![]() |
![]() ![]() ![]() |
|
Ermənilər Xankəndidən getdikdən sonra Azərbaycanı şərləmək üçün hər dəfə bir yalan, dezinformasiya yayırlar. Xüsusən də separatçıların qondarma mərkəzləri beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün erməni mediasına saxta məlumatlar ötürür. Bu dəfə də daha bir yalan bir xəbər yayıblar - guya Xankəndidə marşal Hovvanes Baqramyanın abidəsi sökülüb.
“Yeni Müsavat” bildirir ki, Baqramyan İkinci Dünya müharibəsində komandir olub. Erməni mediası isə saxtakarlığa və hiyləgər manipulyasiyaya yol verərək yazıb ki, faşizm üzərində qələbənin 80 illiyi qeyd olunan bir zamanda Rusiya lideri Putin nə üçün bu “faktı” görməyib. Halbuki belə bir söküntü qeydə alınmayıb. Ümumiyyətlə, Azərbaycan dövləti Xankəndidə hər hansı tikiliyə toxunmayıb. Hətta sovet vaxtı qoyulmuş “nənə-baba” adlanan heykəli də qalır. Hərçənd hər hansı qədimliyi yoxdur. Ona görə də Baqramyanın abidəsinin də Xankəndidə olması əhəmiyyət kəsb etmir. Bununla belə, bütün hallarda sözügedən büstə toxunulmayıb.
Bəs nə üçün erməni separatçıları bu saxta təbliğatı aparırlar? Bununla nəyə nail olacaqlar ki? Doğrudanmı erməni saxtakarlığına dünya inanaraq hansısa marşal haqda yalan məlumata reaksiya verə bilər?
Xəzər Teyyublu
Hüquq müdafiəçisi Xəzər Teyyublunun sözlərinə görə, separatçı tör-töküntülər beynəlxalq təşkilatların diqqətini yenidən Qarabağa cəlb etmək istəyir. Onun fikrincə, Rusiya prezidentinə çağırış da məhz Moskvanın hər hansı təpki verməsi gözləntisinə hesablanıb. Hüquq müdafiəçisi hər iki tərəfdən reaksiya gözləmir: “Çünki dünyanın başı özünə qarışıb. Ukrayna böhranı, Yaxın Şərq hadisələri ciddi bir xaos yaradıb. Belə vəziyyətdə Baqramyanın heykəli haqda yalan xəbərlərə kim fikir verə bilər? Sadəcə, onlar cəfəng hesabatlar hazırlayır, Avropadakı bəzi ermənipərəst təşkilatlara göndərirlər. Sonra o təşkilatlar hesabatla çıxış edirlər ki, guya Qarabağda "erməni mədəni irsi məhv edilir". Yəni daha çox bu məkrli niyyətlə bu dezinformasiyalar yayılır. Azərbaycan onların uydurmalarını ifşa etməlidir".
X.Teyyublu hesab edir ki, Xankəndidə və bütün Qarabağda tarixi, dini, mədəni abidələri dağıdan elə işğalçı-xunta rejiminin ünsürləri olub: “Onlar 65 məscidi, yüzlərlə mədəniyyət evini, kitabxanaları, məzarları dağıdıblar. Cənab Prezidentin dediyi kimi, bu ərazilərdən elə bil vəhşi sürü keçib. Dünya ictimaiyyəti bu barbarlığı görməlidir. İşğalçılar azərbaycanlılara aid mədəni irsi məhv ediblər. Bu baxımdan marşal haqda yalan xəbərləri yayanlar öz ayıblarına kor olmalıdır. Onlar Azərbaycana milyardlarla zərər vurub”.
Xatırladaq ki, hələ Birinci Qarabağ müharibəsinə kimi bölgədə 706 tarixi və mədəniyyət abidəsi olub. Bu abidələrdən 11-i beynəlxalq, 240-ı dövlət, 455-i yerli əhəmiyyət daşıyıb. Digər tərəfdən, Qarabağın, həmçinin Ermənistanla sərhəd olan Qazağın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin işğal olunması nəticəsində 100 mindən çox artefaktın saxlanıldığı 22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhv edilib. İkinci Qarabağ müharibəsi zamanı isə işğaldan azad olunmuş ərazilərdə 400-ə yaxın abidə dağıdılıb.
Ermənilərin vəhşi əməllərinə məruz qalan başqa bir ərazimiz isə Şuşa şəhəridir. Bu şəhərdə də xeyli sayda tarixi və mədəni abidələrimiz yer üzündən silinmişdi. Belə binalardan Şuşa şəhərinin tarixi muzeyi, Üzeyir Hacıbəyov, Bülbül, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, Rəsm Qalereyası və digər tarixi binalar dağıdılıb. İşğal dövründə ermənilər həmçinin 550 qədim yaşayış binasını sökərək şəhərin ümumi görünüşünə xeyli ziyan vurublar. Məhv edilən 210 tarix və mədəniyyət abidəsi Azərbaycanın dövlət qeydiyyatında olan abidələrdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıda işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilib. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır.
Ermənilər ələ keçirdikləri ərazilərdə 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırıblar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponat talan olunub, 44 məbəd və 9 məscid təhqir edilib. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 600 min kitab və misilsiz əlyazma nümunələri məhv edilib.
Hazırladı: Emil Salamoğlu