“Güney Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində bu yazıda Güneydəki yurdlarımızdan biri haqda söz açacağıq. Qərbi Azərbaycan əyalətinin Maku mahalı…
Coğrafiyası və təbii şəraiti
Maku mahalı Qərbi Azərbaycan əyalətinin şimal-qərbində, Ağrı dağının ətəyində, Türkiyə, Güney Azərbaycan və Azərbaycan Respublikasının sərhəd zolağında yerləşir.
Dəniz səviyyəsindən 1634 metrə yüksəklikdədir. Mahal şimaldan Qarasu çayı və Türkiyə Cümhuriyyəti, şərqdən Araz çayı və Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası), qərbdən Türkiyə Cümhuriyyəti və cənubdan Güney Azərbaycanın Xoy mahalı ilə əhatə olunub.
Maku mahalı topoqrafik baxımdan iki dağlıq və düzənlik bölgədən ibarətdir. Qərbdən şərqə və cənubdan şimala doğru onun yüksəkliyi azalır.
Maku mahalının dağ silsiləsi Ağrı dağından başlayaraq, şimal-qərbdən cənub-qərbə doğru uzanıb. Bu dağlar Güney Azərbaycanla Türkiyə sərhədini yaradır.
Makunun başlıca dağları bunlardır: Şaka dağı (3050 m), Çirkin dağ (3000 m), Qaradağ (2776 m), Tikmə dağ (2382 m), Ağgöl dağı (2023 m), Daşkəsən və Kəklik Bulağı (1850 m) və Hasun dağı (1826 m).
Mahalın ən geniş düzənlikləri Poldəşt, Zəngənə Bazirgan və Şiblidir.
Ərazisi, əhalisi, inzibati bölgüsü
Əyalət mərkəzi Urmiyadan 270 kilometr aralıda yerləşən Makunun ərazisi 6089 kvadrat kilometrdir. Mahal əhalisinin sayı təxminən 210000 nəfərdir. Əhalinin yarıdan çoxu kəndlərdə yaşayır.
Etibarlı statistik məlumatlara əsasən, mahal əhalisinin 95 faizi Azərbaycan türküdür. Danışıq dili Azərbaycan türkcəsidir. Maku əhalisinin çoxu şiədir. Az sayda sünni kürdlər köçəri halda yaşamaqdadır.
İnzibati ərazi bölgüsünə görə Maku şəhəri üç bölgə (Mərkəzi, Şot, Poldəşt), dörd şəhər (Maku, Bazirgan, Şot, Poldəşt) və on kənd rayonundan (Qala dərəsi, Şimali Çaybasar, Cənubi Çaybasar, Yolagəldi, Şimalı Qaraqoyun, Cənubi Qaraqoyun, Qərbi Gülçarat, Şərqi Gülçarat, Zəngibar, Şərqi Çaybasar) ibarətdir.
Düzənlikləri və kənd təsərrüfatı
Bölgənin iqtisadi həyatında və kənd təsərrüfatında önəmli rol oynayan düzənliklər haqqında bəzi məlumatlarla tanış olaq.
Poldəşt düzənliyi. 131600 hektar əraziyə malik olan bu düzənlik mahalın şimal-şərqində yerləşir. Burada sulu torpaqlarda əsasən buğda, yonca, arpa, dəmyə yerlərdə isə buğda, arpa və başqa dənli bitkilər əkilir. Zəngibar və Sarısu çayları düzənlikdə əkinçiliyin inkişafına səbəb olub.
Zəngənə düzənliyi. 55000 hektar ərazisi olan bu düzənlik mahalın və əyalətin ən şimal hissəsində yerləşir.
Bazirgan düzənliyi. Düzənliyin ərazisi 16200 hektara bərabərdir. Burada da arpa, buğda, yonca suvarılan və dəmyə torpaqlarda əkilir. Su təminatı əsasən qaynağı Türkiyədə olan və Yarı Qaya gölü vasitəsilə düzənliyə daxil olan Sarısu çayındandır.
Şibli düzənliyi. Bu düzənlik Araz çayı üzərində tikilən su bəndinin yanında yerləşir. Burada arpa, buğda, küncüt və günəbaxan əkilir.
Mahalın tarixindən
Mahal mərkəzi Maku şəhəri Zəngibar çayının keçdiyi dərədə salınıb. Zəngibar çayı şəhəri iki yerə - şimal və cənub hissəyə ayırır. Şəhərin cənub hissəsi Səbət dağının ətəyində yerləşir və gözə çarpacaq dərəcədə yaşayış yerlərinə malik deyil. Ancaq şimal hissəsi daha böyük və abaddır. Sarıqaya adlanan dağın (qayanın) bir hissəsi şəhərin üstünə doğru gələrək, onun üstünü çətir kimi tutub. Bu isə Makunun özünə xas və misilsiz gözəlliyinə səbəb olub.
