İsraildə vətəndaşların telefonlarına göndərilən xəbərdarlıqların saxta olduğu ortaya çıxıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Milli Kiber Müdirliyi açıqlayıb.
Rəsmi məlumata əsasən, telefonlara eyni anda göndərilən, insanların mümkün terror hücumlarına görə sığınacaqları tərk etmələri barədə mesajlar həqiqəti əks etdirmir.
"Sığınacaqlarda terror hücumu ehtimalı var. Növbəti xəbərdarlığa qədər sığınacaqlarda qalmaqdan çəkinin" - mesajda qeyd edilib.
Digər tərəfdən, israillilərin telefonlarına gecə saat 00:00-dan başlayaraq 24 saat yanacaqdoldurma məntəqələrində yanacaq satışının olmayacağını bildirən mesajların da çaxnaşma yaratmaq məqsədi daşıdığı bildirilib.
Xatırladaq ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə, eləcə də ordunun yüksək komandanlığına qarşı irimiqyaslı hücumlara başlayıb
Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək rütbəli komandirlər və 9 nüvə alimi həlak olub, mülki itkilərin ümumi sayının 224 olduğu açıqlanıb.
İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində isə 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.