“Yazıblar ki, Arif ölüb gedib, bunu yazmaqla 5-10 manat qazanacaqsa qoy yazsın, eybi yox...”
“Yenə də yazıblar ki, Arif yoxdur, ölüb gedib. Tamaşaçılara və oxuculara sizin vasitənizlə demək istəyirəm ki, lap sağ-salamatam. O xəbəri yazan da sağ olsun, yazmayan da. O jurnalistin də işi yazmaqdır da. Eybi yoxdur, bunu yazmaqla 5-10 manat qazanacaqsa qoy yazsın”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti Arif Babayev deyib. O daha sonra əlavə edib.

“Hər dəfə jurnalistlər mənə zəng edib, müsahibə alır, bəzən isə özlərinə sərf edəni yazırlar. Doğru xəbər yazmayanda mənə təsir edir. Bəzən elə şey yazırlar ki, o mənim həyatımda ümumiyyətlə olmayıb. Yenə də olsa fikirləşərəm ki, orasını-burasını bəzəyib deyirlər. İnsan həqiqəti deməlidir. Həqiqət elə bir şeydir ki, adam deməsə darıxar” deyə sənətkar bildirib.

Sənətkar bildirib ki, ölümdən qorxmur.

“Ömrümün yarıdan çoxunu yaşamışam. Sənətdə hər şeyə nail olmuşam. Dövlətimin, prezidentimin, tamaşaçılarımın hörmətini, izzətini qazanmışam. Bundan sonra ölsəm də təəssüflənmərəm. Çünki muğam sənətimiz etibarlı əllərdədir. Görün ildən-ilə nə qədər xanəndələrimiz meydana gəlir. Meydan heç vaxt boş qalmır, qalmayacaq da. Gənclərimiz bu gün muğamı dünyanın o biri başına kimi aparır” deyə sənətkar bildirib.

Uzun illər Opera və Balet teatrının səhnəsində çalışan sənətkar operanın bu günki vəziyyətindən də danışıb.

“30 il Akademik Opera və Balet teatrında çalışmışam, zəhmət çəkmişəm. Opera sənəti bu gün də var və yaşayır. Allah rəhmət etsin dahi Üzeyir Hacıbəyliyə. Milli ruh olmalıdır. Hər dəfə “Leyli və Məcnun” oynanılanda elə bilirəm ki, yenidir, bu dəqiqə yazılıb. Əlbəttə ki, müasir musiqilər də lazımdır, yazılmalıdır. Yeni-yeni bəstəkarlar yetişməlidir, meydana gəlməlidir” deyə sənətkar bildirib.

Dünyapress TV

Xəbər lenti