Adı Saleh olan, əməli saleh olmayan adam – İki səhvi 4 aylıq həbslə nəticələnidi
Ötən ayın 9-da, Hitler nasizmi üzərində qələbə gününün 80-ci ildönümündə təşkil etdiyi anım tədbirində SSRİ bayraqları qaldıran və sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edən Saleh Səmədovun bir şəkildə təzyiqə məruz qalacağı gözlənilirdi.

Çoxları düşünürdü ki, bu, ictimai qınaqdan və üzvü olduğu partiyanın rəhbərliyi tərəfindən məzəmmət olunmaqdan o yana keçməyəcək.

Çünki SSRİ dövrünə rəğbət bildirmək, “gül kimi hökumət idi, dağıtdılar, getdi” deyə o dönəmlər üçün xiffət ifadə etmək, hətta müasir dövrdə Rusiya rəhbərliyindən orden-medal almaq bu ölkədə qəbahət sayılan işlər sırasında deyil və qanunla təqib olunmur.

Düzdür, Səmədov SSRİ dövrünə, eyni zamanda çar dönəminə rəğbətini birləşdirərək, “rusun adı olan yerdə axar sular dayanar” ədası göstərmiş, necə deyərlər, barıtı çox eləmişdi, amma bu da onun həbsi üçün qanuni əsas ola bilməzdi. Ortada böyük qələbə və onun qazanılmasında payı olan yarım milyondan çox azərbaycanlının xatirəsinin anılması faktı var. Ola bilsin, Səmədovun babaları və digər əzizləri həmin müharibədə iştirak edib.

Heç hazırda Saleh Səmədova qarşı irəli sürülən və barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilməsinə səbəb olan ittihamlar arasında “sovet bayrağı”na, “Georgi lenti”nə aid heç nə yoxdur. Adamı vergidən yayınmada ittiham edirlər.

Keçən ayın bu günləri isə o, İmişli rayonunun “baş ağsaqqalı” (rayon ağsaqqallar şurasının sədri) olaraq, başına gələcəklərdən xəbərsiz halda 9 maya hazırlaşırdı.

O zaman bu ölkədə S.Səmədovu çox adam tanımırdı. O, əsasən İmişlidə tanınırdı. Bu rayonda isə onun imkanlı iş adamı, bəlkə də xeyriyyəçi kimi tanıyırdılar.

Bir düşünülməmiş hərəkət və çıxış onun ad-soyadını ölkəylə bir etdi.

Həmin tədbirdən çəkilmiş fotoşəkillər ölkə mediasını başına götürəndən, mərasimin digər detalları ictimailəşəndən bir gün sonra Səmədovun varidatı da açıqlandı. Məlum oldu ki, onun İmişlidə "Kral saray" adlı şadlıq sarayı, çay evləri şəbəkəsi, uşaq bağçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, 20 hektar ərazini əhatə edən istixanası, bahalı "Rolls-Roys" markalı lüks avtomobili var.

Ayrıca, S.Səmədovun Bakıda da çoxsaylı villaları, marketləri, restoranları və tikinti şirkətinin olduğu barədə informasiyalar yayıldı.
Yəni bir günün içində ortaya çıxdı ki, “SSRİ aşiqi” olan bu adam sovet dönəmində ikrahla anılan milyonçu kapitalistdir.

Bax, o zaman təcrübəli həmkarlarımız belə bir qeyd etdilər ki, Səmədov “qırmızı bayrağı” və “zolaqlı lenti” ilə özünü hədəfə çıxardı, indi onu ortalığa çəkəcək, bu sərvətin qanuni yolla əldə edilib-edilmədiyini yoxlayacaqlar.

Bu, köhnə əyyamlardan qalan qaydadır. Adı bədnam olmuş arxalı, güclü adamlar bir saatın içində immunitetlərini itirib yıxılırlar, hücum etmək, qisas almaq növbəsi əlibaltalılara çatır.

Ataların məşhur sözünü də unutmaq olmaz: “Çox söz yalansız, çox pul haramsız olmaz”. Hətta müasir dövrdə “çox pul talansız olmaz” demək daha dəqiq səslənir.

