Naxçıvan yanğınsöndürənləri İranın çağırışına belə cavab verdi –
1974-cü il. Soyuq müharibənin ən sərt dövrü, SSRİ-də dəmir pərdənin daha “tünd və qalın” olduğu çağlar. İran və Türkiyə ilə sərhəd olan Naxçıvan MSSR-ə getmək üçün xüsusi icazə tələb olunan vaxtlar. İnternetdə axtarış edərkən təsadüfən qarşımıza həmin ildə çəkilmiş sənədli film çıxdı. “Qədim diyarın gəncliyi” adlı filmdə Naxçıvanın həyatından bəhs edilir.
Avtosfer.az bildirir ki, filmdə maraqlı bir səhnə də yer alır. Naxçıvan yanğınsöndürənlərinə İrandan çağırış daxil olur. Araz SES ətrafında yanğın baş verib. İran tərəfi işin öhdəsindən tək gələ bilmədiyi görüb köməyə muxtar respublikadan olan həmkarlarını çağırır. Naxçıvan yanğınsöndürənləri bir an belə tərəddüd etmədən qonşu ölkəyə yardıma yollanır. Filmdə deyildiyi kimi insanın qurub-yaratdıqlarını qorumaq üçün.
Burada maraqlı bir məqam da var. 1992-ci ilədək Sovet ittifaqından xaricə birbaşa telefon rabitəsi mümkün deyildi. Bütün zənglər Moskva vasitəsi ilə aparılırdı. Həm də ciddi nəzarət altında. Filmdə isə uzaq 1974-cü ildə İrandan birbaşa Naxçıvana yanğın çağırışı edilir. Yanğınsöndürən komanda bir an belə tərəddüd etmədən (Bakıya xəbər vermədən, Moskvadan icazə almadan) xarici dövlətə köməyə yollanır.
Belə bir sual da yaranır: necə olur ki, şah İranı kiçik bir sovet şəhərindən yardım istəyir? Cavab birmənalıdır: həmin dövrün Azərbaycanı elm, texnika və təhsil baxımından bütün Şərq ölkələrini üstələyirdi. Həm də ərazi və əhali baxımından onlardan qat-qat kiçik olmasına rəğmən. Azərbaycanın bir parçası olan Naxçıvan da istisna deyildi.

Qeyd edək ki, həmin kadrlar videonun 4.59 – 5.48 dəqiqələrində əksini tapıb.
avtosfer.az

 

Dünyapress TV

Xəbər lenti