"Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarının qalibi olan Azərbaycan cüdoçusu Hidayət Heydərov mükafatlandırılıb.
73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımıza qızıl medal təqdim olunub.
Onun şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan cüdoçumuz birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, dörddəbir finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya, finalda isə fransalı Con Benjamin Qabağa qalib gəlib.
“Hazırda Paris-2024 Yay Olimpiya Oyunları davam edir. Təəsüf ki, məğlub olan idmançılarımızın əksəriyyəti özündən reytinqdə aşağı rəqiblərə məğlub olurlar”
Bu sözləri Moderator.az- a açıqlamasında ekspert Ağa Dadaşzadə bildirib.
“Ancaq məsləyə digər tərəfdən də baxaq, ilboyu yarışlara, təlim-məşq toplanışına aparılan idmançılar heç gözləntinin yarısını vermir. Onlardan biri İndoneziya əsilli badmintonçumuz Keişa Fatimə Zəhradır. Rəqiblərinə böyük xal fərqi ilə məğlub olaraq bu gün Paris-2024-ə vidalaşdı.
Bu qədər zəhmətin qarşısında Keişa mötəbər yarışa "turist" kimi yollanmış oldu.
Azərbaycan Badminton Federasiyası bu işə ciddi yanaşmalıdır. Heç bir ümid, heç bir perspektiv vəd etməyən idmançıya bu qədər sərmayə yatırmağın heç bir məntiqi izahı yoxdur. Onun yerinə azərbaycanlı idmançı olsaydı 10 dəfə xeyrimizə olardı. Hazırda olimpiyada davam edir, ənənəvi olaraq günəşdən, cüdodan gözləntilərimiz var”.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2024-cü ildə Parisdə keçirilən Olimpiadanın mübahisəli açılış mərasiminə görə Oyunların təşkilat komitəsinin mövqeyini dəstəkləyərək ictimaiyyətdən üzr istəyib.
Oxu.Az xəbər verir ki, bu barədə BOK-un "X" sosial şəbəkəsindəki hesabında dərc olunmuş bəyanatda bildirilir.
"BOK Paris Təşkilat Komitəsinin açılış mərasimi ilə bağlı verdiyi açıqlamaları nəzərə alıb və alqışlayır", - məlumatda qeyd olunub.
Xatırladaq ki, təşkilat komitəsinin kommunikasiyalar üzrə direktoru Ann Deşam keçirdiyi brifinqdə tədbir üçün üzr istəyib və təşkilatçıların sosial qruplara hörmətsizlik etmək deyil, "cəmiyyətin müxtəlifliyini qeyd etmək" istədiklərini bildirib. Həmçinin, bəzi ölkələr üçün BOK-un resurslarında mərasimin əsas məqamlarına baxmaq imkanı gizlədilib.
Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda Azərbaycan millisinin final oyunu baş tutub.
"Report" xəbər verir ki, yığmamız həlledici matçda Lüksemburq seçməsi ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində davam edən oyun təmsilçilərmizin 77:71 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycanın U-18 millisi son olaraq 2016-cı ildə Avropa çempionatı C divizionunun qalibi olmuşdu.
Bu gün Azərbaycanın boks üzrə milli komandası Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
Bu gün bir bokçumuz rinqə çıxıb. Bu, 2021-ci ildə dünya çempionu adını qazanmış Alfonso Domingesdir (92 kq).
O, turnirə 1/8 finaldan başlayıb. Domingesin rəqibi isə Paris-2024-ün favoritlərindən olan Kuba boksçusu Xulio Sesar Krus olub. Sesar Rio-2016 və Tokio-2020 Olimpiya Oyunlarının qalibi, eləcə də beşqat dünya çempionudur.
Dominges 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib
“İyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransanın dövlətə məxsus milli televiziyası olan “France2” telekanalının müxbiri Azərbaycan və Ermənistan idmançılarının paraddan keçidi zamanı ayrı-seçkilik nümayiş etdirərək Azərbaycanı Ermənistanla toqquşmalarda ittiham edib. Eyni zamanda Ermənistanı Fransanın dostu adlandırıb və qeyd edib ki, bu il erməni xalqı üçün “Dağlıq Qarabağ”ın Azərbaycan ordusu tərəfindən süqutu kimi yadda qalıb”.
