrukturun açılması üçün hazırlıq prosesinin sürətləndirilməsi haqqında razılığa gəliblər.

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov BBC-yə deyib ki, Azərbaycan-Türkiyə-Ermənistan arasında olan danışıqların inkişaf etdirilməsində Azərbaycan maraqlıdır.

“Biz maraqlıyıq ki, Ermənistan, həm Türkiyə ilə, həm də Azərbaycanla konstruktiv, substantiv real, sülh prosesinin konkret olaraq gündəmə gətirən və regionda birdəfəlik, dayanıqlı sülhün bərqərar olmasına xidmət edən siyasət aparsın. Bununla əlaqədar olaraq, Azərbaycan dəfələrlə öz bəyanatını verib”, - cənab Seyidov vurğulayır.

“Ermənistan və Türkiyə arasında hər bir ünsiyyət, o cümlədən, Azərbaycan siyasətinin, Azərbaycan və Türkiyənin birgə apardığı siyasətin çərçivəsində aparılan söhbətlərdir. Burada bir düstur artıq özünü sübut edib - biz bir millət iki dövlətik və bəzi hallarda xarici siyasətdə bir istiqamətdə fəaliyyət göstəririk”, - o, əlavə edib.

Deputat “xüsusilə zəlzələdən sonra Ermənistanın bu məsələyə bu cür münasibətini gözəl bir şans, gözəl bir imkan” kimi dəyərləndirib.

Səməd Seyidov deyir ki, Ermənistan XİN başçısının Türkiyəyə getməsi və orada belə yüksək səviyyədə söhbətlər aparmasının məhz Azərbaycan-Ermənistan münasibətlərinə müsbət təsir göstərməsi arzuolunandır.

Ararat Mirzoyan ölkəsinin xarici siyasət idarəsinin rəhbəri kimi ikinci dəfədir ki, Türkiyəyə rəsmi səfər edir.

Daha əvvəl, o, 2022-ci ilin martında, Ankaranın dəvəti ilə Antalya diplomatik forumunda iştirak edib və türkiyəli həmkarı ilə qapalı danışıqlar keçirib.

Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər yoxdur, iki ölkə arasında sərhəd isə Türkiyənin təşəbbüsü ilə 1993-cü ildən bağlıdır.

