Bir neçə gün əvvəl qarşıma bir xəbər çıxdı. Deyilirdi ki, yerli banklardan birinin əməkdaşı TikTok sosial şəbəkəsinə əmanətçilərin pulundan 160 min manat xərcləyib…
Nə az, nə çox 160 min… İlk növbədə bu xəbəri oxuyanda istər-istəməzə həmin bank işçisinin ruhi səviyyəsini dü.ünməyə bilmədim. Çünki ağlı başında olan şəxs nəinki başqasının, heç öz pulunu da sosial şəbəkədə heç kimə xərcləməz. Çünki pul qazanmaq insanın vaxtını alır, vaxt ömür deməkdir. Yəni insan öz ömrünü dəyməyəcək heç nəyə və ya heç kimə xərcləməməlidir. Başqasının vəsaitini xərcləməyin də cəzası var ki, bu da ömürdən gedir.
Görünən odur ki, əsərimizin qəhrəmanı həyatından bezibmiş, onu bu yola xərcləməyi seçib. Məsələnin digər tərəfi, həmin zərərin ödənilməsi ilə bağlıdır.
Mütəxəssislərin fikrincə, banklarda əmanətçilərin əmanətlərinin başına gələcək hər hansı bir hadisənin məsuluyyəti elə bankın öz üzərindədir. Yəni əmanətçi vəsaitini banka etibar edibsə, gerisi onu maraqlandırmamalıdır. Onun vəsaitini hansısa bank işçisi oğurlasa, xərcləsə və s. bütün məsuliyyət bankındır və əmanətçinin əmanəti toxunulmazdır.
İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu hadisə zamanı əmanətçilər üçün heç bir təhlükə olmayıb. Burada bank üçün təhlükə var. İqtisadçı vurğulayıb ki, bankın işçilərindən kimsə əmanətçilərin vəsaitinə toxunubsa, sui-istifadə edibsə, bank həmin əmanəti əmanətçiyə ödəməlidir. Çünki bu işi onun işçisi edib.
Bu hadisəyə gəldikdə, iqtisadçı vurğulayıb ki, belə bir hadisə baş verdiyinə görə, görünən odur ki, bu bankın daxili qayda-qanunu zəifdir. Zəifdir ki, belə hadisələr baş verə bilir. Bu kimi hadisələrin baş verməməsi üçün banklarda əməkdaşlara da nəzarət olmalı və eyni zamanda daxili qayda-qanun sərt olmalıdır. Görünən odur ki, bir bank işçisinin əyləncəsinin bədəlini bank özü ödəyəcək.