Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində dar boğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol hərəkəti yenidən təşkil edilir.
Xezerxeber.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, Babək prospektinin köməkçi yolu ilə Mikayıl Əliyev küçəsi və şəhər mərkəzi istiqamətində hərəkət edən nəqliyyat axınlarını bir-birindən ayıran yarımdairə ləğv edilərək vahid dairə ilə əvəz olunacaq. Ekspertin sözlərinə görə, bu layihənin icrasına çoxdan ehtiyac var idi.
Piyadaların yolu təhlükəsiz şəkildə keçmələrini təmin etmək üçün bütün istiqamətlərdə əlçatan piyada keçidləri təşkil ediləcək. Həmçinin ərazidə norma və qaydalara uyğun yol nişanlanması da aparılacaq.
Ərşad Hüseynovun sözlərinə görə, layihənin icrası üçün ərazidə yerləşən iaşə obyektləri sökülmək məcburiyyətində qalarsa, qanunvericiliyə uyğun olaraq obyekt sahiblərinə kompensasiya ödənilməlidir.