Fransa və Rumıniya sentyabrın 12-də Ukrayna taxılının Avropaya və inkişaf etməkdə olan ölkələrə əlavə ixracına dair saziş imzalayacaqlar.
Bu barədə bazar günü Fransanın nəqliyyat naziri Klement Bon məlumat verib.
O qeyd edib ki, əlavə ixrac Avropa və inkişaf etməkdə olan ölkələr, o cümlədən Aralıq dənizi regionu üçün nəzərdə tutulub.
Nazirin sözlərinə görə, Aİ-nin səyləri Ukraynaya faktiki olaraq münaqişənin başlanmasından əvvəlki taxıl ixracı həcminə qayıtmağa imkan verəcək.
Qeyd edək ki, Ukraynadan taxıl ixracı iyulun 22-də İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən imzalanan razılaşmalara əsasən tənzimlənir. Prosesə Türkiyədə fəaliyyət göztərən Birgə Koordinasiya Mərkəzi nəzarət edib.
Fransa və Rumıniya sentyabrın 12-də Ukrayna taxılının Avropaya və inkişaf etməkdə olan ölkələrə əlavə ixracına dair saziş imzalayacaqlar.
TEREF.AZ "Report"-a istinadən xəbər verir ki, bu barədə Fransanın nəqliyyat naziri Klement Bon "France Inter" radiostansiyasına müsahibəsində deyib.
Bon qeyd edib ki, əlavə ixrac Avropa və inkişaf etməkdə olan ölkələr, o cümlədən Aralıq dənizi regionu üçün nəzərdə tutulub.
Onun sözlərinə görə, Fransa öz dəstəyi ilə taxılın çay, dəniz və quru yolları ilə bu cür təchizata ehtiyacı olan ölkələrə ixracı prosesini gücləndirəcək.
Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan dördtərəfli mərkəz silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.
Son günlər Ukraynada davam edən döyüşlərdə məğlubiyyətə uğrayan Rusiya gözlənildiyi kimi ən önəmli “silahlarından” olan qaz şantajını işə salmağa başlayıb. Kreml bununla Avropanı güzəştə məcbur etməyə çalışır. Kremlin planına görə, mavi yanacaqdan məhrum olan avropalılar qış ayları yaxınlaşdıqca yumşalacaqlar və inadlarından əl çəkib sanksiyaları götürəcəklər.
Amma rusların fikirləşdiyinin əksinə olaraq, qaz nəqlinin kəsilməsi avropalılardan daha çox onların özlərinə ciddi zərbə vura bilər. Digər yandan isə Avropanın Rusiyadan ən çox qaz alan ölkəsi olan Almaniya mavi yanacağın idxalını tədricən diversifikasiya edərək, “Şimal axını”ndan gələn qazdan asılılığını azaldır.
“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Obozrevatel.com” portalı “Kreml Avropa Birliyinə gedən qazı kəsib və onun özü də bundan ziyan görür” başlıqlı məqaləsində sözügedən mövzuya toxunub. Həmin məqaləni təqdim edirik: ”Rusiya “Şimal axını”nı dayandırıb və beləliklə də Almaniyaya ixrac etdiyi qazı kəsib. Qaz nəqli 3 sentyabrda bərpa edilməliydi, amma indi qaz boru kəmərinin işini qeyri-müəyyən müddətə kimi təxirə salıblar. Kreml gizlətmədən deyir ki, sanksiyalar götürüldükdən sonra qaz nəqlini bərpa etməyə hazırdır.
Rusiya təbliğatı avropalılara təlqin etmək istəyir ki, onları sərt qış gözləyir, amma iş ondadır ki, Rusiyanın özünün ərazisinin üçdə biri qazlaşmayıb. Rusların Avropa Birliyinə satdıqları qazı texniki baxımdan harasa yönəldə biləcəkləri yer yoxdur, onu sadəcə yandırırlar. Avropaya gedən qazın kəsilməsi ən çox Rusiya Fedrasiyasının özünə zərbə vuracaq.
Rusiya “Şimal axını”nı işə salmayacaq
“Naftaqaz”ın inteqrasiya kommunikasiyasının keçmiş direktoru, enerji məsələləri üzrə ekspert Maksim Belyavski deyib: ”Kreml “Şimal axını”nı işə salmağı planlaşdırmır.
İlk əvvəl Rusiya bildirirdi ki, ona turbin lazımdır, amma sanksiya üzündən Kanadadan bu turbini ala bilmir. Almaniya güzəştə getdi və turbinlər gətirildi. Onda “Qazprom” öncə bəyan etdi ki, turbinlər tam təmir olunmayıb, sonra isə bunların sanksiyaya aid olmaması barədə arayış istədi.”