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində ölkələrin xüsusi nümayəndələri 2022-ci il yanvar ayından bəri dörd dəfə görüşüblər.
Ardını oxu...[left][/left]
Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, “Ansaldo Energia” şirkətinin prezidenti Cuzeppe Marino və Çinin “Dongfang” şirkətinin baş direktoru Çen Xuacyenin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.
Son bir ildə qlobal müstəvidə beynəlxalq münasibətlər kəskinləşib və Avropanın milli təhlükəsizliyində ölkəmiz əsas tərəfdaşlardan birinə çevrilib. Aydındır ki, Vətən müharibəsində Qələbəsi ilə Azərbaycan regionun əsas hərbi siyasi gücünə çevrilib və bölgəyə maraq göstərənlər artıq Azərbaycanla daha yaxşı əlaqələrə malik olmağın zərurətini daha çox anlamağa başlayıblar. Bu proseslərdə isə Azərbaycanın əsas strateji müttəfiqlərindən biri və Avropada əsas ticari tərəfdaşı İtaliyadır. Azərbaycanla İtaliya arasında son 30 il ərzində qarşılıqlı etimada əsaslanan diplomatik münasibətlər formalaşıb. İtaliya hər zaman Azərbaycanın bölgədə apardığı haqq və ədalət işinə töhfə verən Avropa dövlətlərindən biri olub. Həmişə ən yüksək səviyyədə olmasına baxmayaraq hazırda Azərbaycanın regionda hakim mövqeyə yüksəlməsi Cənubi Qafqazda ticarətinin 95 faizini Azərbaycanla aparan İtaliya üçün yeni imkanlar açıb. Eyni zamanda, dünyanın əsas iqtisadi və siyasi güc mərkəzlərindən biri, böyük yeddiliyin üzvü kimi İtaliya ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetləri ilə üst-üstə düşür.
Azərbaycan və İtaliyanın strateji tərəfdaşlığı yalnız ticari tərəfdaşlığa əsaslanmır. Bizim üçün şərəfli və çətin olan Vətən müharibəsi dövründə İtaliya açıq şəkildə Azərbaycanla həmrəyliyini ifadə edib, İtaliya mediası Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində ən ali səviyyədə məsələyə obyektiv yanaşmasını nümayiş etdirib.
Azərbaycan və İtaliya arasında mədəni əlaqələr də nəzərəçarpacaq dərəcədə inkişaf edib. 2020-ci ilin İtaliyada "Azərbaycan İli" kimi qeyd edilməsi, Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması və qarşılıqlı olaraq müxtəlif mədəni tədbirlərin təşkili bunun bariz nümunəsi hesab olunur. İtaliya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində iştirakı, 3 şəhərdə işğal və zəfər muzeyləri, Şuşada qədim məscidin bərpası və yeni məscidin inşasını həyata keçirməsi əlaqələrin genişlənməsini göstərir.
Dərinləşən münasibətlər enerji sferasını geniş şəkildə əhatə edir və məhz Azərbaycanla tərəfdaşlığı sahəsində İtaliya Avropanın enerji təhlükəsizliyində imkanlarını artırmaqdadır. Məlumdur ki, İtaliya ilə "Cənub Qaz Dəhlizi” layihəsi üzrə ciddi əməkdaşlıq mövcuddur. İki ildən artıqdır ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı İtaliya bazarına çatdırılır və Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, TAP layihəsi bizim birgə uğurumuzdur. Əgər 2021-ci ildə bu marşrut vasitəsilə 8.2 milyard kubmetr qaz ixrac edilmişdisə, bu il onun həcmi 11.6 milyard kubmetr olacaq. İtaliya da bu həcmdə qazın əsas tədarükçülərindən biri hesab olunur.
Hər iki ölkə arasında siyasi, iqtisadi, enerji və mədəni əlaqələrin inkişafı yüksələn xətt üzrə inkişaf edir. Hazırda İtaliya şirkətləri ilə "yaşıl enerji", "yaşıl ərazi" və "ağıllı şəhər" konsepsiyaları ətrafında məhsuldar əməkdaşlıq davam edir. İtaliya təcrübəsinin bölgəyə transformasiya imkanları qiymətləndirilir.
Müasir dünyada enerji təminatının milli təhlükəsizlik məsələsi kimi qəbul edilməsi bu istiqamətdə Azərbaycanın artan rolunu bir daha da sübut etdi. Artıq Azərbaycan qazın Avropaya çatdırılması yox, şaxələndirilməsi siyasətini uğurla icra edir. Qeyd olunan məqamlarda Azərbaycanın İtaliya ilə əməkdaşlıq etməsi olduqca vacibdir. İtaliya Aİ və NATO-nun üzvüdür. Bu əməkdaşlıq Azərbaycanın Avropa məkanına inteqrasiyasına, eyni zamanda, regionda bir sıra siyasi və iqtisadi təşkilatlarla perspektivli əməkdaşlığına zəmin yaradır.

Elşən Manafov - siyasi sərhçi, politoloq
Teref.az
 
Ardını oxu...BMT Baş Assambleyasının 11-ci fövqəladə xüsusi sessiyası çağırılıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak deyib.

Sözçü bildirib ki, xüsusi sessiyanın bərpası fevralın 10-da Albaniya, Avstraliya, Kanada, Qvatemala, Yaponiya, Moldova, Koreya, Türkiyə, Ukrayna, Böyük Britaniya daimi nümayəndələrinin müraciətindən sonra baş verib.

P.Kubiak deyib ki, fövqəladə xüsusi sessiya fevralın 22-də baş tutacaq.
 
Ardını oxu...
10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanmış Türkmənçay sülh müqaviləsi İran ilə Rusiya imperiyası arasında bağlanıb.

Müqaviləyə əsasən, Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran İrəvan, Naxçıvan və Talış xanlığının özlərində qalmış hissəsinin də Rus imperiyasının ərazisi olduğunu qəbul edirdi.

