1801-ci ildə Rusiyanın tərkibinə daxil olunduqdan sonra Qazax-Şəmsəddil sultanatının ərazisində əvvəlcə Qazax distansiyası, sonralar isə Qazax qəzası yaradılmışdır. Bu ərazi müasir Azərbaycanın Qazax, Ağstafa rayonları və Ermənistanın Tauş bölgəsini əhatə edirdi. 1836-cı ildə nəşr olunmuş "Обозрение Российских владений за Кавказом" toplusunda Qazax distansiyası sakinləri haqqında cox nadir məlumatlar verilmişdir. Burada həmin dövrdə yaşayan, o vaxtlar tatar adlandırılan, azərbaycanlıların (12836 - 73% kişi) və ermənilərin (4796 - 27% kişi) sayı göstərilmişdir. Beləliklə, Qazax distansiyasının əhalisinin üçdə ikisinindən çoxunu azərbaycanlılar təşkil edirdi. Erməni əhalisinin əksəriyyəti bu bölgəyə XVIII və XIX əsrlərdə Qarabağdan və İrandan köçmüşdür. Əsasən heyvandarlıqla məşğul olan azərbaycanlılar ilin isti aylarında çoxsaylı sürüləri ilə dağ otlaqlarına köç edirdilər. Soyuq aylarda isə yenidən düzənliklərdəki qışlaqlarına qayıdardılar. Qazağın dağlıq və aran hissələri vahid etnik və iqtisadi məkan təşkil edirdi. 1917-ci ilin Qafqaz təqviminə görə Qazax qəzasının sahəsi 5096,52 kv.verst təşkil edirdi. Əfsuslar olsun ki, Rusiya imperiyası və sonralar sovet hakimiyyəti zamanı keçirilən inzibati-ərazi islahatlar nəticəsində Qazax qəzasının əksər əraziləri Ermənistana verilmişdir.
1918-ci ilin mayında Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etmişdir. O zaman demək olar ki, Cənubi Qafqaz əhalisinin yarısını təşkil edən azərbaycanlıların dövlət ərazisi millətin etnik və tarixi sərhədləri ilə uyğun gəlmirdi. Yaranmış Azərbaycan Demokratik Respublikasının ərazisi 113 896 kv. kilometrə bərabər idi. Bundan 97 298 kv. kilometr mübahisəsiz, 16 598 kv. kilometr isə Gürcüstan və Ermənistanla mübahisəli ərazi hesab olunurdu.
Ermənistanın iddia etdiyi Azərbaycan ərazilərindən biri də Qazax qəzasının dağlıq hissəsi idi. Bu faktla bağlı, Moskva konfransında Azərbaycan SSR-ni təmsil edən B.Shahtahtinsky, 1 mart 1921-ci il tarixində V.Leninə teleqram göndərmişdir: "Yelizavetpol quberniyası Qazax qəzasının düzən hissələrində azərbaycanlıların 50,9%, dağlıq hissələrində ermənilərin 46,7% təşkil etməsinə baxmayaraq bütün ərazisi Ermənistan tərəfindən iddia olunur".
Cənubi Qafqazda sovietləşmə keçdikdən sonra Zaqafqaziya Federasiyasına daxil edilən respublikaların sərhədləri dəyişdirilməyə başladı. Sovietləşmədən sonra 22 oktyabr 1922-ci il tarixində Kənd Təsərrüfatı üzrə Xalq Komissarlığı tərəfindən hazırlanan sənəddə Azərbaycan SSR-nin sərhəd dəyişikləri barədə ətraflı məlumat verilmişdir: "Azərbaycan SSR-nin bütün ərazisi 7989105 desyatin təkil edirdi (1 desyatin = 1,09 hektar). Bu ümumi sahədən: a) Qazax qəzasından Ermənistana 379984, b) keçmiş Zəngəzur qəzasından Ermənistana 405000 və c.) Borçhalı qəzasından Azərbaycana 79600 desyatin verilib.
Beləliklə, Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi indi 7283721 desyatin təşkil edir". Sərhədləri dəqiqləşdirmək üçün Zaqafqaziya Mərkəzi İcra Komitəsinin (ZaqMİK) Rəyasəti 5 fevral 1923-ci il qərarı ilə xüsusi Torpaq komissiyası yaratmışdır. Bu komissiya Azərbaycan və Ermənistan kəndliləri arasında yaranan ərazi mübahisələrini həll etməli idi.
1920-ci illərin sonuna qədər Qazax qəzası ilə Ermənistanın Dilican qəzası arasında ən qızğın sərhəd mübahisələri Şınıx-Ayrım torpaqları üstündə olmuşdur. 11659 desyatin sahəsi olan bu bölgədə 4124 nəfər azərbaycan əhalisi olan14 kənd var idi.
Bundan əlavə, 48 qışlaqdan 30-u azərbaycanlılara məxsus idi.