Rusiyalılar Almaniyaya qaz göndərə bilməyəcəkləri ilə bağlı yeni səbəb fikirləşib tapıblar. İndi deyirlər ki, qaz sızıntısı var və təmir işləri aparacaqlar, ancaq təmiri nə vaxt bitirəcəklərini söyləmirlər. Əgər problem həqiqətən də qaz kəmərində olsaydı, Rusiya Almaniyaya qazı Ukraynanın qaz nəqliyyat sistemi vasitəsi ilə yollayardı. Hazırkı vəziyyətdə Rusiya gündəlik 4 milyon kub metr qaz itirir. Bu da ayda təxminən 300 milyon dollar edir.
Maksim Belyavski daha sonra əlavə edib: “Mənim yaxın üç ay üçün proqnozum belədir ki, Rusiya “Şimal axını”nı işə salmayacaq. Əgər üç aydan sonra da vəziyyət dəyişməzsə, tədarük bərpa olunmaya bilər.
Rusiya eyni zamanda öz yataqlarını dayandırmır və qazın həcmini dəyişmir. Buna infrastrukturun gücü mane olur. O, Avropa Birliyinə satılan qazın həcmini Asiyaya yönəldə bilmir. Rusiya Federasiyası nə edir? Avropa bazarına gedən qazın 80 faizini yandırır”.
Rusiya təbliğatı “soyuq qış” haqqında car çəkir
İndi artıq Fransadakı, Almaniyadakı və digər dövlətlərdəki siyasi güclər Rusiyanın fikirlərini təkrarlayırlar. Onlar deyirlər ki, Rusiya ilə razılaşmaq lazımdır, yoxsa qışda soyuqdan donmaq riski var.
Məsələn, Macarıstanın Avropa parlamentindəki deputatı yığıncaq zamanı Avropa Birliyinin baş diplomatı Jozef Borrelə müraciət edərək deyib ki, qışda seçicilər dona bilər. Borrel isə cavabında söyləyib ki, Macarıstan Rusiya ilə razılaşıb və ona təhlükə yoxdur. Hazırda Avropa ölkələrində havalar isti keçir, ona görə də hələ qışın necə olacağı məlum deyil.
Rusiya öz lobbiçiləri vasitəsi ilə avropalıları gələcək böhran və soyuq məktəblər barəsində xəbərlər yaymaqla qorxutmağa çalışır. “Qazprom” bir qədər də irəliyə gedib və Avropanın qazını kəsməsi və onun necə donması barədə videosüjet hazırlayıb.
Lakin Rusiya qazı olmadan Avropa Birliyinin tamamilə mavi yanacaqsız qalması rusiyalıların təxəyyül məhsuludur. Məsələn, Avropada Rusiya qazının ən böyük alıcısı olan Almaniya iyul ayında (Şimal axınının kəsilməsindən əvvəl) istehlak etdiyi qazın cəmi 26 faizini Rusiyadan idxal edib, qalan qazı Norveçdən, Niderlanddan və ABŞ-dan(sıxılmış qaz) alıb.
Əgər qaz tədarükü razılaşmasından imtina olunarsa, Rusiya Avropa Birliyindən daha çox əziyyət çəkəcək. Almaniyanın hesablamasına görə, diversifikasiya prosesi çətin gedəcək və buna iki il vaxt lazımdır. Amma ruslar xəbərdarlıq etmədən qaz nəqlini dayandırarlarsa, Avropa Birliyi bunun öhdəsindən gələcək. Bunun əksinə, Rusiya nəinki milyardları itrəcək, həm də özünün bütün qaz sektorunun gələcəyini təhlükə altına atacaq.
Kreml sanksiyaların qaldırılmasını tələb edir, lakin bu, mümükün deyil
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: ”Əgər Avropa Birliyi sanksiyaları götürərsə, “Şimal axını”nı asanlıqla təmir etmək və tədarükü bərpa etmək olar ”.
Amma bunun baş verməsi mümkün deyil.
Ukrayna Baş nazirinin Avrointeqrasiya məsələləri üzrə məsləhətçisi İvan Naqornyak bildirib: ”Rusiyanın hərəkətləri Avropanı qaz nəqlini şaxələndirməyə sövq edir. Həmçinin, Avropa ABŞ-dan daha bahalı, lakin daha “dostcasına” qaz almağa başlayır. Mənim fikirimcə, sanksiyalar götürülməyəcək. Əksinə, Avropa Birliyi təcavüzkara qarşı yeni məhdudiyyətlər tətbiq edəcək”. Maraqlıdır ki, bu yaxınlarda “Bloomberg” agentliyi Rusiya hökumətinin daxili sənədlərini dərc edib və orada deyilir ki, Rusiyaya qaz nəql edilməsinin dayandırılması qaz hasilatında təhlükə yaradacaq (yataqları konservasiya etmək lazım gələcək) və hətta daxili istehlakın təminatına əngəllər tördəcək.