Makunun tarixi və adı haqqında çoxlu fikirlər və ehtimallar yazılıb. Ancaq mahalda və mahal mərkəzində əldə edilən arxeoloji tapıntılar hələ eradan öncə birinci minillikdə burada parlaq mədəniyyətin mövcud olduğunu göstərir. Səngər kəndi, Çəpər kəndi, Çaybasar, Dəlikdaş, Qarabulaq, Şadı Araz, Bastam kəndləri və başqa yerlərdəki daş otaqlar, Almaniya arxeoloqları heyəti tərəfindən tapılan və oxunan mixi əlifbasında yazılmış kitabələr, onlarla başqa arxeoloji tapıntılar, yerli və əcnəbi tarixçilərin, tədqiqatçıların yazdıqları göstərir ki, bura Urartu dövründə əhəmiyyətli yaşayış və strateji bölgələrdən biri olub.
Bir sıra tədqiqatçıların fikrincə, Makuya bəzi tarixi dönəmlərdə “Qaban qalası” da deyilib.
1635-ci ildə Osmanlı sultanı IV Murad özünün adlı-sanlı sərkərdələrindən biri olan Qara Mustafa Paşanı Makunun hərbi qalalarını yenidən qurmaq üçün bölgəyə göndərib. Bu isə o dönəmdə Makunun hərbi və strateji baxımdan önəm daşıdığını göstərir.
Osmanlı-Səfəvi ziddiyyəti dövründə osmanlılar üçün Vanda Qotur qalası, Səfəvilər üçün isə Maku qalası misilsiz əhəmiyyət daşıyırdı.
Bir çox tarixi faktlara görə, Maku şəhərinin yenidən qurulması və abadlaşdırılması bayat tayfasının adı ilə bağlıdır.
Nadir Şahın sərkərdə və hakimlərindən biri kimi bu tayfanın başçısı Əhməd Sultan Xorasan əyalətinə nəzarət edirdi. Nadir Şahın vəfatından sonra o, Makuya gələrək, özünün yerli hökumətini qurdu. Rza xan hakimiyyətə gələnə qədər onun canişinləri “sərdar” adı ilə Maku bölgəsinə hakim olublar.
İqtisadiyyatı və məşğulluğu
Sənaye baxımından Maku inkişaf etmiş bölgə sayılmır. Burada əsasən kiçik sənaye müəssisələri, fərdi sexlər və fabriklər fəaliyyət göstərir. Habelə Türkiyə Cümhuriyyəti ilə sərhəddə yerləşən Bəzirgan sərhəd bazarı və gömrük-keçid məntəqəsi də mahal iqtisadiyyatında, əhalinin yaşayışında önəmli rol oynayır.
Kənd təsərrüfatı və heyvandarlıq Maku mahalının əsas gəlir mənbələrindən hesab edilir. Burada mövcud olan münbit təbii şərait, düzənliklər və dağlıq ərazilərdə olan zəngin otlaqlar mahalda müxtəlif xırda və iri buynuzlu heyvanların saxlanılmasına imkan verir. Bundan başqa mahalda taxıl, dənli bitkilər, pambıq, küncüt, günəbaxan, çeşidli tərəvəzlər, alma, üzüm, armud, qoz və badam yetişdirilir.
Maku mahalında əl işləri sənayesi də əhalinin bir qisminin dolanışığının təminatında önəmli rol oynayır. Azərbaycanın başqa yerlərində olduğu kimi, bu sənaye sahəsində xalça toxuculuğu birinci yeri tutur. Mahalda, özəlliklə kəndlərdə köçərilər tərəfindən toxunan xalçalar ölkənin bir çox yerlərinə ixrac edilir. Şəhərlərdə fərdi və sexlərdə toxunan xalçalar ölkə bazarları ilə yanaşı, başqa ölkələrə də ixrac olunur. Xalça ilə yanaşı, mahalda kilim, cecim, çeşidli örtüklər, həsir toxuma, müxtəlif ipliklərin emalı, saxsı işləri, yun toxumaları, keçəçilik və s. əl işləri sənayesi mövcuddur.
Gəzməli-görməli yerləri, tarixi abidələri
Maku mahalı özünün təbii və tarixi çəkiciliyinə görə Azərbaycanın ən görməli yerlərindən biri sayılır. Aşağıda çoxsaylı belə yerlərdən bəzi örnəkləri diqqətinizə çatdırırıq:
Bağçacıq sarayı. Bu təntənəli və tarixi bina Qacarlar dövründə, Müzəffərəddin şah Qacarın sərkərdələrindən biri olan İqbalüssəltəneyi Makuyi tərəfindən tikilib. Bu tarixi bina Rusiya memarlığının gözəl nümunələrini özündə əks etdirir. Hazırda adı çəkilən bina Maku Sərdarının ev muzeyi kimi fəaliyyət göstərir.
Külah Firəngi sarayı. Bu bina Qacarlar dövrünə aiddir və indiyə kimi üzərində heç bir dəyişiklik və ya yenidənqurma işi aparılmayıb.
Makunun Polis binası. 1902-ci ildə tikilib.
Qara qala. Bu qala eradan öncə 7-8-ci yüzilliklərdə uratrtular dövründə müdafiə və hücum məqsədilə inşa edilib.
