Azərbaycan TV-ləri Pəhləvilərin sözünü yayır… - ETİRAZ
Avropada yürüş keçirmək üçün Vatsap qrupu yaratdıq. 200-dən çox insan toplandıqdan sonra qərara gəlindi ki, “Zum” toplantısı olsun. Toplantıda bir Koordinasiya Mərkəzi yarandı.

TEREF.AZ bildirir ki, bu sözləri Axar.az-a martın 25-də Brüsseldə keçiriləcək “Azadlıq və Ədalət” Yürüşünün Koordinasiya Mərkəzinin sözçüsü, tanınmış güneyli şairə Şərifə Cəfəri deyib.

O, Mərkəzin fəalliyət istiqamətlərini və hazırda gördüyü işləri sadalayıb, yürüşlə bağlı son hazırlıq işlərinin getdiyini deyib:

“Media, maliyyə və logistika qrupumuz yaradılıb. Saleh Kamrani və mən sözçü seçilmişik. Hər qrup öz təyinatına uyğun işlərini görür. Avropanın digər şəhərlərində də fərqli qruplar açılıb. Məqsəd yürüşlə bağlı xəbərləşmək, təşkilati işlər haqqında bilgiləri bölüşməkdir. Media qrupu mətbuat üçün təbliğat işlərini görüb. Kiçik kliplər, reklamlar düzəltdik. Sosial şəbəkə üzərindən, müxtəlif internet televiziyaları ilə bu xəbərləri yaymağa başlamışıq. Maliyyə qrupu hesab nömrəsi yaratdı. Almaniyada olan bir dərnəyin hesab nömrəsi verildi. Beləliklə, bu aksiyada hər kəsdən bizə yardım olunması istənildi. Logistika qrupu isə Türkiyədə 800 bayraq hazırlatdı. “Azadlıq, Ədalət, Milli Hökumət” şüarları ilə köynəklər, bannerlər düzəldildi. Bütün bunlar sözçülərin imzaları və bilgiləri ilə paylaşıldı. Bu şəkildə davam edir. Müxtəlif dərnəklərə, media sahiblərinə bizi dəstəkləmək üçün müraciətlər etdik. Sözçüləri müsahibə üçün bir çox media kanallarına dəvət etdilər. Biz də aksiya ilə bağlı məlumatları onlarla bölüşürük”.

Mərəkəzin sözçüsü işin çətinlikləri ilə bağlı danışarkən, bəzi insanların bilərəkdən əngəllər yaratdığını bildirib.

“Bəhanə edirlər ki, niyə "Azadlıq, Ədalət” yürüşündə “Milli Hökumət” sözü yoxdur? Bilirik ki, rejim tərəfindən işimizin qarşısını almaq üçün işlər gedir. Təəssüf ki, içimizdən, belə insanlar da çıxır. Onlar kimisi illərdir ki, hərəkatı irəli getməyə qoymurlar. Sadəcə, özləri olmaq istəyir. Belələri azdır, özləri üzdə göstərmirlər, amma arxada fəaldırlar. Əslində, biz şüarı dəyişdirməmişik. Yürüşün adına “Azadlıq və Ədalət” deyilir. Biz bunu Avropada keçirəcəyik. İran coğrafiyasında başqa millətlər vardır ki, sitəm və zülm altındadır. Elə şüar seçmişik ki, hər kəsi əhatə etsin. Milli şüarımıza isə əl dəyilməyib. Olduğu kimi, daha da çox, hər yerdə səsləndiriləcəkdir. Bu, sadəcə, millətin beynini qarışdırmaq istəyənlər üçün bəhanə idi. Bəzilərində, həqiqətən, belə bir sual yarandığında izah olundu, onlar cavabımızdan qane oldular və əlavə sorunlar yaranmadı. Amma bəziləri də var ki, sadəcə, problem çıxarmaq istəyirlər”.

Məsuliyyətli və önəmli bir işin yükünü götürdüklərini deyən Şərifə Cəfəri Şimali Azərbaycandan da lazımı dəstək olacağına ümidli olduğunu bildirib:

“Azərbaycan xalqı illərdir nə əziyyətlər çəkir. Bizlər hamımız illərdir sürgündəyik. Yolumuzu biz bilirik. Sonuna kimi çalışacağıq işimiz alınsın. Necə ki, Azərbaycan televiziyaları gedib farsların aksiyalarında, ya parlamentində Pəhləvinin olduğunu xəbər edirlər. Bizim də gözləntilərimiz var ki, öz xalqının da sözünü danışsınlar. Amma bu günə kimi bu anlamda heç nə görməmişik – olduqca ürəkağrıdıcı bir məsələdir. Bilmirik, bəlkə, onların əlləri bu medialara qədər də gedib çıxır. Bu işə müdaxiləsi var, ya yox? Amma bizim işimizdə hansı problem var? Bu millət üçün bir işdir. Bütün ixtilafları bitirib, birlik yaradacaq bir işdir. Bu günə kimi aksiyaya görə dəstək olunmayıb. Bəlkə, olunacaq, bilmirik. Amma hər gün zamanımız daha da daralır. Nə qədər gec olsa, o qədər zərər görəcəyik. Bizim bir şikayətimiz yoxdur. Heç nəyə baxmayaraq, bizim dövlətimizdir. Sevinirik ki, Arazın o tayında müstəqil bir dövlətimiz var. İstəsələr də, istəməsələr də onu özümüzə bir dövlət görürük. Odur ki, həqiqətləri bilərək, bu işə dəstək verməyi lazımdır”, - o qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti