“Hər bir şəxs valideyninin sözünə qulaq asmalıdır. Qulaq asmayanda sonradan elə acı peşmanlıq çəkir ki. Mən bəzən bu peşmanlığı yaşayıram. Əslində hərbçi, hüquqşünas olmaq istəmişəm. Ola bilsin ki, mən sənətdə nələrsə etmişəm, amma hesab edirəm ki, mən hərbçi olsaydım vətənə daha çox faydalı ola bilərdim. Bəlkə də unikal bir hüquq işçisi olardım. Mən heç vaxt düşünməmişəm ki, gəlib tanınıb, filankəs olacağam. Mən sadəcə işimlə məşğul olmuşam, çalışmışam ki, heç kim mənə minnət etməsin. Həyatımı, ömrümü, gəncliyimi bu sənətə verdim, əldə edə biləcəyim çox şeylərdən imtina etdim, amma əvəzində də Nurəddin Mehdixanlı adını qazandım”.
DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Nurəddin Mehdixanlı deyib. O, daha sonra əlavə edib.
“Bəzən hansısa proqramlarda Azərbaycan qadınını ailəsini dağıdan, azərbaycanlı kişisi ailəsinə baxmayan, azərbaycanlı qızı vəfasız və s. göstərirlər. Niyə bu cür göstərməliyik?! Bunu bir millətin xarakterik xüsusiyyəti kimi təbliğ etmək olmaz. Bu millətin gözəl ailələri, gözəl qızları, etibarlı, igid oğulları var, canını ailəsi, vətəni üçün düşünmədən qurban verən igidləri, ağsaqqalları, ağbirçəkləri var. Gəlin televiziya kanallarında bunu göstərək, bunu təbliğ edək. Gəlin ailəni, sevgini, mədəniyyəti təbliğ edək. O zaman boşanmalar da olmayacaq. Biz yaxşılıqları, yaxşı xüsusiyyətləri önə çıxarmalıyıq” deyə sənətkar bildirib.
Xalq artisti zaman-zaman tamaşaçıların onu obrazlarının adı ilə çağırdığını bildirib.
“Oynadığım rollar müəyyən mənada, müəyyən vaxtlarda insanlar üçün sənin adını unutdurur, səni obrazın adı ilə çağırıb, o cür müraciət edirlər. Gedəndə arxadan o adı deyirlər, mesaj ötürürlər ki, səni tanıdıq. O vaxt Akademik Milli Dram Teatrında “Unuda bilmirəm” tamaşasında Kamran obrazını oynamışdım. Məni əslində Azərbaycan tamaşası o rolla qəbul edib. “Pəncərədə işıq” televiziya tamaşasından sonra yolda məni görəndə deyirdilər ki, “Allah sənə insaf versin ay Toğrul, sən o gəlinə niyə zülm edirsən?”. Mən də deyirdim ki, gəlin yalan danışmazdı, zülm etməzdim. Son illərdə mənim sevdiyim bir qəhrəman da “Cavad xandır”. Bu obrazdan sonra mən gəncəlilər və bir çoxları üçün Cavad xan oldum. Məktub yazırlar ki, bizim Cavad xanımıza eşq olsun. Bu o qədər xoş duyğudur ki. Hər bir rol sənət adamının taleyində nələrisə dəyişir. Öz adını belə sənə unutdurur, səni yaratdığın obrazın adı ilə çağırırlar. Aktyorlar başqa peşə sahiblərindən fərqli olaraq başqa insanların da taleyini yaradırlar, yaşayırlar. Aktyor sənətinin böyüklüyü ondadır ki, o insanı və dünyanı öyrənən sənətdir. Bəzən bizə bu insanları tanımaqda kömək edir. 5 dəqiqə söhbət edib, danışandan sonra bilirsən ki, qarşındakı insan kimdir?! Bundan sonra ona ya bağlanırsan, ya da uzaqlaşırsan” deyə sənətkar bildirib.