Ravız Qalası. Eradan öncə 3-4-cü yüzilliklərdə inşa edilən qala yaşayış məskəni olub.
“Fərhad damı” adlanan Urartu şəhəri. Maku şəhərindən 7 kilometr şimalda Səngər kəndinin yaxınlığında yerləşən ərazidə aparılan son arxeoloji qazıntılar zamanı urartulara aid və qeyri-hərbi, yaşayış məskəni olan şəhər qalıqları aşkar edilib. Bu şəhərdə urartuların Xalid Tanrısına aid daş məbəd mövcuddur. Buradan azacıq aralıda, “Koroğlu qalası” adlanan yerdə isə başqa bir daş məbədin qalıqları tapılıb. Aparılan araşdırmalardan şəhərin 20 hektar ərazidə yerləşdiyi bəlli olub.
Səngər Qaya məqbərəsi. Maku-Bəzirgan yolunun 7 kilometrliyində Fərhad kəndinin yaxınlığında yerləşən məqbərə eradan 700 il öncə urartular dövrünə aiddir.
Beş Bulaq körpüsü. Səfəvilər dövründə Maku-Təbriz və Maku ilə ətraf kəndləri birləşdirmək üçün inşa edilib.
Rusa şəhəri daş yazıları. Urartu şəhəri Rusa eradan 900 il öncə İkinci Rusa dövründə inşa edilib. Ərgiştinin oğlu İkinci Rusa şəhərin inşası bitdikdən sonra darvaza üstündə daş kitabə yerləşdirib. Çox önəmli tarixi dəyərə malik olan mixi əlifbasında yazılmış bu daş kitabə almaniyalı arxeoloq Min Tess tərəfindən oxunaraq, tərcümə edilib. Kitabənin uzunluğu 72 sm, eni 56 sm, qalınlığı isə 11 santimetrdir. Kitabə üzərində 16 paralel xətdə yazı yazılıb. Assurilərin hücumu nəticəsində dağılan şəhərdən günümüzə Çaypara bölgəsində yerləşən kiçik Bastam kəndi qalıb. Adı çəkilən kitabə hazırda Makuda saxlanılır.
Maku hamamı. Qacarlar dövründə tikilən bu hamam özünün xüsusi memarlığı və mövcud imkanlarına görə əhəmiyyətli abidələrdən biri sayılır.
Qalacıq körpüsü. Maku şəhərinin cənubunda, Zəngibar çayının üzərində qurulan körpü Səfəvilər dövründə tikilib.
Qara kilsə. Albanlara məxsus olduğu iddia edilən bu kilsə Qarabulaq (“Siyəçeşmə”) kəndlərindən olan Qarakilsə kəndində yerləşir.
Xan Bəy hamamı. Çorus kəndi yaxınlığında yerləşən bu hamam Qacarlar dövründə tikilib.
Səfərəli xan evi. Makunun şimalında, bir neçə qaya üzərində inşa edilib.
Əlixan Bayat evi. Hazırda Milli Bank mərkəzi kimi istifadə edilən bina Əhməd xan Bayata məxsus olub. Bu binadan Pəhləvilər hakimiyyətinin ilk illərində Rusiya konsulluğu kimi də istifadə edilib. Qacarlar dövründə tikilib.
Şir-Xurşid binası. Qacarlar dövrünə aid binadır. Binadakı oyma və bəzək işləri diqqət cəlb edir.
Şahabad bulağı. Makunun 30 kilometrə cənub-şərqində yerləşən istisu bulağı minerallarla zəngin müalicəvi bulaqdır.
Şügüftü bulağı. Ağbulaq dağı ətəyində, Şügüftü kəndində yerləşən bu bulaq müalicəvi suyu ilə məşhurdur.
Şotabad istisu bulağı. Təpə başından çıxan bu bulaq isti və müalicəvi suya malikdir.
Başkəndi isti suyu. Başkəndi kəndinin yaxınlığında yerləşən müalicəvi bulaqdır.
Bunlarla yanaşı, gəzməli-görməli yerlərə aid bir sıra tarixi abidələrin, təbii gözəlliklərin adlarını çəkmək istərdik:
I minilliyə aid Xəlilabad kurqanı, Zəngənə çölündə Şədidaşt kəndində yerləşən daş məbəd, Maku qayası, Sarı Qayada qala bürcü və kitabə, Dambat şəhərinin tarixi qalıqları, çeşidli alban kilsələrinin qalıqları, Məhənd kəndində Gəzli xarabalıqları, Qızılca Qala kəndində qaya üzərində oymalar və rəsmlər, Ağrı dağı ətəklərində kəhrizlər və mağaralar, Qızıl dağda Səguş xarabalıqları, Ovacıq kəndində yerləşən Pir Əhmədi qəbiristanlığı, Qayadağı ətəyində yerləşən ibadətgah, Kişmiş Təpə adlı kənddə yerləşən Kişmiş Təpə kurqan, Zəngimar dərəsi, Bozalan gölləri, Qarabulaq gölü, Araz bəndi, Barun bəndi. Sürəyya bulağı, Qarasu çayı və ətrafı...