Film bazarında DURĞUNLUQ:
“Bizim ölkədə kino sənayesinin maliyyələşməsinin mənbələrinin normal mexanizmləri qurulmayıb və qurmaq da istəmirlər!”

DİA.AZ xəbər verir ki, bunu “Bu gün Azərbaycanda dünya çapında mükəmməl filmlərin çəkilməsi üçün nə çatmır?” sualını cavablandırarkən Peşəkar Rejissorlar Gildiyasının rəhbəri, tanınmış kinorejissor Hüseyn Mehdiyev Yenicag.az-a açıqlamasında deyib.

Gildiya rəhbəri dünya kino istehsalçıları ilə müqayisə apararaq, mükəmməl filmlərin istehsalı üçün ilk növbədə böyük məbləğdə sərmayə tələb olunduğunu vurğulayıb:

“Dediyiniz kimi “mükəmməl filmin” və ya normal filmin ərsəyə gəlməsi üçün ilk növbədə əlbəttə maliyyə qoyulmalıdır. Normal vəsait olsa, qalan hamısını düzəltmək olar.
Bütün dünyada filmin büdcəsinin formalaşmasının bir çox meyarları var və filmin büdcəsi 1 milyon dollardan (az büdcəli film) 500 milyon dollara (yüksək büdcəli film) qədər ola bilər və tərtib olunan filmin büdcəsinin heç biri sonda real büdcə ilə üst-üstə gəlmir. Büdcəni formalaşdıran meyarlardan biri də filmi yaradanların qonorarlarıdır. Dünya təcrübəsinə əsaslansaq, məsələn, Amerika Kinorejissorlar Gildiyası və ümumiyyətlə bütün peşələrin gildiyaları filmin istehsalı ilə bağlı minimum qonorarın həcmini müəyyənləşdirirlər. Filmin büdcəsini tərtib edəndə bütün bunlar nəzərə alınmalıdır, çünki müəyyənləşdirilmiş minimumdan aşağı olanda özünə hörmət edən peşəkar bununla razılaşmayacaq. Məsələn, Kinorejissorlar Gildiyası qonorarın həcmini həftədə 19 min dollar müəyənləşdirib və ümumən film üzrə rejissor 5 milyon dollara qədər ala bilər. İndi özünüz fikirləşin ki, büdcəsi 1 milyon dollar olan filmdə kim işləyəcək!? Bu ya tələbədir, ya da kiçik bir eksperiment… Bizim ölkədə kino sənayesinin maliyyələşməsinin mənbələrinin normal mexanizmiləri qurulmayıb və qurmaq da istəmirlər”.

Dünyapress TV

Xəbər lenti