İki imperiya arasında sərhəd kimi Araz çayı qəbul edilirdi. Rusiyaya keçən torpaqlar hazırkı Ermənistan Respublikasının ərazisini, Naxçıvan Muxtar Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinin bir hissəsini və indiki Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə edirdi.

Müqaviləni İran tərəfindən vəliəhd şahzadə Abbas Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan Əsəf əl-Dövlə, Rusiya tərəfindən isə general İvan Paskeviç imzalayıb. Gülüstan müqaviləsində olduğu kimi, bu müqavilə də Rusiyanın qəti qələbəsi ilə bitən müharibədən sonra imzalanıb və bütün şərtlər Rusiya tərəfindən diktə edilib. Hətta general Paskeviç İran nümayəndələrinə bildirib ki, Rusiyanın təklif etdiyi şərtlərlə razılaşmazsa, rus ordusu Tehranı tutacaq.

Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması ilə Rusiya Cənubi Qafqazın və Şimali Qafqazın bir hissəsinin işğalını sonlandırıb.

Rusiya tərəfindən işğal olunan ərazilər 1918–1920-ci illər istisna olunmaqla bir də 1991-ci ildə müstəqil olub.

 
Ardını oxu...
“Biz NATO-nu birləşdirdik və qlobal koalisiya yaratdıq. Biz Putinin təcavüzünə qarşı çıxdıq”.

Bu sözləri ABŞ prezidenti Bayden Konqresdə ölkədəki vəziyyətə dair illik çıxışında bildirib.

Prezident bildirib ki, “biz Ukrayna xalqı ilə bir cərgədə durduq”.

Bayden öz çıxışında bir dəfə də olsun Rusiyanın adını çəkməyib. 73 dəqiqəlik çıxışı zamanı Bayden cəmi 4 dəfə Putinin adını çəkib və “putin müharibəsi” kimi qeyd edib.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin fevralında Bayden Putinin adını 30 dəfə çəkmişdi.

ABŞ prezidenti çıxışında administrasiyasının nailiyyətlərini sadalayıb.

Bayden vurğulayıb ki, pandemiyaya baxmayaraq ABŞ-da ötən il rekord sayda -12 milyon iş yeri yaradılıb. Prezident bildirib ki, “COVİD artıq həyatımıza nəzarət etmir”. Bayden bildirib ki, ABŞ böhrandan güclü çıxan yeanə ölkədir.

Prezidentin sözlərinə görə, son iki ildə 300 sənəd imzalayıb.
Ardını oxu...
Minsk Qrupunun həmsədrləri problemi həll etməkdə qərarlı olublar, amma heç nə alınmayıb

25 il əvvəl – 1998-ci il fevralın 3-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan istefa verib. O, bəyan edib ki, “məlum qüvvələr” tərəfindən onun qarşısında belə bir tələb qoyulub.

“İstefa qərarını ona görə vermişəm ki, bu addımın alternativini dövlətimiz üçün daha təhlükəli hesab edirəm”, – o, deyib.

Ter-Petrosyan 4 dəqiqəlik vida nitqində bu “məlum qüvvələrin” kimlər olduğunu, prezidentə belə bir tələbi niyə və necə irəli sürdüklərini açıqlamayıb. O, bu suallara zamanın cavab verəcəyinə eyham vurub.

İndi ABŞ Dövlət Departamentinin arxivlərindən təkcə Ermənistandakı daxili siyasi fikir ayrılıqlarını deyil, həm də beynəlxalq ictimaiyyətin bağlı qapılar arxasında hansı tələblər irəli sürdüyünü göstərən məxfi sənədlər üzə çıxır.