Şınıx-Ayrım bölgəsinin mübahisəli torpaqları ilə bağlı məsələ Azərbaycan SSR Torpaq Komissiyasının 30 noyabr 1925 il tarixli iclasında ətraflı müzakirə olunmuş və verilən təkliflərdə ciddi səhvlər aşkar edilmişdir. Bununla bağlı Azərbaycan nümayəndəsi D.Buniyatzadə bildirmişdir: “Mən komissiyanın hesabatını oxumuşam. Meşənin 4000 desyatinə yaxın sahəsi həqiqətən bir as Ermənistan ərazisinə keçir və eyni ölçüdə sahə Azərbaycan ərazisinə keçir. Azərbaycandan Ermənistana daxil olan meşəlik sahədə müsəlmanlar yaşayır. Bu sahədə, meşə çox yaxşıdır.
Azərbaycana daxil edilən hissədə isə ermənilər yaşayır və meşələr pisdir. Komissiyanın hazırladığı təklifdə yaxşı ərazilər Ermənistana birləşdirilir, pisləri isə Azərbaycana. Beləliklə, həm bizim üçün, həm də ermənilər üçün dava mənbəyi yaradılır, çünki, sorğulara görə nə erməni əhalisi Azərbaycana qoşulmaq istəyir, nə də azərbaycanlılar Ermənistana. Burada kimsə təxribat edib millətlər arasında etnik düşmənçilik yaratmaq istəyir. Mən hesab edirəm ki, nə Azərbaycana, nə də Ermənistana bu lazım deyil. Əgər kiçik ərazilər Azərbaycanın və Ermənistanın içərisinə keçirsə - bu, heç bir şey demək deyil və onları olduğu kimi saxlamaq olar. Lakin, bir çox yoldaşların daşnak kimi tanıdığı, mənim fikrimcə burada gizli bir şey yoxdur, Onanovun rəhbərlik etdiyi komissiya təxribat məqsədi daşıyır və ermənilərlə müsəlmanlar arasında qalmaqal yaratmaq istəyir”. Azərbaycan tərəfindən müəyyən edilmiş mənfi faktlara baxmayaraq, S.Kasyanın sədrliyi ilə 11 yanvar 1927-ci il tarixində kecirilən ZaqMIK Torpaq Komissiyasının iclasında Ermənistan SSR və Azərbaycan SSR kənd təsərrüfatı komissarları A.Erzikyan və D.Buniyatzadənin iştirakı ilə Qazağın Şınıx-Ayrım bölgəsi barədə Ermənistanın təklifi qəbul edilmişdir. Bu müqavilə 18 fevral 1929-cu il ZaqMIK qətnaməsilə təsdiq edilmişdir. Sənədə əsasən Qazax qəzasının Şınıx-Ayrum bölgəsindən 4000 desyatin Ermənistanın Dilican qəzasına verilmişdir.
Azərbaycanın Qazax qəzası ilə Ermənistanın Dilican qəzası arasında digər mübahisələr də Ermənistanın xeyrinə həll olunurdu. Məsələn, ümumi sahəsi 3104 desyatin və əhalisi 577 nəfər olan əvvəllər Qazax qəzasının inzibati sərhədlərinə daxil olan Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin Azərbaycanla əlaqəsi kəsilmişdir. ZaqMIK yerli komissiyasının 19-20 iyul 1929-cu il iclasında bu vəziyyəti aradan qaldırmaq üçün yeganə mümkün həll yolu kimi hər üc kəndi Ermənistanın Dilican qəzasına verilməsi göstərilmişdir. Eyni fərmanla 26 təsərrüfatdan ibarət olan Qazaxın Heyrimli kəndi Dilican qəzasının Kunen-Heyrimli kəndinə (100 təsərrüfatdan) birləşdirilmişdir.
Dilican qəzasının Qulp və Qazax qəzasının II Şıxlı kəndləri arasında mübahisəli olan Çömcə ərazisi (sahəsi 940 desyatin) ZaqMIK-in xüsusi yerli torpaq komissiyasının 27 oktyabr 1924 il tarixli (protokol 19) qətnaməsi ilə erməni kəndinə verilmişdir.
Dilican qəzasının Barana və Qazax qəzasının Qaymaqlı kəndləri arasında mübahisəli olan Acı ərazisi (sahəsi 1002 desyatin) torpaq komissiyasının 31 oktyabr 1924 il qətnaməsi ilə iki yerə bölünmüşdir. Şimal-şərq hissəsi (612 desyatin) Qaymaqlı kəndində qalmış, cənub-qərb hissəsi isə (390 desyatin) erməni kəndinə verilmişdir.