Məsələ ondadır ki, Rusiya ərazisinin yalnız 72 faizi qazlaşdırılıb. Göründüyü kimi, Kreml rusiyalılar barədə düşünmək əvəzinə qazı boşu-boşuna yandırır və Avropa Birliyi ölkələrini soyuq qışla təhdid edir. Hazırda Rusiya Federasiyası ərazisinin üçdə biri kömür və odunla qızınır.
Əmanəti olan insanlar pullarını əsasən harada saxlamaları ilə bağlı bir sıra araşdırmalar aparılıb.
Belə nəticəyə gəlinib ki, əmanəti olan insanlar pullarını fondlara və ya birjaya yatırır, zəngin insanlar isə pullarını daşınmaz əmlaka, sənətə, biznesə xərcləyirlər.
Məsələn, İngiltərədə varlıların ən çox üstünlük verdikləri investisiya sahələrindən biri təsərrüfat sahələridir. Dünya əhalisinin artması ilə əlaqədar olaraq ərzaq məhsullarına tələbat artdıqca məhsuldar kənd təsərrüfatı torpaqları gəlirli investisiya hesab edilir.
Şirkət sahibi olduqları üçün varlıların əksəriyyəti pullarını başqa şirkətləri almaq üçün istifadə edirlər. Həmçinin incəsənət, avtomobil, saat, şərab və hətta alətlər kimi maraqlara sərmayə yatırmaq da varlılar arasında geniş yayılıb. Varlılar nağd pullarının bir hissəsini daşınmaz əmlaka yatırırlar. Bəziləri London və Nyu-York kimi məşhur şəhərlərdə bahalı daşınmaz əmlak alır, bəziləri isə pullarını digər investorlarla birləşdirir və kommersiya daşınmaz əmlakına sərmayə qoyurlar.
Ölkəmizdə də əmanəti olan və varlı insanlar var. Bizdə də varlı insanların seçimi əsasən digər ölkələrdəkilərlə demək olar ki, eynidir. Ancaq əmanəti olan digər qrup isə hazırkı dövrdə pullarını etibar edəcək ən yaxşı vasitənin hara olduğunu bilmirlər.
Bu gün vətəndaşlar öz pulunu hara etibar edə bilərlər? TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, indiki dövrdə böhranın nə vaxt bitəcəyi bizə məlum deyil və elə bir vaxtda ən yaxşı yığım aləti qızıldır:
“Hər bir halda qızılın qiyməti artacaq. Sadəcə olaraq, qızılı yığmaq, harada saxlamaq da problemdir. Başqa bir yerdə, məsələn, bankda saxlamaq böhran dövrü üçün təhlükəli ola blər. Ona görə də insan məcburdur ki, evində və yaxud başqa yerdə saxlasın, o zaman da oğurlanmaq təhlükəsi var.
Digər ikinci alət daşınmaz əmlak - torpaq və evdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda perspektivdə daşınmaz əmlakın qiyməti düşəcək. Hazırda bəziləri artdığını deyir. Nəzərə alsaq ki, ölkə iqtisadiyyatında neft və qazın rolu getdikcə azalacaq, burada daşınmaz əmlakın qiyməti ən azı artmayacaq. Burada ikinci problem odur ki, Azərbaycanda qanunçuluq olmadığı üçün hər kəsin daşınmaz əmlakını gəlib əlindən ala bilərlər. Hamımız bunun dəfələrlə şahidi olmuşuq. Şəhərin mərkəzində gəlib əlindən alırlar ki, burada başqa obyekt tikiləcək və s. Bu baxımdan da təhlükə var və hamını düşündürməlidir.
Üçüncü isə vəsait yığımı üçün ən yaxşı vasitə puldur. Pulların içərisində ən etibarlısı ABŞ dollarıdır. Ancaq başa düşmək lazımdır ki, dünyada qlobal proseslər gedir. Dünyanın maliyyə modeli, o cümlədən dolların yeri və rolu dəyişə bilər. Digər tərəfdən də inflyasiya prosesləri gedir. Ümumiyyətlə, pul dəyərdən düşür. Bunu da göz önünə almaq lazımdır. Pulların bankda saxlanılmasının özü də təhlükə ola bilər.