Əslində, Qarabağ problemi ilə bağlı danışıqlar prosesi Ter-Petrosyanın istefasından bir il əvvəl – 1997-ci ildə intensivləşməyə başlayıb. Bunu şərtləndirən iki amil var idi: birincisi, Azərbaycan qaz və neft kəmərlərinin çəkilməsi ilə bağlı ilk müqavilələri imzalamağa başladı və Qərb regionda sabitliyin və sülhün bərqərar olmasında maraqlı idi. Digər tərəfdən, həmin ilin yanvarında yeni format yaradıldı: Rusiya, ABŞ və Fransanın həmsədrliyi. Dövlət Departamentinin diplomatik teleqramları göstərir ki, həmin mərhələdə bu problemin həll edilməsi, bununla da Qərb və Rusiyanın əməkdaşlıq edərək Avropada sülhü təşviq edə biləcəyini göstərməsi hər üç ölkənin maraqlarına uyğun olub.

Buna görə də həmsədrliyin yaradılmasından cəmi bir ay sonra – fevralda bu məsələ ABŞ dövlət katibi Madlen Olbraytla Fransa prezidenti Jak Şirak arasında Parisdə keçirilən görüşün gündəliyinə salınıb. İki Qərb lideri vahid cəbhədən çıxış etməyin və bu konfliktə son qoymağın vacibliyini vurğulayırlar.

Bir neçə həftə sonra ABŞ dövlət katibinin müavini Strob Talbott Ermənistanın xarici işlər naziri Aleksandr Arzumanyanla görüşür və ondan xahiş edir ki, prezident Ter-Petrosyana çatdırsın, hazırda Qarabağ məsələsi ilə üç fövqəldövlət məşğul olur və bu faktı nəzərə almamaq olmaz.

“Mühüm maraqları olan üç böyük ölkə məsuliyyəti öz üzərinə götürüb. Həm ABŞ, həm Fransa, həm də Rusiya tərəfindən prosesi irəli aparmaq məsələsində maraqların konsolidasiyası tədricən artır. Ter-Petrosyan buna göz yummamalıdır, təzyiq olacaq”, – ABŞ-ın xüsusi tapşırıqlar üzrə səfiri Ceyms Kollinz xəbərdarlıq edib.

Vasitəçilərin danışıqları intensivləşdirmək səylərində ciddi olduğunu aşağıdakı diplomatik teleqramdan da görmək olar: bir neçə gün sonra ABŞ dövlət katibinin müavini əvvəlcə fransalı və rusiyalı həmkarları Jak Blot və Boris Pastuxovla, sonra isə Rusiyanın xarici işlər naziri Yevgeni Primakovla görüşür. Hər üç tərəf hər üç görüşdə vahid cəbhədən çıxış etməyə və tərəflərin güzəştə getməsi üçün onlara təzyiqləri gücləndirməyə hazır olduqlarını vurğulayır. Bu məsələnin bir ay sonra – apreldə Helsinkidə keçiriləcək Yeltsin-Klinton görüşünün gündəliyinə salınması qərara alınır. Mövzunu işçi nahar zamanı ABŞ prezidenti açır.

“Mən, xarici siyasət məsələlərində əməkdaşlığımızı genişləndirmək istəyirəm, onlardan biri də Qarabağ problemidir. Bu məsələnin həlli hamımızın marağındadır və mən problemi ölü nöqtədən tərpətmək üçün sizinlə birgə çalışmağa hazıram”, – deyə Klinton bildirib. Yeltsin cavabında bildirir ki, Moskva Vaşinqtonun iştirakına yalnız sevinə bilər: “Biz bu təşəbbüsə qısqanclıqla yanaşmayacağıq, əminəm ki, sizin təsiriniz müsbət olacaq”.

“Atəşkəs ermənilərdə və azərbaycanlılarda özlərinə inam yaradıb və onlar güzəştə getməyə meylli deyillər. Lakin biz tərəflərə başa salmalıyıq ki, onların inadkarlığı arzuolunmaz nəticələrə gətirib çıxara bilər”, – Primakov məsləhət görür.

Artıq ertəsi gün ABŞ dövlət katibinin müavini Türkiyə xarici işlər nazirinin müavini Öymənlə telefonla danışığır.

“Öymən bildirdi ki, bir neçə gün əvvəl İstanbulda Rusiya xarici işlər nazirinin birinci müavini İvanovla təkbətək söhbət edib və o, Moskvanın Dağlıq Qarabağ məsələsində irəliləyişə hazır olduğunu deyib. İvanovda belə bir hiss varsa, cəhd etməyə dəyər”, – deyə Dövlət Departamentinin məxfi sənədində bildirilir.

