TV rəhbərinin “moykası”…
Çingiz Özgür

“Qasım əmi çubuğunu çıxarıb doldurur. Qasım kişi çaxmağı daşa vurub, qovu basır çubuğa. Uçitel (Qasım kişiyə). Qasım kişi, klas otağında çubuq çəkmək olmaz; heç olmaz. Qasım kişi bir söz demir və çubuğu əlində saxlayıb çəkmir”.

Yazını dahi Mirzə Cəlilin “Danabaş kəndinin məktəbi” pyesindən kiçik bir hissə ilə başlamağımın səbəbini biləcəksiniz. Amma gəlin bir daha xatırlayaq ki, sözügedən əsərdə hadisələr 19-cu əsr Azərbaycanının ucqar bir kəndində baş verir. Danabaş kəndində məktəb açılıb, müəllim gəlib. Ağsaqqallar yığışıb dərsin necə keçirildiyini görməkçün “uşqola” gediblər. Məktəb qaydalarını bilməyən yaşlı Qasım kişini məsələnin hansı tərəfindən baxsan başa düşmək olar. Ələlxüsus da, o yaşda kişi, “uçitel”in bir kəlməsindən sonra qaydaya əməl edir və çubuq çəkmirsə, demək ki, Qasım kişini qınamağa dəyməz.

“Əli Həsənov oğlu Şamxalı “Xəzər TV”yə rəhbər təyin etmişdi. “Xəzər Tv”nin kafesi də Bakının ən bərkgedən restoranları səviyyəsində lüks təmirli, super məkandır. Şamxal işçilərin gözü önündə “Xəzər Tv”nin kafesində qəlyan çəkirdi. Pul verib qəlyandüzəldən tutmuşdu, hər gün işçilərin önündə fıshafıs çəkirdi”.

Hadisə vaqe olur 21-ci əsrdə. Danabaş kəndində “uşqol” açılandan təqribən 3 əsr sonra. Və ucqar dağ kəndində də yox, müasir bir ölkənin paytaxtında, sevimli Bakımızda. Ata ölkənin ən yüksək vəzifələrindən birini tutur, oğluna TV rəhbəri vəzifəsini verib ki, get otur orda, qəlyanını çək. Müasir “Qasım kişinin” (iraq Qasım kişidən) bu hərəkəti barədə keçən gün sosial şəbəkədə həmin kanalın keçmiş əməkdaşı, dəyərli jurnalist Ceyhun Rzayev status yazıb. Qasım kişiyə çubuq çəkdiyi üçün əsəbləşən “uçitel”in müasiri, Ceyhun bəy də eynən “uçitel” kimi əsəbləşib, amma dillənə bilməyib. Çünki dəyişən dövranın fonunda ayaqlar baş olmuşdu. İndi artıq “Qasım kişi” “uçitel”in rəhbəri idi. Və Ceyhun bəy dillənə bilməməsinin səbəbini də səmimi şəkildə yazıb: “O vaxt bunu yazsam, Şamxal məni “moyka”ya sürgün edib, maşınını yuduzdurardı”.

Buradan həm də aydın olur ki, TV rəhbərinin “moykası” da elə TV binasında imiş. Yəqin ki, içəridə müasir saunası, istirahət otaqları filan da olub. Yenə də sağ olsun ki, işçilərin gözü önündə çimmirmiş, nə deyək...

“Media üzərindəki buludlar” söhbətlərini xatırlayırsınız yəqin ki, Əli Həsənov işdən çıxarıldıqdan sonra, kişinin “votsap qrupundan” başını götürüb qaçanların ən çox sevdiyi ifadələrdən biri idi. Dünən bu statusu oxuyandan sonra mən həmin o buludların konkret “Xəzər TV”yə aid olan hissəsininin nədən ibarət olduğun tapmışam. Qəlyanın tüstüsü imiş! Bütün günü “fıshafıs” çəkilən qəlyandan qalxan tüstü, dumana dönüb o boyda televiziyanı ağuşuna alıbmış. Bu qədər sadə.

İndi gələk məsələnin əsas tərəfinə. Amma etiraf edim ki, çox çətin və məsuliyyətli tərəfinə. Elə dediyimiz statusun altında da, dostlardan sual edənlər var idi ki, indi nə dəyişib? Bax bunu deyə bilmək üçün, söhbət konkret bir tv-dən gedirsə, həm yaxşıca araşdırma etmək lazımdır. Yerli tv-ləri az izləməyimizi desək də, hansı kanalda nə baş verirsə, hamısından xəbərdarıq. Dərin araşdırmaya gərək yoxdur, eləcə bir iki adamdan fikir soruşub, internetdə gəzişmək bəs edir. Əgər müsbətə doğru nəsə varsa, mütləq ki, xəbərdar olacaqsan. Di gəl bu yerdə, sübut etməlisən ki, sənin sözügedən televiziyanın rəhbərliyi və işçiləri ilə heç bir yaxınlığın yoxdur. Əks halda deyəcəklər ya qərəz var, ya sifariş. Çox istəyərdim ki, “Xəzər TV”nin hazırkı rəhbəri Murad Dadaşovu televiziya ekranından başqa heç yerdə görmədiyimə and içim, sonra müqayisə aparım, amma ki, yox, mən Murad müəllimi bir dəfə “28 may” tərəfdəki telefon dükanlarından birində yaxından görmüşəm, hətta salamlaşmışam da. Odur ki, geniş araşdırma aparmağa filana da vaxt sərf edən deyiləm, inanan onsuz da inanacaq. Əlqərəz, kim nə deyər, özü bilər, mətləbdən uzaqlaşmayaq.