Kimin ki, varidatı çoxdur, qeyd etdiyim üç alətə də qoysa daha yaxşı olar. İmkanı varsa xaricdə daşınmaz əmlak ala bilər. İnkişaf etmiş ölkələrdə daşınmaz əmlakın qiyməti düşür-qalxır. Ancaq mülkiyyət hüququ nəinki bizdə, orada daha yaxşı qorunur”.
Qərb bu il dekabrın 5-dən Rusiya neftinin marjinal qiymətlərini məhdudlaşdırmağa cəhd etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi ilkin qərarlarda deyilir və bu, kollektiv Qərb tərəfindən Rusiya nefti üçün qiymət tavanının müəyyən edilməsinə gətirib çıxarmaq məqsədi daşıyır.
Beləliklə, Amerika maliyyə departamenti dekabrın əvvəlindən ABŞ və Aİ-nin Rusiyadan neftin qiymətini məhdudlaşdırmağa çalışmaq istəyi ilə bağlı əvvəllər dərc edilmiş məlumatların doğruluğunu rəsmən təsdiqləyib.
Türkiyə regional və qlobal problemlərin həlli üçün sıx diplomatiyanı və müzakirələri qətiyyətlə davam etdirəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nəbati taxıl dəhlizi ilə bağlı açıqlamasında deyib.
“Qlobal ərzaq qiymətlərində enmə tendensiyasının müşahidə olunması heç şübhəsiz ki, Rəcəb Tayyib Ərdoğanın təsiridir. Dünyaya nəfəs aldıran bu razılaşmanın müzakirə mərhələsində Türkiyənin üzərinə götürdüyü strateji rol və diplomatik nailiyyət olduqca mühümdür”, - deyə nazir bildirib.
Dövlət Statistika Komitəsinin (DSK) ötən il üçün açıqladığı ərzaq balansından görünür ki, ölkədə makarona tələbat kəskin şəkildə artıb.
Statistikaya görə, 2019-cu ildə Azərbaycanda adambaşına 1.6 kiloqram makaron yeyilib. 2020-ci ildə bu göstərici 2.2 kiloqrama yüksəlib. Ötən il həmin rəqəm artıq 2.8 kiloqrama çatıb. Beləliklə, son iki ildə adambaşına 75 faiz daha çox makaron məmulatı yeyilib.
DSK bildirir ki, ötən il Azərbaycanda 13 min 245 ton makaron məmulatı istehsal edilib. Bu, iki il əvvəllə müqayisədə üç dəfədən çox artım deməkdir. Ötən il daha 16 min ton makaron məmulatı da xaricdən gətirilib. Deməli, ölkənin özünü makaronla təminetmə göstəricisi 47.2 faizdir və yerli istehsal tələbin hətta yarısını ödəyə bilmir. Ötən il əhalinin şəxsi istehlak fonduna daxil makaron məmulatının həcmi 28 min 486 ton olub. Bu göstərici də son iki ildə 13 min ton artıb. Makarona tələbat artsa da ölkədə adambaşına ət istehlakı dünya standartlarından təxminən iki dəfə geri qalır.
Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, ötən il Azərbaycanda adambaşına düşən ət və ət məhsulları istehlakı cəmi 40.8 kiloqram olub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyənləşdirdiyinə görə, adambaşı ət norması il ərzində 78 kiloqram olmalıdır. Azərbaycan bu göstəriciyə görə MDB məkanında ən son yeri tutan ölkələrdəndir. Dövlət Statistika Komitəsinin məlumatlarından aydın olur ki, adambaşına düşən ət istehlakı Belarusda 97, Rusiyada 76, Qazaxıstanda 74, Moldovada 56, Qırğızıstanda 42 kiloqramdır. Diqqətçəkən məqamlardan biri də ölkədə adambaşına düşən mal əti istehlakının ard-arda üç ildir ki, azalmasıdır. 2018-2020-ci illərdə Azərbaycanda adambaşına düşən mal əti istehlakı 16 kiloqramdan çox olurdu. Ötən il bu rəqəm 16 kiloqramdan aşağı düşərək 15.9 kiloqram olub və əvəzində toyuq əti daha çox yeyilib. 2018-2020-ci illərdə Azərbaycanda orta illik quş əti istehlakı adambaşına 14.7 kiloqram idi. 2021-ci ildə həmin rəqəm 15.4 kiloqrama yüksəlib. Bu baxımdan, rəqəmlərdən aydın olur ki, əhalinin daha bahalı mal ətinə tələbatını nisbətən daha ucuz toyuq əti əvəzləyib.