Bundan iki həftə sonra üç vasitəçi Vaşinqtonda görüşür və ilk dəfə olaraq öz ideyalarını vahid sənəddə birləşdirir.

Bir neçə gündən sonra bu birgə sənəd prezidentlər səviyyəsində – Klinton, Yeltsin və Şirakın Paris görüşü zamanı müzakirə olunur və qəbul edilir.

Dövlət Departamentinin artıq məxfi sayılmayan sənədinə görə, Klinton Yeltsinə deyib: “Qarabağ məsələsinin həlli bu gün bir çox problemləri yoluna qoyacaq və bizi sabah yarana biləcək bir çox problemlərdən xilas edəcək”.

Artıq may ayının sonunda vasitəçilər sonradan “paket həll variantı” kimi tanınan sənədi bölgəyə gətirirlər. Ermənistan prezidenti ilə görüşün ilk dəqiqələrindən son ana qədər elçilər eyni fikri vurğulayırlar: onlar yekdil və ciddidirlər.

“Üç ölkənin prezidentlərdən tutmuş hökumətlərinə qədər hamı sülh prosesini irəli aparmaq üçün səylə və məsuliyyətlə çalışıb”, – məxfilikdən çıxarılan sənədə əsasən, ABŞ dövlət katibinin müavini Ter-Petrosyana deyib və qeyd edib ki, beynəlxalq ictimaiyyət tərəflərdən onların səylərinə lazımi ciddiliklə yanaşacaqlarını gözləyir.

Fransız vasitəçi Jak Blot xəbərdarlıq edir: “Əvvəllər tərəflər vasitəçi ölkələr arasındakı fikir ayrılıqları üzərində oynamağa, onları bir-birinə qarşı qoymağa meylli idilər, indi isə həmsədrlər birləşib”.

Rusiya səfiri də təsdiqləyir: “Razılaşmanın vaxtı çatıb”.

Öz növbəsində ABŞ, Rusiya və Fransa liderləri Denverdə keçirilən G8 sammitində Dağlıq Qarabağla bağlı ilk birgə bəyanatı qəbul edirlər.

“Təkcə atəşkəs kifayət deyil. Beynəlxalq ictimaiyyət yekun həllə nail olmağa çağırır və biz əminik ki, regionda sabit və davamlı sülhün bərqərar olmasını gecikdirmək olmaz”, – deyə Yeltsin, Klinton və Şirak bildiriblər.

Amma bu misilsiz səylərə və üç həmsədr ölkənin birliyinə baxmayaraq, yerlərdə danışıqlar irəli getmir.

“Düşünürəm ki, biz işə başlamalıyıq, çünki bunu etməsək, onlar bizi müqəvva hesab edəcəklər”, – Rusiya xarici işlər naziri dövlət katibi Olbraytla Denverdə görüşdə deyir, təhdid və sanksiyalara əl atmağı təklif edir: “Biz diş göstərməliyik. Siz amerikalılar neftdən rıçaq kimi istifadə edərək, azərbaycanlılara nəsə edə bilərsiniz. Deyə bilərsiniz ki, sövdələşmə baş tutmasa, şirkətlərinizi neft hasilatında Azərbaycana kömək etməyə təşviq etməyəcəksiniz. O ki qaldı Ermənistana, biz silah amilindən rıçaq kimi istifadə edəcəyik. Başqa sözlə, Rusiya Ermənistanı silah verməyəcəyi ilə hədələyə bilər, siz isə neft amilindən istifadə edə bilərsiniz”.

