"İndi toyuq-cücə saxlamaq da problemə dönüb..."
Azərbaycanın cənub rayonlarında şəxsi təsərrüfatlarda istehsal edilən "kənd" yumurtasının bir ədədinin qiyməti 40 qəpiyə yüksəlib. Astara rayonunun mərkəzi bazarında rast gəldiyimiz bir alıcının sözlərinə görə, bir ay bundan əvvəl belə yumurtanın bir ədədi 25-30 qəpiyə olub: "Yerli yumurta, kənd yumurtası da, deyirlər, sürətlə bahalaşdı. Bazardan 10 ədəd yumurta almışam, 4 manat vermişəm. Əvvəllər yumurta kasıbın ərzağı idi, indi yox. Kasıb yumurtanı bu qiymətə necə alsın?".

Astara şəhər sakini Novruz Feyziyev də deyir ki, kənd yumurtasının bahalaşması ailə büdcəsinə mənfi təsir edir: "Pensiyaçıyam. Yumurtaya öyrəşmişəm, gündə bir ədəd yumurta yeyirəm. Ayda 10 manatdan çox pul götürür. Əvvəllər qiymət çox aşağı idi. Yerli toyuq da bahalaşıb".

"Əvvəllər toyuq-cücə saxlayanlar çox idi"
Bazarda yumurta, toyuq əti və digər məhsulların satışı ilə məşğul olan satıcı isə deyir ki, ilin bu vaxtında yumurtanın qiyməti adətən yüksəlir: "Quşçuluq fermalarında istehsal olunan bir ədəd yumurtanın qiyməti 17-20 qəpik, yerli yumurta isə 35-40 qəpikdir. Qapalı şəkildə saxlanan toyuqların yumurtaları 20 qəpiyədir. Əvvəllər fərdi təsərrüfatlarda toyuq-cücə saxlayanlar çox idi, indi onların sayı azalıb. Kəndlərdən gəlib marketdən yumurta alırlar. Yerli yumurtalar baha olduğu üçün də alıcısı azdır. Mənə kənd yumurtasının bir ədədini 30 qəpikdən verirlər, məcburam 40 qəpiyə satım".

Marketlərdə yumurta kifayət qədərdir. Başqa bir marketdə üç qiymətə yumurta gördük. Adının çəkilməsini istəməyən bu satıcı da deyir ki, marketə yerli toyuq əti də gətirilir: "Qablaşdırılmış yumurtaların bir ədədi 17 qəpikdir. Yerli yumurta ilə broyler yumurta arasında qiymət fərqi 20 qəpikdir. Broyler yumurtaları daha tez satılır, ucuzdur, ona görə. Yerli toyuq ətinə maraq böyükdür. Sifariş də verirlər. Çəkisi 800-900 qramdır. Digər toyuq ətlərindən bahadır".

"Cücə dəni çörəkdən bahadır"
Astara rayonunun Seləkəran kənd sakini, kənd təsərrüfatı məhsulların istehsalı ilə məşğul olan Mikayıl Əhmədov isə kənd yumurtasının bahalaşmasını belə izah edir: "Qiymət bahalaşırsa, deməli, bazara kifayət qədər məhsul çıxarılmır, azdır. İndi toyuq-cücə saxlamaq da problemə dönüb. Cücəni böyüdənə qədər dərman verilməli, iynə vurulmalıdır. Dərman, cücə dəni çörəkdən bahadır, kiloqramı 1 manat 50 qəpikdir. Gələn il necə olacaq, bilmək olmur? 50 cücə alırsan, üç-dörd aya yarısı da qalmır".

Onun deməsinə görə, üç aylıq cücə 5 manata başa gəlir: "Cücəni üç ay saxlayıb çəkisini 600 qrama çatdırırlar, sonra satırlar. Gözləmədən xəstəlik gəlir, hamısını məhv edir. Zəhmət hədərə gedir. Yumurtaya düşmüş toyuq xəstəliyə bir qədər dözümlüdür, amma orada da problem var. Səhər tez dururam, kəndə xoruzların səsini eşidirəm. Xoruz səsi gələn evlərin sayı azalıb".