Son bir ildə Azərbaycanda ərzaq məhsulları, rəsmi rəqəmlərə görə, 21 faiz bahalaşıb. Bu artım ət məhsullarından da yan ötməyib. Son bir ildə toyuq əti 19 faiz, mal əti təxminən 10 faiz bahalaşıb.
Azərbaycanın Dövlət Ehtiyatları Agentliyi Moldovadan 100 min ton ərzaq buğdasının tədarükü üçün müraciət edib. Bunu Moldova "Agrocereale” Kənd Təsərrüfatı Məhsulları və Taxıl İxracatçıları və İstehsalçıları Assosiasiyasının prezidenti İqor Qriqoryev Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov ilə görüşündə deyib.
İ.Qriqoryev bildirib ki, bu ilin oktyabr ayından 2023-cü ilin fevralına qədər bərabər partiyalarda - ayda 20 min ton müəyyən olunmuş həcmdə taxılın tədarükü planlaşdırılır.
"Hesab edirəm ki, bu, bizim istehsalçılar üçün sövdələşmədə iştirak etmək üçün yaxşı fürsətdir və ilk addım Moldova Material Ehtiyatları Agentliyi tərəfindən dövlət ehtiyatında olan ərzaq buğdasının həcminin artırılması üçün elan edilmiş hərrac olacaq”, - deyə o bildirib. Assosiasiya rəhbəri moldovalı fermerləri hərraca qatılmaq üçün sentyabrın 12-nə qədər qeydiyyatdan keçməyə çağırıb.
O, həmçinin əlavə edib ki, Azərbaycan da öz növbəsində Moldovaya gübrə tədarükü imkanlarını nəzərdən keçirməyə hazırdır.
Naxçıvan Muxtar Respublikasında torpaqlardan səmərəli istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur və Kəngərli rayonlarında, eyni zamanda Şahbuz rayonunun Türkeş, Sələsüz, Daylaqlı, Mərəlik, Kiçikoba, Külüs, Şahbuzkənd, Keçili, Mahmudoba və Nursu kəndlərində monitorinqlər yekunlaşdırılıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumata görə, Şərur rayonunun Alışar, Aşağı Yaycı, Yuxarı Yaycı, Axura, Dərvişlər, Gümüşlü, Həmzəli, Muğanlı, Püsyan, Şahbulaq, Siyaqut və Tumaslı kəndlərində 22 hektar, Kəngərli rayonunun Qıvraq qəsəbəsində 1,3 hektar və Şahbuz rayonunun 10 yaşayış məntəqəsində 38 hektar torpaq sahəsi əvvəlki vəziyyətinə (bələdiyyə mülkiyyətinə) geri qaytarılıb.
Yoxlamalar nəticəsində bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin, eyni zamanda yol, kanal və arxların mühafizə zonalarını zəbt etmiş vətəndaşlarla yerli icra nümayəndələri ilə birlikdə fərdi qaydada maarifləndirici söhbətlər aparılıb, vətəndaşlara Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbləri, yəni torpaq sahələrinin özbaşına tutulması, zəbt olunmasının qadağan olunduğu izah edilib.
Şərur, Kəngərli və Şahbuz rayonlarında monitorinqlər nəticəsində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması işləri və Şahbuz rayonunun digər yaşayış məntəqələrində monitorinqlər davam etdirilir. //report//
“Neftin dünya bazar qiyməti 1 gündən 7 faizdən çox ucuzlaşıb. Bir gün əvvəl bareli 94.0 dollara satılan Brent markalı neft indi 88.0 dollardan ucuz təklif olunur”.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, avqustun son iş həftəsinin ilk günü ilə müqayisədə neft 17 faizdən çox dəyərsizləşib:
“Neftin qiymətindəki son azalmalar qlobal iqtisadiyyatdakı resessiya riskinin güclənməsi ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün builki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır”.
Deputat bildirib ki, dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən iqtisadi məhdudiyyətləri genişləndirir: “Bu isə Çin iqtisadiyyatındakı gözlənilən artımlara nail olmaqda çətinlik yaradır. Hazırda Çində 65 milyon insan sərt karantin rejimində yaşayır. Bu arada Qərbin İran ilə danışıqları daha da intensivləşib. İrana qarşı sanksiyaların yumşalacağı halda gələn ilin ikinci yarısı neftin bir barelinin qiymətinin 65.0 dollaradək ucuzlaşacağı istisna edilmir. Bütövlükdə, qlobal durğunluq, bazara daha çox neftin çıxarılması kimi proseslər neft bazarı üçün nikbinlik vəd etmir.
Təbii ki, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan, istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft bazarındakı sıçrayışlar istənilən zaman neft gəlirlərini kəskin azalda bilər”.