"Əslində intriqalar aşağıdan yox, yuxarıdan, yəni rəhbərlikdən gəlir…”
DİA.AZ bildirir ki, bunu Mingəçevir Dövlət Dram Teatrına yeni təyin olunan direktor İntiqam Soltan Yenicag.az-a açıqlamasında deyib.
O, teatrda yaradıcı mühitin formalaşmasına əngəl olan və bu məqsədlə intriqa yaradan teatr əməkdaşlarına qarşı sərt mövqe nümayiş etdirəcəyini bildirib:
"Bir az loru dillə ifadə etsək, teatr əməkdaşları, səhnə adamları sözün bazıdırlar. Yəni sözlə işləyən adamlardır. Bir çox hallarda isə teatrda sözbazlıq baş alıb gedir. Bu, nə vaxt olur?Aktyor, rejissor, teatr adamı boş qalanda. Sözlə işləməyəndə sözün bazı olan aktyor sözbaz aktyora çevrilir. Sadəcə olaraq işə güc verəcəyik, iş görənə dəyər veriləcək. Özünü idarə edə bilməyn adamların idarəçiliyi ilə məşğul olacağıq. Teatr adamı diqqət istəyir, səhnəyə çıxmaq, alqışlanmaq və bunun üçün şərait istəyir. Əslində, intriqalar aşağıdan yox, yuxarıdan, yəni rəhbərlikdən gəlir. Rəhbərlik düşünür ki, teatrda iki tirəlik yaratsam, o komandalar bir-birini zəiflədə bilər və zəif komandanı teatrdan kənarlaşdırdıqdan sonra, güclü komanda mənə tabe olacaq. Belə fikirlər cahil və əbləh rəhbər düşüncəsidir. Teatr, sənətkar alqış gördükcə daxilən böyüyür. O sabah sözbazlıq etməyə, intriqalara getməyə utanır və özünün daxilən böyüklüyünü hiss edir”.
Xatırladaq ki, Mingəçevir Dövlət Dram Teatrının adı son illər teatrdakı yeniliklərdən çox, yaradıcı heyətin intriqa və qalmaqalları ilə gündəmə gəlib. Teatrın rəhbərliyi bir neçə dəfə dəyişdirilib.