Bu xəbərdarlıqlara baxmayaraq, Stepanakert (Xankəndi – red.) və Bakı paket variantını qəti şəkildə rədd edir. Təxminən iki ay sonra həmsədrlər eyni prinsiplərə əsaslanan yeni, “mərhələli plan” təqdim edirlər. Bu dəfə planın həyata keçməsinin, belə demək mümkünsə, uzadılmış variantı seçilir. Məsələn, əgər birinci paket variantda ərazilərin qaytarılması ilə eymi vatda statusun da müəyyənləşdirilmə nəzərdə tutulurdusa, indi vasitəçilər əvvəlcə ərazilərin azad edilməsini, qaçqınların qaytarılmasını, Qarabağ ermənilərinin təhlükəsizliyinin və özünüidarəsinin təmin edilməsini, sonra isə Azərbaycanın ərazi bütövlüyü və Qarabağın statusu məsələlərinə baxmağı təklif edirdilər.

Ermənistan prezidenti həmsədrlərin bu ardıcıl səyləri fonunda sentyabrda mətbuat konfransı keçirir və erməni tərəfinin beynəlxalq birliyin iradəsinə zidd getməsinin nə qədər təhlükəli olduğunu bildirir: “Beynəlxalq ictimaiyyət bu vəziyyətin daha 20 və ya 30 il belə qalmasına icazə verəcək? Bu, istisnadır və beynəlxalq ictimaiyyət bizi ciddi şəkildə zəiflətmək üçün elə yollar və vasitələr tapacaq ki, biz nəinki bu gün kompromislərlə əldə edə biləcəyimizdən məhrum olacağıq, həm də özümüzü daha pis vəziyyətə salacağıq”.

Ter-Petrosyanın mətbuat konfransından 3 gün sonra Rusiyanın xarici işlər naziri Primakov ABŞ dövlət katibinin müavini ilə görüşür və xəbərdarlıq edir ki, Ter-Petrosyan cəsarətli mövqeyinə görə ciddi tənqidlərə məruz qalıb və ona dəstək verilməlidir. Primakov vurğulayır ki, “gec-tez Dağlıq Qarabağa təzyiq etmək lazım gələcək”.

Vasitəçilər Stepanakerti (Xankəndi – red.) necə razı salmağı müzakirə etməyə başlayırlar. Fransa prezidenti Jak Şirak oktyabrda Strasburqda Ermənistan prezidenti ilə görüşərək, baş nazir Koçaryanı və digər nüfuzlu qarabağlıları Parisə dəvət etməyi təklif edir.

“Məqsəd razılığa gəlmək üçün onlara təzyiq etmək idi. Daha sonra Koçaryanı Moskvaya, sonra Nyu-Yorka dəvət etmək olardı, orada da ona eyni şeylər deyiləcəkdi”, – Dövlət Departamentinin məxfilikdən çıxarılmış sənədlərinə əsasən, Fransa xarici işlər nazirinin müavini ABŞ dövlət katibinin müavininə təklif edib.

Lakin ideya heç bir nəticə vermir. Koçaryanın səfərindən sonra Fransa xarici işlər nazirinin müavini Vaşinqtona məxfi teleqram göndərib: “Biz Koçaryanın mövqeyində real dəyişikliyə nail ola bilməmişik və danışıqlara başlamaq üçün real perspektiv görmürük”.

Beynəlxalq birliyin təşəbbüsündən bu cür inadla imtina edilməsini izah etməyə çalışan vasitəçilər ehtimal edirlər ki, Ter-Petrosyanla Koçaryan razılaşdırılmış oyun oynaya bilələr: biri vasitəçiləri rədd edir, digəri kompromislərə hazır olduğunu bəyan edir.

Əslində isə hər şey daha ciddi idi. İrəvanda hakimiyyət uğrunda mübarizə hər saat dərinləşirdi. Gizli diplomatik teleqramlara görə, bu məsələdən ilk olaraq Rusiyanın xarici işlər naziri Yevgeni Primakov duyuq düşür.

Ter-Petrosyanın istefasından hələ bir ay əvvəl, yanvar ayında İsveçdə ABŞ dövlət katibinin müavini Strob Talbottla görüşərkən Primakov demişdi: “Koçaryan Ermənistanın prezidenti olmaq istəyir. Qarabağ erməniləri maneədir, gəlin bu məsələyə vaxt itirməyək, bunun əvəzinə nə edə biləcəyimizi müzakirə edək”.

