Nərimanov haqqında fikirlərim - Mehriban Vəzir yazır
Əlbəttə, mən Nərimanovşşünas deyiləm, amma Azərbaycanımızın bu tarixi şəxsiyyəti haqqında fikir sahibiyəm.
Mənim fikrimcə, nə qədər ki,
1. Nərimanovun üzərindən bolşevik-sovet-Kreml kölgəsi - himayəsi çəkilməyib bu tarixi şəxsiyyətimizin həqiqi mahiyyəti üzə çıxmayacaq, tarixdən dərs alınmayacaq.
Ömrünü `nərimanovçuluğ`a həsr edənlər buna yol verməyəcək.
2. Azərbaycan tarix elmi Nərimanova hələ də sovet şüuru ilə baxmaqdadır, bəzi alimlər qəribə mülahizələr irəli sürürlər. Məsələn biri deyir, `düzdür, Nərimanov Zəngəzurun Ermənistana verilməsi ilə bağlı bəyanatı özü oxudu, amma o, elə vəzifə tuturdu ki, kim olsaydı o mətni oxumalıydı`
Bu yanaşma `Bağırovun yerinə kim olsaydı güllələməliydi` tezisinin eynidir.
Azərbaycanın bəzi alimləri və ya özünü alim yerinə qoyanlar `Bağırov, Moskvanın verdiyi plandan əlavə öz təşəbbüsü ilə daha 2000 adam güllələmək üçün Stalinə şəxsən müraciət etmişdi` deyə bilmirlər. `Onun yerinə kim olsaydı belə edərdi də...` deyəcək qədərdirlər. Hər şeyi zamanın boynuna atırlar. Eyni ilə `Bağırov filankəsi xilas etdi` yanaşması ilə Nərimanov Naxçıvanı xilas etdi, Qarabağı vermədi deyirlər.
3. Nərimanov bütün Azərbaycanı Leninə, qatil bolşeviklərə, daşnaklara verməkdə mühüm rol oynadı. Nərimanov Azərbaycanı, məhz, cümhuriyyətçilərin əlindən alınıb bolşeviklərə və daşnaklara təhvil verilməsində bir nömrəli xidmətçi oldu.
4. Nərimanov, o zamanın təbiri ilə desək, `nərimanovçuluq` Azərbaycanı bugunkü bəlalarına gətirmiş bir yoldur. Azərbaycan bu gün Qarabağ, xaraba ərazilər, işğalda qalan kəndlər, sərhədlərimizin müəyyənləşməsi, Zəngəzur koridoru və digər bu kimi ağır müsibətlərlə uğraşırsa, bu mücadilədə yüz dəfə yıxılıb qalxırsa, böyük itkilər verirsə... bütün bunlar Nərimanovun Azərbaycan xalqına göstərdiyi yanlış yolun - `Azərbaycanın əbədi səadəti Rusiya ilə birlikdədir` kimi naqis maarifləndirmə işinin nəticələridir.
Nərimanovu dövrünün böyük müəllimi, maarifçisi sayanlar, bu müəllimin, bu maarifçiliyin göstərdiyi yolun nəticələrini - Azərbaycanın dirigözlü qətliamını, sərvətlərinin daşınmasını, mütəfəkkirlərinin güllələnməsini, tarixinin, milli kimliyinin torpaqlanmasını görmürlər, görə bilmirlər.
5. Nərimanov Şaumyanla yanaşı Bakı komissarı olduğu vaxtda iki yüz min əhalisi olan Bakıda 14 min insan 3-4 gün içində qətlə yetirildi. Şamaxıda, Qubada və digər şəhərlərdə, kəndlərdə bu qətllərin sayı-hesabı yox idi. Qətliamda iştirak edənlərin cəmi 30%- daşnak idi, 70 %-i rus bolşeviklər idi. Nərimanov gözü önündə baş verən bu qanlı tamaşadan sonra belə yolunu millətinin qatillərindən ayıra bilmədi. Moskvanın Azərbaycanı ona tapşıracağı xəyalı ilə `xalqın adamı` dediyiniz bu zat xalqının qətlinə susdu. `Niyə susdun`, deyənlərə `Moskva məni düz başa düşməz`dedi.
6. Nərimanov iki addım irəlini görə bilməyən bir dövlət adamıdır. Onun siyasi korluğu həm özünü, həm oğlunu, qohum-əqrəbasını, sonuncu əmioğlusunu belə bolşevizmin qanlı caynağında məhv etdi.
Uzun sözün qısası:
7. Nərimanov durduğu yerə (heykəlinə)layiq deyil.
s.a. Onu oradan düşürün, deyə bir iddiam yoxdur.
Amma layiq deyil və min dəfə layiq deyil!
Hər bir Azərbaycan insanı o heykəlin önündən keçəndə başını qaldırıb `sən bu yerə layiq deyilsən` deməlidir.
Və bu sözü deyəcək qədər bilgi sahibi olmalıdır.
 

Dünyapress TV

Xəbər lenti