İndi S.Səmədova qarşı ittiham irəli sürənlər əmindirlər ki, onun malik olduğu var-dövlətin çox hissəsinin qanunsuz əməllər nəticəsində əldə olunduğunu sübut edə biləcəklər. Burada “vergidən yayınma halları” da olacaq, “qanunsuz tenderlər udmaq” da, “işçilərlə əmək müqaviləsi bağlamamaq” da, “sui-istifadə halları” da və sair və ilaxır da.

“Ağsaqqal”ın barəsində sonradan yayılan məlumatlardan biri də budur ki, o, özünü hələ 4 ay öncə hədəfə çıxarıbmış, avtomobili yol-patrul xidməti tərəfindən saxlanıldığına görə rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin ünvanına “ağsaqqala yaraşmayan ifadələr” səsləndiribmiş. O zaman ona əvvəlcə 30 sutka həbs cəzası kəsiblər, sonra 15 sutkaya endiriblər.

Başqa sözlə, puluna, varidatına, əlaqələrinə güvənən bu adam artıq hökumətlə hökumətlik edirmiş və bu, onun birinci səhvi olub. İkinci səhvin nə olduğunu isə bütün ölkə bilir.

Burada da qoca Şərqin dəyişməz adət-ənənələrindən birinin əlamətləri var: malı-pulu artan adamların harınlaması, gözünün ayağının altına görməməsi, özünü qanunlardan, hər şeydən üstün sayması və s.

Bunun axırı isə heç vaxt yaxşı qurtarmır.

Söz yox, Səmədovu 4 aydan sonra olmasa da, 4 ilə qalmayacaq, buraxacaqlar. Amma necə? O, azadlığa çıxandan sonra yenə də gur-guruldayan varlı iş adamı olacaqmı? Bunu gələcək göstərəcək.

Xalid KAZIMLI musavat.com

Bölmənin digər xəbərləri

05 İyun 2025 Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi: “Özünü ifşa etdi...” - EKSKLÜZİV
05 İyun 2025 Araz Musayev: Azərbaycana gəlməyə qorxuram
05 İyun 2025 Naxçıvanda dəhşət SEL SULARI TƏHLÜKƏ YARATDI - VİDEO
05 İyun 2025 Silahlı Qüvvələri günüylə əlaqədar 4 gün iş olmayacaq
05 İyun 2025 Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi:
05 İyun 2025 “Qumar kralı”nın həbsi uzandı - Şikayəti rədd edildi
04 İyun 2025 70 yaşlı icra başçısı 14 ildir ki VƏZİFƏ BAŞINDADIR - TƏFƏRRÜAT
04 İyun 2025 Azərbaycanda DƏHŞƏT: Yanmış evdən dörd nəfərin meyiti tapıldı
04 İyun 2025 Bakının bu rayonunda yeni park salınacaq – 2,4 milyon ayrıldı
04 İyun 2025 Sədr vəzifəsini itirdilər
04 İyun 2025 Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 04-də hava necə olacaq
03 İyun 2025 Şəhərin mərkəzində söküntü – Sakinlər verilən puldan narazıdır – Video
03 İyun 2025 Ağır qəza: İki məktəblini maşın vurdu
03 İyun 2025 Kassada başqa, etiketdə başqa qiymət – İstehlakçı hüququ nə deyir?
03 İyun 2025 Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi (VİDEO)
03 İyun 2025  Fəzail Ağamalı deputat ikən bizneslə məşğul olduğunu etiraf edib - VİDEO
02 İyun 2025 Şirkət müştərilərinə atıb qaçdı - İTTİHAM
02 İyun 2025 SON DƏQİQƏ: Türkiyə yenə titrədi - Bu dəfə Alanyada 4 bal
02 İyun 2025 “Quru sərhədlər bu tarixə qədər bağlı qalacaq” – Cavanşir Abbaslı
02 İyun 2025 Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür — VACİB AÇIQLAMA

Dünyapress TV

Xəbər lenti