AYB-nin 13-cü qurultayı... -
Azərbaycan yazıçılarının 13-cü qurultayı necə keçirilib, Anar niyə sədr postun itirmək istəməyib? Çingiz Abdullayev jurnalistin iddialı sualına nədən əsəbi cavab verib? Ramiz Pövşən müsahibəsində niyə ikibaşlı fikir səsləndirib? "Bunlar Xalq yazıçısıdı, nə səbəbdən xalqın dərdini, ağrı-acısını dilə gətirmirlər?" və s. və. i.a.

Bütün bu suallar, bu yanaşma və münasibətlər səd heyif ki, bir baxış bucağının məhsuludur və şəxsən mənə görə, çox məhdud və subyektiv yanaşmadır. Niyəsini deyim.

Anar müəllimin ictimai rəy və rəftara, o cümlədən ictimai düşüncəyə kifayət qədər təsir edən fəaliyyəti olub. Bunu, istəsək də dana bilmərik. Güman ki, indiki cavanlar xatırlamaz, amma QOBUSTAN jurnalının yaranması və elə ilk nömrəsindən ictimai fikirdə zəlzələ effekti yaratması - tarixi faktdır. Bəlkə QOBUSTAN toplusu olmasaydı, ilk impulsu məhz həmin jurnaldan alan bir çox istedadlı yazıçılar, şair, publisistlər də olmazdı. Bəlkə demokratik düşüncə tərzimiz də indikindən əsaslı şəkildə fərqlənərdi. Bəlkə heç, söz və fikir azadlığı haqında, demokratik dəyərlər, insan hüquqları haqqında bugünkü kimi ağızdolusu danışa da bilməzdik.

Anarın "YAXŞI PADŞAHIN NAĞILI" adlı, siyasi-ictimai məzmun kəsb edə, ironok sarkazm üslubuda yazılmış, cəsarətli, mövcud rejimin çirkinliyini bəddi vasitələrlə açıb göstərən povesti olmasaydı, ölkəmizin aydınlığa çıxması, "vətəndaş -hakimiyyət" arasında mövcud olan (ya olmalı) münasibətlər sistemi indikindən qəliz və müşkül olardı. Cəmiyyət bir anlıq da olsa, xofdan qurtulub dərindən nəfəs ala bilməz, haqqın, ədalətin nəmənə olduğunu obyektiv dəyərləndirə bilməzdi... Nəzərə alaq ki, həmən əsər Sovetin at oynatdığı zamanda və mütləq avtoritarizmin hökm sürdüyü bir məmləkətdə yazılmışdı...

Hələ Anarın son 30 ildə qələmə aldığı, vətəndaş cəmiyyətinə təsir edən, onu pozitiv istiqamətə yönəldən, dəyişən, aktiv fəaliyyətə səsləyən neçə-neçə dram əsərlərini, bədi, sənədli filmlərini, analitik-publisistik məqalələrini demirəm...

Deyirlər ki, guya Anar susur, münasibət bildirmir, vətəndaş mövqeyi sərgiləmir...

Dostlar, bəzən dəyərli bir şəxsiyyətin susması, minlərlə, on minlərlə adamın "AZADLIQ!" "İSTEFA!" qışrmasından effektli olur. Təbii ki, bu subyektiv fikirimdi. Amma mənim üçün bu da həqiqətdi ki, Anarın bircə bədii əsərinin, eləcə də Ramiz Rövşənin bircə şeirinin gücü və sinergetik enerjisi keçirdiyiniz (mən də daxil), ən möhtəşəm mitinqlərdən az gücə malik deyil.

O ki qaldı Çingiz Abdullayevin Ana dilində pis danışması, ya kobud jurnalistə kobud cavab verməsi... bu da üfürülmüş şarı qlobusla dəyişik salmağa bənzəyir. Çingizin yazdıqları detektiv əsərlər bütün dünyada nəşr olunub 200 milyon tirajla yayılırsa və həmin kitablarda Ç.Abdullayevin Azərbaycan yazarı olduğu qeyd edilirsə, bu qınanmalı yox, fəxr edilməli hadisə, yaxud ölkəmizin nüfuzuna dividend gətirən fakt kimi dəyərləndirilməlidir. Dünyanın əksər kitab mağazalarında Azərbaycanlı yazıçının bestsellerinin satılması, bizləri sevindirməməlidirmi? 1-ci, əsasən də 2-ci Qarabağ müharibələrində milyonlarla tamaşaçısı olan rus TV-lərində Çingiz Abdullayevin çıxışları ən azı yüz minlərlə insanın gözünü açıb, onları düşünməyə - erməni xislətinin, erməni riyakarlığının nəmənə olduğunu, qismən də olsa, etirafa məcbur etmədimi? Beynəlxalq aləm erməni vandalizminin əsil simasını Çingiz Abdullayevin sərt çıxışlarından sonra, az da olsa, görüb də anlamadımı?..

İndi deyirsiniz bütün bunların üstündən çalın-çarpaz xətt çəkək? Nə var-nə var, Anar növbəti dəfə AYB-ın sədri seçilib?.. Nə var-nə var, Çingiz Abdullayev normal sual verməyi bacarmayan bir jurnalistə hirslənib kobud cavab verib?!

Bir də, ana dilini yaxşı bilməmək vətənini, xalqını sevməmək anlamı daşımır; o qədər doğma dili nükəmməl bilib vətəninə, xalqına xor baxanlar var ki...lap itivə tök!..

Sosial şəbəkələrdə adını düzgün yaza bilməyən burnufırtıqlı uşaqlar, həmçinin, adını düzgün yaza bildiyi üçün özünü əvəzolunmaz yazıçı-şair sayan bəzi müştəbehlər indi Anarı söyür, Çingizi Abdullayevi söyür, Ramiz Rövşəni, Rəşad Məcidi təhqir edir... Buna yol vermək olarmı? Buna imkan vermək olarmı?

Əlbəttə, yox və yox!

Eldəniz QULİYEV
 
 
 

Dünyapress TV

Xəbər lenti