Əhmədovun fikrincə, ölkədə gedən bahalaşmanın da buna təsiri var: "Fərdi təsərrüfatda saxlanılan toyuq broylerdə saxlanılan toyuqdan baha başa gəlir. Kəndli də fikirləşir ki, nə üçün evdə toyuq saxlayım, elə mağazadan alaram. Adamlar münasib qiymətə olan toyuq əti axtarırlar. Yayda yerli yumurta 20 qəpikdən aşağı düşmədi, halbuki 10-15 qəpik olardı. İndi yerli yumurtanın qiyməti artıb. Hələ artacaq, yerli toyuq yumurtalarını Bakıya daşıyırlar".

"Dən almağa hamının imkanı yoxdur"
Toyuq-cücə dəni satmaqla məşğul olan satıcının sözlərinə görə də, evdə saxlanan toyuq baha başa gəlir: "10-15 günlük cücənin dəni ayrıdır. Bir kiloqramı 1 manat 50 qəpikdir. Bu dəndən cücələrə iki ay verilməlidir ki, özünə gəlsin. Fərdi təsərrüfatlarda toyuq-cücəni həyətə buraxırlar, qapalı saxlamırlar, ona görə cücələri xəstəlik tez tapır. Özüm toyuq-cücə saxlayıram. Fevraldan bəslədiyim quşların hamısını sentyabrda satdım".

Onun deməsinə görə, sentyabrdan sonra ziyana düşmək ehtimalı böyükdür: "İndi əhalinin çoxu toyuğa arpa, buğda verir. Buğdanın bir kiloqramı 55, arpanın bir kiloqramı 60 qəpiyədir. Dən almağa hamının imkanı yoxdur. Qiymətlər, yəqin ki, qar yağandan sonra qalxacaq. Hər qiymət qalxanda fərdi təsərrüfatda toyuq saxlayanların sayı azalır".

Astara rayon Baytarlıq İdarəsindən bildirdilər ki, bu il quşçuluq təsərrüfatlarında kütləvi tələfat qeydə alınmayıb: "Fərdi təsərrüfatlarda saxlanan toyuq-cücələrdə keçici xəstəliklər ola bilər. Bu da yumurtanın azalmasına ciddi təsir etmir. Yerli yumurtanın ilin bu vaxtında azalması həmişə olur. Növbəti ayda yerli yumurta istehsalı artacaq. Onda qiymət aşağı düşəcək".


Mənbə: AzadlıqRadiosu ©
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Bölmənin digər xəbərləri

01 Fevral 2025 Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
01 Fevral 2025 Spirtli içkilərin qiyməti bahalaşacaq? — AÇIQLAMA
01 Fevral 2025 Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
01 Fevral 2025 Sabiq nazir: “35-40 faizlə kredit verilməsi biabırçılıqdır”
31 Yanvar 2025 AZAL rəhbərliyi nə qədər qazanır? - Əlavə ödənişlər,mükafatlar.....
31 Yanvar 2025 Sanksiya altında olan rusiyalı senator 4 il ABŞ-dəki payından faydalanıb
30 Yanvar 2025 Dollarla bağlı qərar verildi: FED faiz dərəcələrini sabit saxla
30 Yanvar 2025 AZAL-ın 6 təyyarəsi girov qoyulub - BUNA GÖRƏ...
29 Yanvar 2025 Zelenskinin Azərbaycan qazı ilə bağlı bəyanatı Fitsonu özündən çıxardı
29 Yanvar 2025 Qida şirkəti “Delta Qrup C.O” ölkədən pul çıxarmaqda ittiham edilir - TƏFƏRRÜAT
28 Yanvar 2025 Bu məhsulun istehsalına görə verilən subsidiya artırıldı
28 Yanvar 2025 “Ən böyük bank 5 saatdır problemini həll edə bilmir” –"Kapital Bank"la bağlı ekspert rəyi
28 Yanvar 2025 “Exchange”lərə maraq niyə azdır? – Ekspert səbəbləri açıqladı
28 Yanvar 2025 Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının maaşları artırıldı
27 Yanvar 2025 Bakıda fantastik qiymətlərə mənzillər: Son bir ildə daşınmaz əmlak nə qədər bahalaşıb?
26 Yanvar 2025 Dəniz nəqliyyatı ilə beynəlxalq yük daşımaları 2%-ə yaxın artıb
26 Yanvar 2025 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları 9% artıb
26 Yanvar 2025 Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
25 Yanvar 2025 Müxtəlif qitələrin ən varlı insanları – SİYAHI
25 Yanvar 2025 Tramp neftin qiymətinin Ukrayna böhranının həllinə maneə olduğunu deyib

Dünyapress TV

Xəbər lenti