Primakov Qarabağ hakimiyyətinə təzyiqləri gücləndirməyi və təcili olaraq ora “diplomatik desant” göndərməyi təklif edir.

“Minsk qrupunda olan vasitəçilər, belə demək mümkünsə, üç çox ciddi ölkənin nümayəndəsi kimi Stepanakertə (Xankəndi – red.) getsələr, bunun müəyyən nəticəsi olacaq. Bu, onu göstərəcək ki, onlar sülh yolu ilə nizamlanmaya qarşı çıxmaqla, bütün dünyanın iradəsinə zidd gedirlər”, – gizli teleqrama görə, Rusiya xarici işlər naziri dövlət katibinin müavininə bildirib.

Talbott Ter-Petrosyanı dəstəkləməyin zəruriliyi ilə razılaşır və etiraf edir ki, onunla Koçaryan arasında əsl mübarizə başlayıb. Eyni zamanda o, Stepanakertə (Xankəndi – red.) getməkdən imtina edir və Primakova vasitəçilərin Qarabağa son səfərinin şok təfərrüatlarını danışır.

“Arkadi Qukasyan keçən dəfə bizi, həmsədrləri Stalin repressiyaları zamanı fəaliyyət göstərən bədnam “üçlüklə” müqayisə etdi, Qarabağ ermənilərinin qırğınını təşkil etməkdə ittiham etdi. Eyni vəziyyətlə yenidən üzləşmək istəmirəm”, – deyə ABŞ dövlət katibinin müavini etiraf edir.

Diplomatlar yenidən Parisdə görüşmək qərarına gəlirlər. Lakin bundan əvvəl, Primakovla Talbott arasında bu söhbətdən iki həftə sonra Ter-Petrosyan istefa verir.

“Vəziyyəti gərginləşdirməmək üçün hər hansı şərh və ya qiymətləndirmədən çəkinəcəyəm. Sadəcə, qeyd etməyi zəruri hesab edirəm ki, hakimiyyət böhranı şəraitində Artsax (Dağlıq Qarabağ – red.) məsələsinin müzakirəsi yalnız bəhanə idi. Problem daha dərindir və dövlətçilik prinsipləri, sülh və ya müharibə alternativləri ilə bağlıdır. Və kimin Artsax (Dağlıq Qarabağ – red.) üçün nə etdiyini, kimin isə əslində onu satdığını həyat göstərəcək”, – Ermənistanın birinci prezidenti çıxışında bildirib.

Həmin günlər masada Ermənistan silahlı qüvvələrinin Laçın istisna olmaqla, işğal olunmuş ərazilərdən çıxarılması, tərəflər arasında ayırıcı xəttin yaradılması variantı var idi – bufer zonasında heç kim yaşamamalıydı və ATƏT qüvvələrinin nəzarəti altında olmalıydı. Laçın dəhlizi indiki 5 kilometr deyil, 22 kilometr olmalı idi. Azərbaycan onu ATƏT-ə icarəyə verməli, o da öz növbəsində onu Dağlıq Qarabağ ermənilərinin istifadəsinə ötürməliydi.

Qarabağ ermənilərinin öz bayrağı, gerbi, himni və konstitusiyası olmalı idi. Vətəndaşlar Qarabağ ərazisində hərbi xidmət keçə bilərdilər, Azərbaycan ordusu, təhlükəsizlik qüvvələri və polisinin isə yerli hakimiyyət orqanlarının icazəsi olmadan Dağlıq Qarabağa daxil olmaq hüququ olmayacaqdı. Stepanakert (Xankəndi – red.) həm də iqtisadiyyat, elm, mədəniyyət, idman və humanitar sahələrdə xarici ölkələr və beynəlxalq təşkilatlarla xarici əlaqələr qurmaq hüququ əldə edirdi. Bundan sonra, növbəti mərhələdə statusun dəqiqləşdirilməsinə keçmək təklif olunurdu. Beynəlxalq ictimaiyyət bundan əvvəl sülhməramlı qüvvələri yerləşdirərək, təhlükəsizliyi təmin etməyə söz verirdi.