Mənə bir tanış, bir yaddaşımda qalan hadisə, bircə dənə də internet sorğusu kifayət elədi ki, fikirlərimi yazım. Əvvəlcə “Xəzər”yə tez-tez yolu düşən bir tanışdan soruşdum ki, statusda bəhs edilən kafe indi də dururmu? Durursa, indi necədi vəziyyət? Tanış deyəsən statusdan xəbərsiz idi, heç bilmədi niyə soruşuram. Kafenin yerində olduğunu, istifadə edildiyini söylədi. Və maraqlı bir cümlə işlətdi ki, “İndi o kafedə şəhidlərimizn anım günləri və digər hüzn günləri ilə bağlı ehsan süfrələri açılır”. Mənə əslində qəlyan çəkilməməsi bəs edirdi, əgər vəziyyət belədirsə, lap yaxşı.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə müxtəlif kollektivlərin öz aralarında keçirdiyi şənliklərdən bəzi fraqmentlər sosial mediada yayılmışdı. Bunlardan ən çox bəyəniləni Murad Dadaşovun yerimə əngəlli bir işçisi ilə rəqsi idi. Videodan da görünürdü ki, hər şey çox səmimidir. Hətta bəzi dostlar belə kadrları nəzərə alıb təklif edirdilər ki, “TV-lər süni “yeni il” verilişlərini hazırlamğa vaxt sərf etməkdənsə, öz kollektiv qonaqlıqlarını efirə versələr daha maraqlı olar.” Təbii ki, bu zarafatla deyilmiş bir ifadə idi, amma hər zarafatın içində də doğruluq payı olduğu mütləqdir.

Demək ki, əslində işçilərin gözü qarşısında ediləcək xeyli gözəl hərəkətlər varmış. Örnək olacaq davranışlar var. Bunları etmək əvəzinə, adam niyə ciyərlərinə zülm edib qəlyan çəksin ki? Üstəlik bu merətin tüstüsü illərlə adamı narahat edirmiş, anlaşılan.

Yenə də qayıdaq indiki vəziyyətə. Doğrudan da, “Görəsən o duman təmizlənibmi?” sualına yuxarıda dediklərimə rəğmən, tam cavab tapa bilmədiyimçün, dedim görüm başqa nə xəbər var. “Xəzər Media Mərkəzi” yazıb axtarış verməyimlə, elə dünən mətbuatda gedən bir xəbər çıxdı qarşıma. Mədəniyyət və İncəsənət Universiteti ilə imzalanan memorandumdan bəhs edən xəbərdən belə anladım ki, universitetin tələbələri mərkəzdə işlə təmin olunacaq, o biri tərəfdən də, universitetin mütəxəssisləri ilə mərkəz “media mərkəzinin işçilərinin ixtisas və biliklərinin daha da artırılması üçün” əməkdaşlıq edəcəklər. Nə yalan deyim vallah, xoşuma gəldi. Gənclərə iş, işçilərə isə akademik biliklər veriləcək, çox gözəl. Sevindirici haldır.

İndi deyəcəksiz ki, dünya dağılır, aləm qarışıb bir- birinə. Qonşularımızdakı terror təhlükəsi və müharibə haqda xəbərlər bir başa bizi də təhdid edir. Vəziyyət çox pisdir, doğrudan da dünyada durumlar çox qarışıqdır. Dünya toz-duman içində olduğu bir vaxtda, bir TV kanalından nə vaxtsa qalxan qəlyan dumanı adamı niyə belə narahat etsin ki?

Pafoslu çıxacaxsa, üzr istəyirəm. Amma məncə hərə öz sahəsindəki dumanı yox etsə, bəs edər. Demirikmi ki, hər şey zərrəciklərdən təşkil edilib, demək ki, zərrə-zərrə də düzələ bilər. Bir də ki, yaxşı işlər üçün təşəkkür etmək lazımdır. Bir şirkətdə qəlyandan- ehsana, “nanəli, şit, bayağı” ekrandan, elm ocaqları ilə əməkdaşlığa, “ailə biznesindən” - ailə kanalına qədər yol gedilibsə, bu işdə əməyi olan hər kəsə niyə təşəkkür etməyək ki?

Sözümün canı odur ki, elə təkcə “fıshafısla” qəlyan çəkməmək, nəyə desən dəyər. İşçilərin “moyka” qorxusu da götürülübsə, lap əla!\\Bakupost.az

Dünyapress TV

Xəbər lenti