“Allahı müdafiə edən adam dünyada ən axmaq adamdır” – Şair qalmaqallı şeirindən danışdı
“Həmin şeiri özüm paylaşmamışam. Özü də onu indi yox, bir neçə ay əvvəl yazmışam. Şeirə görə məni hamı yox, 5-10 nəfər tənqid edib, qalanları ağıllı oxuculardır və nə yazdığımı başa düşüblər. Bəziləri ədəbiyyatdan uzaq, ömründə bir kitab oxumayanlardır…”
Bu sözləri Yenisabah.az-a tanınmış şair Rüstəm Behrudi deyib. Allahla bağlı şeiri sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilən şair onu tənqid edənlərə cavab verib:
“Məni tənqid edənlərin səhifələrinə baxdım, onlar ömürlərində bir dəfə Qurani-Kərimi nəinki oxumaq, heç vərəqləməyiblər də. Ancaq Allahın müdafiəçisi rolunda çıxış edirlər. Allahı müdafiə edən adam dünyada ən axmaq adamdır, çünki Allah Allahdır, onun müdafiəyə ehtiyacı yoxdur. O əgər bizim düşündüyümüz, ruhumuzda, ağlımızda yaratdığımız Allahdırsa, onun bu cür səviyyəsiz adamların müdafiəsinə ehtiyacı yoxdur.
Mən özüm ateist deyiləm, tanrıçıyam. Bu barədə 30 il əvvəl kitablar da yazmışam. Şeiri tənqid edənlər heç mənim nə yazdığımı belə analaya bilməyiblər. Həyatda heç bir uğur qazana bilməyənlər Allahı müdafiə etməklə böyük bir iş gördüklərini düşünürlər. Elə düşünürlər ki, onu müdafiə etdikdə cəmiyyət onlara “afərin” deyəcək. O ağılsızlar anlamırlar ki, buna ehtiyac yoxdur. Sadəcə olaraq özlərini göstərirlər. Yenə təkrar edirəm, mən ateist deyiləm! Mən Tanrının olduğuna inanıram. Sadəcə Tanrıya gedən yol müxtəlifdir, hərə bir yolla ona gedir”.
Şair Qurandan misal gətirərək orada yazılanların türk xalqına aidiyyəti olmadığını bildirib:
“Quranda Ənam surəsi, 92-ci ayədə deyilir: “Quran Məkkə əhlini və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən bir kitabdır”. Yəni Quranda deyilir ki, bu Məkkə və Məkkə ətrafındakı insanları qorxutmaq üçündür. Bunun türk millətinə nə dəxli var?!
İbrahim surəsi, 4-cü ayədə deyilir: “Allahın dinini onlara izah etsin deyə hər bir peyğəmbəri yalnız öz qövmünün dili ilə göndərdik”. Yəni hər bir millətə öz içindən seçərək peyğəmbər göndərərəm. Türklər ərəbdirmi?! Mən Quranın dili ilə danışıram, cahil, ordan-burdan eşidən adamların dili ilə yox! Bütün dini kitablar mənim stolüstü kitabımdır və oxuyuram.
Bunu mən yox, onların dediyinə görə göydən endirilmiş Quran deyir. Bildirir ki, hər millətə öz içindən peyğəmbər göndərirəm. Məhəmməd peyğəmbərin dövründə artıq millətlər ayrılmış, yəhudi, ərəb, Avropa xalqları formalaşmışdı. Həmin şəxslər mənim nə dediyimi anlamayıblar”.
R.Behrudi onu tənqid edənlərə tək-tək cavab yazmağı vaxt itkisi hesab etdiyini deyib:
“Mən tək Tanrıya inanıram, bu qədim türklərin düşüncəsidir. Tanrı var, sadəcə olaraq türk “Tanrı var olandır, yaradan deyil” deyir. Şeirimi də iki-üç adam paylaşmışdı, tənqid edənlərə cavab verməyə isə nə vaxtım, nə də həvəsim var. Mənim ana babam axund, ata babam isə kəndin sonuncu qanuni mollası olub. Sadəcə olaraq mənim Allah haqqında olan düşüncələrim bir az fərqlidir. Mənim üstümə “hücum” çəkən adamlar anlamırlar ki, İslam zor dini deyil. Onlar müsəlman kimi yox, Cəhənnəm zəbanisi kimi danışırlar. Anlamırlar ki, İslamda zor yoxdur, kim nəyə istəyirsə, inana bilər. Necə müsəlman olduqları elə yazdıqları statuslardan bəllidir. Deməli, onlar heç müsəlman da deyillər”.