Havaların isinməsiylə bağlı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının ən çox üz tutduqları məkanlardan biri də Dənizkənarı Milli Parkdır. Bu məkanda hər yaşda olan insanların əylənməsi və mənalı vaxt keçirməsi üçün bir çox imkanlar var. Amma bu günlərdə sosial şəbəkələrdə məlumat yayılmışdı ki, Parkdakı "Şeytan çarxı” işləmir.
TEREF xəbər verir ki, mövzu ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib: "Yeni Bulvar”da yerləşən "Şeytan çarxı” kimi tanınan Panorama atraksionu mart ayında yenidən istifadəyə verilib. Bir müddət əvvəl təmirə bağlanan akraksiona baxış keçirilməsi məqsədilə Niderlanddan ekspertlər dəvət olunub, ekspertlər tərəfindən çarxın istismara yararlılığına dair rəy verilib. Panorama atraksionu yalnız küləkli hava şəraitində çalışmır. Dənizkənarı Milli Parka yeni atraksionların gətirilməsi mərhələli şəkildə davam edəcək”. Qurumdan o da bildirilib ki, Dənizkənarı Milli Parkda fəaliyyət göstərən atraksionlar, oyun qurğuları mütəmadi olaraq texniki baxışdan keçirilir, həmçinin işçilərin, mühəndis texniklərin bilik səviyyələri yoxlanılır: "Bundan əlavə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi il ərzində bir neçə dəfə Dənizkənarı Milli Parkda fəaliyyət göstərən atraksionlara baxış keçirir. Nəzarət-yoxlama tədbirləri zamanı atraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə həmin qurğuların texniki təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılır”.