Azərbaycanda balıq daha da bahalaşacaq - səbəblər
Ölkədə balıq istehlakı 80%-dən çox idxaldan asılıdır

Son dövrlər iqlim dəyişikliyi balıqçılıq təsərrüfatına da mənfi təsir göstərib. Ölkəmizdə balıq satışının əvvəlki illərə nisbətən xeyli azaldığı, qiymətlərin isə artdığı müşahidə olunur. Rəsmi məlumatlara əsasən, bu ilin yanvar-noyabr aylarında idxal olunan balıq və dəniz məhsullarının dəyəri artıb. Hesabat dövründə ölkəyə dəyəri 35,5 milyon dollar dəyərində balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon dollar çoxdur. Görünən odur ki, daxili tələbatın ödənməsi üçün balıq idxalı gücləndirilib. Ekspertlər isə bunun qiymət artımına gətirib çıxardığını düşünür.

“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin sədri Zaur Salmanlı İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Azərbaycanda balıq məhsullarının qiyməti kəskin artacaq.

Onun sözlərinə görə, təbii su hövzələrində balıq ehtiyatlarının azalması təbii kürüləmə yerlərinin məhdud olması ilə bağlıdır.

Salmanlı təəssüflə bildirib ki, bu il “Azərsu” tərəfindən Kür çayının mənsəbində inşa olunmuş bənd hidrotexniki qaydalara və balıqçılıq tələblərinə cavab vermədiyi üçün ehtiyatlar daha da tükənir. O, ümumiyyətlə, Kür çayında balıqların kürüləmə yerlərinin məhv olduğunu söyləyib: “Bundan başqa, 1954-cü ildə Mingəçevir su anbarının tikilməsindən sonra Azərbaycanda yaradılmış 11 balıqartıma müəssisəsindən bu gün cəmisi 1-2-si fəaliyyətini davam etdirir. Əfsuslar olsun ki, digərlərinin fəaliyyətləri ya dayandırılıb, ya da özəlləşdirilib. Hesab edirəm ki, təkcə qarşıdan gələn bayram ərəfəsində deyil, həm də bayramdan sonra balıq məhsullarının qiymətində kəskin artım olacaq. Çünki Azərbaycanda, demək olar ki, daxildə balıq istehsalı yox səviyyəsindədir”.

“Ölkədə balıq istehlakı 80%-dan çox idxaldan asılıdır. Azərbaycana balıq əsasən Rusiya, İran və Türkiyədən idxal olunur. Həmçinin idxal xərclərində də artımın olması, sözsüz ki, bu məhsulun qiymətinin getdikcə daha da artacağını deməyə əsas verir”, - Z.Salmanlı əlavə edib.

Zoologiya İnstitutunun hidrobiologiya laboratoriyasının müdiri, dosent Süleyman Süleymanov mövzu ilə bağlı “Yeni Müsavat”a mövcud problemlərdən danışdı: “Bir var dəniz balığı, bir də var şirin su balığı. Dənizdə də, şirin sularda da ekoloji şərait dəyişib. Əvvəlki illərlə müqayisədə balığın çoxalması kəskin surətdə azalıb. Ən çox qapalı sistemlərdə artırılan balıqlardır, buna damba balığı da deyirlər, bunlar süni qidalarla qidalanır. Dünyada olduğu kimi, Azərbaycanda da balıqlar üçün qidanı pulla alırlar. Bütün dünyada ərzaq qiyməti bahalaşdığına görə, bu balığa alınan ərzaq qidaları da bahalaşıb. Mən özüm "8-ci kilometr bazarı"na yaxın yerdə yaşayıram. Görürəm ki, dənizdən gələn balıqların miqdarı azdır, amma qapalı su sistemində artırılan balıqların miqdarı çoxdur. İldən-ilə balıqların qiyməti bahalaşır. İnsanlar nə etsin, balıq əti yeyilməlidir axı. Balıq əti müalicəvidir. Tələbat çox, amma istehsal azdır. Ona görə qiymətlər artır. Təbiətdə artıb-çoxalan balıqlar isə əvvəllər bazara ucuz qiymətə gətirilirdi. İndi bazarlara gətirilən balıqların əksəriyyəti qapalı su sistemində saxlanılan balıqlardır".

