“Efirlərə getmirəm, bəyənmirəm. Bəzən düşünə bilərlər ki, bu özünü dartır, göylə aparır. Vaxtilə efirə yeni filmlərin təqdimatı ilə çıxırdım, danışırdım, kollektiv söhbət edirdik. Bu gün əgər çəkilmirəmsə, niyə efirlərə çıxım? Məndən başqa şey yox, kino haqqında soruşacaqlar. Əgər çəkilmirəmsə, olmayan şeydən nə danışmaq olar?! Meydana işlə çıxmaq lazımdır. Elə adamları efirə dəvət edirlər ki, mən ora getmək istəmirəm. Hər şeyi hörmətsiz ediblər”
DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Rasim Balayev deyib. O daha sonra əlavə edib.
“Şöhrət yaxşı şeydir. Adamı yolda görürlər, sayırlar, şəkil çəkdirirlər. Amma hər adam bu şöhrətdən düzgün istifadə edə bilmir. Şöhrət insanı poza bilər. Buna davam gətirmək lazımdır. 20-30 filmə çəkiləndən sonra da heç vaxt deməmişəm ki, mən etdiyimi etdim. Çünki əgər bu gün filmə çəkilirəmsə, demək ki, sıfırdan başlayıram. Həyat şirindir, arzudan arzu doğur. Nə qədər yaşayırsansa istəyirsən ki, ailənin, balalarının, nəvələrinin xoş günlərini görəsən” deyə Rasim Balayev deyib. Sənətkar filmlərimizin bu günki vəziyyətindən də danışıb.
“Kinomuzun çətin günlərini yaşayırıq. Qaynar film həyatından gəlib bu gün böyük bir boşluğa düşmüşəm. Kamera qarşısında hər zaman xoşbəxt olmuşam. Bu gün kinomuz naşi adamların əlindədir. Filmlər çəkilir, amma mən istədiyim filmlər yoxdur. Özümü o filmlərdə görmürəm. Çünki mən rejissora, ssenariyə görə filmlərdə çəkilmişəm, prodüsser filminə çəkilmək istəmirəm. Aktyor ömrünün sonuna qədər obraz oynamalıdır. Bəzən deyirlər ki, hər yaşın öz gözəlliyi var. Elə cavanlığın özü gözəllikdir. Qocalıq yaxşıdır, amma gərək sağlam olasan” deyə sənətkar bildirib.
Sənətkar bildirib ki, bəzi filmlərin çəkilişində xəsarətlər alıb.
“Babək” və bir başqa filmimdə atdan yıxılmışam. O vaxt cavan idim, belimdə müəyyən ağrılar olurdu, sonra da düzəlirdi. Cavanlıqda bunu hiss etmirdim, amma yaşa dolandan sonra bütün bu xəstəliklər üzə çıxdı. Filmdə adi at yox, cıdır atları çəkilirdi. Onlarla çəkilmək də çox çətin idi” deyə Rasim Balayev deyib.