Dilican qəzasının Dovex və Qazax qəzasının Kəmərli kəndləri arasında mübahisəli olan Bağmançala ərazisi (sahəsi 300 desyatin) torpaq komissiyasının 28 oktyabr 1923 il qətnaməsi ilə Kəmərli kəndində qalmışdır. Lakin 1925-ci ildə ZaqMIK-in qərarı ilə iki kənd arasında bərabər bölünmüşdür.
Dilican qəzasının Kotkənd və Qazax qəzasının Daş Salaxlı kəndləri arasında mübahisəli olan Qaraçal ərazisi (sahəsi 700 desyatin) ZaqMIK-in torpaq komissiyasının 1924-cü il qərarı ilə erməni kəndinə verilmişdir.
Dilican qəzasının Laləkənd və Qazax qəzasının Çaxmalı kəndləri arasında mubahisəli olan ərazi (69 desyatin) ZaqMIK-in torpaq komissiyasının 8 noyabr 1924-ci il qərarı ilə erməni kəndinə verilmişdir.
Dilican qəzasının Noraşen, Moseskend, Aşağı Qızıl Bulaq və Qazax qəzasının Hacalı və Əlibəyli kəndləri arasında mubahisəli olan Günəş ərazisi (sahəsi 753 desyatin) 1925-ci ildə torpaq komissiyası tərəfindən iki yerə bölünmüşdir – 186,5 desyatin Azərbaycana, 566,5 desyatin isə Ermənistana verilmişdir. Bu qərar ZaqMIK-in 18 fevral 1928-ci il qətnaməsi ilə təsdiq edilmişdir.
Ümumiyyətlə, sərhəd mübahisələri haqqında Torpaq Komissiyasının 1928-ci il hesabatında göstərildiyi kimi, yalnız Azərbaycanın Qazax qəzasından Ermənistan SSR-nə 79208 desyatin əkinə yararlı və 75904 desyatin yararsız torpaq verilmişdir. Beləliklə, Qazax qəzasının əhalisi yaylaqların 50%-dən məhrum edilmişdir.
1920-ci illərdə razılaşdırılmış və xəritələrdə qeyd olunmuş respublikalar arası sərhədlər çox vaxt reallıqda öz əksini tapmamış, qeyri-dəqiq olmuşdur. Bununla da ermənilərin yeni ərazi iddiaları üçün əlverişli şərait yaradılmışdır. 1946-ci ildə də Qazax rayonunun bəzi əraziləri Ermənistana verilmişdir.
1984-cü ildə Ermənistan rəhbərliyi Azərbaycanın Qazax rayonunun Kəmərli kəndinin 1675 ha torpaq sahəsinə iddia irəli sürmüşdü. Bu ərazi Ermənistan SSR Noyemberyan rayonunun Dovex kəndi ilə Qazax rayonunun Kəmərli kəndi arasında yerləşir. Kəmərli əhalisi erməni iddialarını dayandırmaq üçün rayon rəhbərliy və Azərbaycan hökumətinə dəfələrlə müraciət etmişdir. Hətta Sov.İKP Mərkəzi Komitəsinə müraciətlər belə nəticələr vermədi. 24 oktyabr 1984-cü il tarixində Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Ş.Rasizadə, Azərbaycan KP MK Qazax rayon partiya komitəsinin birinci katibi A.Süleymanov, rayon İcraiyyə Komitəsinin sədri B.Eyyubov və digər rəsmi şəxslər Kəmərli kəndindən 6 km aralıda yerləşən Bataqlı bulaq deyilən yerə gəlmişlər. Onların Ermənistanın əsassız iddia etdiyi meşə massivinə baxmaq istəyi kənd əhalisini hiddətləndirmişdi. Həyati mənafelərinə toxunan məsələnin qoyuluşundan narazı olan kənd sakinləri gələnləri daşa basıb, Ş.Rasizadənin maşınını aşırmışdılar. Yaranmış vəziyyət Azərbaycan KP MK bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında “Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında” adı altında müzakirə edildi. İclası açan MK-nın birinci katibi Kamran Bağırov bu məsələ ilə bağlı Moskvadan göstəriş verildiyini də etiraf etdi. Müzakirələrdən sonra MK bürosu müvafiq qərar qəbul etdi və Moskvanın təzyiqi ilə Ermənistanın əsassız ərazi iddiasını təmin etdi.
Hal-hazırda bu ərazi hər iki tərəfdən minalanıb və nə ermənilər, nə azərbaycanlılar əraziyə daxil ola bilmirlər. Beləliklə Kəmərli kəndi Daş bulaq, Almalı bulaq, Məsçidin bulağı, Tutlu dərə, Fındıqlı bulağı, Hayvalı bulağı, Birinci Dərəbəyli, İkinci Dərəbəyli, Bala Cövüzlü, Böyük Cövüzlü, Soyuq bulaq, Kömürxana, Battaqlı, Xanımın yurdu, Qara qaya və s. dədə-baba meşəliklərindən məhrum oldu.
qazax.net