Bir müddət öncə Silvestr Stallonenin boşanma ərəfəsində olduğu barədə xəbərlər yayıldı. Aktyor bu iddiaları təkzib etsə də 25 ildir çiynində olan və üzərində həyat yoldaşı təsvir edilən döyməsini itinin şəkli ilə əvəzləməsi bu şayiələri daha da körükləndirdi.
Ancaq bu Hollivud ulduzlarının sevgililəri və ya həyat yoldaşları ilə ayrılıqdan sonra xatirlərini silməsi ilə bağlı ilk hadisə deyil. Bundan əvvəl də məşhurlar analoji addımları atıblar.
Oxu.Az onlardan bəzilərini təqdim edir.
Bir vaxtlar Ancelina Coli keçmiş əri Billi Bobun adını sol çiyninə döymə etdirmişdi. Ayrıldıqdan sonra aktrisa həmin döyməni Bred Pittin (hazırda keçmiş əri) və uşaqlarının doğum yerlərinin koordinatları ilə əvəzləyir.
Conni Depp və Vaynona Rayder Hollivudun ən parlaq cütlüklərindən olub. Sevgilisinin şərəfinə aktyor “Winona forever” (“Əbədi Vinona”) döyməsi etdirdi. Laki onunla ayrıldıqdan sonra Conni tatunu “Wino forever” (“Əbədi sərxoş”) yazısı ilə əvəzlədi.
Məşhur müğənni Mark Entoni də Cennifer Lopezdən ayrıldıqdan sonra keçmiş arvadının adını abstrakt təsvirlə əvəzləmişdi.
Müğənni Kristina Aqilera Cordan Bratmanla evliliyi zamanı qoluna qırmızı rəngdə "Te amo siempre" (“Əbədi səni sevəcəm”) döyməsi etdirib. Boşandıqdan sonra ulduz döymənin ortasında keçmiş ərinin adının baş hərflərini dəyişdirdi.
Deniz Riçards və Çarli Şin 2002-ci ildə sevgilərinin simvolu kimi cüt tatu elətdirdilər. 2005-ci ildə onlar ayrıldıqda Ç.Şin “Deniz” sözünü lazerlə sildirdi, Deniz də onun yolunu gedərək Çarlinin adı olan döyməsini pəri təsviri ilə əvəzlədi.
Basketbolçu Toni Parkerin şərəfinə Eva Lonqoriya biləyinə sevgilisi ilə toy tarixini, boynuna isə “Nine” (“Doqquz” - Parkerin oyun nömrəsi) sözünü döymə elətdirmişdi. Boşandıqdan sonra Eva hər iki döyməni sildirdi.
Antonio Banderasla 18 il birlikdə yaşayan Melanie Griffit aktyordan ayrıldıqdan sonra çiynindəki ürək şəklində döyməsinin ortasında sevgilisinin adını sildirdi.
2008-ci ildə supermodel Haydi Klum və müğənni Sil əbədi sevgi əlaməti olaraq cüt döymələr etdirdilər. Haydi ərinin şərəfinə qoluna abstrakt təsvir, onun ətrafında isə uşaqlarını simvolizə edən dörd ulduz çəkdirir. 2014-cü ildə cütlük ayrıldıqdan sonra isə modelin qolunda yalnız ulduzların şəkli qaldı.
...Və Silvister Stollone