Mütəxəssis “damba yolu ilə saxlanılan balıqların təbii balıqlardan fərqi çoxdurmu, orqanizmə zərərlidirmi” sualına belə cavab verib: “Əlbəttə, təbiətdə olan balıqla qapalı sistemdə olan balıqlar arasında fərq var. Təbiətdə olan balıqlarda zülalın miqdarı çox olur, amma qapalı sistemdə yetişdirilən balıqlar daha çox yağlı olur, zülalın faizi aşağı olur. Eləcə də o balıqlarda əzələ kütləsi az olur. Təbiətdə olan balıqlar insana daha çox faydalıdır və əzələ kütləsi çoxdur. Amma onu da deməliyəm ki, qapalı sistemdə olan balıqların zərərli olub-olmaması onların qidalandırılmasından asılıdır. Əgər o qidaların tərkibində hormonal maddələr varsa, mənfi təsiri var. Bu baxır fermer təsərrüfatının rəhbərliyinə, o hansı qidanı verirsə, balıq da həmin dada malikdir”.

“Bəs hansı balıq damba üsulu ilə saxlana bilməz” sualına gəlincə, Süleyman Süleymanov dedi ki, dəniz balıqları əsasən bu şəraitdə çoxala bilməz: “Misal üçün, kütüm dənizdə yaşayır, çoxalmaq üçün çaya gəlir. Kütümü gözü yumulu ala bilərsiniz. Kefal, siyənək, kilkə-bunlar dəniz balıqlarıdır. Bunlara heç kim müdaxilə edə bilmir. Amma belamur, farel balıqları, bunlar qapalı sistemdə saxlanıla bilir. Dəniz balıqlarını isə bu cür artırmaq mümkün deyil”.

Mütəxəssis problemdən çıxış yolları haqqında da danışıb: “Ən vacib məsələ, balıqların kürüləməyə gedən vaxt onlara əvvəlki şərait yaratmaq lazımdır ki, onlar kürüləməyə getsin və qayıtsınlar. Hər zaman demişəm, imkan verin balıq kürüsünü töksün, ondan sonra tut ye. Kürülü balığı tutanda həm balıq, həm də kürüsü məhv olur. Görün, nə qədər balığı məhv etmiş oluruq. Dənizdə yaşayıb, dənizdə çoxalan balıqların problemi yoxdur, onların ehtiyatı yaxşıdır, tükənmirlər”.

Süleyman Süleymanov “işğaldan azad olunan ərazilərdə hansı bölgə balıqçılıq üçün münbit sayılır, bu istiqamətdə hansı işlər görülməlidir” sualına isə belə cavab verib: “Azərbaycanda balıqçılığın inkişaf etdirilməsi ilə bağlı dövlətin böyük proqramı var. Mən Qarabağa artıq yeddi dəfə gedib gəlmişəm. Orada ən böyük çaylardan biri Həkəridir. Həkəri çayında nərəkimiləri, farel, çəki balıqlarının artırılması üçün kiçik də olsa bir təsərrüfat var. Zəngilan rayonunda Bəsit çay var, orada da sakit bir yer var, istəyirlər balıqçılıq təsərrüfatını artırsınlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi sayəsində artıq həmin çaylara balıq körpələri buraxılıb. Qarabağdakı çaylar niyə yaxşıdır? Orada su daimi var və sərindir, təmizdir. Amma Ermənistandan gələn Oxçu çayı çıxmaq şərtilə. O çaya yaxın durulası deyil, çünki o çay çox çirklidir”.

Afaq MİRAYİQ,
Yeni Müsavat”
 
 
 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI

Dünyapress TV

Xəbər lenti