Diplomatik sənədlərdən də görünür ki, vasitəçilər bu məsələ ilə bağlı qapalı danışıqlar zamanı bunun tərəflərə təklif edə biləcəkləri ən yaxşı variant olduğunu vurğulayıblar. Bununla yanaşı, fövqəldövlətlər erməni tərəfinə xəbərdarlıq ediblər ki, həll yolu tapılmasa, Ermənistan inkişaf və çiçəklənmə imkanlarını itirəcək.

Moskvadan Vaşinqtona göndərilən diplomatik mesaja görə, Primakov 1997-ci ildə deyib: “Zaman İrəvanın əleyhinə işləyir: Azərbaycan varlanarkən, Ermənistan yerində sayır”.

“1997-ci il qaz kəmərləri və nəqliyyat marşrutları ilə bağlı qərarların qəbulu ilidir. Erməni tərəfi regional proseslərdə iştirak edə bilməsə, bu, Ermənistana baha başa gələcək ki, bu da heç kimin maraqlarına uyğun deyil”, – deyə ABŞ-ın xüsusi tapşırıqlar üzrə səfiri Ceyms Kollinz bundan bir neçə ay əvvəl Ermənistanın xarici işlər nazirinə xəbərdarlıq edir.

Dövlət katibinin müavini Strob Talbot da Ermənistanın enerji proqramlarında və regional layihələrdə iştirakının Qarabağ probleminin həllindən asılı olduğunu vurğulayıb.

“Prezident Klintonun fikrincə, Ermənistanı regionda gözlənilən iqtisadi inkişafın iştirakçısına çevirmək lazımdır”, – diplomatik sənədlərdən birinə görə, Strob Talbott bildirib. Yüksək rütbəli diplomat “Nairit” kimya zavodunun yenidən işə salınmasının mümkünlüyündən danışıb və eyni zamanda xəbərdarlıq edib: “Bu, münaqişə səbəbindən hansı planların pozulduğunu göstərir. Sülh olmadan heç nə olmayacaq”.

Birinci prezidentin istefasından keçən iyirmi ildən artıq müddətdə Ermənistanın hər üç lideri status-kvonu saxlamaq kursunu götürüblər. Və hər üçü hakimiyyətlərinin müxtəlif mərhələlərində Ter-Petrosyanı məğlubiyyətdə və xəyanətdə ittiham edirdilər.

Müəllif: Yegine Buniatyan (Radio Azatutyun).

Məqalənin orijinalı: https://rus.azatutyun.am/a/32254361.html
pressklub
 
Ardını oxu...
 
 
Ardını oxu...
Belarus Prezidenti Aleksandr Lukaşenko və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Belarus Prezidentinin mətbuat xidmətinə bağlı “Pul Pervogo” teleqram kanalı məlumat yayıb.

Dövlət başçıları yaxın vaxtda keçiriləcək görüşün tarixini dəqiqləşdiriblər. Görüşn əsas məqsədi prezidentlərin əvvəllər verdiyi tapşırıqların iki hökumət tərəfindən icrasına nəzarət etmək olacaq. Bu, ilk növbədə idxalın əvəzlənməsi sahəsi və bütün istiqamətlər üzrə anti-sanksiya əməkdaşlığına şamil olunur.

Eyni zamanda, prezidentlər Ali Dövlət Şurasının iclasına hazırlıq məsələlərini də müzakirə ediblər.

“Ali Dövlət Şurasının iclasına hazırlıq müzakirə edilib. İttifaq dövlətinin Nazirlər Şurasının iclasının fevral ayına təyin edilməsi ilə əlaqədar olaraq, Ali Dövlət Şurasının aprel-may aylarında keçirilməsi nəzərdə tutulub. Görüşdə, gözlənildiyi kimi, mövcud sazişlər rəsmiləşdiriləcək, müvafiq sənədlər imzalanacaq”, – teleqram kanalı bildirib.

Lukaşenko və Putin Belarus və Rusiya Federasiyasının təhlükəsizliyini təmin etmək üçün İttifaq dövləti çərçivəsində gələcək fəaliyyətləri də müzakirə ediblər.

Dünyapress TV

Xəbər lenti