Bu barədə Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin Paris Olimpiadasında Azərbaycana qarşı təxribatla bağlı bəyanatında bildirilib.
Bəyanatda, həmçinin deyilir:
“Bu, faktiki olaraq Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulmasıdır. Həmin prinsiplər son illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bir neçə qətnaməsi ilə, o cümlədən açıq şəkildə “Olimpiya Xartiyasının əsas prinsiplərinin etirafı” (A/RES/78/10) ilə tanınıb və dəstəklənib. Xartiyada açıq şəkildə qeyd edilib ki, “BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya Hərəkatına rəhbərlik etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya istismarına qarşı çıxmaqdır”.
Baş vermiş halla bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu göndərilib. Məktubda qeyd olunub ki, dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir. Buna görə də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib”.
Bu günə planlaşdırılan triatlonçuların üzgüçülük məşqi Sena çayında suyun keyfiyyətinin aşağı olmasına görə ləğv edilib.
“Report” xəbər verir ki, bu barədə Olimpiadanın təşkilat komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Olimpiya Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları Sena çayında suyun keyfiyyətinin kifayət qədər zəmanət vermədiyi üçün triatlon tədbirinin bir hissəsini ləğv etmək barədə birgə qərar qəbul ediblər. Çünki suyun səviyyəsi kifayət qədər təminat vermir”, - deyə məlumatda bildirilib.
Təşkilatçılar iyulun 30 və 31-nə nəzərdə tutulan yarışların vaxtında baş tutacağına əmindirlər.
Qeyd edək ki, Sena çayının “E.coli” və “enterokokk” bakteriyaları ilə yüksək dərəcədə çirklənməsi Parisdə keçiriləcək Olimpiya Oyunlarının iştirakçıları üçün təhlükə yaradır.
Fransa yepiskopları Paris Olimpiadasının açılış mərasiminin bəzi epizodlarını tənqid ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, açılış mərasimində xristianlığı lağa qoyan səhnələr olub.
"Bizimlə həmrəylik ifadə edən digər dinlərin nümayəndələrinə təşəkkür edirik. Biz bəzi səhnələrin təxribat xarakterli olmasından incimiş dünya xristianları ilə birlikdəyik", - deyə nəşr fransız yepiskoplarının bəyanatından sitat gətirir.
Bununla belə, fransız yepiskopları etiraf ediblər ki, açılış mərasimində gözəllik və sevinc anlarını təcəssüm edən səhnələr də olub.
Qeyd edək ki, Paris Olimpiadası avqustun 11-də başa çatacaq.
Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdirilib. Parisdə keçirilən Oyunların açılış mərasimində Olimpiya bayrağı Eyfel qülləsi yaxınlığındakı bayraq dirəyinə tərsinə asılıb. Bayraq səhnəyə aparılıb, sonra isə səhv vəziyyətdə bayraq dirəyinə yerləşdirilib və qaldırılıb. Olimpiya Oyunlarının açılış mərasimi ilk dəfədir ki, stadiondan kənarda keçirilir. Olimpiadada Rusiya və Belarus idmançıları neytral statusda mübarizə aparacaqlar. Bundan əlavə, Beynəlxalq Olimpiya Komitəsi onların açılış mərasimində yalnız tamaşaçı qismində iştirakına icazə vermək qərarına gəlib. Olimpiya Oyunları avqustun 11-dək keçiriləcək. Yarış çərçivəsində 41 idman növü üzrə 329 dəst mükafat veriləcək. Oyunlarda Rusiya Federasiyasından 15 idmançı iştirak edəcək. Qeyd edək ki, iyulun 26-da Parisdəki “Hotel du Collectionneur”un işçiləri 7 ildir maaş artımı almadıqları üçün tətilə başlayıblar. Bildirilib ki, Olimpiya Oyunları zamanı BOK nümayəndələri burada qalmalı idi.