“Nisə xanım, Flora xanım kimi sənətkarlar üstümə gəlir, onların yanında siz kimsiniz ki...?”
Tanınmış müğənni Sevda Əliqızı hər zaman müsahibələrində gənc müğənnilərin özlərindən böyüklərə salam verməməsini tənqid edirdi. O bildirib ki, artıq həmin müğənnilər onun tənqidlərindən nəticə çıxarıblar.

DİA.AZ bildirir ki, moderator.az-a açıqlama verən müğənni həmin sənətçilərə məsləhətlərini də verib.

“Dediyim o gənc müğənnilər var idi, hansı ki, özlərini çox böyük-böyük aparırdılar. Artıq gəlib yanımdan keçəndə deyirlər ki, “Sevda xanım necəsiniz?”. Salam verirlər, salam alırlar. Bu adama da xoş gəlir. Onlar bir salam verirsə, mən iki salam verib, qucaqlayıb öpürəm. Tənqidlərimdən nəticə çıxarıblar. Mən özümü heç vaxt, heç kimin yanında yuxarıdan aparmamışaç. Onlar elə bilirdilər ki, 1-2 dəfə efirə çıxmaqla ulduz olacaqlar! Nisə xanım, Flora xanım kimi sənətkarlar məni görəndə can-can deyib, üstümə gəlirlər. Deyirəm ki, ay Nisə xanım, ay Flora xanım, mən gəlirəm də sizlə görüşməyə. Onlar böyük sənətkar olmaqla yanaşı, həm də böyük insandırlar. Siz bəyəm onlardan artıqsınız?!” deyə müğənni bildirib.

Sevda Əliqızı müğənnilərin geyimlərindən də danışıb.

“İndi deyəcəklər ki, bu köhnə fikirlidir. Vallah mən köhnə fikirli deyiləm. Müasir insanam, müasirliyi də sevirəm. Bir az geyimlərinə fikir versinlər. Vallah kənardan tamaşaçılar baxırlar, xoş gəlmir. Qadın qadınlığını saxlamalıdır. Sanbal olmalıdır. Mən istəmirəm ki, səhnə podyum olsun. Çox açıq-saçıqlıdır. Biz Azərbaycanlıyıq axı, onu qorumalıyıq. Bəyəndiyimiz gənc müğənnilərdən Almaxanım Əhmədli və Çinarə Məlikzadənin adlarını çəkə bilərəm. Çinarə Məlikzadə ilk dəfə efirə çıxanda az qalırdım ki, gəlib televizoru öpüm. Bu hər iki xanımda istər sənət, istərsə də geyim mədəniyyəti paralel inkişaf edir. Mən yaxşıların adlarını çəkirəm ki, digərləri də onlardan ibrət götürsünlər. Hətta onlar ara mahnısını da elə təqdim edirlər ki, elə bil bəstəkar mahnısıdır” deyə sənətçi bildirib.

Dünyapress TV

Xəbər lenti